Alternative content

21:55 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ədalət mücəssəməsi
Ədalət mücəssəməsi
ANA SƏHİFƏ / SİYASƏT
01:40 09.05.2019


Tarixi təcrübə göstərir ki, dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin rolu var. İstər bugünkü müasir Amerika, istər inkişaf etmiş Avropanın tarixində bu cür nümunələr kifayət qədərdir və şəxsiyyətlərin dövlətlərin formalaşmasında və inkişafında, o cümlədən xalqların özünütəsdiqindəki xidmətləri daim politologiyanın müzakirə mövzusu olaraq qalır. Bu gün lider olaraq xatırlanan tarixi şəxsiyyətlər hər bir ölkədə onilliklər, yüzilliklər ötsə belə, ehtiramla xatırlanır, onların irsinə hər zaman müraciət olunur.


Tarixin müəllifi


Həmin şəxsiyyətlər tarixin axarı ilə getməyərək, elə tarixin özünün yaradıcısı olublar. Müasir dövrümüzdə də dünyanın hər yerində dövlətlər tarixin gərdişini dəyişən liderlərin müəyyən etdiyi inkişaf yolu ilə addımlayır, güclü dövlətçiliyi və yüksəlişi bundan kənarda təsəvvür etmirlər. Azərbaycan tarixi xalqımıza bu baxımdan kifayət qədər zəngin irs verib. Biz tarixi şəxsiyyətlərimizlə fəxr edir, onların dövlətçiliyimizin formalaşmasında və inkişafındakı xidmətlərini daim öyrənir və gələcək nəsillərə ötürürük.

Bu günlərdə anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin ən qüdrətli şəxsiyyəti kimi xalqımızın qürur mənbəyidir. Aradan illər ötdükcə, Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. 2019-cu ildə həm də Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 50-ci ili tamam olur. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdəndir.

Ötən əsrin ortalarında, yəni 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə başçılıq etmək qisməti ulu öndər Heydər Əliyevə nəsib oldu. O zaman onun xalqımızı müstəqilliyə, azadlığa qovuşduran əsil rəhbər xarizmasına çevriləcəyinə, xalqını bu günlərə gətirib çıxaran tarixi yolun təməlini qoyacağına, əlbəttə, heç kəs inana bilməzdi. Çünki bu şəxsiyyətin vətəni, xalqı üçün böyük xariqələr yarada biləcək potensial imkanlarını insanlar hələ görməmişdi. Bu keyfiyyətlər tədricən, zaman-zaman onun işgüzar fəaliyyətinin nəticələri kimi üzə çıxmalı, yaratdıqlarını meydana qoymalı idi.


Qoy ədalət zəfər çalsın!


Lakin Heydər Əliyevin rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inqilabın başlandığı göz önündəydi. Ona görə ulu öndər elə ilk illərdə qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. O, respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.

Bu məqamda bir məsələyə xüsusilə diqqət yetirməyimiz vacibdir. Yəqin ki, 1969-cu ilin avqust plenumu indiki yaşlı nəslin, o dövrdə ömrünün gənclik illərini yaşayan bir çox insanın yaxşı xatirindədir. Siyasi fəaliyyətimin ilk dövrlərinə təsadüf edən rəsmi dövlət tədbirlərinin o vaxt respublikamızın həyatında necə əks-səda doğurduğunu mən yaxşı xatırlayıram. 1969-cu ilin avqust plenumunda Heydər Əliyevin tənqidi məzmunlu çıxışı o dövr respublikanın siyasi-ictimai həyatı üçün görünməmiş hadisə idi. Mərkəzi Komitənin birinci katibi bütün neqativ hallar barədə fikirlərini böyük cəsarətlə, açıq-aydın, təfərrüatı ilə yığıncaq iştirakçılarının diqqətinə yetirdi. O, kəskin şəkildə qeyd etdi ki, hakimiyyətin idarəçiliyi sistemində yerlibazlıq, regionçuluq təzahürləri önə çəkilmiş, dövlət işinə böyük xeyir gətirən, daha böyük səmərə verən təşkilatçılıq bacarığı, işgüzarlıq keyfiyyətləri kölgəyə alınmışdır.

Heydər Əliyev nitqində kadr siyasəti ilə bağlı prioritetləri də elan etdi: "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsində bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar”.

