05 May 2019 00:25
905
Mədəniyyət
A- A+

Əldə əsa, könüldə qanadlanan arzular


Yalnız ağır-ağır qalxan tünd pərdənin xışıltısı idi eşidilən...

Birdən bu lal sükutu səhnənin dərinliklərindən gələn bir qızın acı və qəhərli tonla səsləndirdiyi monoloq çiliklədi...

- Yox, yox... Mən artıq bu dünyada bir heçəm, qaranlıq çöküb üzərimə...

Günəşin al şəfəqini, Ayın bədirlənməsini, göy qurşağının rənglərini görə bilmirəm... Bilmirəm ki, bənövşələr açanda yenə ən sevdiyim çalardamı olur, seyrindən doymadığım kəpənəklərin qanadı yenədəmi o cür bərq vurur?! Mən bu zülmət dünyada yaşaya bilmərəm, daha heç kimə lazım deyiləm, nə etmək istəsəm də bacarmayacam...

Elə bu an başdan-başa işıq selinə bürünən səhnədə gənc bir oğlan göründü və o, aramla bayaqdan bəri dinlədiyimiz məhzun səsə doğru irəliləməyə başladı...

Az sonra həmin oğlan və qız əl-ələ tutaraq geri dönürdülər...

Hər ikisi də büdrəməmək, yıxılmamaq və irəliyə daha bir addım atmaq üçün əllərində tutduqları əsadan dəstək alırdılar...

Fərəhli, qürurlu, xoşbəxt idilər...

Ürəkləri quş kimi çırpınır, həyəcandan titrəyirdilər, bacarmışdılar...

Əngəl zəncirlərini param-parça etmiş, aşılası çətin sərhədləri dağıtmış, sonsuz kainatda süzən azadə quşlara çevrilmişdilər...

Bu, həyat səhnəsindən bir lövhə idi, baş verənlər gerçəkliyi əks etdirir, aktyorlar isə öz real həyatlarını oynayırdılar...


Bu gün onların günüdür


5 may Əlillərin Hüquqları Uğrunda Beynəlxalq Mübarizə Günüdür. Azərbaycan Əlillərin Hüquqları barədə Konvensiyaya 2008-ci il oktyabrın 2-də qoşulub. Ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası sahəsində əhəmiyyətli addımlar atılır, layihələr həyata keçirilir. Belə müstəsna əhəmiyyətə malik təşəbbüslərdən biri də Bakıda inklüziv teatr olan "ƏSA”nın yaradılmasıdır.

"ƏSA” Teatrı 2016-cı il sentyabrın 3-də aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılıb. Bununla da dünyada inklüziv incəsənət sahəsində bir ilkə imza atılıb. Yarandığı ilk günlər beş nəfərlə fəaliyyətə başlayan teatr qısa müddətdə çox uğurlara imza atıb, eyni zamanda, sıralarını genişləndirib. İlk olaraq səhnələşdirdiyi "DUMB” tamaşası ilə "ƏSA” teatrı özünü incəsənət aləmində təsdiqləyib və böyük tamaşaçı sevgisi qazanıb. Bu tamaşa yerli KİV-lə yanaşı, ən çox da beynəlxalq medianın diqqətini cəlb edib.

Ən ümdəsi isə teatr öz fəaliyyəti ilə incəsənətin heç bir maneə tanımadığını, əlil insanların göründüyündən qat-qat güclü olduqlarını sübut edib. Teatrın fəaliyyəti Azərbaycanda və ölkəmizin xaricində yaşayan əlil insanlar üçün stimul mənbəyinə, motivasiyaya çevrilib. İlk tamaşadan sonra əlilliyi olan şəxslər aktyor kimi fəaliyyət göstərmək üçün teatra müraciət ediblər. Bütün bunları nəzərə alan "ƏSA” teatrı böyük aktyor heyətinin iştirak etdiyi tamaşalar hazırlayıb.


"Bu, xəyallarımın gerçəkləşməsi idi...”


"Səhnədə oynadığın zaman tamaşaçıdan müsbət reaksiya almaq insana özünü faydalı hiss etdirir. Çətin də olsa, çalışıb öz yolumu tapdım. İnsanın arzuları çox olur, amma həmin arzulara doğru bir addım atmasa, onların gerçəkləşməsi labüd deyil. İnsan çalışaraq nəsə əldə edə bilir, xəyal quraraq yox...”

