09 May 2019 01:46
1015
SİYASƏT
A- A+

Xalqın mədəniyyəti ilə bütövləşən lider


Mənsub olduğu xalqın etibarlı gələcəyi naminə yorulmadan çalışan, ölkəsinin tarixində dərin iz qoyan şəxsiyyətlər həmişə minnətdarlıqla xatırlanır.

Uzaq gələcəyə hesablanan, dövlət və millət arasında bağları möhkəmləndirən ideya və təfəkkür sahiblərinin dəyəri milli-mənəvi sərvət kimi ölçüyəgəlməzdir. Bu mənada Azərbaycan xalqının taleyinə fenomen şəxsiyyət, uzaqgörən siyasətçi, böyük dövlət adamı, ümummilli lider Heydər Əliyev kimi bir düha yazılıb.

O, böyük siyasətdə, yüksək dövlət rəhbərliyində olduğu 30 ildən artıq dövrdə Azərbaycan tarixində müstəsna rol oynayıb, xalqımızın və dövlətçiliyimizin gələcəyi üçün fədakarcasına çalışıb. Heydər Əliyev, sadəcə, rəhbər olmayıb, xalqla bütövləşən bir lider örnəyinə çevrilib.

Anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyətin bu il həmçinin Azərbaycanın rəhbəri kimi böyük siyasət zirvəsinə çıxmasının 50 illik yubileyidir. 1969-cu ildən başlanan bu dövr Azərbaycanın yeni tarixinin, o cümlədən mədəniyyət salnaməmizin parlaq səhifələri ilə zəngindir.

Hərdən xalqların taleyində mühüm xidmətləri olmuş tanınmış dövlət adamlarının ömür yolu ilə tanış olarkən onlarla Azərbaycanın dahi siyasətçisi arasında paralel və müqayisələr də aparırıq. Ulu öndər Heydər Əliyevi məşhur siyasətçi və dövlət xadimlərindən fərqləndirən bir sıra cəhətləri aydın sezmək olur. Bunların ən ümdəsi, sözsüz ki, Heydər Əliyevin mədəniyyət və incəsənətə qeyri-adi sevgi ilə bağlı olmasıdır. Aktiv siyasi fəaliyyətdə, daim xalqla ünsiyyətdə olasan, eyni zamanda, mədəniyyətə, musiqiyə, rəssamlığa, sözün geniş mənasında, sənətə bu qədər maraq göstərəsən, ən əsası isə, mədəni irsin böyük himayədarına çevriləsən - budur, Heydər Əliyevin böyüklüyü, bənzərsizliyi!

Belə bir söz var: "Mənim yerimə əməllərim danışır”. Düz yarım əsrdir ki, tarix salnaməmizdə silinməz iz qoyan Heydər Əliyevin adı, imzası Azərbaycanla qoşa çəkilir. Onun sovet Azərbaycanına rəhbərlik etdiyi və keçmiş Sovet İttifaqı rəhbərliyində təmsil olunduğu illərdəki fəaliyyəti yaşlı nəsillər tərəfindən yaxşı xatırlanır. Heydər Əliyevin ittifaqın məlum ideoloji hüdudları çərçivəsində formaca mövcud quruluşa, siyasətə uyğun, məzmunca milli, xalqımızın etnik-mədəni sisteminin, sosial-iqtisadi həyatının təminatına, gələcəyinə hesablanan siyasəti, əslində, müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra gördüyü işlərin təməlini təşkil edirdi. Uzun və kifayət qədər mürəkkəb olan bu dövr dahi siyasətçinin doğma xalqı ilə qırılmaz tellərlə bağlılığını göstərir.

