05 May 2019 01:09
1353
SİYASƏT
A- A+

Yeni neft strategiyasının banisi


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünyanın ən nüfuzlu dövlət xadimlərindən, ən böyük siyasi şəxsiyyətlərindən biri olub, müstəqil dövlətçiliyimizin qurucusu və memarıdır. Çoxəsrlik tarixi ənənələr əsasında müasir Azərbaycan dövlətinin ideoloji-siyasi inkişaf doktrinasının yaradılması və gerçəkləşdirilməsi dahi strateq olaraq onun adı ilə sıx bağlıdır.

Azərbaycan tarixinin Heydər Əliyev epoxası milli intibah və tərəqqi dövrü kimi xarakterizə olunur. Ulu öndər respublikaya rəhbərlik etdiyi illərdə daim ictimai həyatın müxtəlif sahələrində inkişafın zəruri dönüş nöqtələrini vaxtında və yüksək dəqiqliklə müəyyən etmiş, xalqın yaradıcı gücünü həmin vacib hədəflərə istiqamətləndirmişdir. Milli şüurun düzgün təyin edilmiş məqsədlərə yönəldilməsi ölkədə coşqun quruculuq atmosferi və ruh yüksəkliyi yaratmış, ulu öndərə olan ümumxalq sevgisi milli intibahımızın hərəkətverici qüvvəsinə çevrilmiş və Azərbaycanın bugünkü uğurlarının rəhni olmuşdur.

Adı dünyanın siyasi xəritəsinə ötən əsrin 90-cı illərində yazılan Azərbaycan Respublikasının müstəqil inkişaf yolu ağır sınaqlardan keçmişdir. Xarici təzyiq, hərbi təcavüz, daxili çəkişmələr məngənəsində sıxılan gənc dövlətimiz torpaqlarının 20 faizini itirmiş, bir milyona yaxın soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdü. Bu çətin anda xalqımız vəziyyətdən çıxış yolunu dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü, inamını, ümidini ona bağladı. Xalq yekdil və haqlı idi: Azərbaycanı bu böhranlı vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilərdi. Tarix də bu fikrin doğruluğunu sübut etdi. Ümumxalq istəyi və təkidi ilə dövlətimizin sükanı arxasına keçən ulu öndər tez bir zamanda siyasi xaosa son qoydu, ölkənin uzunmüddətli inkişaf strategiyasını işləyib hazırlayaraq, iflic vəziyyətində olan iqtisadiyyatı ayağa qaldırmaq, sosial problemləri həll etmək üçün gərgin fəaliyyətə başladı. Bu gün Azərbaycan dövlətinin əbədi müstəqilliyi, dinamik iqtisadiyyatı, beynəlxalq aləmdə durmadan artan nüfuzu Heydər Əliyevin məhz o illərdə formalaşdırdığı müdrik siyasi kurs, onun dönməz qətiyyəti və tarixi uzaqgörənliyi sayəsində mümkün oldu. Ümummilli lider yaxşı bilirdi ki, gündən-günə qloballaşan müasir dünya palitrasında başlıca rol oynayan amillərdən biri enerji resurslarına nəzarət, onların dünya bazarına, istehlakçılara vaxtında və təhlükəsiz çatdırılmasıdır. Zəngin neft-qaz ehtiyatları, neft sənayesinin tarixi ənənələri, enerji resurslarının öyrənilməsində malik olduğu təcrübə və intellektual potensial, neftçilərimizin əzmkarlığı Azərbaycana bu imkanı verir.

Qədim zamanlardan bütün dünyada neft diyarı kimi tanınan ölkəmizdə min illər əvvəl yer səthinə çıxan neftin ibtidai üsullarla yığılıb, karvanlarla müxtəlif ölkələrə daşındığı faktlarla sübut olunmuşdur. Neftin sənaye üsulu ilə hasilatının, emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınmasının əsası vətənimizdə qoyulub. Dünyada sənaye üsulu ilə neftçıxarmanın tarixi 1848-ci ildən - Bibiheybətdə ilk neft quyusunun qazılmasından hesablanır. Sonrakı dövrlərdə də quruda, sahildə, açıq dənizdə və dərinsulu ərazilərdə neftin çıxarılması işlərinə məhz Azərbaycanda başlanılıb.

Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi 1969-cu ildə neft sənayesi artıq böyük çətinliklərlə üzləşmişdi. Ölkənin yeraltı sərvətlərinin yüksək iqtisadi potensialını düzgün müəyyənləşdirən ulu öndər Bakı neft məktəbinin əvvəlki şöhrətini bərpa etməyi qarşıya məqsəd qoydu, mövcud təbii və intellektual resurslardan effektiv istifadə etməklə, zamanın tələblərinə uyğun innovativ vasitələrin tətbiqi ilə neft sənayesini yenidən dinamik inkişaf yoluna qaytarmağa müvəffəq oldu. Həmin dövrdə inkişafın elmi-texniki bazasını təmin etmək, yeni texnologiyaları mənimsəmək və onların praktikada uğurlu tətbiqinə nail olmaq məqsədilə neft sənayesinin mühüm təsisatları - elmi-tədqiqat institutları, istehsalat birlikləri Bakıda cəmləşdirildi, prioritet sahələrdə nəzərəçarpacaq uğurlar əldə edildi. 1970-1980-ci illər Azərbaycanda bütün sahələrin, ilk növbədə isə neft sənayesinin maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuş, onun inkişafında güclü sıçrayış əldə edilmişdir. Xəzər dənizinin dərin sahələrinin mənimsənilməsi ilə əlamətdar olan bu dövrdə planlı və məqsədyönlü şəkildə aparılan çoxşaxəli tədbirlər nəticəsində dənizdə genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilmiş, neft sənayesinin etibarlı infrastrukturu qurulmuşdur.

Dəniz yataqlarının işlənilməsi üçün o dövrün müasir qazma qurğularının, ixtisaslaşdırılmış gəmilərin, tikinti texnikası və avadanlıqların alınması, Bakı Dərin Dəniz Özülləri Zavodu kimi nəhəng strateji istehsalat kompleksinin tikilməsi ulu öndərin neft sənayesinin gələcək inkişafı naminə göstərdiyi müstəsna xidmətlər idi. 1970-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox gəmi, o cümlədən, ağır yük qaldıran kran gəmiləri, boruçəkən gəmilər, seysmik, sərnişin gəmiləri və s. gətirildi. 2500 ton gücündə "Azərbaycan” kran-gəmisinin, "Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 metrlik dərinliyində işləməyə imkan verən "Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 8 yeni neft və qaz yatağı kəşf edildi, respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və məhz bu qurğulardan istifadə olunmaqla 80-350 metr dərinlkdə zəngin neft ehtiyatlarına malik yataqlar - "Bahar”, "Bulla dəniz”, "Günəşli”, "Çıraq”, "Azəri”, "Kəpəz” və başqaları kəşf edildi. Bu yataqlar indinin özündə də Azərbaycanda hasil olunan "qara qızıl”ın əsas hissəsini verir.

O zaman dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodunun Həştərxanda tikilməsi nəzərdə tutulurdu. Ulu öndər Heydər Əliyevin təşəbbüskarlığı, böyük siyasi nüfuzu, möhkəm arqumentləşdirmə bacarığı, cəsarət və iradəsi sayəsində zavodun Bakıda inşa edilməsinə icazə alındı və bu məqsədlə keçmiş Sovet İttifaqı hökuməti tərəfindən 450 milyon ABŞ dolları həcmində sərmayə ayrıldı. Dəniz yataqlarında platformaların tikintisi üçün nəzərdə tutulan bu sənaye nəhənginin müstəqillik illərində dövlətimizin imza atdığı qlobal layihələrin həyata keçirilməsində mühüm rol oynadığını nəzərə alanda qətiyyətlə deyə bilərik ki, respublikamızın neft sənayesində o zaman qazanılmış nailiyyətlər ulu öndərin uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi”nə, deməli, xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi. Ümummilli lider malik olduğu böyük siyasi bəsirətlə hələ keçmiş sovet hakimiyyəti illərində Azərbaycanın dövlət müstəqilliyinin labüdlüyünü müəyyənləşdirmiş, respublika iqtisadiyyatının ana sahəsini təşkil edən neft sənayesinin texniki cəhətdən müasirləşdirilməsi istiqamətində strateji tədbirlər hazırlayıb həyata keçirməklə gələcək milli və suveren dövlətin iqtisadi müstəqilliyi üçün möhkəm təməllər yaratmışdı. Bu, qoca tarixin özü tərəfindən təsdiqini tapan mütləq həqiqətdir.

