26 Aprel 2019 13:04
387
CƏMİYYƏT
A- A+

Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik


Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanasında Böyük Vətən Müharibəsində Leninqradın blokadadan tam azad edilməsinin 75-ci ildönümünə həsr olunmuş "Birlikdə qazanılan böyük qələbə” mövzusunda beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Avrasiya Tədqiqatları Fondu, "Şimal-Cənub” Politologiya Mərkəzinin MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə təşkil etdikləri foruma 250-dən çox iştirakçı, o cümlədən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin rəhbərliyi ilə ölkəmizdən geniş tərkibli nümayəndə heyəti qatılıb.

Tədbirin açılışında Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Forumun plenar iclasında Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları çıxış edərək keçmiş sovet respublikaları xalqlarının Böyük Vətən Müharibəsində nümayiş etdirdikləri birlik və şücaətdən danışıblar.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında qeyd edib ki, Leninqradın müdafiəsi Böyük Vətən Müharibəsinin qəhrəmanlıq səhifələrindən biridir. Leninqradın müdafiəçiləri dünyaya görünməmiş yenilməzlik və fədakarlıq nümayiş etdiriblər. Ərəstun Mehdiyev Azərbaycanın alman faşizminin darmadağın edilməsinə layiqli töhfə verdiyini, 700 minə yaxın azərbaycanlının düşmənə qarşı mərdliklə vuruşduğunu, cəbhə üçün lazım olan yanacağın 80 faizinin Bakı neftçiləri tərəfindən təmin edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, azərbaycanlı əsgər və zabitlər bütün cəbhələrdə, o cümlədən Leninqrad cəbhəsində rəşadətlə vuruşublar. "Həlak olmuş həmvətənlərimizin xatirəsi əbədiləşdirilib, Piskaryov məzarlığında onların xatirə lövhəsi qoyulub. Leninqradın blokadası dövründə baş vermiş bir hadisəni də xatırlamaya bilmirəm. Müharibənin ən qızğın dövründə, 1941-ci ildə Leninqradda, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi qeyd olunmuşdu. Bu, peterburqluların zəngin daxili aləminin və nəcibliyinin daha bir nümunəsidir”, - deyə Ərəstun Mehdiyev bildirib. O xatırladıb ki, bu gün Leninqrad blokadasının şahidləri dünyanın müxtəlif ölkələrində yaşayırlar. Onların arasında taleyini Azərbaycana bağlayanlar da var. Lakin zaman durmadan irəliləyir və təəssüf ki, indi Azərbaycanda blokadanın cəmi 9 şahidi qalıb. Ölkəmizdə müharibə veteranlarına daim xüsusi qayğı ilə yanaşılır. Qələbə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müharibə veteranlarına, blokada dövrünü yaşamış Leninqradın müdafiəçilərinə birdəfəlik müavinətlər ödənilir, "Əbədi alay” aksiyası və digər tədbirlər keçirilir.

Ərəstun Mehdiyev təəssüflə qeyd edib ki, son illər müxtəlif ölkələrdə Böyük Vətən Müharibəsində sovet xalqının fədakarlığı haqqında həqiqətləri təhrif etmək, nasizmə, faşist cəlladlarının havadarlarına bəraət qazandırmaq meylləri ilə üzləşirik. O deyib: "Bu, yolverilməzdir. Biz səylərimizi birləşdirib, tarixin saxtalaşdırılması halları ilə mübarizə aparmalı, Qələbənin əhəmiyyətini kiçiltmək, tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video