Hər zaman xalqımızın adət-ənənələrini, minilliklərin soraqçısı olan mədəni mirasını müqəddəs hesab edən Heydər Əliyev özünü bu zənginliyin ayrılmaz hissəsi sayır, ondan bəhrələnərək millətin və dövlətin gələcək inkişafı üçün çalışırdı. O, çıxışlarının birində demişdir: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Bu dahiyanə sözlər bütün zamanlarda hökmünü, həqiqətini itirməyəcək. Çünki Heydər Əliyev xalqına sarsılmaz inamı sayəsində müdrik şəxsiyyət və uzaqgörən rəhbər adını qazanmışdı. Müstəqilliyimizin ilk illərində, vətənin dar günündə xalqın çağırışı ilə tarixi xilaskarlıq missiyasını öz üzərinə götürəndə onun ən güclü silahı böyük dövlətçilik təcrübəsi, doğma xalqına hədsiz sevgi və inamı idi. Sonrakı proseslər göstərdi ki, xalqın etibarına və sevgisinə söykənən, məhz ondan ilham alan siyasətçi liderlik şərəfinə nail ola bilər. 1993-cü ilin 15 iyununda xalq Heydər Əliyevin timsalında nəinki öz qurtuluşuna, eyni zamanda, parlaq gələcəyinə qovuşdu. Sonrakı 10 ildə yüksək liderlik keyfiyyətləri, siyasi fəhm və bacarığı, zəngin idarəçilik təcrübəsi ilə müstəqil dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq birlikdə layiqli yer qazanması üçün vacib bir missiyanın öhdəsindən layiqincə gəldi. Bu illərdə ölkə həyatının bütün sahələrində, o cümlədən mədəni inkişafda mühüm uğurlar qazanıldı.

***

Ulu öndər Heydər Əliyevi bütün zamanların ən böyük azərbaycanlısı kimi xarakterizə edənlər haqlıdır. Çünki onun zəngin dövlətçilik fəaliyyətinin bütün mərhələləri tariximizin şərəf səhifələri, eyni zamanda, azərbaycançılıq məfkurəsi ilə ayrılmaz şəkildə bağlıdır. Görkəmli dövlət xadiminə görə, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın təməlini təşkil edir. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” deyən ümummilli lider xalqın mövcudluğu üçün bu amilin zərurət olduğunu vurğulayırdı. Heydər Əliyev bu məfkurəni hakimiyyətdə olduğu bütün dövrlərdə özünün həyat amalı kimi qəbul etmiş, həmçinin SSRİ zamanında mövcud quruluşun imkan və şərtləri kontekstində mədəni irsimizin vətənpərvər təbliğatçısı olmuşdur.

Diqqət etsək görərik ki, ötən əsrin 60-cı illərində ədəbi-mədəni mühitdə öncəki dövrün siyasi buzlarını əridən ilıq mehlər əssə də mədəniyyət və ədəbiyyat adamları ehtiyatı əldən vermirdilər. Sənətdə və ədəbiyyatda yaradıcılıq təmayüllərinin şaxələnməsi, mövzu-mündəricənin milli koloritlə cilalanması 1970-ci illərdə, daha doğrusu, 1969-cu ilin 14 iyul tarixində Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyə gəlişindən sonra başlandı. Həmin dövrdən etibarən mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri bu böyük şəxsiyyətin simasında özlərinin həqiqi himayədarlarını gördülər. Ona görə də mədəniyyətin, ədəbiyyatın ümumi inkişaf meyilləri yeni keyfiyyət qazandı, etnik-mədəni yaddaşın elementlərinin müxtəlif yaradıcılıq formalarında təzahürü geniş vüsət aldı. Ulu öndər deyirdi: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.

Qeyd olunan bu yeniliklər, sözsüz ki, yaradıcılıq sahələrinin məzmun və formaca zənginləşməsinə xidmət edir, yeni təmayüllərin formalaşmasına zəmin yaradırdı.

Bu dövrdə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında yeni səhifələr açıldı, o cümlədən mədəniyyət müəssisələrinin şəbəkəsi genişlənməyə başlandı. 1970-1980-ci illərdə respublikanın şəhər və kəndlərində 1000-dən çox mədəniyyət evi və klub müəssisəsi, 100-dən çox kinoteatr istifadəyə verilmiş, klub müəssisələrinin sayı 3680-ə, kütləvi kitabxanaların sayı 4600-ə çatmışdı. Azərbaycan Dövlət Rəsm Qalereyasının açılışı (1972), bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin, qalereyaların, Bakıda Ü.Hacıbəylinin, S.Vurğunun, C.Cabbarlının, Bülbülün və digər görkəmli şəxsiyyətlərin ev-muzeylərinin fəaliyyətə başlaması bu sahədə həyata keçirilən mühüm addımlar idi. 1970-1980-ci illərdə respublikada muzeylərin sayı iki dəfəyədək (1990-cı ildə 124 muzey) artmışdı. Bu dövrdə respublikada səkkiz yeni dövlət teatrı açılmış, onların sayı 20-yə çatmışdı.

Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində bir çox tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri təkcə respublikamızın deyil, SSRİ-nin yüksək fəxri adlarına, dövlət mükafatlarına, o cümlədən Sosialist Əməyi Qəhrəmanı kimi ən yüksək təltifə layiq görülmüşdülər. Həmin illərdə görkəmli şəxsiyyətlərimizin şöhrəti ölkəmizin hüdudlarını aşaraq ittifaqın müxtəlif şəhərlərində yaradıcılıq gecələri, yubiley tədbirləri təşkil olunur, habelə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi.

1970-1980-ci illərdə Azərbaycanın yazıçı və bəstəkarlarının yubileylərinin SSRİ-nin böyük şəhərlərində, xüsusən Moskva və Leninqradda keçirilməsi ənənəyə çevrilmişdi. 1973-cü ildə dahi şair İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda, ittifaqın hüdudlarından kənarda təntənəsi idi. Həmin il Azərbaycan peşəkar milli teatrının 100 illik yubileyi də respublika və ittifaq çərçivəsində qeyd edilmiş, Azərbaycan Dövlət Akademik Dram Teatrı Lenin ordeni ilə təltif olunmuşdu. Musiqi sənətinin inkişafına da böyük diqqət göstərilirdi. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsert gecələrinin təşkili ənənə halını almışdı.

Heydər Əliyev 1982-ci ildən sonra Moskvada, SSRİ rəhbərliyində olduğu dövrdə də Azərbaycan mədəniyyətinə və incəsənətinə diqqət və qayğısını davam etdirirdi. Azərbaycanın məşhur müğənnilərinin SSRİ hüdudlarından çox-çox uzaq ölkələrə reallaşan qastrol səfərləri mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına vəsilə olurdu. İncəsənət ustalarımız Fransa, Misir, Kuba və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində çıxışlar etmişdilər. Maestro Niyazi Ankara Opera Teatrında "Aida” və "Koroğlu” operalarına səhnə quruluşu vermiş, bir çox sənət adamlarımız Yəmən, İraq və başqa ölkələrdə uzunmüddətli yaradıcılıq ezamiyyətində olmuşdular. Ümumiyyətlə, Azərbaycan incəsənətinin nümayəndələri 1970-1980-ci illərdə 100-dək ölkəyə yaradıcılıq səfərinə çıxmışdılar. Dünyanın məşhur kino aktyorları, rejissorları Bakıya ezamiyyətə gəlir, azərbaycanlı sənətkarlarla mədəni mübadilə edirdilər. Bakıda beynəlxalq kino həftələrinin keçirilməsi də ənənəyə çevrilmişdi. 1983-cü ildə Danimarka, bir il sonra Hindistan, 1986-cı ildə Misir, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, 1987-ci ildə Çin kino həftələri təşkil edilmişdi. 1983-cü ildə Bakıda UNESCO-nun himayəsi ilə Şərq xalçaları üzrə ilk beynəlxalq simpoziumun keçirilməsi o dövr mədəni həyatının ən mühüm hadisələrindən idi. 1980-ci illərdə Azərbaycan beynəlxalq kitab sərgilərinə (Leypsiq, Frankfurt və s.) qatılmağa başlamışdı.

Ulu öndərin sovet dövründə yaratdığı bu mədəni-mənəvi inkişaf yolu müstəqillik dövründə çağdaş dünyanın yeni çağırışlarına qısa müddətdə uyğunlaşmağımıza zəmin yaratdı. Çünki o, hələ müstəqilliyin bərpasından illər öncə Azərbaycanın gələcək müstəqil yaşamı üçün etibarlı bir inkişaf yolunun əsasını qoymuşdu. Uzaqgörən siyasətçi mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyi üçün bu zənginlikdən maksimum yararlanmağın zəruriliyini qeyd edirdi. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” deyən dahi şəxsiyyət mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün geniş perspektivləri olan bir sistemin formalaşmasına çalışırdı. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətlər qazanması reallığa çevrildi.

***

Məlumdur ki, mədəniyyət ölkələr və xalqlar arasında ünsiyyət və əməkdaşlıqda mühüm rol oynayır. Siyasi-diplomatik münasibətlərdən öncə xalqlar arasında incəsənət sahələri üzrə əlaqələr formalaşır. Heydər Əliyev mədəniyyətin bu missiyasını həmişə diqqətdə saxlayır, Azərbaycanın beynəlxalq aləmdə təbliği üçün çalışırdı. Ölkəmizə rəhbərliyinin həm birinci mərhələsində, həm də müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra böyük qayğı göstərilib.

