30 Aprel 2019 00:46
732
SİYASƏT
A- A+

Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin cazibə mərkəzinə çevrilib


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 24-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Pekində keçirilən "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmişdir.

Si Cinpin tədbirdən əvvəl dövlətimizin başçısı ilə görüşərək ölkəmizin layihəyə dəstək verdiyi üçün minnətdarlığını bildirmiş, bu sahədə görülən işləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, Azərbaycan böyük İpək yolu üzərində yerləşir və bu yolun bərpasında görülən işlərdən məmnundur.

Çin tərəfinin ölkəmizə verdiyi yüksək qiymət təsadüfi deyil. "Bir kəmər, bir yol” layihəsinə Azərbaycan tərəfindən lazım olan siyasi və logistik dəstək verilib.

Belə ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün 260 gəmidən ibarət güclü donanması var. Eyni zamanda, bu yüklərin boşaldılması və yola salınması üçün Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir.

Xüsusi vurğulayaq ki, ölkəmiz həm də "Bir kəmər, bir yol” layihəsinin ilk siyasi dəstəkçilərindən olub. Azərbaycanla yanaşı, Türkiyə də layihəni dəstəkləyən keçid ölkəsidir. Həmin layihənin icrası dünya ölkələrinin diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Çünki Çin hazırda dünyada Amerikadan sonra ən çox məhsul istehsal edən ölkədir. Onun sürətli inkişafı yaxın gələcəkdə Amerikanı bu sahədə geri qoyacağına şübhə yeri qoymur.

37 dövlət və hökumət başçısının iştirak etdiyi 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycana maraq böyük idi. Çünki ölkəmizin coğrafi mövqeyi, yaradılan mükəmməl infrastruktur bu layihənin reallaşmasına önəmli töhfə verir. Prezident İlham Əliyev forumda "Bir kəmər, bir yol” layihəsinin istifadəsində ölkəmizin oynayacağı rolun əhəmiyyətini vurğulayaraq demişdir: "2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryol xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu "Şərq-Qərb nəqliyyat dəhlizi”nin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır.

Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilir”.

Trilyon dollarlıq dəyəri olan adıçəkilən layihənin məqsədi Çində istehsal edilən malların dünya bazarına rahat çıxarılmasına hesablanıb. Bu layihəni Amerikadan başqa bütün dövlətlər dəstəkləyir. O cümlədən Avropa ölkələri, ABŞ-ın təzyiqlərinə baxmayaraq, layihənin həyata keçməsi üçün siyasi dəstəyini əsirgəmir. Çünki bu, hər iki tərəf üçün sərfəlidir. Çin böyük istehsalçı olmaqla bərabər, həm də böyük istehlakçıdır. Elə bu səbəbdən Avropa ölkələri layihənin icrasına maraq göstərir və ona siyasi dəstək verir. Avropa da maraqlıdır ki, milyarddan çox əhalisi olan, böyük istehlakçılara malik Çin bazarına öz mallarını göndərsin.

Dünya ölkələrinin layihəyə marağının əsas səbəbi isə Çinin yürütdüyü incə və bütün tərəfləri qane edən siyasətdir. Çin digər ölkələrə öz mənafeyi üçün siyasi, iqtisadi, hərbi təzyiq göstərmir, məqsədinə çatmaq üçün qarşılıqlı fayda gətirən əməkdaşlığa üstünlük verir. Yəni hər iki tərəfin qazanması ilə razılaşır. ABŞ isə öz mənafeləri üçün hətta ən yaxın müttəfiqlərinə belə lazım gəldikdə təzyiq göstərir. Artıq dünya bununla barışmaq istəmir. İndi bütün ölkələr öz mənafeləri uğrunda siyasi və iqtisadi mübarizə aparır. Məsələn, Amerikanın yaxın müttəfiqi olan 17 ərəb ölkəsi "Yeni İpək yolu” layihəsində iştirak etmək üçün Çinlə müqavilə bağlayıb. Bu dövlətlər adından sənədi Çin-Ərəb Reformu və İnkişaf Fondu imzalayıb. Varlı ərəb ölkələri hər iki tərəfə fayda gətirən ticarət anlaşmasına üstünlük verir. Onu da vurğulayaq ki, Avropanın bu layihənin reallaşmasında marağı Çininkindən az deyil. Qeyd etdiyimiz kimi, Çin böyük istehsalçı olmaqla yanaşı, həm də böyük istehlakçıdır. Bu fürsəti əldən qaçırmamaq üçün Avropanın aparıcı ölkələri - Almaniya, Fransa və Böyük Britaniya Çinlə bərabər layihənin icrasında fəal iştirak edir.

Hazırda Asiyadan Avropaya yüklərin çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə daşınır. Əvvəllər bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcılara sərf etmir, narazılığa səbəb olurdu. Lakin bir-biri ilə ciddi rəqabət aparan gəmiçilik şirkətləri bu vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər həyata keçirdilər. Onlar daşınan malların maya dəyərini aşağı salmaq üçün iritonnajlı, daha sürətli gəmilərdən istifadə etməyə başladılar. Nəticədə yükdaşımaların maya dəyəri 3 dəfə aşağı düşdü. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırmaq mümkündür.

Rusiya isə bu istiqamətdə daşınan yüklərin bir hissəsinin öz ərazisindən keçməsini istəyir. Bu məqsədlə Çin və digər Asiya ölkələrinə Transsibir marşrutundan istifadəni təklif edərək onun daha sərfəli marşrut olduğunu sübut etməyə çalışır. Yeri gəlmişkən qeyd edək ki, şimal qonşumuzun təklif etdiyi marşrut dəniz yolu ilə Süveyş kanalından keçən marşrutdan 10 min kilometr qısadır. Amma hazırda Asiyadan Avropaya daşınan yüklərin cəmi 1 faizi Rusiya ərazisindən tranzit olunur. Rusiya isə bu rəqəmi 10-15 faizə çatdırmaq niyyətindədir. Məqsəd ənənəvi marşrutla daşınan 250 milyard dollarlıq yükün bir hissəsinin öz ərazisindən tranzitinə nail olmaqdır. Əgər bu istək baş tutarsa, daşımalardan Rusiya ildə milyardlarla dollar qazana bilər.

Lakin şimal qonşumuz bununla da kifayətlənmək fikrində deyil. O, Çinlə danışıqlar apararaq ikinci Transsibir dəmir yolunun çəkilməsinə də nail olmaq istəyir. Ən maraqlısı budur ki, Rusiya Çinə ənənəvi Süveyş kanalı marşrutu əvəzinə yüklərin Şimal Buzlu okeanı ilə daşınmasını da təklif edir. Bu marşrut isə il boyu işləmir. Bu səbəbdən Rusiya Çinlə birgə elmi tədqiqatlar aparmaqla həmin marşrutdan il boyu istifadə etməyin mümkün olduğunu sübut etməyə çalışır. Şimal Buzlu okeanı marşrutunun Süveyş kanalı marşrutundan üstün cəhəti odur ki, malları bu yolla Çindən Avropaya ənənəvi marşrutdan 10 gün tez çatdırmaq mümkündür. Bu, ticarətdə xüsusi önəm daşıyan haldır. Onu da bildirək ki, Misir də gözləmə mövqeyini tutmayıb. Hiss edəndə ki Süveyş kanalının yükləri tez keçirmək imkanı getdikcə məhdudlaşır, ikinci kanalın tikintisinə start verib.

İndi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətini qeyd etmək üçün onun texniki imkanlarına diqqət yetirək. Hazırda Çindən İngiltərə, Fransa, Almaniya kimi ölkələrə yükdaşıma müddəti təxminən 45-62 gündür. BTQ isə həmin yükləri 12-15 gün arasında Avropaya çatdırmaq imkanına malikdir. Bundan başqa, dəmir yolu ilə yüklərin daşınmasının maya dəyəri də aşağıdır. Qeyd edilən faktor, sözsüz ki, BTQ-yə yaxın zamanlarda marağın artacağını təmin edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artıran növbəti hadisə isə Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə "Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılması barədə qərar qəbul olunmasıdır. Bu yeni transmilli layihənin istifadəyə verilməsi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini daha da artıracaq. Yəni Şimaldan və Cənubdan gələn yüklər BTQ dəhlizi vasitəsilə Asiya və Avropa ölkələrinə daşına biləcək. Bu isə BTQ-nin əhatə dairəsinin daha da genişlənməsi və yük dövriyyəsinin artması deməkdir.

Hazırda bu nəqliyyat dəhlizinin öz ölkələrinin ərazisindən keçməsi üçün gərgin mübarizə gedir. Yüklərin Qazaxıstandan Azərbaycan üzərindən Avropaya daşınması ən sərfəli marşrutdur. Ölkəmiz də öz milli maraqları naminə bu dəhlizdən daha çox yüklərin daşınması üçün tərəfdaş ölkələrlə danışıqlar aparır. Məqsəd bu marşrutdan yüklərin sərfəli və vahid tariflə daşınmasına nail olmaqdır. Bu, iqtisadi rəqabətdə qalib gəlməyin ən doğru yoludur.

Ölkəmizin bu sahədə ən böyük rəqibi isə Rusiyadır. Rusiya çalışır ki, həm Transsibir yolu ilə, həm də Qazaxıstandan keçən yüklər dəmir yolu vasitəsilə Rusiya üzərindən Avropaya daşınsın. Düzdür, bu, ilk baxışdan iqtisadi rəqabət kimi görünsə də, bunun siyasi dividendləri var. Heç kəsə sirr deyil ki, belə nəqliyyat dəhlizlərinə sahib olan ölkələrin beynəlxalq aləmdə siyasi nüfuzu da artır.

Azərbaycan regionda yeganə ölkədir ki, onun İpək yolu üzərindən keçən yükləri daşımaq üçün mükəmməl infrastrukturu var. Əvvəlcədən qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan bu işləri artıq həyata keçirmişdir. Türkiyə də bu işdə bizə böyük dəstəkçidir. Qardaş ölkə bu dəhlizi Avropa ilə birləşdirmək üçün körfəzin altında dəmiryol xətti çəkib. İstəkləri isə gələcəkdə körfəzin altından daha bir dəmiryol xətti çəkməkdir. Bu, Azərbaycandan Türkiyəyə gedən nəqliyyat dəhlizinin yükdaşıma imkanını bir neçə dəfə artıracaq. Belə olan halda ölkəmiz "Bir kəmər, bir yol” layihəsinin cazibə mərkəzinə çevriləcək.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video