03 May 2019 01:23
1549
SİYASƏT
A- A+

Azərbaycanın şərəf tarixinin müəllifi


İstənilən milli məqsədin gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və güclü idarəçilik səriştəsinə malik liderin olması vacib şərtlərdir. Belə liderlərin seçdiyi düzgün strategiya qlobal hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır.

Belə obyektiv dəyərləndirmə zamanı əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən böyük liderlərin xalq qarşısındakı misilsiz xidmətləri daha qabarıq görünür.

Bu gün Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi modernləşmə mərhələsinə qədəm qoyması ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Hakimiyyətdə olduğu 34 il müddətində dahi öndər xalqının tarixi mənafeləri uğrunda əzmkar mübarizə aparmış və ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir.

Azərbaycan ictimai təfəkküründə əsrlər boyu aktuallığını qoruyub saxlayan ədalətli rəhbər arzusu da Heydər Əliyev dühasının parlaq şəxsiyyətində reallığa qovuşmuş, ümummilli lider siyasi fəaliyyətinin bütün mərhələlərində humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan mükəmməl idarəçilik sisteminin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dərin zəkası, liderlik qabiliyyəti, milli dəyərlərə sıx bağlılığı, fitri idarəçilik məharəti, zəngin mənəviyyatı ilə daim xalqının sevimli şəxsiyyəti olmuş ulu öndər bu zirvəyə həm də hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə və özbaşınalığa qarşı apardığı prinsipial mübarizə ilə yüksəlmişdir.

Hələ 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə başlayan Heydər Əliyev respublikada qanunçuluğun gücləndirilməsinə başlamış, məmur özbaşınalığına, rüşvətxorluğa qarşı amansız mübarizə aparmışdır. Bu mərhələdən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir.

Müstəqil Azərbaycanın 25 ildən çox müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar da ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. Ulu öndər Heydər Əliyev bu gün həm də keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmiş lider kimi ehtiramla xatırlanır.

Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı məişət kondisionerləri və dərin özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi yüksək qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın ittifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir.

Ümumilikdə 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmuş, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.

Bütövlükdə 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olunmuş, sənaye istehsalı 2,7 dəfə artmış və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəlmişdi. Həmin illərdə kənd təsərrüfatı məhsulları 2,5 dəfə artmış, pambıq istehsalı 300 min tondan 1 milyon tona, üzüm istehsalı isə 272 min tondan 2 milyon tona çatmışdı. Azərbaycan ittifaqda yetişdirilən pambığın 9,2, üzümün isə 27 faizini vermişdi. 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə artmış və Azərbaycan iqtisadiyyatının inkişafına 7,2 milyard manatlıq, yaxud əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyulmuşdu. Artıq 1982-ci ildə bu rəqəm 1952-ci ildəkini 30 dəfə üstələyirdi.

Ümummilli liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız 70-ci illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqeyə çıxmışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də milli iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Respublikaya birinci rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmiş, bununla da respublika regionlarının tarazlı qaydada inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik inkişafa, kənd və qəsəbələrin sosial-mədəni simasının müasirləşməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirmişdir.

1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi onun böyüklüyünün və müdrikliyinin ittifaq rəhbərliyi səviyyəsində etirafı olmuşdur. Ümummilli liderin səlahiyyət dairəsinə nəqliyyatdan sənayeyə, neftdən sosial infrastrukturadək iqtisadiyyatın ən önəmli sahələri, həmçinin mədəniyyət, Yaxın Şərq diplomatiyası kimi olduqca vacib istiqamətlər aid idi. Bu dövrdə Heydər Əliyev ittifaq miqyasında, ən əsası isə xaricdə görkəmli dövlət xadimi, qurucu lider, birləşdirici siyasətçi kimi tanınmış və qəbul edilmişdi.

Beş il ərzində Heydər Əliyev Azərbaycanda gedən ictimai-siyasi və mədəni prosesləri uzaq Moskvadan müşahidə etsə də, ildə azı bir dəfə vətənə gələrək insanlarla görüşmüş, respublikanın daxili həyatı haqqında daha səhih məlumatlar almağa çalışmışdır. Ulu öndər son dərəcə gərgin iş rejiminə baxmayaraq Azərbaycan haqqında məlumatlarla daim maraqlanmışdır. Ümummilli lider Moskvada işlədiyi illərdə də milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoymuşdur.

Qısa müddətdə qazandığı yüksək nüfuz liderimizə qarşı şər cəbhəsinin də yaranmasına səbəb oldu. 1987-ci ildə bütün rəhbər vəzifələrdən istefa verən ulu öndərə xalqı və taleyi heç də təqaüdçü statusu vermədi. Qarşıda onu daha məsuliyyətli, daha fədakar fəaliyyət gözləyirdi. Amma bu dövrdə hər bir vətəndaşımız üçün vacib bir məqam da özünü təsdiq etdi. 1969-1987-ci illər, yəni Heydər Əliyev dövrü necə böyük uğurlarla, möhtəşəm quruculuqla müşayiət olundusa, 1987-1993-cü illər - Heydər Əliyevin rəhbərlikdə olmadığı müddət böyük faciələrlə, itkilərlə, böhranlarla keçdi. Biz Heydər Əliyevsizliyin necə böyük məşəqqətlərə rəvac verdiyini yüzlərlə acı faktın timsalında aydın hiss etdik.

Tarix boyu böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri də onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. Bu mənada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin idarəçilik keyfiyyətləri sırasında onun ən çətin, millətin taleyi baxımından məsuliyyətli zamanlarda düzgün qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasından cəmi 2 il sonra - 1993-cü ildə çətin sınaqlarla üz-üzə qalanda xalqın yeganə xilaskarı kimi ulu öndər Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də bu gerçəklikdən qaynaqlanmışdır.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. Ulu öndər ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını təmin etmişdir.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatların aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmişdir.

Ümumiyyətlə, Azərbaycan rəhbərliyi həmin illərdə heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olmuş, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi” adlı qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşımışdır. Bu qlobal enerji müqaviləsi Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız demokratiya və azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə, vətəndaşların hüquq və vəzifələrinin sərhədlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinə, hakimiyyət bölgüsü prinsipinin tam şəkildə bərqərar olmasına imkan yaratmışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ideyasının təməl prinsiplərini özündə ehtiva edən bu Konstitusiya ötən müddətdə ictimai münasibətlərin sivil şəkildə tənzimlənməsinə, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələrin müəyyənləşdirilməsinə mükəmməl mexanizmlər yaratmışdır. Cəmiyyətin hüquq sisteminin fundamental əsasını təşkil edən Konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi isə adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq-azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapmışdır.

Yeni qəbul olunmuş Konstitusiyanın tələblərinə uyğun olaraq iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən mükəmməl qanunvericilik bazası yaradılmasına başlanılmışdı. Qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib saymışdı. Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratmışdı. 1995-2003-cü illərdə qəbul edilmiş 1715 qanundan 975-i məhz ümummilli liderin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. 1995-ci ildən etibarən respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Bu modelin ən fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi; iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması; sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.

Heydər Əliyevin yaratdığı möhtəşəm əsərlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Bu təşkilatın yaradılması ilə Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu. Yeni Azərbaycan Partiyası yarandığı gündən ortaya qoyduğu fəaliyyət nümunəsi ilə dövlətimizin, xalqımızın maraqlarını ən yüksək səviyyədə müdafiə etməklə və atdığı addımlarda ictimai maraqlardan çıxış edərək ümumxalq partiyasına çevrildi. Sıralarında 700 mindən artıq üzvü birləşdirərək Azərbaycan cəmiyyətinin aparıcı ictimai-siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, ulu öndərin təbirincə desək, nəinki dünənin, eləcə də bu günün və sabahın partiyası oldu. Son 26 ildə bütün seçkilərin şəriksiz qalibi olan YAP həm də Cənubi Qafqazın ən böyük siyasi gücüdür.

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla qürur duyuruq ki, ümummilli liderin cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var.

Azərbaycan xalqına son müraciətində ulu öndər cənab İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrini səsləndirməklə həm layiqli varis yetirdiyinin müjdəsini xalqa verir, həm də vətəndaşlarının da bu rəydə olduğunu ifadə edirdi. Həqiqətən də, 2003-cü ilədək cənab İlham Əliyev Azərbaycanda Heydər Əliyev kursunun yeganə davamçısı kimi qəbul edilir, onun liderliyinin alternativsizliyi birmənalı həqiqət sayılırdı.

Fəaliyyətə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” məramı ilə başlayan dövlət başçısı son 16 ildə əsas məqsədinin məhz real iş - konkret fəaliyyət olduğunu əməli surətdə təsdiqləmiş, verdiyi bütün vədləri layiqincə doğrultmuşdur. Ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul olunan fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbərliyini şərtləndirmişdir.

2003-cü ildən etibarən ölkədə sahibkarlığın inkişafına mane olan süni amillərin aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, regional disbalansın aradan qaldırılması, yoxsulluğun azaldılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar praktik nəticələrini verir. Son illər məlum geosiyasi səbəblərlə bağlı neftin qiymətinin 2-3 dəfəyədək aşağı salınması və neft-qaz ölkələrinin süni böhranla üz-üzə qoyulması fonunda respublikamızın nümayiş etdirdiyi makroiqtisadi dayanıqlıq milli inkişaf modelinin qlobal təhdidlərə çevik müqavimət əzmini bir daha nümayiş etdirir.

Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, sahibkarlığın inkişafı, bu sahəyə dövlət dəstəyinin təmini, dövlət əmlakının sağlam əsaslarla özəlləşdirilməsi, dövlət qeydiyyatının sadələşdirilməsi, özəl sektorda əsassız yoxlamaların dayandırılması, korrupsiyaya qarşı effektiv mübarizənin təşkili, xüsusi iqtisadi zonaların yaradılması, ümumiyyətlə, onlarla istiqamət üzrə dövlət proqramları, sərəncam və fərmanlar imzaladı.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "Prezident İlham Əliyevin İqtisadi İnkişaf strategiyasının əsas istiqamətləri” məqaləsində ölkəmizin son 15 ildə keçdiyi inkişaf yoluna fundamental nəzər salır: "Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 konsepsiya, 12 milli strategiya, 12 strateji yol xəritəsi, 94 dövlət proqramı, 10 milli fəaliyyət planı, 23 tədbirlər planı, 21 tədbirlər proqramı, 17 milli plan və proqramlar qəbul edilmişdir. Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meyilləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır”.

Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan "Cənub qaz dəhlizi” layihəsi enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii enerji təchizatçılarından birinə çevirmişdir.

Ötən 15 ildə Azərbaycanın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılmışdır. Bu baxımdan Ələt Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanın 3 peykinin orbitə buraxılması xüsusi vurğulanmalıdır. Bu günlərdə Çin Xalq Respublikasında təşkil olunmuş "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən dövlət başçısı Azərbaycanın qitələri birləşdirən mühüm tranzit körpüsü olduğunu bir daha real faktlarla təsdiq etmişdir. Ümumiyyətlə, həmin forum Azərbaycanın bu beynəlxalq layihədə fəal iştirakçı kimi qəbul edildiyini müfəssəl nümayiş etdirdi.

Azərbaycan reallığında hökumətin mütəmadi olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu, eyni zamanda, cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın sosialyönümlü siyasət strategiyası da son 1 ildə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. 2018-ci il 11 aprel tarixində xalqımızın azad iradəsilə demokratik şəraitdə növbəti dəfə prezident seçilmiş cənab İlham Əliyev qısa müddətdə hər bir vətəndaşın mənafeyinə xidmət edən islahatları daha da sürətləndirmişdir. Hökumətin tərkibinin yenilənməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin daha da genişləndirilməsi, sosial sifariş amilinə daha həssas münasibətin ifadəsi son 1 ildə həyata keçirilən islahatların səmərəliliyini yüksəltmişdir.

Bu sahədəki islahatları haqlı olaraq sosial paket kimi səciyyələndirirlər. Son 4 ayda Prezidentin yeni sosial paketinin icrası ümumilikdə 3, 5 milyon insanı əhatə edir ki, bu göstərici və qayğı nümunəsinin dünyada həqiqətən də analoqu yoxdur. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisi, minimum əməkhaqqının, sosial müavinət, pensiya və tələbə təqaüdlərinin artırılması, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müəyyən şərtlər civarında kompensasiya edilməsi, yanğından zərər çəkmiş sahibkarlara kompensasiyanın ödənilməsi, Azərbaycanın 10 milyonuncu vətəndaşının ailəsinə yüksək diqqətin göstərilməsi və digər sosialyönümlü addımlar bunun əyani göstəricisidir.

Xatırlatmaq lazımdır ki, keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin ədalətli şəkildə qaytarılması təmin edilmişdir. Bir dönəmdə əhalinin, mavi yanacaq və suya görə borclarının silinməsi də sosialyönümlü islahatlar sırasındadır. Ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə islahatlarının aparılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürü olmuşdur.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı "2018-2019” Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə ölkəmiz "Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır. Dünya İqtisadi Forumunun nüfuzlu indeksi sayılan "İnklüziv İnkişaf İndeksi 2018” hesabatında isə Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. Respublikamızın hesabatda inkişaf etməkdə olan ölkələri geridə qoyması cənab İlham Əliyevin həyata keçirdiyi sürətli, məqsədyönlü və inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir.

Bu islahatların uğurla reallaşdırılmasına Azərbaycanın Birinci-vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da layiqli töhfələrini verir. Ümumiyyətlə, 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Ötən 2 ilin reallıqları fonunda Azərbaycanın birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu bu gün cəmiyyətdə mütləq çoxluq etiraf edir, dövlət başçısının təyinatını ölkənin hazırkı və gələcək inkişaf perspektivləri baxımından vacib sayırlar. Yalnız bu səbəbdən ki, istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Milli Məclisin deputatı olaraq Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəm əsaslarla intişar tapmasına çalışmışdır.

İslahatlarla bağlı Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyini hər an izləyirik. Bu gün Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir.

Xalqımız Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz Prezidentinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə razılıqla qarşılayır.

Ağalar VƏLİYEV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video