07 May 2019 00:30
445
CƏMİYYƏT
A- A+

Bakıda “Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi” mövzusunda konfrans


Mayın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən BƏT-in 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək konfrans iştirakçılarını bütün dünyada əməkçilərin haqlarının davamlı qorunmasında böyük xidmətləri olan Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi münasibətilə təbrik edib.

S.Möhbalıyev bildirib ki, dünyanın aparıcı təşkilatlarından biri olan BƏT-lə sıx əməkdaşlıq etmək Azərbaycana sosial-əmək mübahisələrinin tənzimlənməsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, sosial tərəfdaşlığı (hökumət, həmkarlar ittifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsindən bəhrələnmək imkanı yaradır. Bu, həmçinin beynəlxalq təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənib hazırlanmasına kömək edir, sahibkarlığın, eyni zamanda, kiçik biznesin inkişafına, məşğulluq problemlərinin həllinə təsir göstərir.

Sədr iştirakçıların nəzərinə çatdırıb ki, 2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq. Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə başçısının böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının bir daha şahidi oluruq. Bu mühüm sosial əhəmiyyətli tədbirlər, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına da öz töhfəsini verəcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə 9 mindən çox sahibkarın qeydiyyatdan keçdiyini və bunun 4 mininin hüquqi şəxs olduğunu bildirib. BƏT-in dəstəyi ilə birgə mühüm layihələrin həyata keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan M.Musayev Azərbaycan dövlətinin müəyyən etdiyi yüksək iqtisadi inkişafa və yüksək təminatlı məşğulluğa nail olacağına əminliyini ifadə edib.

Daha sonra BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti bürosunun rəisi Serqius Qlovaskas çıxış edib və konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, BƏT-də çox böyük əməyi olan Azərbaycan təşkilatın idarəetmə şurasında iştirak edir. O, BƏT-in baş direktoru Qay Rayderin Azərbaycana ilk səfərindən danışıb, texniki əməkdaşlıqla bağlı üçtərəfli komissiyanın yaradılması və proqramların imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Serqius Qlovaskas BƏT-in 100 illik yubileyi münasibətilə AHİK-in sədri Səttar Möhbalıyevə, sədrin birinci müavini İlyas Əliyevə, AHİK-in aparat rəhbəri Həsən Cəfərova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova BƏT-in fəxri fərmanlarını təqdim edib.

Konfrans daha sonra öz işini 3 panel üzrə - "Əməyin gələcək sferası. Qlobal komissiyanın hesabatı”, "Dayanıqlı inkişafın məqsədi (8-ci məqsəd-layiqli əmək)”, "Sosial dialoq və sosial partnyorluq” məsələləri ətrafında qruplarda davam etdirilib, çıxışlar dinlənilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video