08 May 2019 02:46
574
SİYASƏT
A- A+

Mərhəmətin izi ilə


Bir evə getmişdik rahat, isti, səliqəli, yataqları yumşaq, yeməkləri ləzzətli...

O qədər oyuncaq var idi ki, elə bil nağıl dünyasının içindəyik...

Uşaqların ehtiyacı olan hər şey var burada, amma yenə də nə isə çatmır...

Bu evin sakinləri hər gələn zəngin o başında atasının, hər açılan qapının arxasında anasının olacağını ümid edir, bunu çox istəyirlər, amma...

Uşaq evindən danışırıq, atılmış, tərk edilmiş, imtina olunmuş uşaqların yeganə ümid yerindən...

1 saylı uşaq evindəydik...


Şəfqətli ana


Bu uşaqlar da deyir, gülür, sevinir, şənlənir, amma diqqətlə nəzər yetirdikdə, hər birinin gözlərinin dərinliyində məlul bir həsrətin gilələnib, hər an ürəklərinə süzüləcəyini görürsən...

Amma onların bu nisgilini, qəhərini ovudacaq xeyirxah missiyalı bir insan da var. Kimsəsizlərin ən böyük himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva...

Mehriban xanım valideyn himayəsindən məhrum uşaqların mənəvi anasıdır. Ölkəmizdəki uşaq evlərində görülən bütün işlər, əldə olunan nailiyyətlərin hamısı Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bu uşaqlar Mehriban xanımın daim nəzarətində, şəxsi himayəsindədir.

"Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini rəhbər tutaraq, heç zaman diqqətini onlardan əskik etmir Mehriban xanım Əliyeva.

İşlərinin çox olmasına baxmayaraq, hər zaman bu uşaqların taleyi ilə maraqlanır, onlara baş çəkir, bir ana kimi tövsiyələrini verir. Onların şad günlərində iştirak edir, qol götürüb oynayır, hədiyyələr verir, evlə, işlə təmin edir, bir an belə valideyn əskikliyini duymalarını istəmir...

Bununla yanaşı, hər dəfə vurğulayır ki, heç nə ata-ana məhəbbətini əvəz edə bilməz, buna görə də insanları bu məsələdə daha məsuliyyətli və daha həssas olmağa çağırır.

Kimsəsizlər evinin balaca sakinləri isə deyirlər ki, Mehriban xanımın diqqəti, mehribanlığı, qayğıkeşliyi sayəsində analarının yoxluğunu o qədər hiss etmirlər. Buna görə də hər zaman qürurla söyləyirlər ki, "biz kimsəsiz deyilik. Heç himayədarı Mehriban xanım olan uşaq kimsəsiz ola bilərmi?!”


Günəşin övladları


Günəş kimi işıq saçırlar...

Parlaqdırlar, sevimlidirlər, hamısı da bir-birinə bənzəyir...

Bir ömür boyu - ən çox da 30 il məhrumiyyətlərlə yaşayırlar...

Heç böyümürlər, elə uşaq kimi, saf, gülərüzdürlər, ətrafa müsbət enerji saçırlar...

Axı onlar "Günəşin övladları”dırlar...

Amma daha çox daun sindromlu insanlar kimi tanınırlar...

Onlar da sevinir, qüssələnir, kədərlənir, darıxır, inciyirlər...

Həm də sevirlər, bunu hiss etdirməyə çalışırlar və sevildiklərinin də fərqində olurlar...

Daun Sindromlu Uşaqların reabilitasiya mərkəzindəydik...

Mehriban xanım heç böyüməyən bu uşaqların da qayğıkeşi, sevimli himayədarıdır...

Reabilitasiya mərkəzi 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Daim uşaqlara qayğı və sevgisini əsirgəməyən Mehriban xanım Əliyevanın xüsusi nəzarətində olan mərkəzdə qeydiyyata düşən ürək, görmə və eşitmə qüsurlu daunlu uşaqlar paytaxtın müxtəlif klinikalarında dövlət hesabına müalicə və əməliyyat etdirilir. Bundan başqa, mərkəzdə mütəmadi olaraq daunlu uşaqlar üçün tədbirlər, bayram şənlikləri təşkil olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva vaxtaşırı mərkəzi ziyarət edir, onlar üçün təşkil olunan xüsusi bayram şənliklərinə qatılır.

Heydər Əliyev Fondu tərəfindən daunlu uşaqlara göstərilən diqqət, qayğı sayəsində onların da sosial həyata dönüşü sürətlənib, sağlıq durumları normallaşıb.


Talassemiyasız həyata doğru...


Burada uşaqlar da var, yeniyetmələr də, gənclər də...

Daş kimi donuq üzlər, heysiz bədənlər, çarəsiz döyünən ürəklər...

Amma onların hər birinin üzündə təbəssüm var, gözlərinin dərinliyində ümid qığılcımları parlayır...

Mehriban xanım talassemiyadan əziyyət çəkən bu uşaqlara da dayaq olub, onlara bu dünyada yaşamaq, daha çox həyata tutunmaq şansı qazandırıb...

Talassemiya Mərkəzindəydik...

Heydər Əliyev Fondunun ölkəmizdə talassemiya ilə bağlı həyata keçirdiyi işlər, layihələr, mərkəzin tikilməsi, qan bankının yaradılması, nəinki talassemiyalı insanların vəziyyətinin yaxşılaşdırılmasına, hətta yaxın zamanlarda Azərbaycanda talassemiyasız həyata nail olmağa yönəlib...


Pənah ünvanı


Ətrafımızda çoxlu uşaqlar var...

Bəziləri oynayır, bəziləri gülür, bəziləri isə öz dünyalarına çəkilərək hey susurlar...

Danışmaq istəyirik, amma...

Nəzərləri daim yayğındır, göz təmasından qaçırlar, bəzən də çox aqressivdirlər...

Onlar autizmlidirlər və bir ömür boyu bu sağalmaz dərdlə yaşamağa məhkumdurlar...

Psixi Sağlamlıq Mərkəzindəydik...

2 övladı autizm olan Arifə adlı çarəsiz ana ilə həmsöhbət oluruq: "Böyük oğlumun 16 yaşı var, amma öz yaşıdlarından geri qalıb, nə danışa, nə də müstəqil hərəkət edə bilir, autizm xəstəsidir. İkinci qızım da bu xəstəlikdən əziyyət çəkir. Çox çarəsiz idim. Rayonda yaşadığım üçün uşaqların müalicəsi çox çətin idi. Amma ümidimin, gücümün tükəndiyi anda Heydər Əliyev Fondu, Mehriban xanım qolumdan tutdu. Uşaqlarımın müalicəsi üçün bizi bura, Psixi Sağlamlıq Mərkəzinə göndərdi, onlara çox minnətdaram...”


Uşaqları bəxtəvər görmək istəyi


İl boyu yuxarıda sadalanan ünvanlarda olmuş, materiallar hazırlamışıq? Hər birində uşaqların fərqli dünyası, taleləri ilə qarşılaşmışıq. Amma dəyişməyən, fərqli olmayan yalnız onlara göstərilən qayğı və diqqət, Mehriban xanım Əliyevanın şəxsi nəzarəti ilə Heydər Əliyev Fondunun gördüyü müstəsna işlər olub...

Biz cəmi 4 zümrənin təmsilçiləri ilə həmsöhbət olmuş, onları əhatə edən qayğının şahidinə çevrilmişik, amma bunlar Heydər Əliyev Fondunun bu və digər istiqamətlərdə həyata keçirdiyi işlərin dəryada damla misalıdır...

Bu gün həyatdan ümidi üzülən körpələrin yaşam şansı, kimsəsiz uşaqların himayədarı, çarəsi tükənən anaların, nənələrin dayağıdır Mehriban Əliyeva...

Elə bu yaxınlarda Şamaxıda zəlzələ bölgəsində evi qəzalı vəziyyətdə olan 87 yaşlı Humayın nənəyə olduğu kimi: "Yaş yarımlıq nəticəmin böyrəyində ciddi problem vardı. Bir böyrəyi tamamilə sıradan çıxmışdı. Heydər Əliyev Fonduna müraciət etdik. Birinci vitse-prezident bizə yardımçı oldu və nəticəm ölümdən qurtuldu. Tanrı Prezidentimizi, onun təmiz qəlbli, insansevər həyat yoldaşını qorusun”.

Bu cür misalların sayı on minlərlədir...

Mehriban xanım əvəzsiz bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək istəyir.

İstəyir ki, bütün uşaqlar xoşbəxt olsun, gözlərində heç zaman yaş gilələnməsin, üzlərində kədər cığır salmasın...

Və bu ali və bəşəri missiyaya da nail olur...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video