Alternative content

23:48 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün DÖVLƏT PROQRAMI
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün DÖVLƏT PROQRAMI
ANA SƏHİFƏ / Sərəncamlar
00:39 30.04.2019

1. Giriş

Azərbaycan Respublikasında əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bununla yanaşı, ölkədə qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi kimi şərtlər qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsinin və nəzarət sisteminin təkmilləşdirilməsini zəruri edir.

Ölkə iqtisadiyyatının davamlı inkişaf prinsipləri əsasında şaxələndirilməsi və inklüzivliyinin təmin edilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə dəyər zəncirinin bütün mərhələlərini əhatə edən, risklərin təhlili yanaşmasına əsaslanan təkmil qida təhlükəsizliyi sisteminin formalaşdırılmasını nəzərdə tutan konkret prioritetlər və tədbirlər müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 5.5-ci bəndinin icrası məqsədilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

Dövlət Proqramının icrası üçün 12 əsas istiqamət üzrə qarşılıqlı əlaqəli tədbirlər müəyyənləşdirilmişdir.

2. Qida təhlükəsizliyi sahəsində qlobal meyillər

Dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (bundan sonra - ÜST) 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır.

Beləliklə, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir.

Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır.

Bundan əlavə, qida mənşəli patogenlərin mikrob əleyhinə preparatlara qarşı müqavimətinin artması, qida təchizatında yeni müəyyənləşdirilmiş mikroorqanizmlərin və kimyəvi maddələrin təhlükə yaratması, eləcə də dünya əhalisinin qidalanma vərdişlərinin dəyişməsi kimi məsələlər müşahidə olunur.

Qeyd olunan səbəblər bütün dünyada qida təhlükəsizliyini xüsusi əhəmiyyətli məsələyə çevirmiş və bu sahədə müvafiq qurumlar yaradılmışdır. Belə ki, qida məhsulları istehlakçılarını bütün mövcud və potensial risklər barədə obyektiv, müstəqil və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırmaq məqsədilə 2002-ci ildə Avropa İttifaqında qida və yem təhlükəsizliyi ilə əlaqədar risklərin qiymətləndirilməsini həyata keçirən əsas qurum - Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) təsis edilmişdir.

Dünyada qida təhlükəsizliyi sahəsində idarəetmə və nəzarət tədbirlərinin həyata keçirilməsində son dövrlərdə konseptual dəyişikliklər baş verir. Bəzi inkişaf etmiş ölkələr qida təhlükəsizliyini tənzimləmək üçün resursları yüksək riskli sahələrə və spesifik problemlərin həllinə yönəldirlər.

Müasir qida təhlükəsizliyi sistemlərinin işlənib hazırlanmasında, onların strukturunda, tətbiqində və fəaliyyətində bir sıra fərqli prinsiplər və təmayüllər nəzərə çarpır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (bundan sonra - FAO) qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında kompleks yanaşmanın tətbiqi məqsədilə qida təhlükəsizliyinə nəzarət sistemlərinin əsas hədəflərini hazır məhsulun yoxlanılmasına deyil, qida zəncirinin bütün mərhələlərinə, yəni ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya proseslərinə nəzarətin həyata keçirilməsini tövsiyə edir. Bu prinsipin tərəfdarları qida zəncirinin bütün mərhələlərində profilaktik tədbirlər görülməsinin son mərhələdə yoxlamalar aparılaraq normalara uyğun olmayan məhsuldan imtina edilməsindən daha səmərəli və effektiv olduğunu bildirirlər.

FAO və ÜST qida təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə elmə əsaslanan risklərin təhlilini əsas yanaşma kimi irəli sürürlər. Risklərin qiymətləndirilməsi insan sağlamlığı və həyatı üçün təhlükə ehtimalının və onun ciddiliyinin müəyyən edilməsində vacib amildir. Risklərin qiymətləndirilməsi qida mənşəli təhlükələrin xarakterinə uyğun olaraq onların qarşısının alınması, aradan qaldırılması və ya ləğv edilməsi üçün təsirli müdaxilə tədbirlərinin və strategiyaların müəyyənləşdirilməsinə imkan yaradır.

