07 May 2019 00:35
1011
SİYASƏT
A- A+

Azərbaycanda sahibkarlığın təşəkkülü və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır


Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev müasir tariximizin parlaq səhifələrini yazmış, ölkəmizin inkişaf salnaməsində dərin iz qoyaraq sözün həqiqi mənasında onu qurub-yaratmışdır. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində dayanıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu.

Prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətinə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. O, istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı.

1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi” - əcnəbi neft şirkətləri ilə hasilatın pay bölgüsünə dair analoqu olmayan çoxmilyardlıq saziş imzalandı. Bu, keçmiş Sovet İttifaqı məkanında bu cür ilk və ən iri kontrakt idi. "Əsrin müqaviləsi” Azərbaycan üçün həyati əhəmiyyətə malik olub, eyni zamanda, ölkədə daxili sabitliyin bərqərar olmasında və xarici siyasətdə uğurlar qazanılmasında da həlledici rol oynayıb. Kontraktın imzalanması mərasimində Heydər Əliyev bəyan edib: "Bu müqavilənin hazırlanmasında və imzalanmasında iştirak etdiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti yaxşı dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcək”. Bu layihənin təşəbbüskarı olan Heydər Əliyev Azərbaycana böyük məbləğlərdə Qərb sərmayəsi cəlb etdi və bunun nəticəsində yeni iş yerləri açıldı, bir neçə yatağın inkişafına nail olundu. Heydər Əliyev Azərbaycanın postsovet məkanında ən yüksək səviyyədə görünməmiş iqtisadi inkişafını təmin etdi.

Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdı.

Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul edilmiş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk görüşlərdən biri 1996-cı ildə keçirilmişdir. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsə müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdu.

Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi təsis edilmişdir.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

2019-cu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur.

Ölkə Prezidenti iclasda bildirdi: "Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər?! Biz bunu yaratdıq, üstəlik kreditlər də verdik. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il qaytarılan kreditlər hesabına 170 milyon manat həcmində kredit veriləcəyi nəzərdə tutulmuşdur. Ona görə sahibkarlar bundan sonra da fəal olmalı və yeni müəssisələr, iş yerləri yaratlmalı, iqtisadiyyatın ayrı-ayrı sahələrinə daha çox investisiya qoymaqla dövlətin yükünün azaldılmasına çalışmalıdırlar. Belə sahələrdən biri də tikinti sahəsidir. Sahibkarlar bu sahəyə daha çox investisiya qoymalı, on minlərlə insanın işlə təmin olunmasına çalışmalıdırlar”.

Prezident İlham Əliyevin uğurlu il kimi qiymətləndirdiyi 2019-cu ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilir.

Birinci rübün yekunları göstərdi ki, iqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Bu ilin birinci rübündə ümumi daxili məhsulun 3 faiz, sənaye istehsalının 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,6 faiz artması dövlətin apardığı mütərəqqi iqtisadi siyasətin bariz nümunəsidir.

Bu dövrdə kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artmış, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulmuşdur. Bu sərmayənin 2 milyard dollarının ölkəmizin qeyri-neft sektoruna yatırılması sahibkarlar tərəfindən müsbət hal kimi qiymətləndirilir.

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.

Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, Prezident İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin söylədiyi kimi, Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək.

Dövlət başçısının fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman bu sahədə inqilabi yenilik etdi desək, yanılmarıq. Ekspertlər bu fərmanı tikinti sahəsində memarlıq amnistiyası adlandırdılar.

Dövlət başçısı fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən narahatlığa son qoyuldu.

Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir.

Belə ki, son dövrlərdə dövlət başçısının tapşırığına əsasən təbii fəlakət və digər hadisələr nəticəsində zərər çəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiqlədi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.

Aparılmiş islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapmış, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan Respublikası 2016-cı illə müqayisədə 38 pillə irəliləyərək, 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Bu il yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Bu proqramın icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini söylədi. Yalnız bir fakta nəzər yetirək. 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir.

Növbəti illərdə də regionlarda sahibkarlığın inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 29 yanvar 2019-cu il tarixdə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalamışdır.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 15 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Ümumilikdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 165 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır. Sevindirici haldır ki, güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilmiş, bu kreditlərin 75 faizi regionların, yalnız 25 faizi Bakı qəsəbələrinin payına düşmüşdür.

Ümumiyyətlə, son illərdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli şərait yaradılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılmış, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılmış, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsi həyata keçirilmişdir. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə bütünlükdə 330 icazə tələb olunurdusa, "Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı isə 86-ya endirilmişdir.

2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin mart ayında "Lisenziyalar və icazələr” portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla, cəmi 640 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama aparılıb.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu nəzərə alaraq, 2019-cu ilədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.

Ötən 2018-ci ildə isə sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi təqdim edilmişdir.

Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də "Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmana edilən dəyişikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib. Hazırda tələbatı 150 kilovata qədər olan fəaliyyət sahəsini elektrik şəbəkəsinə qoşdurmaq üçün sahibkarın "KOB evləri”, "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzlərinə müraciət etməsi kifayətdir.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir.

Qəbul edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında duran vəzifələrdən biri də kiçik və orta sahibkarlığın inkişafı məsələsidir. Azərbaycan Prezidentinin "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmanına əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarlığın inkişafının iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir. Hazırda kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahatlar həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir. Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini quraraq sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Bütün yuxarıda göstərilənləri təhlil edərək belə bir məntiqi nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli liderin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Ulu öndər qısa müddətdə Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və özünün böyük şəxsiyyəti ilə doğma vətəni Azərbaycanı hər yerdə layiqincə təmsil etmişdir.

Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

Azərbaycan xalqının hələ necə-necə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

Heydər Əliyevin gələcək ücün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gercəkliyə cevrilmiş, bütün mənalı həyatını öz xalqına bəxş etmiş siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız və biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində səlahiyyətlərimiz daxilində əlimizdən gələni edəcəyik.

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video