Xəzər dənizinin Azərbaycan sektorunda zəngin neft və qaz ehtiyatlarının olması hələ sovet dövründən məlum idi. Lakin bu ehtiyatların çıxarılması, sosial-iqtisadi gücə çevrilməsi üçün nəhəng ölçüdə maliyyə, insan, elmi-texniki resurs səfərbər edilməli, hətta hesablanması belə asan olmayan böyük iş həcmi həyata keçirilməli idi. Müstəqilliyimizin ilk illərində, hələ tam təsisatlanmamış gənc dövlətçiliyimizin ağır sınaqlara məruz qaldığı dövrdə ölkənin mövcud potensialı məhdud idi, resurs çatışmazlığı Xəzərin dərinsulu hissələrində yerləşən təbii sərvətlərin hasil olunub dünya bazarına çıxarılmasına imkan vermirdi. Yaranmış situasiyada dəfələrlə olduğu kimi, yenə də yeganə düzgün çıxış yolunu seçən ümummilli lider bu maneənin aradan qaldırılması üçün dünyanın aparıcı şirkətləri ilə milli maraqlara, Azərbaycan xalqının rifahına xidmət edən əməkdaşlıq strategiyasını irəli sürdü və işləyib hazırladı. Bu, Azərbaycanın qalibiyyətli neft strategiyası idi. Onun əsasını sadə və eyni zamanda, dahiyanə prinsiplər təşkil edirdi: xarici investisiyaların köməyi ilə ölkənin neft-qaz sənayesini gücləndirmək və enerji resurslarının dünya bazarında reallaşdırılması nəticəsində əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına, xalqın yaşayış səviyyəsinin yüksəldilməsinə yönəltmək prinsipləri. Mahiyyət etibarilə Azərbaycan dövlətinin qurtuluş və davamlı inkişaf doktrinası rolunu oynayan bu enerji strategiyasının ilk uğuru dünyanın nəhəng neft şirkətləri ilə tariximizə "Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanması idi.

"Əsrin müqaviləsi” mahiyyət etibarilə Azərbaycan, Xəzər hövzəsi regionu, hətta bütövlükdə postsovet məkanın hüdudlarını aşan, dünya sənayesinin inkişafında yeni bir mərhələ yaradan tarixi hadisə idi. Bu saziş Azərbaycanın təkcə dünya enerji bazarında möhkəmlənməsi üçün deyil, özünə layiqli geosiyasi yer tutması, beynəlxalq birliyə üzvi surətdə inteqrasiya olunması üçün yol açan, aparıcı dövlətlərdən birinə, regionun liderinə çevrilməsində müstəsna rol oynayan epoxal bir sənəd idi. Ötən 25 ildə ölkəmizin daxili və xarici siyasətdə qazanılmış uğurlarının təməlində, möhtərəm Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, məhz "Əsrin müqaviləsi” durmuşdur. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı enerji strategiyası uzunmüddətli, effektiv, sistematik və davamlı inkişaf konsepsiyası olduğunu ilbəil özünün yeni təntənələri ilə təsdiqləyir.

Nailiyyətlərimiz - hasil edilən karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması məqsədlərinə xidmət edən təhlükəsiz neft və qaz kəmərləri sisteminin, yeni istehsal güclərinin yaradılması, infrastrukturun müasirləşdirilməsi, durmadan yenilənməsi və s. Azərbaycan neft sənayesinin postindustrial inkişaf yoluna qədəm qoymasında həlledici rol oynamışdır. Bütün bu nəhəng qüvvənin hərəkətə gətirilməsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri müstəsna əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, kəmərin istismara verilməsini dünya KİV-i qlobal neft sənayesinin dönüş nöqtəsi kimi dəyərləndirmişdi. Şərq-Qərb enerji dəhlizinin əsas arteriyasını təşkil edən BTC bu gün dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biri kimi Azərbaycan neftinin dünya bazarına fasiləsiz və təhlükəsiz nəqlində unikal rol oynayır. Regionun həyatını dəyişmiş 1769 kilometrlik bu kəmər həm də qabaqcıl texnologiyalar əsasında qurulmuş olduqca mürəkkəb mühəndis konstruksiyasıdır.

Ulu öndər Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə hesablanmış enerji strategiyası möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər yolunu bu gün də uğurla davam etdirir. Hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi və 2 Risk Xidməti Sazişinin tərəfdaşlarıdır. Podratçılar tərəfindən 1995-ci ildən indiyədək Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə 80 milyard ABŞ dollarından artıq məbləğdə sərmayə yatırılmışdır. Strategiyanın misilsiz tarixi əhəmiyyətini sübut edən daha bir fakt isə dünyada təbii qaza tələbatın sürətlə artdığı indiki dövrdə ölkəmizin həm də etibarlı "mavi yanacaq” tədarükçülərindən birinə çevrilməsidir. 1999-cu ildə kəşf, 2006-cı ildən istismar edilən, dəniz akvatoriyalarında ən böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz” yatağının işlənilməsi çərçivəsində həyata keçirilən layihələr ümummilli lider Heydər Əliyevin enerji strategiyasının ölkəmizə qazandırdığı iqtisadi və sosial mənfəətlərin tam bir spektrini əhatə edir.

Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin olunub. Bu, hər bir ölkənin milli təhlükəsizliyinin çox vacib komponentidir. Sənaye obyektlərinin mazut rejimindən qaz rejiminə keçirilməsi iqtisadiyyatımızın möhkəmlənməsinə mühüm töhfədir. Ölkənin qazlaşdırılması istiqamətində "Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində tarixdə misli görünməmiş işlər aparılıb. Azərbaycan region ölkələrinin, xüsusilə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. "Şahdəniz” layihəsinin ilk mərhələsində hasil olunan qazın Gürcüstan və Türkiyəyə nəql edilməsi məqsədilə Cənubi Qafqaz boru kəməri qurulmuş, 2-ci faza çərçivəsində genişləndirilmişdir. Ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən bu kəmər vasitəsilə indiyə qədər ölkədaxili istehlakçılara, həmçinin Gürcüstan və Türkiyəyə 40 milyard kubmetrdən artıq "Şahdəniz” qazı tədarük olunmuşdur. Azərbaycan neftçiləri tərəfindən "Abşeron” və "Ümid” yataqları kəşf edilmiş, "Bulla-dəniz” yatağının dərin horizontlarından hasilata başlanılmışdır.

"Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazanılmış uğurlar xarici tərəfdaşlarla qurulan qarşılıqlı faydalı istehsalat münasibətlərini yeni mərhələyə qaldırmışdır. Azərbaycan imzaladığı bütün sazişlərin şərtlərinə tam həcmdə əməl etmiş, Milli Məclisdə ratifikasiya olunub, qanun hüququ alan bu sənədlərin heç bir müddəasını birtərəfli qaydada dəyişməmiş yeganə neft-qaz ölkəsi imicini qazanmışdır. Birgə layihələr çərçivəsində əldə olunan güclü iqtisadi səmərə tərəfdaşlarımızın Azərbaycana inamını artırmış, onları bu qədim diyara, qonaqpərvər xalqımıza sıx tellərlə bağlamışdır. 2017-ci ildə tərəfdaşlarımızın "Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması təşəbbüsü ilə çıxış etmələri və "Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Azərbaycan üçün daha əlverişli şərtlərlə yeni müqavilənin imzalanması iqtisadi amillərlə yanaşı, həm də bu bağlılığın bariz göstəricisi olmuşdur.

Azərbaycanın qalibiyyətli enerji strategiyası həm də qloballaşan dünyanın mühüm çağırışlarına xalqımızın cavabıdır, ona tarixən xas olan dərin humanizm və insanpərvərliyin təntənəsini bütün dünyada təcəssüm etdirir. Əminliklə deyə bilərik ki, bu strategiya hələ uzun illər davamlı olacaq, ölkəmizə və dövlətimizə misilsiz nailiyyətlər qazandıracaq, xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə, dünyada sülh, əmin-amanlıq və sabitlik amallarına xidmət edəcəkdir.

Rövnəq ABDULLAYEV,

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video