26 Aprel 2019 00:48
1067
Mədəniyyət
A- A+

Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir


Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının kollektivi aprelin 25-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Sonra müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

***

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətlərindən, onun peşəkar həkim, fəal ictimai xadim kimi fəaliyyətindən danışıb. Bildirib ki, Zərifə Əliyeva həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, həm də nümunəvi bir həyat yolu keçib.

Azərbaycan Respublikasının Prezidenti Katibliyinin rəisi, Prezidentin köməkçisi Dilarə Seyidzadə Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Zərifə xanımın həyatı hər bir azərbaycanlı üçün nümunədir. O, əsl azərbaycanlı xanım nümunəsidir. Zərifə xanımı yaxından tanıyanlar onun ləyaqətli, insanpərvər, çox xeyirxah, mehriban bir qadın olduğunu yaxşı xatırlayırlar. Zərifə xanım hamının dərdini, problemini özününkü hesab etməyi bacarırdı. Çünki hər şeydən əvvəl insanları sevirdi. O, həm ailəsində, həm də peşəsində nümunə göstərirdi. Bu müdrik, ziyalı, alicənab qadının keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı qadın üçün məktəbdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, akademik Zərifə Əliyeva təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilir. Onun fəaliyyəti bizim üçün əsl nümunədir. Görkəmli alim öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdı. İnkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar. Zərifə xanım Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva çıxış edərək böyük alim və insan Zərifə xanım Əliyevanın qəlbən təmiz, ruhən nəcib, sözün həqiqi mənasında, peşəsinin vurğunu olduğunu vurğulayıb. O öz elmi-praktik yaradıcılığı, təcrübəsi, axtarışları və ictimai fəaliyyəti ilə oftalmologiya elminə əvəzsiz töhfələr verib, təmasda olduğu hər bir insanın xatirində silinməz iz buraxıb.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə gözəl insan, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın sənətinə vurğun, yüksək mənəvi-etik davranışa malik həkim və pedaqoq kimi həmişə xalqımızın qəlbində yaşayacağını bildirib. O qeyd edib ki, Zərifə Əliyeva yaxşı ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş həkim-oftalmoloq, bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan kimi yaddaşlara əbədi həkk olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video