06 May 2019 15:10
843
İDMAN
A- A+

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir keçirilib


Mayın 6-da "Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsi qitə ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və təşkilat komitəsinin üzvləri iştirak ediblər. Seminara Avropanın 40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un "Bakı 2019” üçün xüsusi olaraq yaratdığı Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıblar.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayaraq deyib: "Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramı olacaq. Avropa Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda görməyimə şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən dövrdə bizim Avropa ölkələrinin Milli Olimpiya komitələri ilə sıx işbirliyimiz olub və onlara hər bir dəstək göstərilib”.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki seminarın Festivala hazırlıq prosesində əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirərək deyib: "Biz Avropa Gənclərinin Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa Milli Olimpiya komitələrinin nümayəndələri ilə birgə gözəl Bakıya bir daha gəlməyimizdən böyük məmnunluq duyuruq. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.

Bu tədbir Avropanı ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə yanaşı, onların "Bakı 2019” haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm məsələlər barədə müzakirələr aparırlar. Festivalın Əməliyyat Komitəsi seminarda Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunacaq medalları da nümayiş etdirəcək.

Tədbir çərçivəsində Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərində, eləcə də Atletlər kəndində olacaqlar.

Xatırladaq ki, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video