08 May 2019 02:29
790
SİYASƏT
A- A+

Azərbaycan cəmiyyətində humanizm dəyərlərinə böyük önəm verilir


Müstəqil Azərbaycan dövlətinin ideya təməli xeyirxahlıq və mərhəmət kimi nəcib keyfiyyətlərə əsaslanan dəyərlərə söykənir. Ulu öndər Heydər Əliyevin dövlət quruculuğunun əsasında da məhz ədalət, insanpərvərlik kimi keyfiyyətlər dayanırdı. Bu ənənələri layiqincə davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində cəmiyyətdə humanizm prinsipləri tam bərqərar olmuş, mühüm prioritet kimi geniş miqyas almış, bütün sahələri əhatə etmişdir.

Ulu öndərin anadan olmasının 96-cı ildönümündə bu sahədə əldə edilən nailiyyətlər bir daha yada salınır, keçilən yolun mahiyyəti təhlil edilir. Bu məqamda fərəhlə qeyd etməliyik ki, Heydər Əliyevin əbədiyaşar xatirəsinin, həmişəyaşar ideyalarının işığında humanizm prinsiplərinin cəmiyyətimizə gətirdiyi faydalar daha aydın və əhəmiyyətli görünür. Bütün dünyanın həm də qlobal mərhəmət günü kimi qeyd etdiyi 8 may Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günündə Azərbaycan qızıl ayparaçıları ümummilli liderin hərəkatımıza böyük töhfələrini, fəaliyyətimizə verdiyi mühüm təkanı qədirbilənliklə, minnətdarlıqla anır.

Mahiyyətində humanizm, xeyriyyəçilik, insanlara kömək etmək kimi prinsiplər dayanan Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Hərəkatının yaranması XIX əsrin 60-cı illərinə təsadüf edir. Hərəkatın banisi və qurucusu isveçrəli tacir, sülh üzrə ilk Nobel mükafatçısı Anri Dünandır. A.Dünanın anadan olduğu gün - may ayının 8-i onun şərəfinə bütün dünyada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü kimi qeyd olunur.

Humanistlik, qərəzsizlik, xeyirxahlıq, neytrallıq, könüllülük, vahidlik və universallıq əsas fəaliyyət prinsipləri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına Şərqdə ilk demokratik müstəqil respublikamız olan Azərbaycan Xalq Cümhuriyyətinin dönəmindən böyük önəm verilib. 1920-ci ilin martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. 1920-ci ilin aprel çevrilişindən sonra AzQAC-ın fəaliyyəti məhdudlaşdırılıb. 1922-ci ilədək Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərib. 1922-ci ilin oktyabr ayında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə AzQAC 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirib.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndən bir neçə gün sonra AzQAC da müstəqil fəaliyyətini elan edib. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklər, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan qeyri-hökumət təşkilatlarından biri AzQAC idi.

AzQAC-ın bugünkü inkişaf mərhələsinə çatmasında dövlətin rolu xüsusi qeyd edilməlidir. Müstəqilliyin ilk illərində AzQAC öz missiyasını davam etdirsə də, hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması, ölkədəki gərgin vəziyyət onun inkişafı üçün böyük problemlər yaradırdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra AzQAC inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü hələ 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Bundan sonrakı dövrlərdə də ulu öndər AzQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəmədi. Heydər Əliyevin 12 mart 2003-cü il tarixində AzQAC-ın XX qurultayına təbrik məktubu ulu öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. Təbrikdə deyilir: "Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir”.

Hər bir sahədə ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən, zənginləşdirən Prezident İlham Əliyev AzQAC-ın fəaliyyətinə qayğı ilə yanaşır. Bu qayğı sayəsində təşkilatımız bu gün MDB ölkələrində ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli cəmiyyətlərdən birinə çevrilib. Cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda imzaladığı sərəncamlardan biri AzQAC-a dövlət qayğısının artırılması ilə bağlı olub.

2007-ci ildə "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulu cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində reallaşdı. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən isə hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, üzvlərimizin orden və "Tərəqqi” medalı ilə təltifi fəaliyyətimizə verilən ali dəyər olmaqla bizləri humanizm və xeyriyyəçilik kimi müqqəddəs missiyamızı daha inamla həyata keçirməyimizə yüksək stimul verib.

May ayının 10-u ölkəmizdə başqa bir əlamətdar hadisənin - məramında xeyriyyəçilik və humanizm dəyərləri dayanan Heydər Əliyev Fondunun yaranmasının 15-ci ildönümü tamam olur. Öncə onu qeyd edim ki, Azərbaycanda xeyriyyəçilik və humanizm institutu son dövrlərdə xüsusilə intensiv şəkildə inkişaf etməyə başlamışdır. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduna yaranan gündən layiqincə rəhbərlik edən Mehriban Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı böyük rol oynayır. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir.

Bu baxımdan Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi proqramlar ən gözəl humanizm nümunələridir. Milli Məclisdə qəbul olunan amnistiya qərarları da Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi humanizm missiyasının nümunələridir. Azərbaycanın Birinci vitse-prezidenti təyin olunduqdan sonra isə Mehriban Əliyevanın bu istiqamətdə yeni təşəbbüslərinin şahidiyik. Məcburi köçkünlər üçün yeni binaların tikintisi, müharibə əlillərinin protezlərlə təminatı, ayrı-ayrı vətəndaşların müalicəsinə göstərilən kömək Mehriban Əliyevanın humanizm missiyasının getdikcə daha böyük vüsət almasından xəbər verir.

Təbii ki, bütün bunlar 350 minədək üzvü, 25 minədək könüllüsü olan qeyri-hökumət təşkilatı kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə böyük stimul verir. Beynəlxalq hərəkatın tərkib hissəsi kimi cəmiyyətimiz Azərbaycanın dövlət siyasətində yer tutan humanizm dəyərlərinə və məramına uyğun olaraq bundan sonra özünün vəzifələrini layiqincə yerinə yetirəcək.

Novruzəli ASLANOV,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video