Bu mənada avqust plenumu həmin vaxt respublikanın sosial-iqtisadi inkişafı istiqamətində çox böyük və nəhəng işlər görmək, yeni, çox səmərəli islahatlar həyata keçirmək məqsədi daşıyan əlamətdar bir hadisəyə çevrildi. Bundan dərhal sonra respublikanın ictimai-siyasi həyatında bir canlanma hiss olunmağa başladı. Ona görə yəqin hər kəs bu fikirlə razılaşar ki, sovet illərində Azərbaycanda sosial-iqtisadi inkişaf konsepsiyasının yaranmasının başlanğıcını 1969-cu il avqustun 5-i tarixindən götürmək lazımdır. Beləliklə, "Qoy ədalət zəfər çalsın!” devizi ilə ölkəyə rəhbərliyə başlayan Heydər Əliyev sovet dövlətinin Konstitusiyası çərçivəsində verilmiş imkanlarından xalqın mənafeyi üçün tam şəkildə istifadə etdi, cəmiyyətdə inkişafa maneçilik törədən problemlərə son qoydu.

Görülən məqsədyönlü tədbirlər nəticəsində çox qısa bir zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdı.

Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdı.

Respublikanın yol infrastrukturu, nəqliyyat sistemi yenidən quruldu, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi dəmir yolu xətləri tikilib istifadəyə verildi. Bakıda yeni-yeni metrostansiyalar inşa olundu. Ölkənin sosial sahələri inkişaf etdirilir, əhalinin mənzilə olan tələbatının ödənilməsi istiqamətində geniş layihələr həyata keçirilməyə başlandı. 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi tikilib istifadəyə verildi. Respublika paytaxtı, digər şəhər və rayon mərkəzlərində müasir şəhərsalma normalarına uyğun yeni-yeni parklar, küçə və meydanlar salındı, milli memarlıq xüsusiyyətlərini özündə əks etdirən elm, mədəniyyət, səhiyyə obyektləri, sanatoriya və kurort kompleksi yaradıldı.

Ümummilli lider Heydər Əliyev respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkmiş, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı bu qorxunu aradan qaldıraraq cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”.


Moskvadan səsi gəldi ölkəmin


Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmkarlığı nəticəsində 1980-ci illərdə respublikamız bütün sahələrdə yüksək göstəricilər əldə edərək, keçmiş müttəfiq respublikalar arasında ön yerlərdən birini tutmaqla, inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Təbii ki, bütün bunlar ulu öndərə tək Azərbaycan və sovet dövlətində deyil, dünya miqyasında böyük şöhrət gətirmişdi. Ona görə 1982-ci ildə xalqımızın dahi övladının SSRİ kimi nəhəng bir dövlətin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi və Sov. İKP MK-nın Siyasi Büro üzvü seçilməsi onun böyüklüyünün ümumittifaq miqyasında etiraf olunmasının əyani təsdiqi idi.

Azərbaycan dövlətinin ideoloji-siyasi və iqtisadi əsaslarını yaratmış ulu öndər 1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu ölkəsini bir an belə unutmadı.

1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. Bu baxımdan Heydər Əliyevin ali rəhbərlikdə təmsil olunması Azərbaycan qarşısında yeni uğurlar açmışdı. Həmin illərdə ulu öndərin sovet ittifaqının sosial-iqtisadi həyatının vacib sahələrinə nəzarət etməsi ölkəmizlə bağlı mühüm layihələrin həyata keçirilməsini təmin etdi. Bakıda SSRİ miqyasında yeganə olan Dərin Dəniz Özülləri Zavodu tikilməsəydi, müstəqillik illərində neft sənayemizi belə sürətlə inkişaf etdirmək mümkün olmazdı.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi bütövlükdə Azərbaycanın və xalqımızın uğuru idi. Çünki Heydər Əliyevin şəxsində dünya Azərbaycanı və xalqımızı bir daha tanıdı.

Ulu öndər hər zaman ədalətin tərəfdarı olub, haqqı deməkdən çəkinməyib. Xüsusən milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirib, Moskvanın yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoyub. Onun istər Azərbaycanda, istərsə də Kremldə olduğu müddətdə ermənilər bir dəfə də olsun Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edə bilmədilər. Heydər Əliyevin əzmkarlığı, qarşıya qoyduğu bütün hədəflərə çatması SSRİ rəhbərliyində təmsil olunan bəzi şəxslərin qısqanclığı ilə müşayiət olunurdu. Bu adamlar hər addımda Heydər Əliyevi ləkələməyə, fəaliyyətinə qarayaxmağa çalışırdılar. Elə Azərbaycanda da bir qrup şəxs Heydər Əliyevin siyasi-ictimai fəaliyyətinə kölgə salmağa çalışır, onun ölkəyə qayıdışını əngəlləməyə cəhd göstərirdilər. 1987-ci ildə ittifaq rəhbərliyində onun və xalqımızın qazandığı nailiyyətləri gözü götürməyənlərin məkrli niyyətlərinə dözməyərək vəzifəsindən istefa versə də, fəal siyasi fəaliyyətdən təqaüdə ayrılsa da, tarix bu faktı qəbul etmək niyyətində deyildi. Çünki tarix Heydər Əliyevə yeni missiya həvalə etmişdi.

Odur ki, xalqımızın mənəvi və maddi sıxıntı məngənəsində boğulduğu, ölkəmizin iqtisadi, siyasi, sosial və hərbi böhran keçirdiyi bu ağır vaxtlarda Heydər Əliyev xalqı ilə birlikdə olmağa üstünlük verdi. 1990-cı ilin qanlı yanvar günlərində o, heç bir təqib və təzyiqdən çəkinməyərək respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək, İttifaq rəhbərliyinin Bakıda törətdiyi vəhşilikləri kəskin tənqid etdi, cəsarətli bəyanat verdi. 1990-cı ilin ortalarında Azərbaycana, Naxçıvana qayıdan ulu öndəri əhali böyük izdiham və mehribanlıqla qarşıladı. Naxçıvanda aktiv siyasi fəaliyyətə başlayan Heydər Əliyev bununla xalqımızın milli azadlıq mücadiləsinə böyük töhfələr verdi. Beləliklə, tarix sübut etdi ki, Azərbaycanın gələcəyi Heydər Əliyevsiz mümkün deyil.


Heydər Əliyevin bərpa etdiyi müstəqillik


Hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur. Fəqət, ən çətin, ekstremal siyasi şəraitdə millətin iradəsini və istəklərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində dövlətlər öz varlığını davam etdirmiş, millətlər dirçəlmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının siyasi meydana çıxması da ölkəmizdə baş verən siyasi-ictimai proseslərin nəticəsi idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşməklə YAP-ı təsis etdilər.

Artıq 1993-cü ilin iyun ayında ölkədə vəziyyət ən kritik həddə çatmışdı. Müsavat-Xalq Cəbhəsi cütlüyünün səbatsızlığı, dövlət quruculuğu və idarəetmədə şəxsi mənafeləri üstün tutması, hakimiyyətə inamsızlıq, itaətsizlik və hökm sürən hərc-mərclik vətəndaş müharibəsinin başlanması və müstəqilliyimizin itirilməsi təhlükəsini qaçılmaz etmişdi. Azərbaycan xalqı başa düşürdü ki, ölkəni və xalqı bu bəladan qurtaran yeganə şəxs Heydər Əliyevdir. Ona görə ölkənin bütün bölgələrində izdihamlı mitinqlər keçirilərək Heydər Əliyevin Naxçıvandan Bakıya gətirilməsi və hakimiyyətin ona verilməsi tələb olunur, hamı "Heydər-xalq, xalq-Heydər” şüarını səsləndirirdi.

Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, vətənini və xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan Heydər Əliyevə etibar etdi! Ölkəmizin düçar olduğu ən çətin iqtisadi-siyasi və hərbi durumda Bakıya gələn Heydər Əliyev qısa zamanda öz zəngin siyasi təcrübəsi və müdrikliyi ilə ilk növbədə ölkədə vəziyyəti normallaşdıra bildi. Ümummilli lider qısa zamanda qiyamçı dəstənin zərərsizləşməsinə nail oldu, separatçı hərəkatın qarşısını qətiyyətlə aldı, hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Eyni zamanda, cəmiyyətdə milli həmrəyliyin, ictimai konsensusun əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə nail oldu.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi. Qısa bir müddət ərzində görülən işlər - atəşkəsə nail olunması, etnik separatizm meyillərinin aradan qaldırılması, dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməyə də imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə kardinal islahatlar proqramlarının həyata keçirilməsinə start verildi. Heydər Əliyevin apardığı siyasət əhalinin sosial-iqtisadi rifah halını yaxşılaşdırmağa və demokratik cəmiyyətin əsaslarını formalaşdırmağa imkan verdi. Bütövlükdə, ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental əhəmiyyət kəsb etməyə başladı və Heydər Əliyev ölkədə demokratik, qüdrətli dövlət modeli konsepsiyasını uğurla həyata keçirdi. Bu mənada ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin əsaslarının formalaşdırılması, hüquqi dövlət quruculuğu, hüquqi-siyasi, sosial-iqtisadi və aqrar islahatların aparılması, respublikamızın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi və bütövlükdə müstəqillik illərində Azərbaycanın birinci inkişaf dövrü kimi yadda qaldı.


Sosial rifaha aparan yol


Ötən əsrin 90-cı illərinin əvvəllərində yaşanan məlum proseslər fonunda Azərbaycanda sosial sferada baş qaldıran problemləri orta və yaşlı nəsil yaxşı xatırlayırlar. Müstəqilliyin ilk illərində ölkəni bürüyən ictimai-siyasi xaos dövlətin ən vacib vəzifələri sırasında yer alan əhalinin sosial müdafiəsi məsələsini arxa plana keçirmişdi. Ümumiyyətlə isə, Heydər Əliyevin 1993-cü ilə hakimiyyətə gəlişinədək Azərbaycanda populist, heç bir iqtisadi qanunlara və vətəndaş maraqlarına cavab verməyən sosial siyasət mövcud idi.

Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin inkişaf tarixində tamamilə yeni səhifə açılmasından sonra əhalinin sosial problemləri ön plana çəkildi, onların həlli məqsədilə təxirəsalınmaz tədbirlər görüldü. Çünki Heydər Əliyev xalqının sosial rifahının yüksəldilməsini əhalinin bütün təbəqələri üçün bərabər sosial təminatı fəaliyyətinin başlıca məqsədi elan etmişdi. "Dövlət müstəqilliyi Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir”, - deyən ulu öndər Heydər Əliyevin ölkənin böyük perspektivlərinə hesablanmış strateji proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi idi.

Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin iki xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşər. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Bu baxımdan biz Heydər Əliyevin müəllifi olduğu sosial siyasətinin inkişaf tarixinə nəzər yetirsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində əhəmiyyətli addımlar atıldı, uğurlu islahatlar həyata keçirildi.

Ümummilli lider Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə iqtisadi sabitliyin təmin olunması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm dövlət tədbirlərinin həyata keçirilməsinə geniş imkanlar yaratdı. İnsanların durumunun yaxşılaşdırılması üçün görülən real işlər sayəsində maaşlar, pensiyalar, digər sosial müavinətlər tez-tez artırıldı.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 60-dan artıq sənəd müstəqil ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət edib. Aparılan təhlil və tədqiqatlar da kifayət qədər aydın göstərir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkəmizdə formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət quruculuğu fəlsəfəsində aparıcı elementlərdən biri, ümumi siyasətin mühüm tərkib hissəsi olmaqla, cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına uğurla xidmət edib.


Daim xalq üçün çalışan lider


Ümummilli lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş. Qədirbilən xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkilərində Heydər Əliyev kursunun yaşamasına, davam etməsinə səs verdi. Bu mənada İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun yaşaması və davamı kimi baxmaq lazımdır. Heydər Əliyev və İlham Əliyevin dövlət quruculuğunun mahiyyətinə, onlar arasındakı səbəbli əlaqəyə diqqət yetirsək görərik ki, ümummilli lider tərəfindən uzaqgörənliklə, mükəmməl şəkildə müəyyən edilmiş strategiya İlham Əliyev tərəfindən bir o qədər dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyi nəzərə alınmaqla həyata keçirilmişdir. Bununla yanaşı, İlham Əliyevin dövlət quruculuğu modeli özünəməxsus ştrixlərlə də diqqəti cəlb edir. İrimiqyaslı neft-qaz layihələrinin gerçəkləşməsi və bu istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, infrastrukturanın yeniləşdirilməsi üçün şərait yaratdı.

Bütövlükdə, 2003-2018-ci illərdə Azərbaycanın böyük inkişaf yolu keçməsi ulu öndərin müəyyən etdiyi inkişaf yolunun uğurlu davamıdır. Bu dövrdə Azərbaycanda ümumi daxili məhsul istehsalının 3,3 dəfə artımı ölkədəki inkişafın ən mühüm göstəricisidir. ÜDM-nin tərkib hissəsi olaraq ölkənin sənaye potensialı 2,6 dəfə çoxalıb ki, bu da inkişafın başqa bir mühüm təsdiqidir. Valyuta ehtiyatlarımızın bu dövrdə 24 dəfə artaraq 45 milyard dollara çatması, iqtisadiyyata 250 milyard dollar sərmayənin yatırılması, 100 mindən çox müəssisənin yaradılması, 15 min kilometrdən çox avtomobil yolunun çəkilməsi və ya yenidən qurulması kimi diqqətəlayiq göstəricilərin hər biri keçdiyimiz şərəfli inkişaf yolunun ayrı-ayrı səhifələridir.

Azərbaycanın iqtisadi uğurları sosial sferanı əhatə edən sahələrin də yüksəlişinə yol açıb. Belə ki, 15 ildə 2 milyon iş yeri açılıb, maaşlar 7, pensiyalar 9 dəfə artıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib. 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb. Bütün bunlar onu göstərir ki, bu qısa dövrdə Azərbaycan bir neçə onilliyə bərabər inkişaf yolu keçib.

Ötən ay cənab İlham Əliyevin növbəti müddətə prezidentlik dövrünün bir ili tamam oldu. Bu bir il Azərbaycanın sosial-iqtisadi həyatında mühüm yeniliklərlə, islahatların yeni mərhələyə qədəm qoyması ilə əlamətdardır. Ötən il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: "Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var”.

Ötən bir ildə ölkədə əldə edilən nailiyyətlər, başlanan yeni islahatlar göstərir ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr sürətlə yerinə yetirilir və ölkəmiz özünün inkişaf məqsədlərinə uğurla çatır. Təbii ki, ötən bir ilin diqqəti çəkən ən mühüm hadisələrindən biri sosial sferada görülən işlərdir. Prezident İlham Əliyev fevral ayında verdiyi müsahibədə də bildirdi ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. Fevral ayından etibarən xüsusən sosial sahədə həyata keçirilən və 3 milyon vətəndaşın rifahına birbaşa təsir göstərən tədbirlər göstərir ki, insan amili Azərbaycanda bütün məsələlərin fövqündə dayanır və cənab İlham Əliyev üçün əsas prioritetlərdən biri öz vətəndaşının yüksək sosial rifahının təmin edilməsidir.

Fevral və mart aylarından başlayaraq ölkədə minimum əməkhaqqının artırılaraq 180 manata, əmək pensiyasının minimum məbləğinin 160 manat çatdırılması, o cümlədən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləğinin, tələbə və doktorantların təqaüdlərinin, bütün növ sosial müavinət və ödənişlərin əhəmiyyətli dərəcədə artırılması bütün ölkədə rəğbətlə qarşılandı. Dövlət başçısının qeyd etdiyi kimi, bu artımlar göstərir ki, artan maliyyə imkanları, ilk növbədə, vətəndaşın sosial rifahının yüksəldilməsinə yönəldilir.

Lakin bu da son deyil və cənab Prezident artımların davamlı olacağını bildirir. Aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi və aprelin 23-də Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında vətəndaşlarla görüşündə Prezident İlham Əliyev minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması prosesinin davamlı olacağını bəyan etdi.

Ötən 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf kursu bütün sahələrdə, o cümlədən sosial sferada böyük uğurlara yol açıb, əhalinin rifahını daim gücləndirib. Bütün bunlar təsdiq edir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu layiqincə davam etdirilir. Azərbaycan isə artıq yeni inkişaf dövrünə qədəm qoyub və proseslər göstərir ki, üzümüzə gələn yaxın vaxtlarda cəmiyyət həyatının bütün sahələrində yeni nailiyyətlərin şahidi olacağıq.

Hadi RƏCƏBLİ,

Milli Məclisin Əmək və social siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM