07 May 2019 21:01
523
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı


Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşı Hüseynov Emin Bəybala oğlunun qeyri-qanuni şəkildə işə qəbul edilməsi və əmək məzuniyyətində olduğu dövrdə Türkiyə Respublikasının Antalya vilayətində ölməsinin sifarişlə təşkil edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: "Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və bildirilir ki, mərhum Emin Hüseynov "Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə 2015-ci ildə qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmiş işə qəbul proseduru nəticəsində prokurorluq orqanlarında dövlət qulluğuna qəbul edilərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilib”.

Emin Hüseynov məzuniyyət hüququndan istifadə edərək ona 2017-ci il 1 avqust tarixli əmrlə 30 gün müddətinə əmək məzuniyyəti verilib, məzuniyyətdə olarkən vəfat etməsi ilə əlaqədar olaraq 2017-ci il 26 sentyabr tarixli əmrlə qanunvericiliyin tələbinə əsasən barəsində dövlət qulluğuna xitam verilib.

E.Hüseynovun ölümü ilə əlaqədar Türkiyə Respublikasında başlanmış cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair həmin dövlətin Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş beynəlxalq tapşırıqda mərhumun Antalya şəhərində "Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məşğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd edilib. Tapşırıqda bununla əlaqədar mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməyib.

Buna baxmayaraq, Baş Prokurorluq tərəfindən Türkiyə Respublikasında başlanmış cinayət işinin istintaqına milli və beynəlxalq hüquq çərçivəsində hərtərəfli kömək göstərilib. Belə ki, istintaq üçün əhəmiyyət kəsb edən Azərbaycan Respublikası vətəndaşlarının dindirilməsi, habelə E.Hüseynovun istifadəsində olmuş mobil telefondan aparılmış danışıqların verilməsi barədə qonşu dövlətin aidiyyəti qurumundan daxil olmuş əlavə vəsatət tam şəkildə icra olunaraq əldə edilmiş məlumatlar aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda, sorğu edən dövlətə müraciətlər və xatırlatma məktubları göndərilərək istintaqın konkret nəticəyə gələ bilmədiyi təqdirdə təkrar araşdırma aparılması və nəticəsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.

Qeyd edilən xüsusatlardan əlavə, mərhumun atası Bəybala Hüseynovun Baş Prokurorluğa ünvanladığı ərizələrinə əlavə etdiyi Türkiyə Respublikasında istintaq prosesindən kənar keçirilmiş təkrar ekspertiza rəylərinin həqiqiliyini müəyyən etmək üçün həmin dövlətin səlahiyyətli orqanlarına, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə sorğular ünvanlanıb. Həmin qurumlardan daxil olmuş məlumatlarda arvadı Elfira Hüseynova tərəfindən icazə verilmədiyi üçün E.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından onun ölümünün səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilib.

Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmayıb, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməyib.

Qeyd edilənlərlə əlaqədar olaraq, 2019-cu il aprelin 3-də Bəybala Hüseynov Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunaraq dinlənilib, ona hüquq və vəzifələri ətraflı izah edilib.

Hazırda Baş Prokurorluq tərəfindən Emin Hüseynovun ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə təkrar kompleks məhkəmə-tibbi ekspertizasının keçirilməsi, həmçinin istintaqı aparan müstəntiqin Azərbaycanda aparılacaq prosessual hərəkətlərin keçirilməsi zamanı iştirak edilməsi ilə bağlı Türkiyə Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış beynəlxalq sorğular hazırlanaraq qarşı tərəfə çatdırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.

Baş Prokurorluq kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatlar dərc edilməzdən əvvəl informasiyanın düzgünlüyü Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilsin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video