01 May 2019 01:53
1262
SİYASƏT
A- A+

Prezidentin mövqeyi: “İslahatlara alternativ yoxdur”


Dünən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qətiyyətlə islahatçı lider kimi yeniliklərə, novatorluğa sadiq qalacağını bildirdi və birmənalı şəkildə diqqətə çatdırdı ki, "islahatlara alternativ yoxdur”.

Ən başlıcası isə müşavirədə Azərbaycanın gələcək inkişafını özündə ehtiva edən yeni sosial-iqtisadi inkişaf strategiyasının hazırlandığı elan olundu. Bu isə o deməkdir ki, islahatlar bundan sonra da Azərbaycan dövlətinin iqtisadi siyasətinin ana xəttini təşkil edəcəkdir.

Dövlət başçısı müşavirədəki çıxışında qazanılan uğurları məqbul saysa da, qarşıda duran yeni məsələlərin həllinə köklənməyin vacibliyini vurğuladı, yeni məqsədlərin səmti və məzmunu barədə danışdı. Xalqa və vətənə ləyaqətlə xidmət etməyi qarşısına ali məqsəd, ümdə vəzifə kimi qoyan dövlət başçısı öz vədlərinə əvvəlki illərdə olduğu kimi, yenə sadiq qalacağını qətiyyətlə vurğuladı. Artıq 16 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən və praqmatik daxili və xarici siyasəti ölkəmizdə təhlükəsizliyin qorunmasına, sabitliyə və iqtisadi yüksəlişin dinamik artımına xidmət edir.

Lakin hamımıza yaxşı məlumdur ki, dünya fərqli və acı reallıqlarla üzləşmişdir. Bir çox ölkələrin, hətta min illik tarixə malik qədim dövlətlər qanlı toqquşmaların, vətəndaş müharibələrinin girdabında boğulduğu halda, Azərbaycan bütün təhlükələrdən yan keçmiş, riskləri neytrallaşdırmış, dünya miqyasında sabitlik məkanı, sülhün carçısı kimi tanınmışdır.

Bakı dünyanın ən gözəl şəhərlərindəndir, Azərbaycan isə Şərqin Cenevrəsi kimi məşhurlaşmaqdadır.

Xalq-iqtidar birliyi qırılmaz sıx tellərlə bağlanmış, ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin inkişafında Azərbaycan bütün bəşəriyyət üçün nümunəvi, milli-mənəvi dəyərlərə sadiq tolerant ölkədir.

İlham Əliyev müşavirədə keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başlandığını və son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkənin olmadığını bəyan etdi. Birinci rübdə büdcə daxilolmalarının artması sayəsində əlavə maliyyə resursu formalaşmış, ilin əvvəlindən ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi, kənd təsərrüfatı, əhalinin gəlirləri artmış, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulmuşdur.

Dünyanın nüfuzlu reytinq agentliklərinin ölkəmizin müxtəlif sahələrdə apardığı islahatlara yüksək dəyər vermələri artıq adi bir hal almışdır. Bu barədə hər il dünyanın tanınmış sorğu agentlikləri müxtəlif məruzə və hesabatlarında geniş məlumatlar yayırlar.

Bu baxımdan "İrs” Fondunun hesabatı da xüsusi əhəmiyyət kəsb edir. Bu fond ABŞ-da ciddi nüfuza malikdir və onun fəaliyyətinə 100 minlərlə fiziki şəxs, həmçinin müxtəlif fond və korporasiyalar dəstək verir. "İrs” Fondu The Heritage Foundation - Strateji Araşdırmalar İnstitutudur. "İrs” Azərbaycanın mülkiyyət hüquqları, idarəetmənin şəffaflığı və ədliyyə sisteminin inkişafı sahələrində böyük irəliləyişlərə nail olduğunu məxsusi vurğulamış, Azərbaycanın 2018-ci ildə iqtisadi azadlıq və islahatlar sahəsində ən çox irəliləyən ölkə olduğunu təsdiq etmişdir. Fond həmçinin ölkəmizin sürətlə iqtisadi islahatlara getdiyini qeyd etmiş, indeksdə Azərbaycanın iqtisadi azadlıqlar sahəsində İtaliya və Fransa kimi Avropa ölkələrini geridə qoyduğu bildirilmişdir. Müharibə şəraitində yaşayan ölkənin bu cür yüksək iqtisadi islahatları həyata keçirməsi, sözün əsl mənasında bütün dünya iqtisadiyyatı üçün maraqlı və unikal hadisədir. Dünya Bankının "Doing Business” hesabatında da Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkədən biridir.

Dövlət başçısı çıxışında ilin əvvəlindən böyükhəcmli sosial paketin icra edildiyini, minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirdi. Eyni zamanda problemli kreditlərlə və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı problemlərin də həll edildiyi diqqətə çatdırıldı. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik” deyən Prezident İlham Əliyev bir daha sadə ölkə vətəndaşlarının qayğı və problemlərinin həllinin daim diqqət mərkəzində, gündəmdə olacağını vurğuladı.

Prezident İlham Əliyev yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirdi. Dövlət başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışdı. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq. Sonda Prezident İlham Əliyev 2019-cu ilin də xalqımız üçün uğurlu olacağına əminliyini ifadə etdi.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video