07 May 2019 00:37
682
İQTİSADİYYAT
A- A+

Azərbaycan ilə Rusiya dəmir yolları arasında memorandum imzalanıb


Mayın 6-da "Azərbaycan Dəmir Yolları” QSC-də "Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Görüşdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə məlumat verib. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindən danışan QSC sədri bildirib ki, dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Sonra ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Görüşün sonunda Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Sənədi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov imzalayıblar.

Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib. Tərəflər dəmir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yükdaşımaların artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədirlər.

"Rusiya Dəmir Yolları” ASC ilə "Azərbaycan Dəmir Yolları” QSC "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəliblər. Bundan əlavə, şirkətlər öz səylərini Şərq-Qərb istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycan ilə Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaları Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcəklər. Yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilkin məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılır. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində və digər marşrutlarda perspektiv daşıma həcmlərini nəzərə alaraq, Samur-Yalama sərhəd keçidinin buraxma qabiliyyətinin artırılması üçün infrastrukturun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video