04 May 2019 21:17
407
SİYASƏT
A- A+

ISESCO-nun rəsmi saytında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş işıqlandırılıb


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) rəsmi saytında mayın 2-3-də Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında müfəssəl məlumatlar yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, təşkilatın rəsmi saytında ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilən Forumun açılışındakı çıxışına geniş yer verilib. Qeyd olunub ki, baş direktor öz müraciətində ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişələrə qarşı mübarizədə Forumun əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Saytın xəbərində Əbdüləziz bin Osman əl-Tuveycrinin aşağıdakı sözləri sitat gətirilib: "Azərbaycana gəldikdə, ISESCO lap əvvəlcədən Azərbaycanın bu dialoq, hörmət dəyərlərinə tərəfdar çıxıb. Biz öz müxtəlifliyimizi qorumalıyıq, ona hörmətlə yanaşmalıyıq, insanlarımızı qorumalıyıq, dini dəyərlərə sadiq olmalıyıq. Biz bütün bunlara hörmətlə yanaşmalıyıq. Tolerantlıq o deməkdir ki, biz digər düşüncəyə, digər dəyərlərə malik olan insanı qəbul etməliyik. Bu, o deməkdir ki, onlara da hörmətlə yanaşmalıyıq. İstərdik ki, həmçinin bu yanaşma bizə münasibətdə də olsun. Bu, təhlükəsizliyə aparan yeganə yoldur. Bununla əsl dialoq olur, mənalı dialoq olur və zorakı münaqişələrin qarşısı bununla alınır”.

Saytda yerləşdirilmiş daha bir materialda ISESCO-nun təşkilatçılığı ilə keçirilən dini liderlərin və akademik institutların dialoqun inkişafında və mədəni müxtəliflikdə rolu mövzusunda dəyirmi masa haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, tədbirə moderatorluq edən İtaliya İslam Cəmiyyətinin vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Yahya Palaviccini, digər ölkələrdən olan natiqlər dünyada sülhün, təhlükəsizliyin, siyasi və mədəniyyətlərarası dialoqun təmin edilməsi baxımından Bakı Forumunu yüksək qiymətləndiriblər.

Təşkilatın saytında Əbdüləziz bin Osman əl-Tuveycrinin V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən dördüncü nazirlər görüşündə iştirakı barədə də hesabat yerləşdirilib. Qeyd edilib ki, baş direktor bu tədbirdə deyib: "Son illər terrorizmi İslamla əlaqələndirmək kimi yersiz fikirlər səsləndirilir. Bu, İslama təhqirdir. İslam sülh, bərabərlik, qarşılıqlı hörmət və insanlığa xidmət edən bir dindir. Dünyanın bir çox ölkələrində günahsız insanlar öldürülür, şəhərlər dağıdılır, insanlar məcbur qalaraq yaşadıqları yerləri tərk edir. Əgər biz belə məcburi miqrasiyanın qarşısını almaq istəyiriksə, insanlara yaşadıqları yerlərdə münbit şərait yaratmalıyıq. Biz bir-irimizlə dialoqa girməli və anlaşmaya meyilli olmalıyıq. Əks təqdirdə, dünyamız bu problemlərdən çıxış yolu tapmayacaq. Biz sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, birlikdə işləməliyik. Gəlin səbirlə, inamla işimizi davam etdirək və irəli gedək”.

Bakı Forumu haqqında təşkilatın rəsmi saytında yerləşdirilmiş son materialda Əbdüləziz bin Osman əl-Tuveycrinin BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə keçirdiyi görüş haqqında hesabat yer alıb. Bildirilib ki, tərəflər ISESCO ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video