"ƏSA” teatrının məşq otağında aktrisa Cəmilə Məmmədova ilə həmsöhbət oluruq.

Həkim səhvi nəticəsində onurğa sütunu zədələnərək dünyaya əlil gələn aktrisa deyir ki, fiziki məhdudiyyəti olan və olmayan aktyorlar üçün belə bir teatrın yaradıldığını eşidəndə çox sevinib: "O zaman mən də "ƏSA”ya gəlmək istəyirdim, amma rayonda yaşadığım üçün heç ilk tamaşalarına da gələ bilməmişdim. Amma indi nəinki "ƏSA”nın tamaşalarına baxıram, hətta özüm də bu tamaşalarda rol alıram. Bu, mənim xəyallarımın gerçəkləşməsi idi”.

Cəmilə Məmmədova söyləyir ki, fiziki məhdudiyyətli insanlar üçün ailənin dəstəyi vacib amildir: "Valideynlərimin mənə olan sevgisi, dəstəyi, ağlıma olan güvənləri mənə inam verib ki, bundan da artıq ola bilərəm. Bilirdim ki, insan bir yerdə durmamalıdır. Buna görə də özümü inkişaf etdirməyə başladım. Orta təhsilimi evdə aldım, o zamanlar inklüziv təhsil o qədər də inkişaf etməmişdi. Düşündüm ki, bu imkanlar yoxdursa, bunu mən özüm yaratmalıyam. Başladım kitablar oxumağa, dillər öyrənməyə. İnternet üzərindən iş görüb maaşımı alırdım. Düzdür, o qədər də yüksək məbləğ deyildi, indi ondan dəfələrlə çox alıram, amma xırda addımlar atdıqca başladım daha da irəliləməyə. Ən əsas geriyə addım atmadım, çünki yerində dayanmaq, ətalət yaxşı bir şey deyil, xüsusilə də fiziki məhdudiyyətli insanlar üçün”.


"Səhnə mənim üçün möcüzədir, sanki fərqli dünyalara səyahət edirsən”


"Əsas sevdiyin işlə məşğul olmaqdır. Belə olanda çətinliklərə məhəl qoymursan. Bu yolda yaşadığın məhrumiyyətlər sənə təslim olmağa imkan vermir” deyə aktyor Elşən Əsgərov fikirlərini bizimlə bölüşür.

Aktyor Orxan Əliyev isə deyir ki, fiziki qüsurlu insanlar nə qədər cəmiyyət içində olsa, cəmiyyət də onları olduğu kimi qəbul edəcək.

Uşaqlıqdan aktyorluq sənətinə həvəsi olan Fərid Əliyev artıq 3 ildir ki, "ƏSA”nın aktyorudur. İlk rolu isə "Yuxum” tamaşasında alıb və elə ilk olduğu üçün də ən sevimli roludur. Deyir ki, səhnədə oynadıqdan sonra tamaşaçılardan müsbət fikirlər eşitmək ona xüsusi ruh verir.

"Səhnə mənim üçün möcüzədir, sanki fərqli dünyalara səyahət edirsən” söyləyən aktyor Elvin Mirzəyev vurğulayır ki, "ƏSA”nın kollektivi çox mehribandır, sanki bir ailə atmosferi var burada. Həmçinin rejissorlarla işləmək rahatdır və ona istədiyi üslubda özünü göstərməyə imkan yaradılır.


"Tamaşaçıları görməsəm də, onların emosiyasını, aurasını hiss edirəm...”


"İndi həyatım qaranlıq yox, rəngarəngdir. Bunu zahirən görməsəm də daxilən hiss edirəm. Mən tamaşaçıları görməsəm də onların aurasını, nəfəsini hiss edirəm...”

5 ildən çoxdur ki, hər iki gözü dünya işığına həsrət qalan aktrisa Günay Məmmədova çətin, amma əzmkar həyat yolundan danışır.

Deyir ki, universiteti bitirdikdən sonra gözündə problemlər yaranıb. Uzun sürən müalicələr, əməliyyatlar nəticə verməyib və o, görmə məhdudiyyətli olub: "Həyat insana bir dəfə verilir, amma hər necə olsa da yaşamağı bacarmaq lazımdır. Bu mənada əlilliyi olan insanlar bu həyatdan küsməməlidir. Tutaq ki, görmədiyim üçün evdə qapanıb qala bilərdim. Amma belə düşünmədim, dörd divar arasında qalmağı seçmədim. Fikirləşib bu vəziyyətdən çıxış yolu tapmağa çalışdım. İstər sağlam, istərsə də əlilliyi olan şəxs bunu bacarmalıdır”.


