03 May 2019 01:09
765
SİYASƏT
A- A+

Mətbuat azadlığı demokratik inkişafın mühüm göstəricilərindəndir


Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür. Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü "soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb.

1991-ci il may ayının 3-də Namibiyanın paytaxtı Vindhukda keçirilən seminarda iştirak edən jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dövlətləri mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bəyannamə UNESCO tərəfindən də dəstəklənib və Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi barədə Birləşmiş Millətlər Təşkilatına təklif göndərib. 1993-cü il dekabrın 20-də isə BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan edilib.

Azərbaycan dövləti demokratiyanın vacib elementlərindən olan söz və mətbuat azadlığına daim böyük önəm verir. Ölkəmizdə bu sahədə böyük uğurlara aparan dəyişikliklərin əsası 1993-cü ildə qoyulub. Həmin il ulu öndər Heydər Əliyevin xalqın istək və tələbi ilə siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar mətbuatdan da yan ötmədi. Demokratik dövlət quruculuğuna başlayan Heydər Əliyevin tarixi xidmətləri nəticəsində ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətində inkişafa doğru əsaslı dönüş yarandı, mətbuat və söz azadlığının, fikir plüralizminin əsası qoyuldu. Siyasi həmlələrdən, senzuradan əziyyət çəkən söz azadlığı bütün təzyiqlərdən azad oldu, azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı və yayımı təmin edildi, həmçinin mətbuatın dövlət tənzimlənməsindən imtina olundu. Demokratik cəmiyyətin əsas meyarlarından hesab olunan azad sözün və fikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Konstitusiya da hüquqi baxımdan təsdiqlədi. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş ümumilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi ilə bağlı milli mətbuatımızın tarixinə qızıl hərflərlə yazılan addım idi. Bu fərmanla ulu öndər Heydər Əliyev KİV-də əvvəlki hakimiyyətlərin dövründə tətbiq olunmuş senzuranı ləğv etdi.

Senzuranın ləğvi və digər tədbirlər müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etdi ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi.

Heydər Əliyevin KİV-in inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzet kağızına əlavə dəyər vergisi ləğv edildi, KİV-in iqtisadi müstəqilliyinə təminat məqsədilə bir sıra qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verildi. Bundan başqa, ayrı-ayrı qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər.

Söz və mətbuat azadlığına, demokratiyanın göstəricisi olan müstəqil mətbuatın fəaliyyətinə əvvəlki iqtidarların yaratdığı əngəlləri aradan qaldıran Heydər Əliyev KİV-lə əlaqədar yaranmış problemlərə daim çevik münasibət bildirmiş, hər bir məsələnin məhz mətbuat orqanlarının maraqlarına uyğun həllinin tərəfdarı olmuşdur. Ulu öndər həm də dövlət-mətbuat münasibətlərində bu gün də davam edən ənənələrin əsasını qoydu. Belə ənənələrdən biri dövlət başçısının mətbuat nümayəndələri ilə görüşüdür. Bütün bunların nəticəsi olaraq Azərbaycan mətbuatı 2001-ci ildə Heydər Əliyevi "Jurnalistlərin dostu” mükafatına layiq gördü.

Ötən 16 ildə Azərbaycanda cəmiyyət həyatının bütün sahələri böyük inkişaf yolu keçib. Ölkəmiz demokratik inkişaf baxımından mühüm uğurlara imza atıb. Təbii ki, bu uğurlar mətbuatda da özünü göstərib. Azad sözə böyük önəm verən, bu sahədə ulu öndərin qoyduğu ənənələri davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq mətbuat nümayəndələri ilə görüşür, onları dinləyir, KİV-in ölkənin həyatındakı rolu ilə bağlı tövsiyələr verir.

Prezident İlham Əliyev mətbuata qayğısını da əsirgəmir. Milli mətbuatın yaranmasının yubileyləri dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə qələm sahiblərinə fəxri adlar, orden və medallar verilir. Habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, jurnalistlər üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Bunu yüksək qiymətləndirən mətbuat Prezident İlham Əliyevi iki dəfə "Jurnanlistlərin dostu” elan edib.

Azərbaycan dövləti mətbuat azadlığının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. İnternet mediasının inkişafı və sosial şəbəkələrin genişlənməsi isə qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə söz azadlığına heç bir halda məhdudiyyət yoxdur. O cümlədən internet azaddır və ondan hansısa formada istifadəyə heç bir qadağa mümkün deyil. Lakin Azərbaycanın uğurlarını gözü götürməyən antiazərbaycançı dairələr mətbuatla bağlı məsələlərdə də ölkəmizə qara yaxmağa çalışırlar. Təbii ki, həmin dairələr Azərbaycanda televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayının ildən-ilə kəskin artdığını yaxşı bilirlər. Azad sözə yaradılmış imkanların nəticəsidir ki, Azərbaycan müasir dünyanın informasiya məkanında mətbuatı, informasiya vasitələri ilə getdikcə daha fəal və geniş şəkildə təmsil olunur. Eyni zamanda bir çox tanınmış xarici KİV-in Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir. Ən əsası dünyanın çox az sayda ölkəsində mətbu orqanının təsis edilməsi ilə bağlı ölkəmizdəki kimi liberal qaydalara rast gəlmək olar. Hətta demokratik ənənələri ilə öyünən cəmiyyətlərdə belə bu qaydalara təsadüf etmək çətindir.

Bu mənada antiazərbaycançı dairələr nə qədər cəhd göstərsələr də, bütün planları iflasa məhkumdur. Çünki bu gün ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasətlə yanaşı, milli təəssübkeşlikdən çıxış edən, dövlətçiliyə və xalqa xidməti rəhbər tutan Azərbaycan mətbuatı onların qarşısında sarsılmaz sipərdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video