Böyük dövlət xadiminin bilavasitə himayədarlığı və səyi sayəsində Azərbaycan incəsənəti və təsviri sənəti bütün dünya miqyasında tanınıb. Daha dəqiq desək, Heydər Əliyev bu siyasətin həm möhkəm təməlini qoyub, həm də ən uyğun modelini yaradıb. Onun respublikaya birinci rəhbərliyi dövründə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi söz, hikmət nəhənglərinin dünya miqyasında tanıdılması, yubileylərinin keçirilməsi, rəssamlıq və heykəltəraşlıqdan musiqiyədək bir çox sahələrdə monumental sənət əsərlərinin yaradılması mədəniyyət tariximizin dəyərli səhifələridir. Bakıda İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Natəvanın abidələrinin, Şuşada Vaqifin məqbərəsinin inşasına dair qərarlara imza atan Heydər Əliyev bu işlərin uğurla başa çatdırılmasına bilavasitə rəhbərlik etmişdi. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza kimi ədəbiyyat və mədəniyyət xadimlərinin SSRİ-nin ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmələri məhz ulu öndərin təqdimatı ilə reallaşmışdı. Bakıda "Gülüstan” sarayı, Xoreoqrafiya məktəbi kimi memarlıq nümunələri mədəniyyətimizə diqqət və qayğının mühüm təzahürləri idi. Bütün bunlar ümummilli liderin fitrətində olan yüksək sənət duyumu və əsl vətənsevərliyi ilə bağlı idi.

Heydər Əliyev sözün əsl mənasında mədəniyyətlə nəfəs alır, həyatını musiqidən, sənətdən kənarda hiss edə bilmirdi. Çıxışlarının birində dediyi "Mədəniyyət və incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə də hamısı qəlbdən gəlir” fikirləri onun sənət yanğısının mənbəyini aydın şəkildə göstərir. Ulu öndər təntənəli yubiley gecələrində, sənət adamları ilə müxtəlif görüşlərdə incəsənətin fərqli sahələri, ədəbi-tarixi yaddaşla bağlı elə məqamlara toxunur, elə fikirlər səsləndirirdi ki, mütəxəssislərin də heyrətinə səbəb olurdu.

***

Ümummilli lider Heydər Əliyev həyatının bütün dönəmlərində xalqın yanında olub. Xalqımız da çətin günlərində onun müdrikliyinə, uzaqgörənliyinə arxalanıb. Müstəqilliyimizin ilk illərində ölkəmiz eyni vaxtda bir neçə problemlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi, ərazilərimizin itirilməsi, digər tərəfdən o zamankı rəhbərliyin səriştəsizliyi ucbatından ölkənin bölünməsi, qardaş qırğını dövlətçiliyimizin gələcəyini sual altında qoymuşdu. Ölkənin həmin dövrdəki ağır vəziyyəti bütün sahələr kimi, mədəniyyət və incəsənətimizi də inkişafdan saxlamış, tənəzzülə səbəb olmuşdu. Məsələn, teatr tamaşaçılarının sayı 1970-ci illərin göstəricisindən də geri gedərək 1990-cı ildə 1,4 milyon nəfərə qədər azalmış, kino sahəsi zəifləmişdi. Bütün bu problemləri nizama salmaq üçün, hər şeydən öncə, ölkənin özünü fəlakət təhlükəsindən xilas etmək lazım idi.

Azərbaycanın dərin böhranda olduğu, dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı 1993-cü ildə görkəmli siyasi xadim Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsi ölkədə sabitliyin bərqərar olunması ilə nəticələndi. Heydər Əliyevin uzun illərə söykənən idarəçilik təcrübəsi yenə də ölkəmizin, xalqımızın dadına çatdı. Respublikada bərqərar olunan ictimai-siyasi sabitlik mədəniyyətin də inkişafına zəmin yaratdı, sahənin keçid dövrünün çətin sınaqlarından çıxması üçün təsirli tədbirlər görüldü. Dövlət maddi imkanlar məhdud olsa da, teatr, musiqi kollektivlərinin yaşamasına qayğı göstərirdi. 1990-cı illərdə Bakı Bələdiyyə Teatrı, Gənclər Teatrı, Bakı Kamera Teatrı, Pantomima Teatrı kimi yeni teatrlar təşkil olundu, Yuğ teatr-studiyası dövlət teatrı statusu aldı. 1994-cü ildən kinoya dövlət vəsaiti ayrılmağa başlandı. Eyni zamanda müstəqil kinostudiyalar yaranmaqda idi.

