25 Aprel 2019 16:44
433
CƏMİYYƏT
A- A+

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində mühüm addımlar atılır


Azərbaycanda həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm tədbirlər 1986-cı il aprelin 26-da Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşları da əhatə edir.

Hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən olunub. 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ötən dövrdə digər əlilliyi olan şəxslər kimi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin də gücləndirilməsinə imkan verib.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki kateqoriya üzrə müəyyən ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlar ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara bərabər tutulurlar. Onlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Dövlət başçısının 2019-cu il 15 aprel tarixli fərmanları ilə ölkəmizdə təqaüdlərin və sosial müavinətlərin məbləği cari il aprelin 1-dən orta hesabla 100 faiz artırılıb. "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar üçün də Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.

Həmçinin ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlar”dan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü 100 manat müəyyən edilib və həmin təqaüdün aylıq sosial müavinət alanlarla birgə, əmək pensiyası alanlara da verilməsi nəzərdə tutulub.

Aylıq sosial müavinətin məbləği isə I dərəcə əlilliyi olanlar üçün 150 manata, II dərəcə əlilliyi olanlar üçün 130 manata, III dərəcə əlilliyi olanlar üçün 110 manata çatdırılıb. Eləcə də I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi aylıq 50 manat təqaüd təsis edilib.

"Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq sosial müavinət də verilir. Bundan əlavə, həm "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar”, həm də "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlardan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

Qeyd olunanlarla yanaşı, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə bağlı həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə bu günlərdə birdəfəlik maddi yardım da ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video