"Həyata çox bağlıyam”


21 yaşında qatar qəzasında hər iki ayağını dizdən aşağı itirən aktyor İmran Lalayev söyləyir ki, bu hadisədən sonra həyata baxışı tamam başqalaşıb: "İşim də, dostlarım da, əlaqələrim də dəyişdi. Daha pozitiv oldum, əvvəl mənfi baxdığım məsələlərə indi müsbət yanaşıram. Düzdür, bu gün protezlə əziyyət çəksəm də, həyata çox bağlıyam. Bu məni qarşıda atacağım addımlardan çəkindirmir. İnsan öz-özünü xoşbəxt etməyi bacarmalıdır. Mel Gibsonun belə bir sözü var. Deyir, əgər acı hiss etmirsinizsə, deməli, həyatınızda heç bir şey dəyişməyib”.

Gənc aktyor söyləyir ki, oynadığı rollardan sonra tamaşaçılar ona yaxınlaşıb performansını, aktyorluq məharətini bəyəndiklərini bildirirlər.


"Leyla Əliyevanın tamaşamıza gəlməsi bizə əlavə stimul verdi”


Teatrın rejissoru Nihad Qulamzadə məlumat verdi ki, hazırda "ƏSA”da davamlı olaraq fəaliyyət göstərən 20 aktyor var. Onların müəyyən qismi əlilliyi olan, digərləri isə əlilliyi olmayan şəxslərdir. Aktyorların hər biri peşəkar səviyyədə çıxış edə və səhnədə özlərini göstərə bilirlər: "Bizə qoşulmaq istəyən aktyorların sayı çoxdur. Bu günə qədər mərhələli şəkildə 100-dən çox aktyor "ƏSA”da iştirak edib. Onlar buradakı fəaliyyətlərindən sonra sosial həyatda daha aktiv olublar. Teatrımıza tamaşaçı marağı da yüksəkdir. Sonuncu dəfə ötən ayın 29-da "Adamlar və siçanlar” adlı tamaşa oynadıq. Tamaşaçılar çox diqqət göstərmişdi və bütün biletlərimiz satılmışdı. Hər zaman bizi gözləyirlər, bir ay tamaşa oynamayanda dəfələrlə zəng edib soruşurlar”.

N.Qulamzadə bildirdi ki, mütəmadi olaraq tamaşalarına dövlət rəsmiləri, xarici təşkilatların, diplomatik korpusun nümayəndələri də gəlir: "2017-ci ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da "Adamlar və siçanlar” tamaşasına baxmağa gəldi. Bu bizim üçün əlavə bir motivasiya oldu. Həmçinin aktrisa Gülnar Əlfidatlı teatrımızda göstərdiyi fəaliyyətə görə Gənclər Günündə Prezident İlham Əliyev tərəfindən Prezident mükafatı ilə təltif edilib”.


"Xarici qastrollara çıxmaq istəyirik”


Hazırda "Nəsimi ili”nə hazırlaşdıqlarını söyləyən rejissor deyir ki, qarşıdakı hədəflərindən biri də xarici ölkələrə qastrollar təşkil etməkdir: "Ötən il Amerikada teatrı təmsil edirdim. Orada Azərbaycan və "ƏSA” teatrı haqqında danışanda, bizdə inklüziv incəsənətin bu cür inkişaf etdiyinə çox heyrət etdilər. Onsuz da ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən Azərbaycanı yetərincə tanıyırlar, amma "ƏSA”nın adını eşidəndə də xüsusi bir rəğbət yaranır, digər ölkələrin nümayəndələrinə göstərdikləri münasibətdən bizi fərqləndirirdilər. Deyirdilər ki, onlar daha üstün, əlillərə bu cür yüksək münasibət olan bir cəmiyyətdən gəliblər”.

* * *

Tamaşa sona çatır və pərdə aramla enirdi...

Teatrdan xoş təəssüratla uzaqlaşırdıq...

Bilirdik ki, indi Azərbaycan mədəniyyətinin daha bir dayağı, "ƏSA”sı var...


Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video