Bundan əlavə, mədəniyyət sahəsində 10-dan artıq qanun qəbul edildi. "Mədəniyyət haqqında” (1997), "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (1998), "Kinematoqrafiya haqqında” (1998), "Memarlıq fəaliyyəti haqqında” (1998), "Kitabxana işi haqqında” (1998), "Muzeylər haqqında”, "Nəşriyyat işi haqqında” (2000) və s. qanunlar bu sahənin kompleks inkişafı üçün mühüm baza rolunu oynadı. Mədəniyyət sahəsinin inkişafını gücləndirən dövlət proqramları qəbul edildi. Prezident Heydər Əliyev 1997-ci il noyabrın 10-da "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” Fərman imzaladı. Qocaman ədəbiyyat və incəsənət xadimləri, gənc istedadlı yazıçı və şairlər üçün fərdi təqaüdlər təyin edildi.

Bu dövrdə Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də bir sıra addımlar atıldı. Mədəni irsimizin, görkəmli ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda qeyd olunması bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verirdi. Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinin (1996), "Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin (2000) UNESCO-da qeyd olunması həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi idi. 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edildi. Ümummilli lider tərəfindən Milli Kino, Üzeyir Musiqi, Azərbaycan Əlifbası və Ana Dili günlərinin təsis edilməsi haqqında fərmanların imzalanması milli mədəni irsə sonsuz məhəbbətdən xəbər verirdi.

Müstəqilliyini yenicə bərpa edən ölkəmiz üçün mədəniyyət və ədəbiyyatın dünyaya inteqrasiyası vacib məsələ idi. Çünki 70 il müddətində Azərbaycan mədəniyyəti öz adı ilə çağırılmamış, xalqımız tarixi-mədəni mirasının həqiqi sahibi kimi dünyaya çıxışdan məhrum olmuşdu. Buna görə də respublikanın beynəlxalq aləmə açılması sistemli və sürətlə getməli idi. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olunmuşdu. Lakin bu qanunun tətbiqi, icrası istənilən səviyyədə deyildi. Latın qrafikalı əlifbanın tətbiqinin ölkəmizin siyasi həyatında, yazı mədəniyyətimizin inkişafında əhəmiyyətini nəzərə alan Prezident Heydər Əliyevin 2001-ci ildə imzaladığı böyük əhəmiyyətə malik fərmanla bu proses başa çatdırılmış oldu. Azərbaycan və dünya ədiblərinin sovetlər dönəmində çap olunmuş əsərləri yeni əlifba ilə işıq üzü görməyə başladı. Prezident İlham Əliyevin 2004-cü ildə latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı imzaladığı sərəncam bu sahədəki mövcud boşluğu doldurdu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanın yüksək poliqrafik göstəriciləri ilə seçilən nəşrləri nüfuzlu beynəlxalq kitab sərgilərində nümayiş olunur, müsabiqələrdə mükafatlar qazanır.

***

Məlumdur ki, Sovet İttifaqının tərkibində olan türkdilli xalqlar uzun illər boyu sərt ideologiyanın təsiri ilə bir ağacın budaqları olduqlarını əməli şəkildə ortaya qoya bilməmişdilər. Eyni zamanda, bir-birinin ortaq tarixi-mədəni mirasından xəbərsiz idilər. Qardaş xalqlar arasında yaradılmış qara pərdə SSRİ-nin dağılması ilə aradan götürüldü. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanla müstəqil türk respublikaları arasında bütün sahələr üzrə əlaqələr inkişaf etməyə başladı. Respublikamız Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ən fəal üzvlərindən biri kimi bu istiqamətdə təşəbbüslərlə çıxış edir, müxtəlif layihələrə dəstək verirdi. Qardaş xalqların mədəni inteqrasiyasının zəruriliyini vurğulayan ulu öndər çıxışlarında ümumtürk həmrəyliyinin zamanın tələbi olduğunu xüsusi qeyd edirdi.

