08 May 2019 03:02
535
SİYASƏT
A- A+

50 illik şanlı salnamə


İnkişaf, quruculuq, müstəqillik, milli dövlətçilik dövrü və ən nəhayət, tarixin ən qüdrətli Azərbaycanı


Seçim anı hər bir xalq üçün əlverişli tarixi imkan və şansdır. Geri dönüşü olmayan bu fürsətdən düzgün bəhrələnməyi bacaran xalqlar gələcək tale yollarını düzgün müəyyənləşdirə bilirlər. Hər bir millətin taleyinə sahib çıxmaq hüququnun təməlində də məhz vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı dayanır. Müstəqil dövlət olaraq ötən 26 il ərzində qazandığımız inqilabi nailiyyətlər də, əslində, məhz müdrik seçimin nəticəsidir.

Uzağa getməyək, cəmi bir il əvvəl - 2018-ci ilin 11 aprelində keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının siyasi uzaqgörənliyinin növbəti əyani nümunəsi kimi tariximizə yazıldı. Düşünürəm ki, bu seçkilər, sadəcə, Azərbaycanın siyasi taleyini müəyyənləşdirən Heydər Əliyev siyasi xəttinin növbəti zəfəri olmadı. Bu proses həm də qədirbilən xalqımızın gələcəyinə qətiyyən biganə olmadığını, hərtərəfli inkişaf və tərəqqi kursunu dəstəklədiyini göstərdi.

İnsanlar işıqlı gələcək - sabitlik, firavanlıq, təhlükəsizlik və rifah naminə milli iradə və təəssübkeşlik nümayiş etdirdilər. Bir daha təsdiqləndi ki, sivil toplum olaraq ağı qaradan, yaxşını pisdən ayıra bilirik: Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin 11 aprel seçkilərində birmənalı, halal qələbəsi, əslində, sülh və sabitlik strategiyasının növbəti təntənəsi idi.

Bu seçkilər ölkənin demokratik inkişafına və dinamik tərəqqisinə xidmət edən islahatların sürət dinamikasına yeni təkan oldu. Siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratdı. Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynadı.

Zaman anlayışı nisbi səciyyə daşıyır. Bu mənada son bir ili, əslində, onilliklərə bərabər zaman kəsiyi kimi də dəyərləndirə bilərik. Ötən 16 ildə Heydər Əliyev siyasi kursunu əzmlə davam etdirən İlham Əliyev 2018-ci ilin 11 aprel seçkilərindən sonra cəmiyyətin sosial sifarişinə əsaslanan inqilabi, daha genişmiqyaslı islahatların reallaşmasını təmin etdi. Ötən dövrdə uğurla davam etdirilən islahatlar insan amilinin dövlətimizin rəhbərinin siyasətində hər şeydən üstün olduğunu göstərdi. Dövlətin xalqa layiqli xidmət missiyası tam mahiyyəti ilə gerçəkləşmiş oldu. Vətəndaşların dövlətinə, ən əsası onun rəhbərinə inam və etimadı, rəğbəti gücləndi. İctimai rəyə həssas münasibət əsasında bütövlükdə toplumun maraqlarını ifadə edən sosial tədbirlər real həyata vəsiqə aldı. Bəli, son prezident seçkilərindən ötən qısa zamanda cəmiyyət fundamental islahatların daha sürətli davamına şahidlik etdi. Xalqdan növbəti dəfə mandat alan İlham Əliyev bu islahatlara şəxsən müəlliflik edərək xalqın istisnasız etimad ünvanı olduğunu nümayiş etdirdi. Şəhid anasına, sadə vətəndaşa doğru, vicdanlı, məsuliyyətli xidmət örnəyi oldu.

Azərbaycanın son illərdəki böyük uğurları fonunda biz bəzən hər bir yeniliyi, uğuru adi həyat reallığı kimi dəyərləndiririk. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin qısa zamanda reallaşması bizdə artıq heyrət doğurmur. Lakin ötən illərə boylandıqca bu həqiqəti də birmənalı etiraf etməli oluruq: müstəqil Azərbaycan son 26 ildə məhz Heydər Əliyev fenomeninin - dahi rəhbərin mükəmməl siyasi ideyaları əsasında müəyyənləşdirdiyi yolla inamla irəliləyib, böyük uğurlara imza atıb.

Xoş qismətdən böyük bir siyasi epoxaya şahidlik taleyimə yazılıb: hələ ötən əsrin 60-70-ci illərindən böyük strateq Heydər Əliyevin komandasında çalışmışam. Son bir ildə dövlət rəhbəri İlham Əliyevin reallaşdırdığı islahatları nəzərdən keçirdikcə unudulmaz xatirələr xəyalən məni uzaq olmayan keçmişə - həmin illərə aparır. Yaxşı xatirimdədir, böyük öndər 1969-cu ilin 14 iyulunda respublikaya rəhbər seçiləndən sonra məhz islahatçı ruhla, dəmir əzm və qətiyyətlə islahatlara başlamışdı. Əminliklə deyə bilərik ki, müstəqillik illərində qazandığımız böyük nailiyyətlərin əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulub.

Bu həmin dövr idi ki, Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ respublikalarından geridə qalır, sahibsiz ölkə təəssüratı yaradırdı. İqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan respublikada mənəvi-psixoloji durum da son dərəcə pisləşmişdi. Vəziyyətdən çıxış yolu kimi vətənpərvər və enerjili kadrın - ümummilli liderin Azərbaycanda hakimiyyətə irəli çəkilməsi ümumən xalqımızın taleyində yeni səhifəyə çevrildi.

Xalqına bağlı olan lider çevik təşkilatçı, zamanın nəbzini tuta bilən rəhbər kimi sübut etdi ki, milli təəssübkeşlik hissi yaranan zaman qısa müddətdə çox uğurlara nail olmaq mümkündür. Və elə bu daxili əminliklə də ulu öndər problemlər məngənəsində çapalayan cəmiyyətin özünəinamını bərpa etdi. İlk növbədə milli ruhu məhv olmaq təhlükəsindən qorudu, xalqı tarixi keçmişinə qovuşdurdu. İmperiya dövründə millətə vicdanlı, sədaqətli, ləyaqətli xidmətin parlaq nümunələrini yaratdı. 70 illik Sovetlər birliyi dövründə bu imperiya hüdudlarında öz xalqına Heydər Əliyev qədər sədaqətlə, əzmlə xidmət edən ikinci bir rəhbər olmayıb!

Ümummilli lider tez-tez xalq arasına çıxır, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənirdi. Xüsusən hələ çox tanınmadığı ilk aylarda o, sərbəst qiyafədə dükan-mağazalarda, istehsal müəssisələrində olur, vəziyyətlə yerindəcə maraqlanırdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının rayon partiya komitələrinə, müxtəlif nazirliklərə rəhbərlik etmiş bir şəxs kimi xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin 70-80-ci illərdə məmurlar qarşısında müəyyənləşdirdiyi ən ciddi tələb xalqa layiqli xidmət göstərmək, insanların inamını doğrultmaq idi. Məhz bu keyfiyyəti ilə Heydər Əliyev hələ o illərdə cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdu.

Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət onun şəxsiyyətinin əsas cizgiləri idi. Bunu biz məmurlardan da israrla tələb edirdi. Ümummilli lider hər zaman deyirdi ki, qabaqcıl kadrları olmayan xalqın qabaqcıl dövləti ola bilməz. İqtisadiyyatda yaratdığı yeni sənaye sahələri üçün o, keçmiş Sovetlər birliyinin bütün qabaqcıl ali məktəblərində kadrlar yetişdirir, minlərlə gənci respublikadan kənara təhsilə göndərirdi. Həmin kadrlar bu gün də dövlət quruculuğu prosesinə layiqli töhfələrini verirlər.

Ümummilli lider ruhən də milli insan idi. Azərbaycanın milli-mənəvi dəyərlərinə hədsiz vurğunluğunu elə bu amildə axtarmaq lazım gəlir. "Milli” sözünün ehtiyatla işlədildiyi sovet dövründə də, Naxçıvanda yaşayanda da, müstəqillik dövründə də o, ən böyük azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən mənən zəngin bir sima idi. Dahi öndəri milli dəyərlərimiz, milli varlığımız və tarixi taleyimizlə bağlayan çoxlu möhkəm qırılmaz tellər göstərmək olar. Lakin ulu öndərin ana dilimizdə parlaq və sərrast nitqi onu əbədi olaraq millilik rəmzi kimi anmağımız üçün kifayətdir.

Onun natiqlik məharəti, nitqinin xəlqiliyi azərbaycançılığın ən parlaq təcəssümü idi. Bu gün təsəvvür belə etmək çətindir ki, sərbəst işlənən doğma ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mücadilələr aparırdı. Bu prosesin önündə isə hər zaman Heydər Əliyev addımlayır, ana dilimizin azadlığı uğrunda iki cəbhədə çalışırdı. Birinci cəbhə onun özünün ana dilində danışması idi. İkinci cəbhə isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi. O zamanlar bu mübarizəyə qoşulmaq böyük cəsarət, qətiyyət və ən əsası, vətənə, millətə, onun milli sərvətinə sonsuz məhəbbətin ifadəsi idi.

Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi, mən deyərdim ki, məhz bu nitqlərin təsiri ilə başladı. Həm də mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində başladı. İnsanlar ulu öndərin ana dilində etdiyi gözəl, ifadəli çıxışlarında, onun dövlətçilik məntiqində, vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında doğma və müstəqil dövlətimizin ilk sədalarını eşitdilər. Sonralar ulu öndər Bakıdakı məclislərdə də ana dilində danışmaq üçün fürsətlər tapdı. Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıçılar İttifaqının məclislərində Azərbaycan dilində parlaq çıxışlar etməyə başladı.

Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratdı. Yad dildə danışan dövlət milli ola bilməz. Ona görə ulu öndərin nitqləri onun rəhbərlik etdiyi hakimiyyətə qarşı da doğmalıq hisləri yaradırdı. Dövlət məmurları anlayırdılar ki, rəhbərimizin yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı xalqımızındır və onun dövləti üçündür.

Yazıçı və sənət adamları ilə görüşəndə ulu öndər elmi-ədəbi üslubda danışırdı. Ümummilli liderin gözəl nitqi yazıçıları, alimləri, ziyalıları heyran qoyurdu. Bəs bu parlaq nitq qabiliyyəti haradan idi? Əlbəttə ki, genetik yaddaşından gəlirdi. O bu dilin parlaq təcəssümü olan bir mühitdə, sadə azərbaycanlı ailəsində formalaşmışdı. Ümummilli liderin canlı ana dilini öz nitqi ilə zinətləndirməsi onun bu sahədəki xidmətlərinin bir tərəfi idi. Bu irsin ikinci tərəfi onun rəsmi yolla ana dilimizin statusunu qaldırmaq üçün misilsiz xidmətləri idi. Onlardan ancaq birini xatırlatmaq istərdim. 1978-ci ildə Konstitusiya qəbul olunanda Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi böyük fədakarlıq idi.

O zaman təhlükəli bir nəzəriyyə ortaya atılmışdı: iddia olunurdu ki, guya sovet dövlətində yaşayan bütün insanlar vahid bir millətə - sovet xalqına çevriliblər. Bu, yanlış və milli dillərə, mədəniyyətlərə qarşı yönəlmiş kosmopolit nəzəriyyə idi. Belə vaxtda Heydər Əliyev Elmlər Akademiyasında görkəmli alimlərin iştirakı ilə Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi. Onun verdiyi qeyri-rəsmi istiqamət nəticəsində yığıncaqda Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi qəbul edilməsi barədə təklif verildi. Milli ziyalı təbəqəsinin bu təklifini Moskva qulaqardına vura bilmədi. Bu qeyddən sonra ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, kino, teatr quruculuğunda milli dilin tətbiqini gücləndirmək daha asan oldu.

Məhz ulu öndərin birinci hakimiyyəti dövründə xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kino sənətinin əsas mövzusu oldu. "Nəsimi”, "Babək”, "Dəli Kür” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. "İstintaq”, "Qanun naminə”, "Uşaqlığın son gecəsi” kimi filmlər sovet cəmiyyətinin naqis cəhətlərinin ifşası baxımından əhəmiyyətli idi.

İnamla demək olar ki, 1969-cu ildən etibarən ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişi vüsət aldı. Ulu öndər Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Anar kimi milli zəminə bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, milli dəyərlərimizlə bağlı mövzularını uğurla işləyib inkişaf etdirirdilər.

Ulu öndərin irsinin ayrılmaz bir qanadı onun milli tariximizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi dərindən mənimsəmiş ulu öndər milli dövlət üçün milli tarixin və tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Ona görə Nizami Gəncəvi və Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması üçün partiya qərarları verildi. O zaman bu qərarlar inqilabi bir yenilik, cəsarət nümunəsi idi.

Heydər Əliyev Sovet Azərbaycanı tarixində Nəriman Nərimanovla başlanan, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, İsa Hüseynov kimi sırf milli ruhlu və milli ovqatlı şair, yazıçı və alimlərin fəaliyyətini qırılmaz milli xətt sayırdı. Təsadüfi deyil ki, hakimiyyətə gəldiyi vaxtdan ilk böyük yubiley 1970-ci ildə N.Nərimanova və sonradan Səməd Vurğuna həsr edildi. Onların fəaliyyəti və irsi ulu öndər üçün misilsiz dərəcədə qiymətli idi. Ulu öndər Səməd Vurğun yaradıcılığını bilir, əzbərdən ifa etməyi sevirdi. Onun "El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən” deyəndə gözlərinin yaşardığı, qəhərləndiyi videokadrları izlədikcə bunun bir daha şahidi oluruq.

N.Nərimanov şəxsiyyəti ulu öndər üçün həm də erməni fitnəkarlığına qarşı mübarizə rəmzi idi. Müstəqillik ərəfəsində qanlı-qadalı problem yenidən qarşımıza çıxdı. Ərazilər işğal olundu. Heydər Əliyev bioqrafiyasının əsas xətlərindən birini yenə də erməni fitnəkarlığına qarşı mübarizə təşkil edirdi. Respublikanın heç bir rəhbəri Azərbaycanda erməni fitnəsinə qarşı ulu öndər qədər ardıcıl və sərt mübarizə aparmayıb. O, erməni məkrini əməli işdən tanıyırdı. Vəzifə pillələrində yüksəldikcə Bakıdakı erməni mafiyasının şiddətli müqaviməti ilə rastlaşırdı. 1980-ci illərin sonlarına doğru bu proses daha miqyaslı xarakter almışdı.

Azərbaycana rəhbərlik etdiyi qərinədən artıq müddətdə o, xalqımızın milli-mənəvi dəyərlərini öz varlığında yaşadan, toxunulmaz bir xəzinə kimi qoruyan unikal şəxsiyyət olaraq tarixə əbədi həkk etdi. Fırtınalardan, qasırğalardan keçən həyatında bu torpağa rifah gətirən ulu öndər mütərəqqi insanların məhəbbəti, ehtiramı, amma cılız, paxıl, riyakar, xalq, vətən təəssübkeşliyindən uzaq olanların təqibi, şəri, böhtanı ilə üzləşdi. Fəqət sarsılmadı. "Ən böyük şəxsiyyətlər özlərindən çox mənsub olduqları cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını həsr edən insanlardır” dedi.

Ümummilli liderin baxışlar sistemində din yalnız ruhi, mənəvi dünyanın pəncərəsindən boylanır. O, dinin siyasi alətə çevrilməsinə, insanların müqəddəs inanclarının siyasi proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç vaxt imkan vermədi. Bu inancları bütün siyasi proseslərin fövqündə saxladı və qorudu. Ulu öndər ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etdi. Dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışdı. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşa bu torpaq üçün milli yiyəlik hissi aşıladı. Dini tolerantlığın polietnik mövcudluğunun qarantı kimi azərbaycançılıq ideologiyasını irəli sürərək onun praktik nəzəriyyəyə çevrilməsinə nail oldu.

Müstəqilliyin ilk illərində vətəndaş tərbiyəsi ideoloji və tarixi əhəmiyyət daşıyan problem idi. Bu vacib vəzifənin həyata keçirilməsi üçün Azərbaycan vətəndaşının ideya-siyasi düşüncəsini formalaşdırmaq lazım gəlirdi. Bu istiqamətdə xeyli iş görmüş dövlət rəhbəri "Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi tərbiyə keçmiş illərdən daha çox lazımdır” deyirdi. Ulu öndərin tükənməz enerjisinə, dərin zəkasına, müdrik ağlına, dünya şöhrətinə, sarsılmaz nüfuzuna qısqanclıqla yanaşanlara, haqsız hücumlara, böhtançılara, paxıllara öz möhtəşəm ağlı ilə cavab verirdi.

Ümummilli lider xalqın milli-mənəvi dəyərlər sistemində ailənin rolunu da daim müstəsna dəyərləndirirdi. Böyük strateq ailəni eyni zamanda ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi qiymətləndirirdi: xalqın mənəvi kamillik səviyyəsinin təmin olunmasında, genofondunun saflığının qorunmasında əhəmiyyətini daim önə çəkirdi. Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda minlərlə yeni qurulan ailənin müqəddəs örnək kimi istinad edəcəyi qürur və fəxarət ünvanı var. Ulu öndər Heydər Əliyevin möhkəm mənəvi təməl və niyyətlər, ülvi arzular üzərində yaratdığı ailə modeli hər bir azərbaycanlıda böyük rəğbət hissi doğurur. Bu ailənin ən böyük xoşbəxtliyi isə onun hər bir üzvünün cəmiyyət üçün gərəkli, faydalı şəxsiyyət olmasındadır.

Biz 26 ildir işıqlı bir yolla inamla irəliləyirik. Güvəndiyimiz, taleyimizi etibar etdiyimiz siyasi hakimiyyəti hələ 1993-cü ilin oktyabr ayında - demokratik, azad və şəffaf seçkilər vasitəsilə qurmuşuq. Ümummilli liderin həmin seçkilərdə dövlətimizin rəhbəri seçilməsi ilə müstəqil Azərbaycanın taleyində tənəzzül, anarxiya və xaos mərhələsindən inkişaf, sabitlik və tərəqqiyə doğru möhkəm körpu salındı. Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. O, siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

Ümummilli lider xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra dövlət qulluğu üçün milli kadrların hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirdi. Müdrik rəhbərin idarəçilik metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı müsbət əhvali-ruhiyyəni daha da gücləndirirdi. Ulu öndərin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, intuisiyası onun rəhbərlik etdiyi komandanın çevikliyinə və işləkliyinə təkan verdi. Məmurlarda məsuliyyəti, dövlət strukturlarında şəffaflıq və hesabatlılığı gücləndirdi.

Onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin edilməsi, milli ideologiyanın sistem halında təqdimatı oldu. Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi. 2001-ci ilin noyabrında - Dünya Azərbaycanlılarının I Qurultayında "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.

Ulu öndərin müdrik rəhbər olmasını təsdiq edən çoxsaylı faktlardan biri də aparılan iqtisadi islahatlar idi. O, Azərbaycanın çoxminillik tarixində torpağı kəndliyə təmənnasız olaraq bağışlayan yeganə rəhbər oldu. Hələ 1992-ci ildə Naxçıvan Ali Məclisinə rəhbərlik edərkən Heydər Əliyevin kənd təsərrüfatında kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qəbul etdiyi qərar nəinki Azərbaycanda, ümumilikdə ittifaq miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğvinə dair ilk təşəbbüs idi. 4-5 il sonra isə ümummilli lider bu düzgün təşəbbüsünü artıq bütün Azərbaycana şamil etdi.

Onun şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Möhtərəm Prezident İlham Əliyevin müəllifliyi ilə son 16 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Bəli, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün də uğurla davam etdirilir. Cəmiyyət dinamik inkişaf edir, dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.

"Biz xalqın xidmətçisiyik” deyən Azərbaycan Prezidenti ötən 16 ildə, demək olar ki, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə nail olub. Hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul edib. Bu gün Azərbaycan cəmiyyətinə xas nikbin ictimai ovqat, əhvali-ruhiyyə xalqın öz Prezidentinə - cənab İlham Əliyevə dərin və sarsılmaz inamından qaynaqlanır. Bu inam tarixi sınaqlardan keçməklə, dövlət başçısının son 16 ildə yürütdüyü, son 1 ildə daha geniş miqyasda davam etdirdiyi alternativsiz siyasətə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz daha bir mühüm amildən - Prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından qaynaqlanır.

Azərbaycanın qısa müddətdə keçdiyi yolu sözün qüdrəti ilə canlandırmaq çətindir. Biz başqa dövlətlərin onilliklər boyu can atdığı, bəzən heç əldə edə bilmədiyi, həsədlə baxdığı böyük uğurlara cəmi 15-16 ildə sahib olduq. Layiqli liderlə uzun yolu qısa müddətdə adladıq, xalq və dövlət olaraq dünya miqyasında layiqli yerimizi təmin etdik. Böyük Məhəmməd Hadi demişkən, imzalar içində imzamız göründü!

Siyasi liderin gücü onun sözünə bütövlüyü, vədinə sadiqliyi, öhdəliklərinə məsuliyyətli yanaşması ilə ölçülür. Prezident İlham Əliyev hələ 2003-cü ilin 15 oktyabr seçkiləri ərəfəsində "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” tezisini irəli sürməklə cəmiyyətə əsl məramının xalqa layiqli xidmət olacağı mesajını vermişdi. Dövlət rəhbəri ötən 16 ildə elmi əsaslara söykənən inkişaf proqramları əsasında Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi.

İlham Əliyev hələ səlahiyyətlərinin icrasına başlayarkən "Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” demişdi. Ötən 15 ildə iqtisadiyyatımızın neft amilindən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkəmizdə ümumi daxili məhsulun 70 faizinin məhz qeyri-neft sektorunun hesabına formalaşması da dinamik inkişafın əyani göstəricilərindəndir.

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir nəfər də olsun yoxsul insan olmamalıdır” deyən cənab İlham Əliyev ötən 15 ildə sosial dövlət konsepsiyasını uğurla həyata keçirdi. 2003-cü ilin statistik göstəricilərinə əsasən, həmin il Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil edirdi. Ötən illərdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faizdən 5 faizə enib. Orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib.

Hökumətin fəaliyyətində ən uğurlu göstərici xalqın sosial rifah səviyyəsi ilə ölçülür. Bu fikri tam əminliklə deyirəm ki, Azərbaycan vətəndaşı heç vaxt, hətta Sovetlər birliyinin ən çiçəklənən vaxtında da indiki kimi yaxşı yaşamayıb. Statistik rəqəmlər göstərir ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, banklardakı əmanətləri 30 dəfə artıb. Azərbaycanda 2018-ci ilin sonunda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540 manat təşkil edib.

Cənab İlham Əliyev ölkə vətəndaşı üçün fantastik görünən layihələrin müəllifidir. Azərbaycan ötən illərdə kifayət qədər iddialı görünən sosial layihələri reallaşdırmaqla qüdrətli dövlət olduğunu isbatlayıb. Əgər 15 il əvvəl kiməsə respublikamızın kosmik peykinin olacağını desəydin, bunu bəlkə də xəyal kimi qarşılayardı. Fəqət respublikamız ötən ilin sentyabrında orbitə artıq sayca üçüncü peykini buraxmağa nail olub.

Bir zamanlar Azərbaycanı kiçik, gücsüz sayıb onunla hesablaşmayanlar indi rəsmi Bakının iştirakı olmadan region əhəmiyyətli hansısa layihəni həyata keçirməyin mümkünsüz olduğunu etiraf edirlər. Ötən illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neft-qaz kəmərləri layihələri uğurla reallaşdırılıb. Bakı-Tbilisi-Qars dəmiryol xətti vasitəsilə biz yaxın perspektivdə nəinki qardaş Türkiyəyə, hətta Avropanın ölkələrinə qatarla səyahət edə biləcəyik. "Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması da son 15 ilin ən mühüm uğurları sırasındadır.

2003-cü ilin prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir çadır şəhərciyi də qalmayacaq” deyən dövlət başçısı bu vədini də inamla doğrultdu. Bununla da Ermənistanın işğalçılıq siyasətindən zərər çəkmiş vətəndaşlarımızın ən böyük himayədarı olduğunu nümayiş etdirdi. Ötən illərdə məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənib. Nəticədə 7 çadır düşərgəsi, 16 fin tipli və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub.

2016-cı ili aprel ayında Azərbaycanın 2000 hektardan çox ərazisinin təcavüzkar erməni ordusundan təmizlənməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin Qarabağa böyük qayıdışın rəmzi kimi yenidən qurulması, Naxçıvanda Günnüt kəndinin azad edilməsi də İlham Əliyevin komandanlığında Azərbaycan Ordusunun hər an torpaqlarımızı işğaldan azad etməyə hazır və qadir olduğunu göstərir.

Ötən 15 ildə sosial-mədəni, elmi və humanitar sahələrdə aparılan islahatlar ictimai şüurda inqilabi dəyişiklikləri də təmin edib. Təkcə onu demək kifayətdir ki, son illərdə aparılan struktur islahatları Prezident İlham Əliyevin müasir və sivil idarəçilik fəlsəfəsini tam mahiyyəti ilə açır, xalqın dövlətə inamını daha da artırır. İnsanların işini asanlaşdırır, həyat səviyyəsini yüksəldir.

Son prezident seçkilərindən sonra ölkəmizdə aparılan islahatlar daha da sürətlənib. Xüsusən də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın islahatların reallaşmasında xüsusi fəallığı idarəçiliyə yeni müsbət çalarlar gətirib. Təkcə son 3 ayda dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisi, minimum əməkhaqqının 40 faizədək artırılaraq 180 manat müəyyən edilməsi, banklara borclu vətəndaşlara, Bakının Nizami rayonunda "Diqlas” ticarət mərkəzinin yanması ilə əlaqədar sahibkarlara kompensasiya verilməsi bunun əyani göstəricisidir.

Əgər Heydər Əliyev Azərbaycanı xaos və tənəzzüldən inkişaf yoluna çıxarmışdısa, onun layiqli davamçısı - Prezident İlham Əliyev qısa müddətdə onu bütün sahələrdə sürətlə müasirləşən, yeniləşən, dünya miqyasında sayılıb-seçilən dövlətə çevirməyə nail oldu. Bəli, bu gün Azərbaycan bütövlükdə dünya məkanında öz sözünü deyir, mənafelərini lazımınca müdafiə edir.

Respublikamız dəqiq müəyyənləşdirilmiş iqtisadi strategiya nəticəsində inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Davamlı yüksəliş və tərəqqi prosesində dövlət rəhbərinə ən böyük dəstək isə məhz ölkə vətəndaşlarından gəlir.

Bunlar həm də Heydər Əliyevin gerçəyə çevrilən arzularıdır!

Tariximizin son 50 illik şanlı salnaməsi - inkişaf, quruculuq, müstəqillik, milli dövlətçilik dövrü və ən nəhayət, tarixin ən qüdrətli Azərbaycanı məhz Heydər Əliyev siyasi kursunun, Prezident İlham Əliyevin müdrik fəaliyyətinin real nəticələridir!

Fəttah HEYDƏROV,

Milli Məclisin komissiya sədri,

respublika Ağsaqqallar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video