03 May 2019 01:10
503
İQTİSADİYYAT
A- A+

Azərbaycan dünyada fermerlərə ən çox dəstək verən nümunəvi ölkədir


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən dövr ərzində ölkənin sosial-iqtisadi və siyasi həyatında baş verən hadisələri təhlil etmiş, qarşıdakı illərdə görülən işlərin istiqamətlərini müəyyənləşdirmiş, aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar vermişdir.

Dövlət başçısı vurğulamışdır ki, son 15 il ərzində dünyada iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Bunu iqtisadi sahədə aparılan uğurlu islahatlarla əlaqələndirən Prezident ölkənin neftdən asılılığına son qoymaq üçün qeyri-neft sektorunun inkişafı sahəsindəki uğurları yüksək qiymətləndirmişdir. Məlumdur ki, qeyri-neft sektorunun inkişafı ölkədə ümumi məhsul istehsalının artımına və bu növ məhsulların ixracına əlavə imkan yaradır. Bu da öz növbəsində valyuta axınının qarşısını almaqla yanaşı, ölkəyə əlavə valyutanın gətirilməsini təmin edir. Beləliklə, ölkənin maliyyə dayanıqlılığı artır, xaricdən gələn mənfi təsirlərin qarşısı alınır.

Prezident İlham Əliyev, həmçinin aqrar sektorda həyata keçirilən islahatları, fermerlərə verilən dövlət dəstəyinin müsbət nəticələrini qeyd edərək kənd təsərrüfatında məhsul istehsalının bəzi sahələrdə faizlə deyil, dəfələrlə artdığını, ixracatda aqrar məhsulların çəkisinin yüksəldiyini vurğulamışdır.

Dövlət başçısı iclasda aqrar sektorda aparılan islahatlar, bu sahəyə verilən dövlət dəstəyini və onun nəticələrini yüksək qiymətləndirərək demişdir: "Kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar haqqında məruzə edildi. Bu sahə də daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar əminəm ki, daha böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, indiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür - həm meliorativ tədbirlər, həm də dövlət tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahələrində görülən işlər indi burada məruzədə səsləndi. Yəni bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq, kənd təsərrüfatında artım daha da yüksək ola bilər”.

İclasda kənd təsərrüfatının texnoloji sahəyə çevrilməsi təşəbbüsü də irəli sürüldü. Bu, aqrar sektorda yeni texnika və texnologiyalardan istifadə edilməsi, mükəmməl sığorta sisteminin yaradılması, kəndlərdə investisiya layihələrinin icrası deməkdir. Kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı aidiyyəti qurumlara layihələrin hazırlanması barədə göstəriş verən dövlət başçısı qeyd etdi ki, hər bir kənd üzrə belə bir proqramın olması zəruridir.

Tədbirdə açıqlanan statistik rəqəmlər də aqrar sektorda məhsul istehsalının sürətlə artdığını göstərir: ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 2017-ci illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz olub. Tərəvəzçilik və meyvəçilikdə də yüksək nailiyyətlər əldə edilib. Belə ki, ötən il ölkə üzrə 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub ki, bu da müstəqillik dövründə qazanılan ən yüksək nəticədir. Məhsul istehsalının artımı ixraca da müsbət təsir göstərir. Bunun nəticəsidir ki, hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq dəyəri 530 milyon dollara çatıb.

Cari ilin birinci rübü də aqrar sektor üçün uğurlu olub. Bir qədər əvvəl kənd təsərrüfatı məhsullarında müşahidə edilən qiymət artımı aşağı enir. Səbəb bazara faraş məhsulların çıxarılması və bu hesaba əhalinin tələbatının ödənilməsidir. Yəni bazarda tələb və təklifdə balans yaranıb. İlin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsalın həcmi 3,6, o cümlədən bitkiçilik üzrə 24,7, heyvandarlıq üzrə 2,8 faiz artıb. Bu dövrdə tərəvəz istehsalı 32, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz yüksəlib. İlin əvvəlindən aqrar sektorda qazanılan uğurlar qarşıda daha yüksək nəticələr əldə ediləcəyinə təminat verir.

Dünya təcrübəsi göstərir ki, aqrar sektorda məhsul istehsalının artımı daha çox torpaq sahəsinin istifadəsindən deyil, müasir texnika və texnologiyalardan, məhsuldar toxum və damazlıqdan asılıdır. Bunun üçün Azərbaycanda da fermerlərin dövlət dəstəyinə ehtiyacı var və həmin ehtiyac da ödənilir. Təkcə ötən il "Aqrolizinq” tərəfindən 6046 müasir texnika, o cümlədən 108 pambıqyığan və 250 taxılyığan kombayn alınıb. Fermerlərin müasir texnikalardan istifadəsini asanlaşdırmaq üçün cari ildən onlar texnikanı 40 faiz güzəştlə 5 il faizsiz kredit tətbiq edilmədən istədikləri şirkətdən birbaşa ala biləcəklər. Bu da fermerlərə bahalı və daha çox mənfəət gətirən texnikaya sahib olma imkanı yaradır.

Heyvandarlıqda da məhsuldarlığa say çoxluğu ilə deyil, daha keyfiyyətli cinslərdən istifadə etməklə nail olmaq üçün tədbirlər görülür. Belə ki, ölkəmizdə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və xaricdən yüksək genetik potensiala malik heyvanların gətirilməsi davam edir. Həmçinin yerlərdə daha məhsuldar cinslərin yetişdirilməsi və fermerlərə damazlıq heyvanların satılması təşkil olunur ki, bu da damazlıq heyvanların maya dəyərini aşağı salır və fermerlər üçün sərfəlidir. Ötən il belə təsərrüfatlarda süni mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 48 faiz artıb. Bu sahədə tətbiq olunan yenilikdən sonra fermerlər həmin buzovları 60 faiz güzəştlə və 3 il fasiləsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən ala bilirlər.

Aqrar sektorda taxıl və pambıq istehsalının da yüksək məhsuldarlıq hesabına artırılması əsas hədəflərdəndir. Bununla yanaşı, yeni meyvə bağlarının salınması, o cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz bağları sahələrinin genişləndirilməsi də perspektivdə olan sahələrdir. Eyni zamanda, zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının dəstəklənməsi dövlətin əsas prioritetlərindəndir.

Məhsul istehsalının artırılması onun satış bazarının təmin edilməsi ilə paralel şəkildə həyata keçirilməlidir. Çünki fermer əkdiyi məhsulu gəlir gətirəcək qiymətə sata bilməsə, növbəti ildə həmin məhsulu əkməyəcək. Bu səbəbdən dövlət fermerlərə istehsal etdikləri məhsullarını satmaq üçün dəstək verir. Belə ki, fermerlərin yerli və xarici bazarlara çıxış imkanlarının artırılması üçün Aqrar Tədarük və Təchizat Şirkəti təsis edilib. Onun da əsas vəzifəsi "Kənddən şəhərə” satış platforması yaradıb məhsul satışını reallaşdırmaqdır. Bu, həm də bəzilərinin məhsulu yerlərdə ucuz qiymətə alaraq şəhərdə həddən çox baha qiymətə satmaq istəyinin qarşısını alır. Məqsəd bu yolla istehsalçı ilə alıcı arasında birbaşa əlaqə yaratmaqdır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video