05 May 2019 01:23
707
SİYASƏT
A- A+

Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır


Azərbaycan Respublikasının vətəndaşları və bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 96 və Azərbaycan Respublikasına rəhbərlik etməsinin 50 illik yubileyini böyük sevinclə qarşılamağa hazırlaşır.

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq və bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən qlobal məsələdir.

Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə ittifaqda öncül sıraya çıxdı, rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi keçən əsrin 70-80-ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar-sənaye kompleksinin və onun aparıcı bölməsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə olundu. Azərbaycan Respublikası bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi, üzüm istehsalında 2 milyon ton həddi keçərək SSRİ məkanında birinci yeri tutdu.

Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və mal-qaranın cinsinin yaxşılaşması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublikamız bu göstəricilərə görə ittifaqda ön sıraya çıxdı.

Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə kənd təsərrüfatı texnikası, mineral gübrə istehsal edən yeni zavodlar tikildi və mövcud zavodlar genişləndirildi.

Həmin dövrdə kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, bu məhsulların emalı ilə məşğul olan müəssisələrin şəbəkəsi də böyüdü. Üzümçülüklə məşğul olan iri təsərrüfatların hamısında üzüm emalı zavodları tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdi və yeniləri tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz, ət, süd və digər məhsulların emalı müəssisələri tikilib istifadəyə verildi. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı respublikamızda yüngül və yeyinti sənayesinin də inkişafına təkan verdi.

Aqrar sahədə həyata keçirilən düşünülmüş siyasət sayəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin sosial siması kökündən dəyişdi. Həmin illərdə kənd təsərrüfatı respublika iqtisadiyyatının aparıcı sahəsinə çevrilməklə ümumi daxili məhsulun 30-35 faizi bu bölmənin payına düşürdü. Azərbaycan Respublikası ittifaqın tərəvəz bazası hesab olunurdu. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi sayəsində əldə edilən nailiyyətlər hörmətli Prezidentimiz İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”.

Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması ittifaq rəhbərliyinin diqqətini cəlb etdi və o, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrin məsələləri ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində kömək göstərir, respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusilə Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq vəzifəsindən istefa verməyə məcbur oldu.

Bununla belə, Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz ümummilli lider idi. Həmin vaxt o, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmişdi.

Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin əsası qoyuldu. Bundan başqa, onun təklifi ilə Muxtar Respublikanın adından "Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol başladı.

Ali Məclisin sədri kimi o, ilk öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən ulu öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı. Düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdılar.

Həmin dövrdə - 1991-ci il oktyabrın 18-də Bakıda Azərbaycan Respublikası müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdilər. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovub etnik təmizləmə aparırdılar. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildi. Bundan azğınlaşan erməni quldurlar 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımını törətdilər və şəhər yerlə-yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsir götürüldü, itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.

Özlərini xalqın aparıcı qüvvəsi hesab edən müsavat və xalq cəbhəsi cütlüyü bundan yararlanaraq hakimiyyəti ələ aldılar. Ancaq bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu yeddi rayonun zəbt edilməsi ilə nəticələndi.

Artıq müstəqil Azərbaycan Respublikası öz tarixinin ən ağır çağlarını yaşayırdı. Bir tərəfdən Ermənistanla aparılan müharibə, bir tərəfdən iqtisadiyyatın iflic vəziyyətə düşməsi, bir tərəfdən də hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi hakimiyyətə qarşı narazılığı artırmaqla yanaşı, Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu.

Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya, inkişaf etdirə bilər.

Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa zaman kəsiyində baş vermiş tarixi hadisələr, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Separatçı ermənilər tərəfindən başlanmış Ermənistan-Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olunması onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində möhkəm addımlar atıldı və müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan xalqının və onun liderinin əleyhinə yönəlmiş hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı.

Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə "bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı "Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.

Ulu öndər Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev yenidən müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev, sözün əsl mənasında, dahi şəxsiyyətdir və qədirbilən xalqımız ulu öndəri özünün ümummilli lideri elan etmişdir.

Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi.

Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində xalqımıza ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu öndərin tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini

İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin bu tarixi müraciətindən keçən on beş il onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə inamlı qələbəsi ulu öndərin varis seçiminin nə qədər düzgün olduğunu bir daha təsdiq etdi və hörmətli prezidentin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə aparılan ictimai-siyasi, beynəlxalq, iqtisadi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirildi. Belə ki, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq on beş ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla idarə edilir, dünyanın aparıcı ölkələri tərəfindən regionun lider dövləti kimi tanınır. Bu isə təsadüfi deyil. Ölkəmizə 250 milyard dollardan çox sərmayə qoyulmuş, sahibkarlığın inkişafına dövlət büdcəsindən 2,2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bunun sayəsində respublikamızın iqtisadiyyatı son 15 il ərzində 3,3 dəfə artmış, valyuta ehtiyatlarımız 24 dəfə artaraq 45 milyard manat olmuşdur.