Görkəmli dövlət xadiminin 1996-cı ildə Bakıda keçirilən Türk dünyası yazıçılarının qurultayındakı çıxışı türk xalqlarının birliyi istiqamətində görülməli olan işlərin proqramı kimi qəbul edilə bilər: "Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”.

Heydər Əliyev sonrakı fəaliyyətində də bu fikirlərin reallaşdırılması yönündə mühüm xidmətlər göstərdi. 1996-cı ilin noyabrında Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində "Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı keçirilən yubiley tədbirləri türk dünyasının dövlət və hökumət adamlarını, alim, şair və yazıçılarını, mədəniyyət xadimlərini Bakıda bir araya gətirdi.

Məmnunluqla deyə bilərik ki, ulu öndərin türkdilli xalqların inteqrasiyası naminə misilsiz fəaliyyəti, bu istiqamətdə gerçəkləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu hazırda ölkəmizin TÜRKSOY-la mövcud olan əlaqələrinin yüksək səviyyəsindən də görmək mümkündür. Azərbaycan dövləti bu təşkilatın fəaliyyətinə yaxından dəstək verir, eyni zamanda, qurumun layihələrində yüksək səviyyədə iştirak edir. Görkəmli ədəbiyyat və mədəniyyət xadimlərimizin yubileyləri TÜRKSOY səviyyəsində qeyd olunur.

Heydər Əliyev müstəqil Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişaf etdirilməsini də diqqət mərkəzində saxlayırdı. Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdı. Ümummilli lider ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafına da öz töhfələrini vermişdi. Möhkəm təməllər üzərində qurulan bu əlaqələr sonradan Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi. Azərbaycan İslam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazandı. Bu gün ölkəmizdə İslam dininin tarixi mirası qorunur, təmir-bərpa olunur. Bu sahədə həyata keçirilən işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri "İslam mədəniyyətinin paytaxtı” kimi yüksək missiyanı üzərinə götürdü. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi müsəlman aləminin Azərbaycana göstərdiyi böyük etimadın bariz nümunəsi idi. Bu gün bütün İslam ölkələri Azərbaycanın haqq işini beynəlxalq səviyyədə dəstəkləyir, ölkəmizin evsahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərə dəstək olur və yaxından iştirak edirlər.

***

Qloballaşma prosesində milli-mənəvi dəyərlərimizi ön plana çəkmək, öz milli kimliyimizi, dinimizi və adət-ənənələrimizi unutmamaq kimi tendensiyalar Heydər Əliyevin dövlətçilik təliminin prioritet istiqamətlərindən idi. Dahi siyasətçi həmişə milli mədəniyyətimiz, milli kimliyimizlə fəxr etməklə bərabər, çoxmillətli Azərbaycanın dünya ailəsinin bir üzvü olduğunu qəbul edir, ölkəmizin beynəlxalq aləmə açıq olmasını, mütərəqqi meyilləri müsbət qarşılamağı zəruri hesab edirdi. Azərbaycanda multikulturalizm siyasətinin əsasını qoyan, onun daha da dərinləşməsinə mühüm töhfələr verən ulu öndər Heydər Əliyevin bir müdrik kəlamını xatırlatmaq yerinə düşər: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Həqiqətən də, dünya mədəniyyətini zənginləşdirən məhz xalqların mədəni irsidir. Ümummilli lider Heydər Əliyevin mədəni irsimizin dünyada tanıdılması və təbliği, mədəniyyətə qayğıkeş münasibəti bu gün Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin də yaxından iştirakı ilə gerçəkləşən festivallar, böyük incəsənət layihələri bu mərama xidmət edir.

Heydər Əliyev xalqın daim mədəniyyəti ilə nəfəs alan, bu zəngin irslə bütövləşən lider olmuşdur. Ulu öndərin dövlət siyasəti səviyyəsinə yüksəltdiyi azərbaycançılıq məfkurəsi milli ruhumuzun təməl daşı kimi bizi birləşdirir, onun xalqın irsinə hər zaman bağlı olan həyat və fəaliyyət örnəyi isə milli istiqbalımızın daha parlaq sabahları bizim Azərbaycan naminə yolumuza şəfəq saçır.

Əbülfəs QARAYEV,

Azərbaycan Respublikasının mədəniyyət naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video