25 Aprel 2019 00:59
2466
İQTİSADİYYAT
A- A+

Sahibkarlığın dinamik inkişafı Prezidentin bu sahəyə xüsusi diqqətinin təzahürüdür


Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu.

Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılmışdı.

"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilirdi. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı Dövlət Proqramı təsdiq olunmuşdur.

Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında özəl sektorun inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 16 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökümət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar sahibkarlığın inkişafına güclü təkan verir.

Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

Dövlət başçısının təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi barədə sərəncamları Azərbaycan sahibkarları və sadə vətəndaşlar arasında böyük rəğbətlə qarşılanmışdır.

Ticarət mərkəzlərində sahibkarların fəaliyyət göstərməsi yeni iş yerlərinin və bununla da iqtisadiyyatda əlavə dəyər yaradılmasına yardımçı olan elementlərdən biridir. Bu prosesdə sahibkar fiskal dövlət gəlirlərinin formalaşmasında iştirak edir. Ona görə də bütün sosial qrupların sahibkarlığa meylinin artırılması məqsədilə ölkə Prezidenti öz çıxışlarında bildirmişdir ki, "Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarların yanında olacaqdır”.

2019-cu il Azərbaycan üçün mühüm sosial-iqtisadi islahatların reallaşdığı il kimi tarixə yazılacaq.

Təkcə fevral ayında bunu əsaslandıran amillərə nəzər salsaq görərik ki, Prezident İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasını, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsini təmin edib. Bütün bunlar Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsinə aid olan məsələlərdir.

"Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman bu sahədə inqilabi yenilikdir. Bu fərman tikinti sahəsində memarlıq amnistiyası hesab olunur.

Dövlət başçısı fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən böyük bir narahatlığa son qoyuldu.

Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. Cənab İlham Əliyev sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilib. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Bu il yanvarın 29-da 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Dövlət proqramının icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini söylədi. Yalnız bir fakta nəzər yetirək. 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir. Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla inkişaf edib. Artan iqtisadi imkanlar dövlətin sosial məsələlərə də böyük diqqət yetirməsinə real imkanlar yaradıb.

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Dövlət proqramlarının icrası nəticəsində bölgələrin siması büsbütün dəyişdi. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verildi. Sənaye parkları, aqroparklar, fabrik və zavodların açılışı vaxtilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən regionlara qaytardı və hazırda həmin müəssisələrdə yüzlərlə insan çalışır.

Növbəti illərdə də regionlarda sahibkarlığın inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 29 yanvar 2019-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalamışdır.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artmışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmış, ümumilikdə müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 15 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər davam etdirilir. Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olunmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatında ölkə üzrə ümumi daxili məhsulun 5,6 faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yaratmışdır.

Ümumilikdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 165 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.

2019-cu il yanvarın 10-da Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur.

Ölkə Prezidenti iclasda bildirdi ki, "Biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar atmalı, kompleks tədbirlər görməliyik. Bu kompleks tədbirlər apardığımız siyasətin tərkib hissəsidir”.

Prezident İlham Əliyevin dərin islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilib.

Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılmış, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılmış, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılmışdır. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə bütünlükdə 330 icazə tələb olunurdusa, "Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı 86-ya endirilmişdir.

2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci ildən 1 yanvar 2019-ci il tarixinədək sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin mart ayında "Lisenziyalar və icazələr” portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 38 ay ərzində, vergi yoxlamaları istisna olmaqla, cəmi 640 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu nəzərə alaraq, 2019-cu ilədək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.

Ötən 2018-ci ildə isə sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi təqdim edilmişdir.

Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də "Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmana edilən dəyişikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib. Hazırda tələbatı 150 kilovata qədər olan fəaliyyət sahəsini elektrik şəbəkəsinə qoşmaq üçün sahibkarın "KOB evləri”, "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzlərinə müraciət etməsi kifayətdir.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu, isə azı üç dəfədən çox artım deməkdir.

Qəbul edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında duran vəzifələrdən biri də kiçik və orta sahibkarlığın inkişafı məsələsidir. Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmana əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarlığın inkişafı, iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninq, seminar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, iri infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaratmışdır. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə ötən il Bakıda və regionlarda 7 konfrans və "dəyirmi masa” təşkil edilib, ticarət qaydalarına əməl olunması ilə bağlı 8 maarifləndirici məlumat 560 mindən artıq elektron ünvana göndərilib, istehlakçı hüquqlarına dair 10 adda 13 mindən artıq buklet və yaddaş kitabçası paylanılıb. Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərdə yaxından iştirak etmiş, tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklər edilməsi və icrasının təmini, bir sıra əmək və sosial-iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2018-2019-cu illər ücün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqeləri və birgə fəaliyyətləri müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2018-ci ildə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi” açılıb. Bu il yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılan "Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.

Bu il Rusiyada, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində və Qazaxıstanda "Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.

2018-ci ildə Çində 2 "Azərbaycan Şərab Evi” açılıb. Xarici ölkələrdə Azərbaycanın şərab evlərinin yaradılması prosesi bu ildə də davam etdiriləcəkdir.

Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Konfederasiya Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaşlı işlər aparır.

Biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün - Sahibkarlar Günü münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanıram ki, ölkə sahibkarları dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətədavamlı istehsal potensialının artırılması üçün öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini səfərbər edəcəklər.

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video