26 Aprel 2019 14:52
3280
Səfərlər
A- A+

“Münasibətlərimizin inkişafından çox məmnunuq”


Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.
Sizi görməyimə şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir.

Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam.

x x x

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik. Bir daha sağ olun.

Prezident Vladimir PUTİN: Sağ olun. Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun.

x x x

Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olundu. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirildi və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Prezident Vladimir Putin bəyan etdi ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirdi. Ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video