Nəzarət funksiyasını həyata keçirən qurumun elmi bazasının olması qida təhlükəsizliyi ilə bağlı düzgün və obyektiv qərarların qəbul edilməsi nöqteyi-nəzərindən zəruridir. Bu məqsədlə nəzarət funksiyasını həyata keçirən qurumun tabeliyində elmi komitələr yaradılır. Elmi komitələrin rolu risklərin qiymətləndirilməsi zamanı texniki sualları, qida standartlarına və qaydalarına, tənzimlənmənin təsirini ölçən monitorinq və qiymətləndirməyə dair məsələləri əhatə edən tövsiyələr verməkdən ibarətdir.

Avropa İttifaqına üzv dövlətlərdə və digər inkişaf etmiş ölkələrdə qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri məhsulların təhlükəsizliyinə görə birbaşa məsuliyyət və öhdəlik daşıyırlar, tənzimləyici qurumlar isə nəzarət tədbirlərini həyata keçirməklə icranın vəziyyətini yoxlayırlar.

Qida təhlükəsizliyinin təmin olunmasında beynəlxalq təşkilatların və müvafiq konvensiyaların rolu böyükdür. FAO, ÜST, Kodeks Alimentarius Komissiyası, "Bitki mühafizəsi haqqında" Beynəlxalq Konvensiya, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı milli qida təhlükəsizliyi orqanları ilə əməkdaşlıq edir, qida təhlükəsizliyi proqramlarının beynəlxalq səviyyədə qəbul edilmiş qərar və tövsiyələrə, habelə beynəlxalq qida standartlarına uyğunlaşdırılmasında onlara kömək göstərirlər.

3. Azərbaycanda qida təhlükəsizliyi sahəsində mövcud vəziyyət

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar mövcud normativ hüquqi aktların və maddi-texniki bazanın təkmilləşdirilməsinə, nəzərəçarpan nailiyyətlər əldə olunmasına geniş imkanlar yaratmışdır.

İndiyədək ölkədə ərzaq təminatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 640 nömrəli Sərəncamı ilə 2001–2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə "2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilmiş, həmçinin bu islahatların davamı olaraq məqsədli proqramlar, konsepsiyalar və digər sənədlər qəbul olunmuşdur.

Ölkənin ərzaq təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində (ilkin məlumatlara əsasən) 2018-ci ildə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq məhsulları üzrə 87,8 faiz, kartof üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2 faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarin üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təşkil etmişdir.

Qida təhlükəsizliyi ilə bağlı vahid səlahiyyətli qurum yaradılanadək ölkədə qida təhlükəsizliyi müxtəlif dövlət orqanları və qurumları tərəfindən məhsulların dövlət gigiyena qeydiyyatına alınması, gigiyenik sertifikatın verilməsi, milli standartlara uyğunluğun təsdiq edilməsi üçün sertifikatlaşdırmanın aparılması, habelə risklərə əsaslanmayan dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi yolu ilə təmin edilirdi. Qida təhlükəsizliyinin təmin olunması baxımından yekun məhsulun sertifikatlaşması tələb olunurdu və dövlət nəzarəti zamanı sertifikatın mövcudluğuna diqqət yetirilirdi, nəzarət tədbirləri risklərə əsaslanmırdı, tətbiq olunan milli standartların əksəriyyəti müasir və beynəlxalq tələblərə cavab vermirdi və bu istiqamətdə əlavə tədbirlərin görülməsinə ehtiyac duyulurdu. Bunlarla yanaşı, qida təhlükəsizliyinə nəzarət və dövlət tənzimləməsi sahəsində paralellik və təkrarçılıq hallarına da rast gəlinirdi.

Ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il
10 fevral tarixli 1235 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilmiş, Agentliyin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılmışdır.

Qida təhlükəsizliyi sahəsində aparılan islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 28 nömrəli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində qida zəncirinin bütün mərhələlərinə nəzarətin mərkəzləşdirilmiş şəkildə aparılmasına imkan yaradan bir sıra dəyişikliklər edilmiş, bu islahatlar çərçivəsində qida təhlükəsizliyi sahəsində mövcud olan normativ hüquqi baza təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli qərarı ilə Nizamnaməsi və strukturu təsdiq edilən Qida Təhlükəsizliyi İnstitutunun əsas fəaliyyət istiqamətləri qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparılması, risklərin elmi prinsiplərə əsaslanmaqla qiymətləndirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətləri göstərilməsi, qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması və maarifləndirilməsi kimi müəyyənləşdirilmişdir.

Bundan əlavə, qida təhlükəsizliyinə nəzarət sahəsində aparılan islahatlara uyğun olaraq, müvafiq dövlət orqanlarının mövcud maddi-texniki bazaları və laboratoriyaları Qida Təhlükəsizliyi Agentliyinin balansına verilmişdir.

Dövlət Proqamı qida məhsullarının təhlükəsizliyinə və minimum keyfiyyət göstəricilərinə dair tələblərin normalaşdırılmasına, məhsulların sertifikatlaşdırılmasının təkmilləşdirilməsinə, qida zənciri mərhələlərində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınması və dövlət reyestrinin aparılmasına, qida təhlükəsizliyinin təmin edilməsində təsərrüfat subyektlərinin rolunun və məsuliyyətinin artırılmasına, eləcə də qida təhlükəsizliyi sahəsində risklərə əsaslanan dövlət nəzarəti sisteminin formalaşdırılması istiqamətində görülən tədbirlərin daha sistemli və intensiv həyata keçirilməsinə zəmin yaradacaqdır.

4. Strateji baxış

Dövlət Proqramı üzrə 2025-ci ilədək strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasına, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmağı nəzərdə tutur.

  1. Dövlət Proqramının məqsədləri

Dövlət Proqramının əsas məqsədləri aşağıdakılardan ibarətdir:

5.1. qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması;

5.2. əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azaldılması;

5.3. qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görməklə, onların rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması;

5.4. kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması;

5.5. qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun sahibkarlarla əməkdaşlıq şəraitində təmin edilməsi;

5.6. qida təhlükəsizliyinin təmin olunması üçün ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi;

5.7. qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ölkədə heyvan və bitki sağlamlığının təmin edilməsi;

5.8. ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərilməsi.

  1. Dövlət Proqramının əsas istiqamətləri

Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri aşağıda qeyd olunan prioritet istiqamətlər üzrə qruplaşdırılmışdır:

6.1. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın təkmilləşdirilməsi;

6.2. qida təhlükəsizliyinın təmin edilməsi istiqamətində infrastruktur təminatının yaxşılaşdırılması;

6.3. qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi;

6.4. qida təhlükəsizliyi sahəsində elmi sübutlara əsaslanan və beynəlxalq tələblərə cavab verən risklərin təhlili sisteminin formalaşdırılması;

6.5. qida təhlükəsizliyinin təmin edilməsi üçün müasir tələblərə cavab verən qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin qurulması və bu sahədə bir pəncərə prinsipinin tətbiqi;

6.6. qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması;

6.7. heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması;

6.8. bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması;

6.9. qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özəlsektor əməkdaşlığının inkişaf etdirilməsi;

6.10. qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqi;

6.11. qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

6.12. qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması.

Bu istiqamətlər üzrə tədbirlərin hər birinin icrasının qiymətləndiriləcəyi əsas icra göstəriciləri əvvəlcədən müəyyən olunmuşdur ki, bu da Dövlət Proqramının daha uğurlu icrasına imkan yaradacaqdır.

7. Dövlət Proqramının maliyyələşmə mənbələri

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

7.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aidiyyəti dövlət orqanları (qurumları) üçün müvafiq il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait;

7.2. büdcədənkənar fondlar;

7.3. yerli və xarici investisiyalar;

7.4. beynəlxalq təşkilatların maliyyə vəsaiti;

7.5. qanunla qadağan edilməyən digər mənbələr.

8. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

Dövlət Proqramının son icra ili olan 2025-ci ildə aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir:

8.1. qida təhlükəsizliyinə dair norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılması;

8.2. laboratoriya analizlərinin nəticələri ilə bağlı dəqiqlik göstəricisinin 95%-ə çatdırılması;

8.3. qida mənşəli zəhərlənmə hallarının sayının azaldılması;

8.4. qida və kənd təsərrüfatı məhsullarının (inkişaf etmiş ölkələrin bazarları da daxil olmaqla) ixracının artırılması;

8.5. ixrac olunan qida və kənd təsərrüfatı məhsullarından idxalçı ölkələrin imtina etməsi hallarının minimuma endirilməsi;

8.6. insanlar arasında zoonoz xəstəliklərə yoluxma hallarının sayının azaldılması;

8.7. bitki mühafizəsi vasitələrindən yanlış istifadə ilə bağlı yaranan zəhərlənmə hallarının azaldılması;

8.8. qida təhlükəsizliyi ilə bağlı aparılan fundamental və tətbiqi tədqiqatların sayının iki dəfə artırılması;

8.9. qida və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarların nəzarət və tənzimləmə fəaliyyətindən məmnunluq dərəcəsinin yüksəldilməsi;

8.10. qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinin iri müəssisələrdə 90 faiz, orta müəssisələrdə 50 faiz səviyyəsinə çatdırılması.

9. İcra, monitorinq və qiymətləndirmə

Dövlət Proqramının uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı işçi qruplar yaradacaqdır. İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaqlar.

Dövlət Proqramının tələb olunan alətlər, proseslər və digər vasitələrlə uğurlu icrası üçün Proqramın beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi və qiymətləndirilməsi aparılacaqdır. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır.


10. Tədbirlər planı


Sıra

№-si

Tədbirin adı

Əsas icraçı qurum

Digər icraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

5

10.1. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi

10.1.1.

"Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması

Qida

Təhlükəsizliyi Agentliyi

Ədliyyə Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

Səhiyyə Nazirliyi,

Dövlət Gömrük Komitəsi

Xarici İşlər Nazirliyi

2019

10.1.2.

Sanitariya, baytarlıq və fitosanitar norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və (və ya) yeni norma və qaydaların hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Ədliyyə Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi

2019 – 2022

10.2. Qida təhlükəsizliyi sahəsində infrastruktur təminatının yaxşılaşdırılması

10.2.1.

Qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyaların diaqnostik qiymətləndirilməsinin aparılması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi

2019

10.2.2.

Qida təhlükəsizliyi sahəsində mövcud laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni laboratoriyaların yaradılması və maddi-texniki təchizatının təmin edilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Əmlak Məsələləri Dövlət Komitəsi

2019 – 2022

10.2.3.

Qida təhlükəsizliyi sahəsində milli istinad laboratoriyasının yaradılması

Qida Təhlükəsizliyi Agentliyi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

2019 – 2020

10.2.4.

Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən laboratoriyaların milli və beynəlxalq akkreditasiyasının keçirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

2019 – 2022

10.2.5.

Qida Təhlükəsizliyi Agentliyinin aparatının və regional bölmələrinin maddi-texniki bazasının gücləndirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Əmlak Məsələləri Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2019 – 2021

10.2.6.

Heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

yerli icra hakimiyyəti orqanları

2019 – 2023

10.2.7.

İdxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması imkanlarının nəzərdən keçirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC

2019 – 2021

10.3. Qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi

10.3.1.

Qida məhsullarının təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılması məqsədilə mövcud beynəlxalq və yerli elmi tədqiqat işlərinin məlumat bazasının yaradılması

Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2019 – 2025

10.3.2.

Ölkədə qida mənşəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması

Qida Təhlükəsizliyi Agentliyi

Səhiyyə Nazirliyi,

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2019 – 2020

10.3.3.

Qida Təhlükəsizliyi İnstitutunun elmi potensialının gücləndirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

2019 – 2020

10.3.4.

Qida təhlükəsizliyi təlim mərkəzinin təsis edilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi

2019 – 2020

10.3.5.

Qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla, təhsilin müxtəlif pillələri üçün yeni müvafiq tədris proqramlarının hazırlanması

Təhsil Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi,

Səhiyyə Nazirliyi

2019 – 2021

10.3.6.

Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Təhsil Nazirliyi

2019 – 2025

10.3.7.

İstedadlı gənclərin qida təhlükəsizliyi üzrə xarici ölkələrdə təhsil almaq imkanlarının genişləndirilməsi və müvafiq proqramların həyata keçirilməsi

Təhsil Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi

2019 – 2025

10.3.8.

Qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış təhsil müəssisələri ilə əlaqə yaradılması və tərəfdaşlıq mexanizminin qurulması

Qida Təhlükəsizliyi Agentliyi

Təhsil Nazirliyi

2019 – 2020

10.4. Qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması

10.4.1.

Beynəlxalq təcrübə nəzərə alınmaqla, risklərin təhlili metodologiyasının və qaydasının hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Ədliyyə Nazirliyi

2019

10.4.2.

Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi,Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2019 – 2020

10.4.3.

Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün risk profillərinin hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi,

Dövlət Gömrük Komitəsi

2019 – 2020

10.4.4.

Qida təhlükəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə, idarəetmə, xəbərdarlıq prosedurlarının və fövqəladə halların, böhran vəziyyətinin idarə edilməsi planının hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Fövqəladə Hallar Nazirliyi,

Daxili İşlər Nazirliyi,

Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,

Dövlət Gömrük Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2019 – 2020

10.5. Qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi

10.5.1.

Qida obyektlərinin və subyektlərin qeydiyyatı və təsdiqi ilə bağlı prosedurların beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi

2019 – 2020

10.5.2.

Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmalı olan qida məhsullarının (qida əlavələrinin, bioloji aktiv qida maddələrinin və s.) dövlət qeydiyyatının həyata keçirilməsi ilə bağlı yeni mexanizmin formalaşdırılması

Qida Təhlükəsizliyi Agentliyi

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi

2019 – 2020

10.5.3.

Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri və obyektləri, habelə qida məhsullarının istehsalı və ticarət axınları üzrə məlumat bazasının yaradılması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərürfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi,

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2019 – 2020

10.5.4.

Baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatlarının verilməsi ilə bağlı mövcud sistemin beynəlxalq tələblər nəzərə alınmaqla təkmilləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Xarici İşlər Nazirliyi

2019 – 2020

10.5.5.

İxrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı iş aparılması və idxalçı ölkələr tərəfindən tanınması istiqamətində tədbirlərin həyata keçirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Dövlət Gömrük Komitəsi,

Xarici İşlər Nazirliyi

2019 – 2022

10.5.6.

"Halal” sertifikatının verilməsinə dair mexanizmlərin formalaşdırılması və tətbiqi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi,

Tövsiyə olunur: Qafqaz Müsəlmanları İdarəsi

2019 – 2020

10.6. Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması

10.6.1.

Qida subyektlərinin və obyektlərinin risk göstəriciləri ilə bağlı məlumat bazasının yaradılması və risk qruplaşdırılmasının aparılması

Qida Təhlükəsizliyi Agentliyi

Dövlət Gömrük Komitəsi,

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2019 – 2025

10.6.2.

Qida subyektlərinin və obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi üçün mexanizmin formalaşdırılması

Qida Təhlükəsizliyi Agentliyi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2020

10.6.3.

Qida məhsullarının, baytarlıq və fitosanitar nəzarəti tətbiq olunan yüklərin ölkəyə idxalına nəzarət üçün yeni mexanizmin hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Dövlət Gömrük Komitəsi,

"Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC,

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC

2019 – 2020

10.6.4.

Qida təhlükəsizliyi sahəsində sınaq nümunələrinin götürülməsinə dair norma və qaydaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

2019 – 2025

10.6.5.

Qida zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsi sisteminin formalaşdırılması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2022

10.6.6.

İnsan sağlamlığı üçün təhlükəli hesab edilən və yüksək risk daşıyıcısı olan qida məhsullarının geri çağırılması və yığışdırılması ilə bağlı mexanizmlərin hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Dövlət Gömrük Komitəsi,

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

2019 – 2020

10.6.7.

Xüsusi təyinatlı qida məhsullarının (pəhriz, uşaq yeməkləri və s.) istehsalına, emalına və dövriyyəsinə dair tələblərin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Səhiyyə Nazirliyi

2019 – 2020

10.7. Heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması

10.7.1.

Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2019 – 2025

10.7.2.

Heyvan sağlamlığı ilə bağlı risklərin idarə olunması mexanizmlərinin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2020

10.7.3.

Heyvan sağlamlığı sahəsində baytarlıq xidmətlərinin keyfiyyət səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi

2019 – 2025

10.7.4.

Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatları, hormon və antibiotik qalıqlarının monitorinqi proqramının hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2020

10.7.5.

Kənd təsərrüfatı və ev heyvanlarının profilaktiki peyvəndlənməsinin

təşkili

Kənd Təsərrüfatı Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi

mütəmadi

10.7.6.

Baytarlıq təyinatlı antimikrob preparatlardan istifadənin və stress faktorlarının azaldılması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi

2019 – 2020

10.7.7.

Balıq və digər su bioresurslarının qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2020

10.7.8.

Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi,

yerli icra hakimiyyəti orqanları, Qeyri-Hökumət Təşkilatları

2019 – 2020

10.7.9

Heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2019 – 2025

10.8. Bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması

10.8.1.

Əkintəyinatlıtorpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlərin aparılması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi

2019 – 2021

10.8.2.

Beynəlxalq təcrübə nəzərə alınmaqla, bitki sağlamlığı ilə bağlı risklərin təhlili mexanizminin yaradılması

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2020

10.8.3.

Zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi,

yerli icra hakimiyyəti orqanları

2020 – 2025

10.8.4.

Bitki sağlamlığı sahəsində göstərilən fitosanitar xidmətlərin səviyyəsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi

2019 – 2025

10.8.5.

Bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsinə və istifadəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi,

Dövlət Gömrük Komitəsi,

"Azərbaycan Hava Yolları" QSC,

"Azərbaycan Dəmir Yolları" QSC,

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC

2019 – 2020

10.8.6.

Bitki mənşəli məhsullarda aqrokimyəvi maddələrin və pestisidlərin qalıqlarının monitorinqi proqramının hazırlanması və icrasının təmin edilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi

2021 – 2022

10.8.7.

Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi

Kənd Təsərrüfatı Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2019 – 2025

10.8.8.

Əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqi

Kənd Təsərrüfatı Nazirliyi

Qida Təhlükəsizliyi Agentliyi

mütəmadi

10.9. Qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özəlsektor əməkdaşlığının inkişaf etdirilməsi

10.9.1.

Qida təhlükəsizliyi sahəsində dövlət-özəl sektor əməkdaşlığı üzrə platformaların yaradılması istiqamətində tədbirlər görülməsi

Qida Təhlükəsizliyi

Agentliyi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2025

10.9.2.

Özəl baytarlıq xidməti subyektlərinin yaradılmasının və inkişaf etdirilməsinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi

2019 – 2022

10.9.3.

Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP və digər beynəlxalq standartların) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

2019 – 2025

10.9.4.

Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi sahəsində qanunvericilik tələblərinin yerinə yetirilməsinə texniki dəstək göstərilməsi və xüsusi proqramların həyata keçirilməsi

Qida Təhlükəsizliyi

Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi,

Antiinhisar və

İstehlak Bazarına

Nəzarət Dövlət Agentliyi

2019 – 2025

10.9.5.

Baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verən özəl heyvan kəsimi və satışı mərkəzlərinin yaradılmasının dəstəklənməsi

Qida Təhlükəsizliyi Agentliyi

İqtisadiyyat Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2019 – 2020

10.10. Qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqi

10.10.1.

Qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sisteminin yaradılması

Qida Təhlükəsizliyi Agentliyi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2019 – 2020

10.10.2.

Qida təhlükəsizliyi sahəsində elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiya olunması

Qida Təhlükəsizliyi Agentliyi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2019 – 2020

10.10.3.

Aidiyyəti dövlət orqanlarına (qurumlarına) məxsus məlumat bazalarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi,Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2019 – 2021

10.10.4.

Qida təhlükəsizliyi sahəsində nəzarətin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə aparılması istiqamətində tədbirlərin görülməsi

Qida Təhlükəsizliyi Agentliyi

2019 – 2025

10.10.5.

Qida təhlükəsizliyi sahəsində mobil tətbiqlərin yaradılması və tətbiq edilməsi

Qida Təhlükəsizliyi Agentliyi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2019 – 2025

10.11. Qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi

10.11.1.

Digər dövlətlərin qida təhlükəsizliyi üzrə səlahiyyətli qurumları ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, sertifikatlaşdırma, qeydiyyat və təsdiq nəticələrinin qarşılıqlı tanınması istiqamətində tədbirlərin həyata keçirilməsi

Qida Təhlükəsizliyi
Agentliyi

Xarici İşlər Nazirliyi

2019 – 2025

10.11.2.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini Avropa Komissiyasının səlahiyyətli qurum kimi tanıması istiqamətində tədbirlərin həyata keçirilməsi

Qida Təhlükəsizliyi
Agentliyi

Xarici İşlər Nazirliyi

2019 – 2023

10.11.3.

Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (Codex Alimentarius, OIE, IPPC, WHO, FAO daxil olmaqla) əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi

Qida Təhlükəsizliyi
Agentliyi

Xarici İşlər Nazirliyi

2019 – 2025

10.11.4.

Qida təhlükəsizliyi sahəsində beynəlxalq layihələrin həyata keçirilməsi və donor təşkilatların fəaliyyətinin əlaqələndirilməsi

Qida Təhlükəsizliyi
Agentliyi

İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi

2019 – 2025

10.12. Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması

10.12.1.

Qida təhlükəsizliyi sahəsinə ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi

Qida Təhlükəsizliyi

Agentliyi

QHT-lərə Dövlət Dəstəyi Şurası

2019 – 2025

10.12.2.

İstehlakçıların qida təhlükəsizliyi baxımından hüquqlarının qorunması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi və müvafiq sahədə aşkarlanan qanun pozuntularına operativ müdaxilə sisteminin işlənib hazırlanması

Qida Təhlükəsizliyi

Agentliyi

Daxili İşlər Nazirliyi,

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

2019 – 2021

10.12.3.

Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması

Qida Təhlükəsizliyi

Agentliyi

Səhiyyə Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2019 – 2025

10.12.4.

Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması

Qida Təhlükəsizliyi

Agentliyi

Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,

Təhsil Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2019 – 2025

10.12.5.

Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.)

Qida Təhlükəsizliyi

Agentliyi

Səhiyyə Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

mütəmadi

10.12.6.

Məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanma ilə bağlı mövzuların tədrisi, müsabiqələrin keçirilməsi

Qida Təhlükəsizliyi

Agentliyi

Təhsil Nazirliyi

2019 – 2025



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM