01 May 2019 01:50
403
SİYASƏT
A- A+

Vəzifələri kosmik yüksəkliyə qaldırarkən


Moskvada nəşr olunan "İnjenernaya qazeta”nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Arif Paşayevin "Vəzifələri kosmik yüksəkliyə qaldırarkən” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi yolunu seçib və qeyri-neft seqmentinin möhkəmləndirilməsi ölkəmiz üçün prioritet olub. Azərbaycan Mühəndislik Akademiyası bunu nəzərə alaraq bütün qüvvələrini qeyri-neft sənayesinin inkişafına, aqrar sektorun sənayeləşməsinə və dirçəldilməsinə yönəldib. Akademiya ölkənin davamlı inkişafı strategiyasının işlənib hazırlanmasına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Telekommunikasiya peyki orbitə çıxarılıb, hazırda bu peykin köməyi ilə 154-dən çox telekanalın və 30 radiostansiyanın verilişləri yayımlanır.

2018-ci ilin sentyabr ayında Azərbaycan Fransanın "Arianespace” şirkəti ilə birlikdə növbəti "Azerspace-2” peykini orbitə çıxarıb. Bu peyk artıq orbitdə olan "Azerspace-1” peykinin əhatə dairəsini genişləndirməklə bərabər, onun üçün ehtiyat rolu yerinə yetirir, bu da əhaliyə daha etibarlı xidmətlər göstərməyə imkan verir. Bu peykin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir. Mühəndislik Akademiyası bu proqramın həyata keçirilməsində fəal iştirak edir və kosmos üzrə şuraya rəhbərlik edir.

Neftlə çirklənmə parametrlərinin qiymətləndirilməsi üçün yüksək ayırdetmə qabiliyyətli "RADARSAT-2” kosmik radiolokasiya sistemindən istifadə edilməsi əsasında Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında neft sızmaları parametrlərinin aşkar edilməsi üzrə işlər davam etdirilir.

Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Milli Aviasiya Akademiyası bazasında müasir avadanlıq, cihazlar və alətlərlə təchiz olunmuş texnopark yaradılıb, bu texnopark tələbələrin və magistrlərin sərəncamına verilib.

2018-ci ildə energetika sahəsində tarixi hadisələr baş verib. Belə hadisələrdən biri "Azəri-Çıraq-Günəşli” yatağına dair kontraktın müddətinin 2050-ci ilə qədər uzadılmasıdır. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR digər tərəfdaşları ilə birlikdə bu layihədə operator qismində iştirak edir. Layihədə Azərbaycan Mühəndislik Akademiyasının üzvləri də fəal iştirak edirlər. Bu layihə neft hasilatını hələ uzun illər ərzində sabit səviyyədə saxlamağa imkan verəcək. "Cənub qaz dəhlizi”nin, habelə TANAP və TAP qlobal layihələrinin həyata keçirilməsi uğurla davam edir.

Marşrutların şaxələndirilməsi və Böyük İpək yolu üzərində yerləşən ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi baxımından nəqliyyat müstəqilliyini, o cümlədən Avropa qitəsinin müstəqilliyini təmin edən daha bir genişmiqyaslı transregional layihə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu layihə bizə ən yaxın qonşu ölkələr arasında münasibətləri dərinləşdirməyə və möhkəmlətməyə kömək edəcək. Bu layihənin sayəsində biz bir sıra problemləri həll edə biləcəyik. Məsələn, Avropaya qatarla getmək mümkün olacaq, iki günə İstanbula çata biləcəyik. Bu layihə həyata keçiriləndən sonra Pekindən Londona 12 günə çatmaq imkanı yaranacaq. Mühəndislik Akademiyası üzvlərinin də iştirak edəcəyi bu tarixi layihənin reallaşdırılması Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirəcək. Bizim akademiyanın üzvləri "Şimal-Cənub nəqliyyat dəhlizi”nin reallaşması sahəsində də mühüm addımlar atırlar. Bu layihə İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edəcək.

Son bir neçə ildə Azərbaycan hökuməti ölkədə sürət qatarları konsepsiyasını fəal şəkildə reallaşdırır. Sovet dövründən miras qalmış dəmir yolu infrastrukturu artıq dövrümüzün tələblərinə cavab vermir və onun əsaslı şəkildə modernləşdirilməsinə ehtiyac var. Sürətli marşrutun istifadəyə verilməsi nəticəsində artıq Bakı ilə Sumqayıt arasında əsas avtomobil magistralında avtomobillərin axını, yollarda tıxacların sayı azalıb. Nisbətən qısa müddət ərzində elektrik qatarından istifadə edən sərnişinlərin sayı iki milyonu aşıb. Hər gün 6 mindən çox insan bu elektrik qatarından istifadə edir, bu isə o deməkdir ki, insanlar layiqli alternativin üstünlüyünü və rahatlığını düzgün qiymətləndiriblər.

Qəbələ son illərdə Azərbaycanın inkişaf etmiş turizm mərkəzinə çevrilib. Bu istiqamətdə turist axını istər qışda, istərsə də yayda azalmır. 2019-cu ilin sonunda Bakının mərkəzindən Qəbələ aeroportuna qədər dəmir yolu istifadəyə veriləndən sonra bu məsafəni 2,5 saata qət etmək mümkün olacaq. Bu marşrut üzrə hərəkət edəcək, 367 sərnişin tutumu olan ikimərtəbəli "Ştadler” dəmir yolu ekspreslərinin sürəti saatda 120-140 kilometrə çatacaq. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Gəncə sürətli dəmir yolu marşrutu yaradır. Bu layihəni 2019-cu ilin sonuna qədər tamamlamaq planlaşdırılır. Bütün bunlar logistika məsələsinin həllini aktuallaşdırıb. Bu istiqamətə turistlərlə yanaşı, yerli sakinlər də üstünlük verir. Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycan Mühəndislik Akademiyasının üzvləri çox fəal iştirak edirlər.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Hollandiyanın "Royal Haskoning” şirkəti ilə birlikdə bərə terminalı da açılıb. Bizim akademiyanın üzvləri bu layihədə də iştirak ediblər. Limanın yükaşırma həcminin ildə 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olması nəzərdə tutulur. Layihəyə əsasən, limanda logistika mərkəzinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu mərkəz Azərbaycanın Qərb ilə Şərq arasında yükaşırma məntəqəsinə çevrilməsinə imkan verəcək.

Sənaye innovasiya texnologiyalarının tətbiq edilməsi sahəsində akademiyada ayrı-ayrı birlik və müəssisələrin sifarişi ilə praktika üçün əhəmiyyətli məsələlər yerinə yetirilir. Məsələn, "Aqreqat” İstehsal Birliyinin sifarişi ilə gücü 2000 vatta qədər olan aviasiya qızdırıcıları üçün termostabilizasiya və qəza ayırma qurğusu yaradılıb. Azərbaycan Mühəndislik Akademiyası çərçivəsində "İqlim” Elm-İstehsal Müəssisəsinin sifarişi ilə çoxdamarlı sıxacların avtomatik yoxlanması və elektromontaj sınaqları üçün daha mükəmməl qurğunun yaradılması başa çatdırılıb.

Suyun ilkin tərkibi mürəkkəb və çox çirkli olduğu yaşayış məntəqələri üçün içməli suyun təmizlənməsi üzrə modul qurğusunun yeni avtomatik idarəetmə blokunun yaradılması da davam etdirilir. Bu qurğu modulun işini məsafədən simsiz müşahidə və idarə etməyə imkan verəcək.

Akademiyanın alim və mühəndisləri neft-kimya texnologiyaları sahəsində neft-qaz mədənlərinin tərkibində kükürd-hidrat və karbon qazı olan lay sularında metalın qorunması üçün korroziya ingibitorları yaradıblar. Bu ingibitorların yaradılması zamanı neft-kimya sintezi üçün xammal mənbələri qismində təbii və sintetik üzvi turşulardan istifadə edilib.

Akademiyada ozonlaşdırma texnologiyası və xüsusi təyinatlı müvafiq avadanlıq yaradılıb. Bu avadanlıqdan aviasiyada, təbabətdə, kənd təsərrüfatında və ölkə iqtisadiyyatının digər sahələrində istifadə edilir.

Aqrosənaye sektorunda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatının inkişafı sahəsində quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, düzənlik və dağətəyi quraqlıq zonalarda və Azərbaycan Respublikasının eniş-yoxuşlu torpaqlarında eroziyaya qarşı mübarizə və sudan istifadə proqramlarını xüsusi qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə Rusiya Federasiyası ilə birlikdə kənd təsərrüfatının inkişafına dair dövlətlərarası proqram hazırlayır. Bizim akademiya N.İ.Vavilovun genetik resurslara aid elmi irsinin inkişaf etdirilməsi üzrə birgə iş aparır.

Toxumların səpin keyfiyyətini yüksəltmək məqsədilə biz morfoloji göstərici əsasında ozonlu mühitdə kənd təsərrüfatı bitkiləri toxumlarının səpinqabağı stimullaşdırılmasının səmərəli dozasını müəyyən etmək metodunu təklif etmişik və toxumun sortundan asılı olaraq avtomatik idarə edilən doza hesablayan qurğunun eksperimental nümunəsini yaratmışıq.

2018-ci ilin iyun ayında Bakıda Dünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatı tərəfindən "Əqli mülkiyyətin innovasiyalı iqtisadiyyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Bizim akademiyanın həmin konfransa təqdim etdiyi işlər müsbət qiymətləndirilib.

Beynəlxalq əməkdaşlıq sahəsində bizim akademiya bir sıra milli və beynəlxalq akademiyalar və mühəndis cəmiyyətləri ilə əlaqələri və səmərəli əməkdaşlığı nizamlamağa səy göstərir. Azərbaycan Mühəndislik Akademiyası Beynəlxalq Mühəndislik Akademiyası ilə birlikdə Sloveniya, Belarus, Gürcüstan və Qırğızıstanın mühəndis akademiyaları ilə üçtərəfli müqavilələr imzalayıb.

İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyasının (İÖMİF) tərkib hissəsi kimi biz Azərbaycan Mühəndislik Akademiyası ilə İÖMİF və onun üzvləri arasında əməkdaşlığı genişləndiririk.

Bizim akademiyanın üzvləri il ərzində 4 konfrans, çoxsaylı dəyirmi masalar, seminarlar və ustad dərsləri təşkil edib, bir sıra konqreslərdə, beynəlxalq və regional elmi forumlarda, simpozium və konfranslarda iştirak ediblər.

Üzərində iş gedən bütün layihələrə ölkənin aparıcı elmi potensialı, o cümlədən Milli Elmlər Akademiyası, aparıcı ali məktəblər və onların intellektual-innovasiyalı klasteri, Azərbaycan Mühəndislik Akademiyasının da aid olduğu elmi mərkəzlər və təşkilatlar cəlb edilir.

Bizim mühəndislər birliyinin fikrincə, təhsildə əsas resurs məhz istedadlı və hazırlıqlı insanlar olmalıdır.

Milli Aviasiya Akademiyasında hər il aviakosmik problemlərin həllində gənclərin kreativ potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə həsr olunmuş "Fevral mütaliələri” keçirilir. Bu mütaliələrin təşkilatçıları Təhsil Nazirliyi, "Azərbaycan Hava Yolları” QSC (AZAL), Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir. "Fevral mütaliələri-2018” çərçivəsində "Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III Beynəlxalq elmi-praktiki gənclər konfransı keçirilib. Konfransın işində Rusiya, ABŞ, İngiltərə və Qazaxıstandan gəlmiş xarici qonaqlar iştirak ediblər. Gənclər arasında riyaziyyat və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri, "dəyirmi masa”lar keçirilir.

Ötən il bizim akademiyanın üzvləri onlarca kitab, monoqrafiya, o cümlədən "Aviasiya materialşünaslığı”, "Mezomexanika və plastiklik fizikası”, "Synergetics and Fractals in Tribology”, "Materiallar müqaviməti” adlı kitablar, "Mühəndislik fəlsəfəsi” traktatı və bir sıra başqa əsərlər nəşr ediblər. Ümumilikdə 60-a yaxın elmi məqalə dərc edilib, 5 patent, o cümlədən Avrasiya patenti alınıb. Akademiyanın üzvləri, o cümlədən xarici alimlər mühəndis cəmiyyətinin inkişafına verdikləri böyük töhfəyə görə Mühəndislik Akademiyasının beş qızıl "Mühəndis rəşadəti” medalı ilə təltif ediliblər. Akademiyanın üç üzvü mühəndislik tədqiqatlarının tətbiqinə görə üç nominasiya üzrə akademiyanın "İlin mühəndisi” fəxri adına layiq görülüb, onlara diplom və xatirə medalları təqdim edilib. Akademiya üzvlərinin xidmətləri dövlət, hökumət və ictimai təşkilatlar tərəfindən qeyd edilib: akademiyanın 6 üzvü orden və medallarla təltif edilib, 1 nəfər əməkdar mühəndis, 2 nəfər əməkdar müəllim fəxri adlarına layiq görülüb, 3 nəfərə "İlin mühəndisi” fəxri adının diplomları və xatirə medalları təqdim edilib.

Akademiyanın elmi orqanı - "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” adlı beynəlxalq elmi-texniki jurnal 10 il ərzində Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Jurnal bütün dünya alimlərinin araşdırdığı problemlərin vəziyyətinə böyük əhəmiyyət verir. "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı internet şəbəkəsində inteqrasiya edilmiş elmi resursun hüquqi sahibidir. Buraya Rusiya Elmi Sitatgətirmə İndeksi (RESİ) daxildir. Bu indeksin əmsalı jurnalın reytinqini müəyyən edir.

2018-ci il bir sıra yeni layihələrin iştirakçısı kimi Azərbaycan Mühəndislik Akademiyası üçün səmərəli il, iqtisadi artımın bərpası, iri infrastruktur layihələrinin reallaşdırılması, genişmiqyaslı regional və beynəlxalq sammitlərin keçirilməsi ili olub.

Arif PAŞAYEV,

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video