05 May 2019 00:18
880
Mədəniyyət
A- A+

On bir ayın sultanı gəlir


Bu gün orucluğun niyyət axşamıdır


Hicri-qəməri təqvimin doqquzuncu ayında - Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacibdir. Bu ay boyunca müsəlmanlar ulu Yaradanın buyruğunu yerinə yetirib günün işıqlı vaxtında oruc tutaraq yemək-içməkdən və cinsi əlaqədən uzaq olacaqlar.

Qeyd etmək lazımdır ki, oruc islamla başlamamışdır, insanlar islamdan əvvəl də oruc tutmuşlar. Bu, Qurani-şərifdə açıq-aşkar ifadə edilmişdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi” (Bəqərə, 183).

İlin ayları arasında Ramazanın xüsusi yeri var. Bütün müqəddəs kitablar, o cümlədən Qurani-Kərim on bir ayın sultanı sayılan Ramazanda nazil olmuşdur. Allahın sonuncu elçisi Məhəmmədə peyğəmbərlik bu ayda verilmişdir. Müsəlmanlar Məkkəni Ramazanda fəth etmişlər.

Oruc tutmaq Allah-taalanın buyruğu olmaqla bərabər, böyük əxlaqi-mənəvi, sosial əhəmiyyətə malikdir. Hədisi-şərifdə deyilir ki, "oruc sipərdir”, yəni müsəlmanı pis əməllərdən qoruyan gizli silahdır. Oruc tutan insan qeybət qılmaq, söyüş söymək, dava-dalaş salmaq kimi pis əməllərdən çəkinməlidir. Adamlar arasında bir-birinə məhəbbət, hörmət, şəfqət, dostluq, qardaşlıq, həmrəylik kimi duyğular hökm sürməlidir.

Oruc tutanlar düşmənçiliyə, umu-küsüyə son qoymalıdırlar. Hamı bir-birinə münasibətdə mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarmalıdır. Allah-taala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının zəruriliyini xatırladır.

Ramazan müsəlmanın mənəvi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, yemək, içmək, cinsi əlaqə kimi cismani ehtiyaclar insan həyatında güclü amillərdəndir. İlin bir ayında oruc tutmaqla müsəlman cismani ehtiyacların hökmranlığından azad olur və mənəvi-ruhi cəhətdən təkmilləşmək imkanı əldə edir. Beləliklə, orucluq insanın mənəvi-ruhi dəyərləri daha dərindən mənimsəməsinə şərait yaradır. Ramazanda hamı eyni vaxtda oruc tutur, birlikdə namaz qılır və bununla insanların Allah qarşısında bərabərliyi bir daha təsdiqlənir.

Oruc insana dözüm, iradə və təmkin, nəfsə hakim olmaq vərdişləri aşılayır. Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini dərk edir, ona münasibətdə xeyirxah olmağın vacibliyini anlayır. Orucluq insanı yaxşı işlər görməyə sövq etməklə yanaşı, pis əməllərdən də çəkindirir. Aparılmış çoxsaylı araşdırmalar göstərir ki, Ramazan ayı boyunca müsəlman ölkələrində cinayətkarlığın səviyyəsi açıq-aşkar aşağı düşür.

Eyni zamanda bir ay oruc tutmaq insanın sağlamlığında mühüm rol oynayır. Axı oruc tutmağı vacib edən Allah-taala bəndəsinə faydalı olmayan heç nəyi əmr etməz!

Orucda böyük ilahi hikmət var. Peyğəmbərimiz Məhəmməd salavatullah buyurmuşdur: "Oruc tutun ki, sağlam olasınız!” Qədim zamanlardan başlamış günümüzədək oruc insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdən keçirilir. Antik dövrdə Sokrat, Platon, Aristotel kimi yunan müdrikləri müəyyən müddət ac qalmağı, başqa sözlə, oruc tutmağı tövsiyə etmişlər. Müasir alimlər də yemək-içməkdən imtina etməklə bir çox xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə etmişlər.

Oruc insan psixikasına, əsəb sisteminə müsbət təsir göstərir. Heyrətamiz haldır ki, oruc bir sıra psixiatrik xəstəliklərin, hətta şizofreniyanın müalicəsində təsirli vasitədir. Rus alimi, professor Yuri Nikolayev məhz oruc vasitəsilə 7 min nəfərdən çox psixi xəstəni müalicə etmişdir.

Bir çox dərdin dərmanı elə insanın özünün daxilindədir. Bu gün həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür.

Oruc tutarkən mədə, bağırsaqlar, qaraciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, orucun müsbət təsirinə məruz qalmasın.

Oruc bel, onurğa, boyun ağrılarının sağalmasına kömək edir. Norveçdə aparılmış elmi tədqiqat nəticəsində məlum olmuşdur ki, qida qəbulundan imtina oynaqların iltihabının müalicəsində effektiv vasitədir - bir şərtlə ki, xəstə dörd həftə ac qalsın. Bu isə təxminən Ramazan orucunun müddətinə bərabərdir! Həkimlər mədə-bağırsaq xəstəliklərindən müalicə zamanı da elə bu qədər pəhriz saxlamağı məsləhət görürlər.

Qeyri-müsəlman ölkələrində aparılmış və on minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübut etmişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlədən yüksək qan təzyiqinin, qaraciyər, dəri xəstəliklərinin, xüsusilə allergiya və xroniki ekzemanın və s. müalicəsinə kömək edir. Bundan başqa, oruc bir çox insanların əziyyət çəkdiyi köklükdən və onun doğurduğu xəstəliklərdən qurtulmaq üçün təsirli vasitədir. Eyni zamanda oruc pis vərdişləri (siqaretə, narkotik maddələrə bağlılıq və s.) tərgitməyə kömək edir.

Orucun faydaları haqqında çox danışmaq olar. Bununla belə, Ramazanda oruc məhz Allahın əmrini yerinə yetirib Onun rizasını qazanmaq üçün tutulur. Bu mübarək ayda Tanrıya edilən dualar daha tez qəbul olunandır. Vətən torpağının düşmən tapdağından qurtulması, didərgin həmvətənlərimizin yurd-yuvalarına qayıtması üçün dua edək! Allah orucunuzu və müqəddəs ayda edəcəyiniz duaları qəbul eləsin!

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video