Alternative content

13:48 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev ideyalarının Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında mühüm rolu var
Heydər Əliyev ideyalarının Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında mühüm rolu var
ANA SƏHİFƏ / SİYASƏT
01:39 09.05.2019


Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir. "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş ittifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir.

Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.

1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), "1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar sayəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökumətinin müvafiq qərarları olmuşdur.

Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbər Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu.

Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Müasir meliorasiya və irriqasiyanın əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.

Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoğalavaçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmişdir.

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı istehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan verdi.

1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək, həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan, həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda üçpilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coğazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s. obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.

Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı yaxşılaşdırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.

Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısı nəticəsində əldə edilmişdir.

Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında ümummilli lider Heydər Əliyevin iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına olan diqqət və qayğısının əyani sübutudur.

1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmışdı, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır.

Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7633 subartezian quyusu, 2000 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hektar suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən, ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən, ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən ulu öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd istehsalı 1,8 dəfə artmışdır.

1987-ci ildən sonra respublika iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri, demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

Yaranmış vəziyyətdən çıxmaq, su təsərrüfatını tədricən öz xərclərini ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi.

Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçi Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

1993-1995-ci illərdən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatın bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli fərmanıdır.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu.

Heydər Əliyevin yaxından köməyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlandı. Baş Mil-Muğan kollektorunun istismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

Sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik nöqteyi-nəzərindən bu layihə çox sərfəlidir. Təkcə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olmuşdur.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır. Ulu öndər Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Azərbaycan son 15 il ərzində böyük və şərəfli bir inkişaf yolu keçmişdir.

Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Həyata keçirilmiş məqsədyönlü və uğurlu fəaliyyətlərin nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər, sistem üzrə işçilərin əməkhaqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizm alınmışdır.

Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilmişdir.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda Sudan İstifadəedənlər Birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işlərinə başlanılmışdır.

Eyni zamanda respublikanın 8 rayonunda (Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik, Masallı və Yardımlı) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü 28 km-lik hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan su elektrik stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

2013-cü ilin sonlarında istifadəyə verilmiş Taxtakörpü su anbarı 2017-ci il 15 İyun Qurtuluş Günü ərəfəsində tam layihə həcmində su ilə doldurulmuş və tam gücü ilə işləməyə başlamışdır.

Taxtakörpü su anbarı zonasında ümumilikdə nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlardan 2017-ci ilin sonuna görülmüş meliorativ tədbirlər nəticəsində 20719 hektar (ondan 10970 hektar yeni suvarılan) sahə əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda "Şabran Aqropark”a məxsus 1738 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.

15 noyabr 2014-cü ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmış, Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də "Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilmişdir.

Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə uzunluğu 27,9 km olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2-ci növbəsinin tikintisinə başlanılmışdır. Kanalın İpək yoluna qədər olan 8,5 km-lik hissəsi tamamlanaraq Samux və Goranboy rayonlarının 8000 hektar (ondan 980 hektarı yeni suvarılacaq torpaqlardır) sahəsinə suvarma suyu çatdırılmışdır.

Sovetlər birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2017-ci il tarixində Neftçala magistral kanalında görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə rayonun 7770 ha yeni suvarılacaq və 970 ha mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir.

2017-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 102977 (ondan 71466 hektar yeni suvarılan) hektar sahədə torpaqlara suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq səhmdar cəmiyyət meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq sərəncamlarının icrası olaraq Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin 7551 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 8,6 km uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, dəmir-beton üzlüklü magistral kanalın 23,0 km qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil kanalının davamı olaraq onun 6,0 km-lik hissəsi qurğularla birlikdə tikilmişdir.

2017-ci ildə torpaq məcrada inşa olunmuş 54,2 km uzunluğunda Araz çayının yeni qol-kanalının beton üzlüyə alınması işləri 2018-ci ildə tamamlanmış və əlavə olaraq 13145 ha (Saatlı - 2500 ha, İmişli -9645 ha və Biləsuvar - 1000 ha) yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılmışdır. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilmişdir. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli (8357 ha) və Biləsuvar (8506 ha) rayonlarının 16863 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 km uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmışdır.

Möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, səhmdar cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM