08 May 2019 02:19
602
SİYASƏT
A- A+

Qalalar və muzeylər məskəni


"Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Heydər ƏLİYEV


14 yanvar 1982-ci il tarixini, şübhəsiz ki, şuşalılar heç vaxt unutmayacaq. Molla Pənah Vaqifin xatirəsinə ucaldılmış məqbərənin açılışı idi o gün. Təbiət də özünəməxsus gəlmişdi o görüşə.

Könül şüşəsi çiliklənən Şuşa "qar çiçəyi”nə, lopa-lopa yağan qara bələnmişdi. Həmin anlarda şuşalılar öz əziz qonaqlarını, xüsusən xalqımızın böyük oğlu Heydər Əliyevin Şuşaya gəlişini səbirsizliklə gözləyirdilər. Onlar kücələrdə, yol kənarlarında, eyvanlarda dayanaraq Heydər Əliyevə sonsuz ehtiramlarını bildirirdilər...

Səbəbsiz deyildi. Heydər Əliyev Qarabağa, onun zirvə tacı sayılan Şuşaya gəlmişdi. Əvvəlcə Cıdır düzündə Vaqifin ucaldılan məqbərəsinin qarşısındakı lenti kəsdi. Alqış sədaları altında dahi Üzeyir bəyin "Koroğlu” uvertürası əsrarəngiz Qarabağ dünyasına yayıldı. Heydər Əliyev öz dərin, parlaq çıxışının sonunda "Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir” deyərək iştirakçılara tövsiyə etdi ki, bu ənənəni hər il davam etdirmək lazımdır.


Ötən əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələri


Ümumimilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982-ci illər) Qarabağa çox böyük diqqət və qayğı göstərirdi: Azərbaycan torpaqlarının bir qarışı da Ermənistana verilmədi. Erməni iddialarının qarşısını hər zaman qətiyyətlə aldı. Ulu öndər hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta ötən əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarırdı. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev o zaman erməni millətçilərinin qarşısını qətiyyətlə alaraq Moskvadakı bəzi qüvvələrin qərarlarının həyata keçirilməsinə imkan vermədi. Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən ümummilli lider Heydər Əliyev onun inkişafına çox böyük qayğı göstərmişdi. Şuşanın kurort şəhərinə çevrilməsi üçün qərarlar qəbul etmiş, genişmiqyaslı quruculuq işlərinə təkan vermişdi.

Ulu öndərin 29 iyul 1982-ci il tarixdə yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat xadimlərini, ailəsini özü ilə gətirməsi Qarabağa olan xüsusi diqqətini bir daha göstərirdi. İyulun 29-dan avqust ayının 3-dək bir sıra tədbirlərdə olan ulu öndər avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etdi. Onun poeziya bayramında saatlarla görkəmli Azərbaycan və Qarabağ şairlərinin şeirlərinə qulaq asması tədbirdə iştirak edən hər bir şuşalının yaddaşına əziz xatirə kimi yazıldı.

...Zaman necə də quşqanadlı olurmuş. Şuşanın o bəxtəvər günləri bir göz qırpımında ötüb keçdi. 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu, ölkəmizin və xalqımızın mədəni irsinə hesablanan ağır zərbə idi. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdıldı, 195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 nəfər itkin düşdü, 24 mindən çox əhali öz doğma torpağından didərgin salındı.


İşğal nəticəsində 1700 tarix və memarlıq abidəsi "erməniləşdirilib”


Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Şuşaya qıyılmazdı, ona əl qaldırılmazdı. Amma beynəlxalq təşkilatların son vaxtlar Şuşadan gətirdiyi soraqlarla orada güllələnmiş heykəllərin fəryadı sinə dağlayır, yara bağlayır. Şuşa, doğrudan da, qalalar, tarixin yaddaşından qalanlar diyarıdır. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə də erməni vandalları tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Son tunc və İlk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansara, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansara, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb.


Pənahəli xanın sarayında toxunan "Xanlıq” xalçasının acı taleyi


Dünyada ilk dəfə xalça muzeyi məhz Şuşada yaradılıb. Mehmandarovların evində yerləşən həmin muzey əsl incəsənət xəzinəsi idi. Həm memarlıq cəhətdən, həm də dekorativ gözəlliyi ilə seçilən binanın dörd böyük salonunda şöhrəti dünyaya yayılan Qarabağ xalçaları nümayiş etdirilirdi.

Qarabağın ilk hökmdarı Pənahəli xanın sarayında toxunan "Xanlıq” xalçası muzeyin orijinal eksponatlarından sayılırdı. Hər bir xalçanın öz adı və tarixi vardı. Muzeydə Təbriz, Quba-Şirvan, Gəncə-Qazax xalçaçılıq məktəbi nümunələrinə də geniş yer ayrılmışdı. Burada 350-dən artıq xalça məmulatı nümayiş etdirilirdi ki, onların yalnız 145-ni xilas etmək mümkün olub.

On salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Zöhrabbəyovların evində yerləşən qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndələrindən biri, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi.

Bədii aləmin təcəssümü olan sənət inciləri, milli geyimlər, qədim musiqi alətləri Şuşa muzeylərinin bəzəyi idi. Nəhəng abidələr, memarlıq nümunələri açıq səma altında nümayiş etdirilirdi. Bədii yaradıcılığın zərif yadigarları isə bu gözəllik səltənətinin divarlarını daxildən bəzəyirdi.


Güllələnmiş heykəllərin sağalmayan yaraları...


Belə bir qeyri-adi füsunkarlığa, müqayisəsi tapılmayan gözəlliyə malik idi Şuşa. Təəssüf ki, erməni vandalları üfüqlərdən boylanan dağ şəhərinin gözəllik sərgisini yerlə yeksan etdilər. Şuşada yaradılan ev-muzeyləri də talan edildi, yandırıldı. Ev sahiblərinin - tanınmış sənət və mədəniyyət xadimlərinin öz həyətlərində ucaldılan heykəlləri, büstləri güllələndi. Qartal vüqarlı Şuşanın sinəsinə çalın-çarpaz dağ çəkildi. Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Bakıdakı İncəsənət Muzeyinin həyətindəki yaralı heykəlləri Şuşaya dönəcəyi günü gözləyir...

Azərbaycanın aranlı-dağlı ellərində belə daşlaşmış tarixin yaşıdı abidələrimiz kifayət qədər idi. Bu yerlərin ilk insan məskənləri və mədəniyyət beşiyi olması da məhz həmin abidələrin oxunmasından, sirlərinin açılmasından sonra bəşəriyyətə məlum olmuşdur. Təəssüfləndirici haldır ki, həmin tarixi yadigarlar zamanların səmum küləyi, təbii aşınmalarla yanaşı, bu yerlərdə aparılan amansız müharibələr, döyüşlər nəticəsində bir çoxları yer üzündən silinib. Qalanları isə...

Şuşa təkcə qalalar şəhəri deyil, həm də muzeylər məskəni idi. Şəhərdəki tarix, xalça, daş sənətkarlığı, Qarabağ tarixi, dərman bitkiləri muzeyi, eləcə də yuxarıda adlarını sadaladığımız dahilərin ev-muzeyləri və oradakı eksponatlar sözün əsl mənasında təkcə tariximizin deyil, həm də mill mədəniyyətimizin aynası və saxlanc yeri idi.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video