Bu müddətdə sosial məsələlərə xüsusi diqqət yetirilmiş, maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfə artmış, yoxsulluq 50 faizdən 5,1 faizə düşmüş, 2 milyona yaxın yeni iş yerləri açılmaqla işsizliyin səviyyəsi 5 faizə enmişdir. Ölkə üzrə qazlaşdırma 51 faizdən 95 faizə, fasiləsiz içməli su ilə təminat 20 faizdən 67 faizə çatdırılmış, Oğuz-Qəbələ-Bakı su xətti çəkilmiş, 15 min kilometr asfalt yol, 43 olimpiya idman kompleksi tikilmişdir. 3200-dən çox məktəb və 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmiş, yeddi aeroport tikilib və ya yenidən qurulmuşdur.

Cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan elmi-texnoloji inkişafa da xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin - müdafiə və kosmos sənayesinin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması, onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə məhsullar istehsalına başlaması Azərbaycanın uzunmüddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır. Bu, o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür. Prezidentin həyata keçirdiyi bu siyasətin nəticələri beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının "Doinq Business-2019” hesabatında Azərbaycan biznes mühitinin əlverişliliyinə görə 190 ölkə arasında 25-ci yeri tutmuş, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan "İnklüziv İnkişaf İndeksinə” görə 2018-ci ildə ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında 3-cü, MDB məkanında 1-ci yerdə qərarlaşıb.

Prezidentin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür.

Keçən dövr ərzində aqrar sahədə də çox böyük inkişafa nail olunmuşdur. Kənd təsərrüfatı məhsul istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi nəticəsində fermerlərin dövlət büdcəsinə ödəməli olduqları təxminən 2 milyard manata yaxın vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilmişdir. Bundan əlavə, 2007-ci ildən əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, mineral gübrələrə görə, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya ödənilir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə xidmət və infrastruktur sahələrinin inkişafına dövlət vəsaiti hesabına güzəştli şərtlərlə kreditlər verilmişdir. Bundan başqa, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-cı ildən başlayaraq kənd təsərrüfatı texnikası və iribuynuzlu damazlıq heyvanlar güzəştli şərtlərlə fermerlərə lizinqə verilir. Dövlət büdcəsi vəsaiti hesabına 4 su anbarı tikilib, 200 min hektardan çox yeni suvarılan torpaqlar əkin dövriyyəsinə daxil edilib. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində 2004-2018-ci illərdə kənd təsərrüfatı istehsalı 1,7 dəfə artmışdır.

Hazırda aqrar sahənin ölkəmizin təbii coğrafi və iqlim zonalarına uyğun olaraq iri təsərrüfatların yaradılması və kənd təsərrüfatı kooperasiyasının genişləndirilməsi yolu ilə yüksək texnika və texnologiyaların tətbiqi əsasında inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür. 20 rayonda 44 min hektar sahəni əhatə edən müasir suvarma sistemlərinə və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri təsərrüfat yaradılıb. 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur və bu məqsədlə 183 min hektar sahə ayrılıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Bu təsərrüfatlardan 17-si artıq fəaliyyət göstərir və hər hektardan 55-60 sentner buğda, 115-120 sentner qarğıdalı götürülür, hər inəkdən 6-7 min kiloqram süd sağılır ki, bu da respublikamız üçün rekord göstəricilərdir. Bununla yanaşı, ənənəvi sahələr olan pambıqçılığın, çayçılığın, üzümçülüyün, baramaçılıq və ipəkçiliyin inkişafı, habelə kənd təsərrüfatı kooperasiyasının genişləndirilməsinə dair dövlət proqramları qəbul edilərək onların icrasına başlanmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanı kənd təsərrüfatı geridə qalmış respublikadan inkişaf etmiş aqrar-sənaye kompleksinə malik bir diyara çevirmiş Prezident İlham Əliyev isə ölkəmizin aqrar sahəsini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq əzmindədir. Hazırda ölkəmizdə ərzaq məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına təmin olunur və yaxın vaxtlarda sahibkarlarımız qloballaşan dünya iqtisadiyyatında yüksək rəqabətədavamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaq imkanlarını daha da genişləndirəcəklər.

Son illər ərzində Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, zəfər çalır. Biz hamımız inanırıq ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik, demokratik ölkə kimi öz suverenliyini və liderliyini saxlayacaqdır.

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad üzrə elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video