04 May 2019 02:33
656
SİYASƏT
A- A+

İlham Əliyev yeni inkişaf prioritetlərini elan etdi


Bir neçə il əvvəl dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi bir sıra ölkələrin iqtisadiyyatına ciddi təsir göstərmiş, gəlirləri azalmışdı. Hər bir ölkə üçün əslində sınaq olan bu hadisə Azərbaycandan da yan ötməmişdi. Lakin görülən operativ tədbirlər nəticəsində respublikamızda böhranın fəsadları minimum səviyyəyə endirildi, iqtisadi sabitlik qorunub saxlanıldı və bunların davamı olaraq iqtisadiyyatda yeni inkişaf templəri hiss olunmağa başladı.


Böhrandan tərəqqiyə


Bu baxımdan böhran ilkin dövrdə mənfi təzahürləri ilə yadda qalsa da, operativ tədbirlərin və islahatların keçirilməsi nəticəsində əslində Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. 2016-cı ilin əvvələrindən etibarən Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı məsələlər, mövcud vəziyyət dərindən təhlil edilərək, yeni vəzifələr müəyyənləşdirildi. Bu vəzifələr əsasən qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsindən, əlverişli istehsal və biznez mühitinin yaradılmasından investisiyaların təşviqindən, sahibkarlıq sahəsində bir çox yoxlamaların dayandırılmasından, bank-maliyyə sektorunun sağlamlaşdırılmasından ibarət idi. Təbii ki, bütün bunlar, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar yeni iqtisadi islahatlara və nəticə etibarilə uğurlara yol açdı. Qeyri-neft sektorunda istehsalın stimullaşdırılması, sahibkarlığın və sərmayə qoyuluşunun təşviq edilməsi, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyat sahələrində prosedurların sadələşdirilməsi, "Made in Azerbaijan” brendi altında yerli məhsulların ixracının dövlət tərəfindən dəstəklənməsi, gömrük və vergi sahəsində tətbiq olunan güzəştlər, bütün proseslərin asanlaşdırılması, strateji yol xəritələrində qarşıya qoyulan vəzifələrin vaxtında icrası qısa zamanda öz nəticələrini göstərdi. Artıq 2017-ci ildə iqtisadiyyatda artım templəri müşahidə olundu. 2018-ci ildə ümumi daxili məhsulda 1,4, qeyri-neft sektorunda 1,8, sənaye istehsalında 1,5, kənd təsərrüfatında 4,6 faiz artım qeydə alındı.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin açıqladığı rəqəmlər göstərdi ki, iqtisadi inkişaf dinamikası getdikcə daha da sürətlənir.

Belə ki, ilin birinci rübündə ümumi daxili məhsulun 3 faiz artması son illərin ən yüksək makroiqtisadi göstəricisidir. Bundan başqa, sənaye istehsalında 4,4 faiz, qeyri-neft sənaye istehsalında 15,6 faiz, kənd təsərrüfatında 3,6 faiz artımın olması göstərir ki, islahatlar öz bəhrəsini verir.


İqtisadi göstəricilər yüksəlir


Bir məsələni də qeyd etməliyik ki, Azərbaycanın iqtisadi böhrandan minimum itki ilə çıxmasının əsas səbəblərindən biri də əvvəlki illərdə yaradılmış iqtisadi potensial, hər bir sahədə müasir infrastrukturun formalaşdırılması idi. Məhz bu təməl üzərində iqtisadiyyatın qeyri-neft sektorunun yeni mərhələdə sürətli inkişafı uğurla təmin olundu.

Azərbaycanda inkişafın yeni mərhələsi həm də struktur islahatları, dövlət-vətəndaş, dövlət-sahibkar münasibətlərində yeni yanaşmaların tətbiqi ilə müşayiət olundu. Prezident yanında Apellyasiya Şurası yaradıldı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis edildi. Bu dövrün ən böyük hadisələrindən olan Bakı-Tbilisi-Qars kəmərinin, "Şimal-Cənub nəqliyyat dəhlizi” üzrə layihələrin, SOCAR Polymer, SOCAR Karbamid kimi zavodların işə salınması, sənaye parklarının və məhəllələrinin yaradılması ölkədə qeyri-neft sektorunun inkişafına və bütövlükdə gəlirlərin artmasına səbəb olub.

Nazirlər Kabinetinin iclasında diqqətə çatdırılan rəqəmlər bunu təsdiq edir. Belə ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara yüksəlib. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 80 milyard manata qədər çoxalıb. İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enib. Ən mühüm göstəricilərdən biri qeyri-neft ixracıdır. Belə ki, həyata keçirilən islahatlar təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnib.


Yeni strategiya daha böyük uğurlara yol açacaq


İndiyədək strateji yol xəritələrinin icrası ümumilikdə 52 faiz yerinə yetirilib. Təbii ki, qarşıdakı dövrdə ayrı-ayrı dövlət orqanlarının görməli olduqları işlər iqtisadiyyatda qazanılan nailiyyətlərin miqyasını daha da artıracaq. Nazirlər Kabinetinin iclasında islahatların öz nəticəsini verdiyini deyən Prezident İlham Əliyev həm də qarşıda dayanan vəzifələri elan etdi, inkişafın yeni prioritetlərini diqqətə çatdırdı: "Büdcə gəlirlərimiz artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes mühiti yaxşılaşır. Yəni biz bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticəsini verir, icbari tibbi sığorta ilə bağlı görülən işlər gözəl nəticə verir. İki ildir ki, bu proqram icra edilir və pilot layihələr insanları razı salır, vətəndaşlar razıdır, həkimlərin əməkhaqqı qalxır. Yəni bu, ciddi addımlardır və göstərir ki, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoymalıyıq”.

Prezident hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işlərin aparıldığını diqqətə çatdırdı. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər cəlb ediləcək. Beləliklə, iqtisadi, sosial, digər sahələrdə islahatlar bundan sonra da aparılacaq və bu zaman dünyanın ən mütərəqqi təcrübələrindən istifadə olunacaq.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas hədəfi respublikamızı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Bunun üçün isə bütün imkanlar, böyük iqtisadi potensial və ən əsası yüksək siyasi iradə var.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video