Alternative content

06:03 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Etibar qazanmaq və maarifləndirmək
Etibar qazanmaq və maarifləndirmək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 26.04.2019


Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafı ilə ayaqlaşa bilməyən sığorta sisteminin əsas vəzifəsidir


Şamaxı və Ağsu rayonları ərazisində baş verən təbii fəlakət - zəlzələnin törətdiyi dağıntılar, bunun ardınca isə paytaxtın Nizami rayonundakı "Diqlas” ticarət mərkəzinin yanması nəticəsində çoxsaylı iş adamlarına dəyən maddi ziyan gündəmə bir çox problemlərlə yanaşı, sığorta məsələsini də gətirdi və bəri başdan deyək ki, bu, təsadüfi deyildi.

Çünki əksər ölkələrdə fiziki, yaxud hüquqi şəxslərin malına və canına belə hadisələrdən dəyən ziyanı sığorta şirkətlərinin qarşılaması və ümumiyyətlə, bir xidmət sistemi kimi sığortanın işinin məhz bundan ibarət olması fonunda Azərbaycanda iqtisadiyyatın aparıcı sahələrindən hesab edilən belə bir sektorun zəif inkişafı yalnız təəssüf və təəccüb doğura bilərdi.

Nə yaxşı ki Azərbaycanda Prezident İlham Əliyevin timsalında bütün çətin, gözlənilməz məqamlarda vətəndaşının yanında olan, ona arxa duran, sahib çıxan bir dövlət var və bu dövlət hər dəfə ayrı-ayrı qurumların, vəzifə sahiblərinin yenə də təəssüf və təəccüb doğuran bütün nöqsanlarını, səhlənkarlıqlarını, məsuliyyətsizliklərini vətəndaşının mənafeyi naminə sığortalayır.

Xatırlatdığımız son hadisələrdən sonra Prezidentin operativ qərarlar qəbul etməsi isə göstərdi ki, dövlət hətta ölkənin sığorta sisteminin fəaliyyətsizliyini sığortalamaq məcburiyyətində qalır, gördüyü tədbirlərlə (zəlzələdən evləri dağılmış, yaxud ziyan görmüş vətəndaşlar üçün yeni evlərin inşası və ya təmir olunması, yanğın zamanı maddi zərər çəkmiş iş adamlarına kompensasiya verilməsi, onların güzəştli şərtlərlə yeni iş yerləri ilə təmin edilməsi və s.) həm sığorta şirkətlərinə, həm də onların fəaliyyətinə cavabdeh olan səlahiyyət daşıyıcılarına nümunə göstərməklə yanaşı, bir dərs də verir: "Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”.

Həqiqətən, sığorta bir sistem olaraq inkişaf etmiş ölkələrdə iqtisadiyyatın mühüm, çox hallarda isə aparıcı və ciddi dəyər yaradan sahələrindən sayılır. Bu sistem belə ölkələrin həm ictimai, həm də sosial-iqtisadi həyatının əksər təbəqə və sahələrini əhatə etməklə əhalinin maddi rifahının, eləcə də mülkiyyət formasından asılı olmayaraq bütün, xüsusən özəl sektorda fəaliyyət riskinin zəmanətçisi rolunu oynayır, fövqəladə hadisələr zamanı əmlak sahiblərinin mənafelərini qoruyur və dövlətin maliyyə sisteminin möhkəmlənməsinə ciddi təsir göstərir. Mükəmməl sığorta sistemi nəinki fövqəladə hadisələr zamanı büdcəni nəzərə alınmamış ziyanların ödənilməsi üçün məcburi vəsait ayırmalarından azad edir, eyni zamanda iqtisadi inkişafın əsas vasitəsi sayılan uzunmüddətli sərmayə mənbəyinə çevrilir. Yəqin elə bu vacib məqamları nəzərə alan Heydər Əliyev hələ müstəqil Azərbaycanın təzə-təzə ayaqda durmağa başladığı bir dövrdə, daha dəqiq desək, 1995-ci ildə Londonda - Adam Smit Universitetindəki çıxışı zamanı demişdir: "Sığorta Azərbaycan üçün yeni və sona qədər öyrənilməyən sahədir. Biz, şübhəsiz ki, sığorta sistemini inkişaf etdirməliyik, lakin bu işi düzgün və peşəkarcasına yerinə yetirməliyik”.

O dövrdən artıq xeyli vaxt keçmişdir və ötən illər Azərbaycanın sığorta sistemi kifayət qədər inkişaf etmişdir. Bu zaman ərzində ölkədə sığorta bazarlarını tənzimləyən qanunvericilik bazası yaradılmış, əhalidə sığorta xidmətlərinə maraq müəyyən dərəcədə artmışdır. Rəqəmlərə nəzər salaq: 2018-ci ilə olan məlumata əsasən, ölkədə 21 sığorta şirkəti fəaliyyət göstərir və onlar qeyd edilən il ərzində 728 milyon manat sığorta haqları toplamış, 240,3 milyon manat sığorta ödənişləri həyata keçirmişlər. Toplanan sığorta haqlarının 536,2 milyon, ödənilənlərin 172,5 milyon manatı könüllü sığorta bazasına aid olmuşdur. İcbari sığorta üzrə isə bu rəqəmlər müvafiq olaraq 191,8 milyon və 67,8 milyon manat təşkil etmişdir. Ümumilikdə keçən il sektor üzrə məcmu sığorta haqlarının 73,7 faizi könüllü, 26,3 faizi icbari sığorta növlərinin payına düşmüşdür. Ödənişlərinsə 71,8 faizi könüllü, 28,2 faizi icbari sığorta növləri hesabına formalaşmışdır.

Bu rəqəmlər ilk baxışda kiçik olmasa da, Azərbaycanın hazırkı iqtisadi imkan və inkişafı ilə müqayisədə elə də yüksək demirik, hətta normal fəaliyyət göstəricisi sayıla bilməz. Bu isə o deməkdir ki, ölkəmizdə sığorta sisteminin həm keyfiyyət, həm də kəmiyyət sarıdan mövcud səviyyəsini qənaətbəxş hesab etmək mümkün deyil. Təkcə bizim yox, həmçinin mütəxəssislərin bu qənaətini təsdiqləmək üçün yenə də müqayisəli rəqəmlərə müraciət edək: əgər Azərbaycanda sığorta yığımlarının ölkənin ümumi daxili məhsul (ÜDM) istehsalındakı xüsusi çəkisi təxminən 1 faiz civarındadırsa, keçmiş sovet respublikaları və sosialist düşərgəsinə aid olmuş Şərqi Avropa ölkələrinin əksəriyyətində həmin göstərici təqribən 2 dəfə yüksəkdir. İnkişaf etmiş ölkələrdənsə danışmağa dəyməz - onlarda sığorta yığımlarının ÜDM-də payı 4-10 faiz civarındadır.

Müqayisə etmişkən sığorta ilə bağlı bir məsələyə də diqqət çəkək. Mütəxəssislər bildirirlər ki, inkişaf etmiş sığorta bazarlarında toplanan ümumi yığımların strukturu həyat və qeyri-həyat arasında birincinin xeyrinə 60-80 faiz arasında dəyişdiyi halda, Azərbaycanda 30:70 faiz nisbətində ikincinin xeyrinədir. Onu da qeyd edək ki, bu nisbət həyat sığortasının başladığı ilk dövrlərdə hətta 10:90 faiz nisbətində olmuşdur. Yalnız sonrakı illər həyat sığortasının artması, xüsusən könüllü olan "Həyatın yaşam sığortası” məhsulu hesabına həmin nisbət 3 dəfə azalmışdır. Məlumat üçün onu da bildirək ki, həyat sığortasının yığımlarda üstünlüyü vətəndaşların pensiya təminatının dayanıqlı və fundamentallığının göstəricisidir. Başqa sözlə desək, belə ölkələrdə təqaüdçülər həyat sığortası hesabına maliyyə baxımından daha çox təminatlı olurlar.

Sözsüz ki, biz müstəqilliyinin bərpasından heç 30 il keçməyən Azərbaycanın sığorta və göründüyü kimi, dolayısı buna bağlı olan pensiya sistemlərini dünyanın oturuşmuş, inkişaf etmiş ölkələri ilə müqayisə edib nəticə çıxarmaq fikrindən uzağıq. Bununla belə, ölkəmizin sığorta, habelə dövlətin bütün cəhdlərinə baxmayaraq, həm də pensiya sistemlərinin ölkənin sosial-iqtisadi siyasətinə və onun nəticəsi kimi inkişafına adekvat olduğu qənaətində də deyilik. Əks halda xüsusən sığorta sisteminə ən yüksək səviyyədə irad tutulmaz, iqtisadiyyatın bu vacib sahəsindəki vəziyyət növbəti dəfə, amma daha ciddi və daha konkret olaraq gündəmə gəlməzdi.

Bəs niyə növbəti dəfə? Çünki indiyəcən də ictimaiyyət arasında və KİV-də sığorta ilə bağlı müzakirələr, eşidilən gileylər, səslənən tənqidlərin sayı az olmamışdır. Çox az adam tapılar ki, ya özünü, ya da yaxın ətrafından kimi isə müştərisi olduğu sığorta şirkəti ödəniş sarıdan incitməsin. Belə hallarla avtomobillərin icbari və səyahət sığortalarının müştəriləri daha çox qarşılaşırlar. Onlar şirkətlərin ağlagəlməyən bəhanələrlə ödəniş etmək istəməmələrinin canlı şahididirlər. Elə bunun nəticəsidir ki, məsələn, keçən il ölkə üzrə hər 100 manat sığorta yığımından cəmi 33 manat ödəniş edilmişdir. Halbuki 2017-ci ildə ödənişin məbləği 46,2 manat olmuşdur. Deməli, sığorta şirkətləri il ərzində öz gəlirlərini 13 faizdən çox artırmışlar... təbii ki, müştərilərinə ödənilməli olan, amma ödənilməyən vəsait hesabına! Yeri gəlmişkən bildirək ki, inkişaf etmiş sığorta sistemində yığım və ödəniş arasındakı bu nisbət bizdəki ilə müqayisədə xeyli azdır.

Bax elə bu yerdə Azərbaycanda sığorta bazasının istənilən səviyyədə olmamasına gətirib çıxaran əsas səbəb - etibar məsələsinə diqqət çəkmək istərdik. Bəli, bu gün ölkədəki potensial sığorta müştəriləri arasında sığorta şirkətlərinə etibar, yumşaq desək, zəifdir. Bizim sığorta şirkətlərimizin əksəriyyəti əhalinin təfəkküründə sovet dövründən kök atmış "sığorta pul tələsidir” psixologiyasını hələ tam silə bilməmişdir. Əgər belə davam, edərsə, yaxın gələcəkdə silə biləcəkləri heç görünmür də... Bu bədbin proqnozun səbəbi isə, bütün cəhdlərə baxmayaraq, əhalinin könüllü (həyat və ya qeyri-həyat) sığorta xidmətlərindən istifadə etməyə meyilli olmamasıdır. Əks halda nə Ağsu və Şamaxıda zəlzələdən, nə də "Diqlas” ticarət mərkəzində yanğından ziyan çəkənlərə dövlət bu gərgin zamanda büdcədən vəsait ayırardı.

Yaxud götürək kənd təsərrüfatı sığortasını. Neçə illərdir hətta ən yüksək səviyyədə sığorta şirkətlərinə aqrar sektorda fəaliyyət göstərmələri tövsiyə olunsa da, bu işdə nəzərəçarpan irəliləyiş hiss edilmir. Hiss edilsəydi, indiyəcən ölkə üzrə aqrar sektorun təxminən 0,6 faizi sığortalanmazdı. Heç kim kənd təsərrüfatının bir çox risklərin təsiri altında olduğunu, bu və digər səbəblərdən aqrar sektorda çalışanların yüksək gəlirlə işləmədiklərini və həmin üzdən sığorta haqları ilə bağlı müəyyən problemlər yaşadıqlarını inkar etmir. Lakin bu, bütün ölkələrdə belədir və həmin ölkələr kənd təsərrüfatının sığortalanması işinə zəruri və ciddi xidmət sahəsi kimi baxırlar. Üstəlik bu sahədə sınaqdan çıxmış dünya təcrübələri mövcuddur. Zarafat deyil, dünyada aqrar sığortanın tarixi 1770-1800-cü illərə gedib çıxır. Həmin illər İrlandiyada heyvanlar, Almaniyada isə dolu və yanğın sığortalanması həyata keçirilmişdir.

Mütəxəssislər bildirirlər ki, kənd təsərrüfatı məhsulları istehsalında qarşılana biləcək risklər 3 qrupa bölünür. Bunlar fəlakətli (quraqlıq), idarə edilməsi çətin olan (dolu, fırtına, zəlzələ, sel) və nəzarət oluna bilən (xəstəliklər, zərərvericilər) risklərdir. Elə ölkələr (məsələn, Braziliya, Kanada, ABŞ, Yaponiya, Hindistan) var ki, onlarda bu 3 qrup risklərin hamısı sığortalanır. Amma BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) araşdırmaları göstərir ki, dünyada bir və ya bir neçə təhlükədən sığortalanma ənənəsi daha çox yayılıb.

O ki qaldı aqrar sektorda sığorta qurumlarının (şirkətlərinin) iştirakına, bu işdə də müxtəlif ölkələr arasında müxtəlif üsullar mövcuddur. Kanada, Yunanıstan, Hindistan, İran, Filippin kimi ölkələrdə kənd təsərrüfatının sığortalanması dövlətin nəzarətində olan proqramlar əsasında həyata keçirilir. Argentina, Avstraliya, Almaniya, Macarıstan, Hollandiya, İsveçrə, Yeni Zelandiyada isə bu işlə yalnız özəl sığorta şirkətləri məşğul olur. Eyni zamanda aqrar sektorda hər iki - dövlət və özəl sektorların əməkdaşlıq etdiyi ölkələr də var. Məsələn, Türkiyə, İspaniya, Cənubi Koreya, Portuqaliya, ABŞ, Fransa, İtaliya və s. belə ölkələrdəndir.

Sadalanan üç qrupu birləşdirən çoxsaylı cəhətlərdən biri yox, birincisi isə sığorta edənlərin sığorta edilənləri bu işə inandırmalarıdır. Ekspertlər deyirlər ki, kənd təsərrüfatı məhsulları istehsalçıları ilə əlaqə, ünsiyyət aqrar sığorta işinin ən əhəmiyyətli tərəfidir. Həmin əlaqə, ünsiyyət kütləvi informasiya vasitələri, maarifləndirmə proqramları, yığıncaqlar, kurslar, müsabiqələr və s. formada ola bilər. Bu müxtəlif formalı tədbirlərin isə bir məqsədi var - məhsul istehsalçılarını sığortanın vacibliyinə, onun ədalətli və etibarlı olduğuna inandırmaq!

Bax bu gün Azərbaycanın istənilən səviyyədə olmayan aqrar sığortasında çatışmayan məhz budur. Mütəxəssislər də etiraf edirlər ki, bizim fermerlərin sığortaya biganə münasibətlərinin səbəblərindən birincisi bu sahə barədə az məlumatlı olmaları, ikincisi sığorta şirkətlərinə inamsızlıqlarıdır. Amma dolayısı ilə etiraf edilməli üçüncü səbəb də var ki, bu da sığorta şirkətlərinin kənd təsərrüfatına meyilli olmamalarıdır. Bunun səbəbi barədə isə az əvvəl qısa da olsa bəhs etdik.

Biz niyə aqrar sektorun üzərində bir qədər geniş dayandıq? Əvvəla, bu, dünyada ərzaq sarıdan ciddi problemlər yaşandığı indiki zamanda məhsul istehsalına marağı artırmaq üçün çox ciddi qoruyucu sistem olaraq mühüm əhəmiyyət kəsb edir, sonrası da, bunun davamı kimi ölkənin ərzaq idxalından asılılığının azaldılmasında vacib rol oynayır.

Lakin bu o demək deyil ki, ölkənin sosial-iqtisadi inkişafında digər sığorta xidmətlərinin önəmi azdır. Əksinə, əmin olmaq üçün bir daha məlum son hadisələri xatırlamaq kifayətdir. Baxmayaraq ki, zəlzələ zamanı vətəndaşlarımıza dəyən ziyanın dövlət büdcəsi hesabına qarşılanması da, yanğında daşınan, yaxud daşınmaz əmlakı əllərindən çıxmış sahibkarlara büdcədən yardım edilməsi də dövlətin humanist sosial-iqtisadi siyasətinin göstəricisidir, sığorta sistemi normal çalışardısa, həmin işlərə dövlətin, daha doğrusu, dövlət büdcəsinin aidiyyəti olmamalı idi.

Nə isə, bunlar ötüb keçdi. İndi gələcəyə baxmalıyıq, o gələcəyə ki, onun bu cür hadisələrdən sığorta olunduğuna heç kim zəmanət verə bilməz. Ona görə sığorta sistemimiz adına və məqsədinə uyğun fəaliyyət göstərməlidir, özü də dünya standartları səviyyəsində. Bunun üçün isə ilk növbədə ölkədə sığorta sisteminin inkişafını ləngidən maneələr (məsələn, sığorta bazarında diversifikasiyanın aşağı səviyyədə olması və bu zaman sığortaçıların portfelinin əsasən 2-3 sığorta növü üzrə formalaşması, rəqabətin aşağı olması, sığorta şirkətlərinin maliyyə vəsaitlərinin, yəni kapitallaşmalarının zəifliyi və s.) aradan qaldırılmalıdır. Bunlardan əlavə, mütəxəssislərin qənaətinə görə, ölkədə sığorta şirkətlərinin sərbəst vəsaitlərinin səhmlərin və qiymətli kağızların alınmasına yönəldilməsi sahəsində də lazım olan şərait yoxdur. Ümumiyyətlə, görüləsi işlərin siyahısını uzatmaq və həmin sıraya qabaqcıl təcrübənin tətbiqi, ixtisaslı kadrların hazırlığı, sığorta xidmətlərinin çeşidlərinin artırılmasından tutmuş sığorta şirkətlərinin fəaliyyətində şəffaflığın təminatına və sığorta bazarında inhisarçılığın aradan qaldırılmasınadək olan tədbirləri əlavə etmək mümkündür.

Mümkün olan həm də bütün bu və qeyd etmədiyimiz digər tədbirləri həyata keçirməkdir. Xüsusən də onu Azərbaycanın yeni sosial-iqtisadi inkişaf modelinə keçid ərəfəsindəki reallıqlar və bu reallıqdan çıxış edən dövlət başçısı tələb edirsə...

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM