30 Aprel 2019 00:36
503
CƏMİYYƏT
A- A+

Gənclər narkomaniyaya “yox!” deyirlər


"Müasir dünyada cəmiyyəti narahat edən probelmlər içərisində ən mürəkkəbi və faciəvi nəticələrə gətirib çıxaran narkotikaya aludəçilikdir”.

Bu fikirlər Gəncə Dövlət Universitetində "Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən konfransda səsləndirilmişdir.

Narkomaniyanın acı fəsadlarından bəhs edən "Bəla” adlı qısametrajlı filmin nümayişindən sonra universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva "Ölümə aparan yol: narkomaniya” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək bununla bağlı 26 avqust 1996-cı il tarixli fərman imzalamışdır. Həmin fərmana əsasən, 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Proqramı hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bundan başqa 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul edilmişdir. Bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz onun kökünün kəsilməsi istiqamətində gedən beynəlxalq mübarizəyə qoşularaq bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaratmışdır. Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev isə bu istiqamətdə 13 fərman, 54 sərəncam imzalamışdır. Bundan başqa, narkomaniyaya qarşı 36 qanun qəbul edilmişdir.

Konfransda Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Abbasovanın da çıxışı maraqla dinlənilmişdir. Məruzəçi qeyd etmişdir ki, narkomaniya bəşəriyyət üçün bəla olan, irqindən, dinindən və yaşından asılı olmayaraq bütün xalqları düşündürən ən ağrılı problemlərdəndir. Silah, insan alveri, insan orqanlarının alveri kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə hazırda bütün bəşəriyyəti düşündürən bəlalardandır. Bu problemin həllinə xidmət edən mühüm məsələlərdən biri söz yox ki, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edilmişdir.

Sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Əhmədov çıxış edərək diqqətə çatdırmışdır ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Konfransda Gəncə şəhər 6 saylı poliklinikanın şöbə müdiri Tükəzban Məmmədova, şəhər gənclər və idman baş idarəsinin əməkdaşı Xəyalə Qurbanova, universitetin baş müəllimi Nərgiz Rəsulova, tarix-coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Çinarə Hümbətova və başqaları çıxış edərək narkomaniyanın acı nəticələrindən danışmış, bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində əldə olunan uğurlardan söhbət açmışlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video