26 Aprel 2019 00:51
603
SİYASƏT
A- A+

Azərbaycan inkişafının yeni mərhələsindədir


Respublikamızın gəlirlərinin artması vətəndaşların sosial rifahının gücləndirilməsi ilə bağlı görülən işlərə mühüm töhfələr verəcək


Ötən 16 ildə Azərbaycanın keçdiyi sürətli inkişaf yolunun əsas səbəblərindən biri həyata keçirilən düşünülmüş və əsaslandırılmış islahatlardır.

Elə buna görə inkişafın Azərbaycan nümunəsindən danışarkən hər bir sahədə zamanın nəbzini tutan islahatların aparılması, fəaliyyət dinamizminin təmin edilməsi üçün yeni yanaşmaların tətbiqi daha çox diqqəti cəlb edir. Respublikamızın ildən-ilə artan inkişaf göstəriciləri aparılan uğurlu islahatların nəticəsinin təsdiqidir.

Xatırladaq ki, bir neçə il əvvəl dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranmış böhrandan Azərbaycan məhz yeni və sürətli islahatlar keçirməklə çıxdı.

Çevik və operativ tədbirlər, istehsalın və ixracın stimullaşdırılmasına yönələn addımlar, yoxlamaların aradan qaldırılması, vergi və gömrük sistemlərində, dövlət-sahibkar münasibətlərində yeni yanaşmaların tətbiqi, qeyri-neft sektoruna dövlət dəstəyinin artırılması nəticə etibarilə qlobal böhranın ən qısa zamanda dəf edilməsini şərtləndirdi. Bu sahədə ölkəmiz nümunə göstərməklə təsdiq etdi ki, yüksək siyasi iradə və əzm olan yerdə nəinki vəziyyətdən çıxmaq, hətta uğur qazanmaq da mümkündür.

Keçən il aprelin 18-də yeni müddətə Prezident seçilən cənab İlham Əliyev islahatların davam etdiriləcəyini bəyan etdi: "Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”.

Ötən bir ildə ayrı-ayrı sahələr üzrə islahatlara start verilib. Təbii ki, İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi qurumların fəaliyyətlində yeni təcrübələr, yanaşmalar tətbiq olundu. Bunun nəticəsidir ki, 2019-cu ilin yanvar-mart aylarında büdcə daxilolmaları əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artdı. Belə ki, bu aylarda vergi və gömrük orqanları nəzərdə tutulan plandan əlavə 200 milyon manatdan çox vəsait topladılar. Bu da məhz sözügedən sahələrdə həyata keçirilən islahatların, şəffaflığın gücləndirilməsinin nəticəsidir.

Bu artımın müsbət təsirini isə ilk növbədə ölkə vətəndaşları hiss edir. Çünki artan büdcə vəsaiti Prezidentin təşəbbüsləri ilə vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilir. Məlum olduğu kimi, İlham Əliyevin yeni müddətə Prezident seçildikdən sonra ilk fərmanı şəhid ailələri ilə bağlıdır. Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələr verilir. Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Ötən dövrdə 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Prezidentin yanvar ayında imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqları, əmək pensiyalarının minimum məbləği, bütün sosial müavinətlər, tələbə və doktorantlara verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırıldı. Minimum əməkhaqqı 180 manata, əmək pensiyalarının minimum məbləği 160 manata çatdırıldı. Bütövlükdə sosial sahədə qəbul edilən qərar və sərəncamlar 3 milyon nəfər vətəndaşa şamil edildi.

Bir neçə il əvvəl maliyyə bazarlarında baş vermiş məlum hadisələrdən sonra dollar hesabı ilə banklardan götürülən kreditlərin ödənilməsində çətinliklər yaranmışdı. Dövlət başçısının fevralın 28-də imzaladığı müvafiq fərmanla vətəndaşların bu narahatlığına da son qoyuldu. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına artıq manatla ödənilir.

Eyni zamanda devalvasiya nəticəsində yaranmış məzənnə fərqinə görə banklara edilən artıq ödənişlər də kompensasiya şəklində vətəndaşlara qaytarılır. Artıq bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri "Azərpoçt”dan 3 milyon 393 min 809 manat vəsaiti nağd formada alıb. May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra biləcəklər.

Aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edən Prezident İlham Əliyev sakinlərlə görüşdə ölkədə həyata keçirilən islahatlardan söz açdı, mühüm mesajlar verdi. Belə ki, Prezident minimum əməkhaqqının, minimum pensiyanın artırılmasının bundan sonra da davam etdiriləcəyini bəyan etdi: "Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır”.

Prezidentin qeyd etdiyi kimi, Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Respublikamızın başlatdığı yeni islahatlar, o cümlədən enerji kəmərlərinin işə düşməsi nəticəsində Azərbaycan yeni dövrə qədəm qoyub. İqtisadi islahatlar getdikcə daha çox nəticə verir. Gələn ildən isə Azərbaycan qazı Avropa bazarlarına çıxarılacaq. Bu o deməkdir ki, qarşıdakı illərdə respublikamızın gəlirlərində ciddi artımlar baş verəcək. Bu da, öz növbəsində, vətəndaşların sosial rifahının gücləndirilməsi ilə bağlı görülən işlərə mühüm töhfələr verəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video