09 May 2019 01:23
938
SİYASƏT
A- A+

Bir əsr mənalı ömür yaşadı


Faşizmlə vuruşub xalqına şöhrət, təbiətlə çarpışıb vətəninə sərvət gətirdi


Döyüşçü, neftçi-geoloq, alim, müəllim, ata, insan, vətəndaş... Abdul Ağa Əli oğlu Cavadov taleyin ona bəxş etdiyi bu adların hamısını şərəflə daşıdı. Uzun ömrünün hər anını mənalı yaşadı.

O, Azərbaycanın həyatında keşməkeşlərlə dolu olan 1920-ci ildə Bakının Zirə qəsəbəsində dünyaya göz açmışdı. Atası Əli kişi neftçi olduğundan ailə Pirallahıda yaşayırdı. Böyük Vətən müharibəsi adlanan ölüm-dirim savaşı başlayanda Zabitlər Məktəbinin məzunu olan Abdul Ağa hərbi komissarlığa gəlib cəbhəyə göndərilməsini xahiş edir. Ona bir qədər gözləməyi və hələlik mədəndə atasına kömək etməyi məsləhət görürlər.

1942-ci ildə Abdul Ağanı müharibəyə göndərirlər. Beləliklə, gənc neftçi arxa cəbhədən ön cəbhəyə yollanır.

Doğma Bakı torpağının təkindəki, sonra da coşqun Xəzərin dərinliklərindəki "qara qızıl”ı üzə çıxarmaq üçün, ilk növbədə, bu sərvətin faşistlərin əlinə keçməsinə yol vermək olmazdı. Çünki Hitler Bakıya can atırdı, Azərbaycan nefti onun üçün əvəzolunmaz nemət idi. Odur ki, minlərlə Azərbaycan oğlu kimi Abdul Ağa da silaha sarılmışdı. Ölümü gözünün altına alaraq vuruşurdu.

825-ci Dağ Diviziyasının tərkibində döyüşən Abdul Ağa bir müddətdən sonra yaralanır. Bu zaman onun vuruşduğu dəstəni gəmi ilə Novorossiyskdən Kerçə aparırlar. Burada o, 157-ci briqadada xidmət edir. Sonra həmin briqadanı 4-cü dəniz polku ilə birləşdirib diviziya yaradırlar.

Yaralanandan sonra A.Cavadova əlillik dərəcəsi verilmişdi. Buna baxmayaraq o, yenidən könüllü surətdə cəbhəyə yollanmış və vuruşmağa davam etmişdi.

Odlardan-alovlardan keçən qorxmaz əsgərin döyüş yolu Polşa torpağınadək uzandı. Qarşıda Berlin dayanırdı.

A.Cavadov az qala hər ağır vuruşmadan sonra bir ordenə, yaxud medala layiq görülür, komandanlığın təşəkkürünü, tərifnaməsini alırdı. Faşistlərə son zərbəsini onların elə öz yuvasında endirdi. Berlində Reyxstaqın divarlarına imzasını həkk etdi: "Mən azərbaycanlıyam və burada olmuşam” sözlərini yazdı. Bununla tarixə öz adını həm də Böyük Vətən müharibəsinin əvvəlindən son gününədək döyüşən yeganə neftçi kimi daxil etdi.

İgid döyüşçünün layiq görüldüyü birinci və ikinci dərəcəli "Vətən müharibəsi”, "Qırmızı Ulduz” ordenləri, "Qafqazın müdafiəsinə görə”, "Varşavanın azad edilməsinə görə”, "Döyüşdə göstərdiyi şücaətə görə”, "Almaniya üzərində Qələbəyə görə” medalları... Bütün təltiflərini sadalamaqla uzun bir siyahı alınar. Bu, əslində Abdul Ağa Cavadovun keçdiyi mərdlik yolunun bir salnaməsi, sözsüz, şərhsiz təsdiqidir.

1947-ci ildə baş leytenant A.Cavadov Bakıya açıq alınla, sinəsində orden-medallarla, kiçik əsgər çamadanının içi dolu tərifnamələrlə qayıtdı. İndi onu neft cəbhəsi gözləyirdi. Çalışmaq, axtarışlar aparmaq, neftli ərazilərin yeni "imkan”larını üzə çıxarmaq lazım idi. Bunun üçün isə mükəmməl bilik, seçdiyi sahəyə aid dərin savad tələb olunurdu. Beləliklə, müharibədən sonra Azərbaycan Sənaye İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən A.Cavadov ali məktəbdə qazandığı bilikləri istehsalatda tətbiq etməyə başladı. Əvvəlcə "Balaxanıneft” NQÇİ-də, sonra elmi-tədqiqat institutunda geoloq vəzifəsində çalışdı.

Elmlə istehsalatın əlaqələndirilməsinin müsbət nəticəsi Abdul Ağa Cavadovun 1962-ci ildə müdafiə etdiyi "Sabunçu layında Balaxanı-Sabunçu-Ramana yataqlarının geologiyası və neftqazlılığı, onların işlənib hazırlanmasının səmərəli yolları” mövzusunda namizədlik dissertasiyasında özünü göstərdi.

Neftçi-alim uzun illər "Qaradağneft” NQÇİ-nin baş geoloqu vəzifəsində çalışıb. İstehsalatdakı işlərin çətinliyinə, boş vaxtın məhdud olduğuna baxmayaraq A.Cavadov bu dövrdə axtarışlarını səylə davam etdirib. Atəşgah, Umbakı, Mezozoy çöküntüləri sahələrində kəşfiyyat quyularının qazılmasını layihələndirib. Lökbatan qatının meosen-mezozoy layında qaz-kondensat yataqlarının kəşfində və istismarında iştirak edib. Geoloq Cavadovun "Neft Daşları”, "Günəşli” yataqlarının salnaməsində də "dəst-xət”i var. Təsadüfi deyil ki, neft sənayesinin inkişafındakı xidmətlərinə görə keçmiş SSRİ-nin Dövlət Geologiya Komitəsi və Kəşfiyyat İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin "Yerin təkinin kəşfiyyatı üzrə peşəkarlıq” mükafatına layiq görülüb.

Geoloqun axtarışları 1970-ci ildə müdafiə etdiyi "Abşeronun cənub-qərbindəki məhsuldar qatların geologiyası və neftqazlılığı” mövzusunda doktorluq dissertasiyasında da öz əksini tapdı. Mütəxəssislər yaxşı bilirlər ki, Azərbaycanın bu gün dünyaya səs salan neft-qaz sənayesinin inkişafında vaxtilə görülmüş həmin işlər necə böyük əhəmiyyət daşıyır. Həm də qeyd edək ki, Abdul Ağa Cavadov bu dissertasiyasını məhz istehsalatdakı vəzifələrindən ayrılmadan hazırlayıb və müdafiə edib.

Bir əsrə yaxın - 97 il ömür sürən bu insan geoloq kimi fəaliyyət göstərdiyi dövrdə gündüzlər qaynar neftçi həyatının olaylarını yaşamış, məsul vəzifələrdə çalışaraq istehsalatın təxirəsalınmaz məsələlərini həll etmiş, axşamlar istirahət saatlarından vaz keçərək qələmə sarılıb sahənin inkişafına təkan verən əsərlər yazmışdır. Beləcə, onun alim qələmindən 120-dən çox elmi əsər çıxmışdır.

Təcrübəsini gənclərdən əsirgəməyən Abdul Ağa Cavadov həm mədənlərdə, həm də elmi laboratoriya və ali məktəb auditoriyalarında onların qayğıkeş müəllimi olmuşdur. Elmi-tədqiqat institutunda laboratoriyaya rəhbərlik edəndə də, vaxtilə özünün bitirdiyi institutda dekan, kafedra müdiri vəzifələrində çalışanda da ənənəsinə sadiq qalmışdır. Təsadüfi deyil ki, 12 yetirməsi professor Cavadovun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etmişdir.

Ünsiyyətcil insan idi Abdul Ağa müəllim. Vaxtilə vuruşduğu, azad etdiyi yerlərdən daim xəbər tuturdu, Rusiyadakı, Ukraynadakı, Belarusdakı cəbhə yoldaşları ilə əlaqə saxlayırdı. Odur ki, layiq görüldüyü "Veteranların həmrəyliyi”, "Müharibə veteranı” ordenləri ona çox əziz idi. 2014-cü ildə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev Bakıya gələrək A.Cavadova həmin qurumun ordenini təqdim etmişdir.

Abdul Ağa Cavadovun 74-78 il əvvəl uğrunda qan axıdaraq müdafiə etdiyi yerlərdə indi insanlar xoşbəxt yaşayır, yeni şəhərlər, qəsəbələr, bağlar salınır. Sinəsini sipər edib qoruduğu, faşistləri yaxınlığına buraxmadığı neft yataqlarının sərvəti onilliklər keçsə də, hələ tükənməyib. Bir neftçi, geoloq, alim olaraq gördüyü işlər isə müstəqil Azərbaycanın bugünkü inkişafına dəstək göstərməkdə, təkan verməkdə davam edir. Abdul Ağa Cavadovun özü artıq bir neçə ildir həyatda olmasa da... Belələri haqqında deyirlər ki, ömrünü hədər yaşamayıb!..

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video