04 May 2019 02:35
616
SİYASƏT
A- A+

Azərbaycan Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır


V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirildi. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə düzənlənən tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Bakı Prosesi”nin müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bildiyini növbəti forum bir daha təsdiq etdi. Bu illər ərzində coğrafiyası xeyli genişlənən foruma bu dəfə Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri də qatıldılar. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənildi.

Bakıda mayın 2-də işə başlayan forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdilər. Dövlət başçısı mərasimdə çıxış etdi. Bildirdi ki, bu mötəbər forumda dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndə iştirak edir. Prezident İlham Əliyev Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğuladı: "Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik”. Dövlət başçısı qeyd etdi ki, respublikamızda multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə "İslam həmrəyliyi ili” elan edildiyini qeyd etdi:

"Bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar”. Multikulturalizm və bu istiqamətdə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. "Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən söz açdı. O, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini, coğrafiyamızın tariximizə və bugünkü inkişafımıza təsir etdiyini bildirdi. Prezident diqqətə çatdırdı ki, bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğuladı. Respublikamızın həyata keçirdiyi nəhəng layihələri nəzərə çatdıran dövlətimizin başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, eləcə də Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söylədi. Dövlət başçısı forumun işinə uğurlar arzuladı və müzakirələrin səmərəli olacağına əminliyini bildirdi.

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos Bakı şəhərində birinci dəfə olduğunu söyləyərək məmnunluğunu dilə gətirdi. Qeyd etdi ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "Bakı Prosesi”nin tərəfdaşıdır. Migel Moratinos dedi: "Zənnimcə, V Forumun başlığı açıq-aydın ismarıcı ehtiva edir. Buraya üç açar söz daxildir: dialoq, dialoqun qurulması və fəaliyyət naminə. Mən istərdim üçüncü konsepsiyanı incələyim. Dialoq, fəaliyyət və bunun nəticəsində yaranan alyans və yaxud ittifaq. Mən hesab edirəm ki, bu forum vaxtında təşkil olunub”.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi diqqətə çatdırdı. O vurğuladı ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır.

Bu tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğulayan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun zəruriliyini, bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini qeyd etdi.

Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu söyləyən Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni "Bakı Prosesi”nin uğur tarixçəsinə çevrildiyini diqqətə çatdırdı.

Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu deyən ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırdı, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğuladı.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video