25 Aprel 2019 00:57
1899
Mədəniyyət
A- A+

Azərbaycan oğluyam...


- Adın nədir?

- Albert.

- Hansı millətdənsən?

- Yəhudi.

- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?

- Mən bu torpaqda yaşayıram, doğulmuşam burada, yaşayıram burada, daha heç nə məcbur eləmir...

- Bir vətəndaş kimi borcunu nədə görürsən?

- Gəlib torpağı qorumaqda.

- Nə qədər vuruşmağı düşünürsən?

- Müharibənin axırına kimi...

Tankın üzərində yəhudi ləhcəsi və Bakı şivəsinin qarışığı ilə şirin-şirin danışıb gülən bir gənc müsahibə verirdi. Sonradan Azərbaycanın Milli Qəhrəmanı adını alacaq Albert Aqarunov...

Qəribədir ki, mərhum Çingiz Mustafayevin hazırladığı bu videomüsahibə kiminsə kənardan səsləndirdiyi bu yarımçıq cümlə ilə başlayır - "igidliyindən danışdığımız əsgərlərdən biri Albert bundan sonra nə vuruşacaq, nə sevəcək, nə də ki...”


Ana vətənini seçdi


Ömrünün bahar çağında yollanmışdı döyüşə. Bəlkə də bir qıza könül verib getmişdi cəbhəyə...

Bəlkə onun yolunu bugünə qədər də gözləyən məlul baxışlı bir nigar var...

Bəlkə də ürəyində gizləmişdi sevgisini, kimsəyə deməmişdi, heç sevdiyinin özünə belə...

Çünki o, gələcək arzularını ancaq müharibə bitəndən sonra gerçəkləşdirməyi düşünürdü...

Onun üçün öncə vətən gəlirdi, hər şeydən öncə...

Doğulduğu, böyüyüb boya-başa çatdığı doğma torpaq idi onun amallarının istinadgahı...

Müharibənin ən şiddətli vaxtlarında o da Azərbaycanı tərk edib gedə bilərdi, var idi belə bir şansı...

İsraildə yaşayan anasının yalvarışları, atasının təkidlərinə baxmayaraq, tərk etməmişdi bu yurdu...

Demişdi ki, inşallah, müharibə qurtarar, mən də gələrəm sizin yanınıza...

O, Azərbaycanı seçmişdi...

Bu vətəndən kənarda uzun ömür yaşamaqdansa onun uğrunda canını qurban verib elə bu torpağın zərrəsinə, misqalına çevrilməyi seçmişdi...

Müqəddəsləşməyi, şəhid olmağı seçmişdi...

Və bir daha müasir dünyanın yeni vətən stereotiplərini vurub dağıdaraq sübut etmişdi ki, torpaq əgər uğrunda ölən varsa, vətəndir...


Sağlığında əfsanəyə çevrilən qəhrəman


Albert elə sağlığında ikən əfsanəyə çevrilmişdi. Hətta onun haqqında deyirdilər ki, "Albert bir mərmi ilə iki düşmən tankı vurur...”

1991-ci ilin oktyabrında yeni yaranan "Səbail” tank taboruna yazılan könüllülər arasında 22 yaşlı Albert Aqarunov da var idi. Taborda yalnız 3 tank var idi və 533, 534, 535-ci heyətlər bölüşdürülərkən Albert 534-cü ekipaja düşür, amma o, israrla 533-ü istəyir. Səbəbini soruşanda isə komandirinə deyir ki, 533 yəhudilərin uğurlu rəqəmidir...

Beləliklə, 1992-ci ilin aprelində Albert Aqarunovun da olduğu həmin üç tank Şuşaya göndərilir. "Səbail” tank taborunun komandiri Hacı Əzimov söhbətimizdə o günləri belə xatırlayır: "Şuşada bizim texnika az idi. 7 BMP-miz var idi ki, onlardan da yalnız 4-ü işləyirdi, bir də bizim 3 tankımız. Tanklarla Daşaltı və Şuşa-Laçın yollarını qoruyurduq ki, ermənilər o yolu ala bilməsinlər və əhali rahat gedib-gələ bilsin. Mayın 8-nə qədər yolları qoruduq. T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. Onun tank döyüşündə bir metodu vardı ki, yoldaşları ona "yəhudi buterbrodu” deyirdilər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə vermişdilər. Şuşaya hücum ediləndə 9 tank, 7 BMP və bir çox texnikanı məhv etmişdi. Ermənilər onun başına pul mükafatı qoymuşdular”.

"Mayın 8-i səhər tezdən 6:05 radələrində ermənilər ağır artilleriya ilə Şuşanı bombardman etməyə başladılar. O zaman bizim hərbçilər 3 tank, 4 BMP, 245 nəfər xüsusi təyinatlı 777-ci alay və 40 nəfərlik Şuşa özünümüdafiə batalyonu ilə döyüş bölgəsinə yollandılar. Halbuki hücuma keçən 366-cı polk idi. Həmin polkun tərkibində 30 tank, 2 BMP, 2 artdivizion, 3 artilleriya divizionu, yəni hava hücumundan qoruyan divizionlar, 10 min nəfər həmin polkun şəxsi heyəti vardı və 5 min erməni onlara qoşularaq Şuşaya hücum etmişdilər” deyir Hacı Əzimov...


Erməni bayrağının acı aqibəti


Şuşaya ilk girməyə cəhd edən erməni tankına "flaqman tank” kimi şəhərə asılmalı olan "fəxri” erməni bayrağı verilmişdi. Bu tankın komandiri Qagik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qagik Avşaryan, sürücü-mexanik Aşot Avanesyan, atıcı-artillerist Şahen Sarkisyan elə ilk atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, tünd yaşıl rəngə boyayıb, 442 nömrəsini ağ rənglə gövdəsində yazıb və təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar...

Qüvvələrimiz 18 saatlıq Şuşa döyüşündən sonra mülki əhalini və lazımi malları çıxararaq, gecə saat 23 radələrində yavaş-yavaş şəhəri tərk etməyə başlayır. Onlar Laçının Turşsuyunda mövqe tuturlar ki, kömək gəlsin və yenidən Şuşaya qayıda bilsinlər...

...Amma nə sirdirsə, gözlənilən kömək gəlib çıxmır. Nə Şuşanın, nə Laçının, nə Kəlbəcərin, nə Ağdamın, nə də digər rayonlarımızın bir-birinin ardınca işğalı zamanı...


Namərd gülləsi


Mayın 8-də döyüş daha da şiddətlənmişdi. Albert və ekipaj üzvləri dayanmadan vuruşur, düşmənə göz açmağa imkan vermirdilər. Onlar yaralıları döyüş bölgəsindən uzaqlaşdırır, yenidən mərmi yığaraq döyüşə atılırdılar. Albert sonuncu dəfə tankdan çıxaraq yaralılara kömək etmək istəyərkən snayper gülləsi ilə vurulur...

Əsgər yoldaşları yaralı Alberti döyüş bölgəsindən çıxararaq Laçına aparırlar ki, vertolyotla təcili Bakıya çatdırsınlar. Amma ölüm onu vertolyota çatmamış haqlayır və yoldaca keçinir...

Albertin şəhidlik xəbərini atasına komandiri Hacı Əzimov verir: "Atasının yanına gedərək dedim ki, oğlunuz qəhrəmancasına şəhid olub. Siz necə istəyirsiniz, onu harada basdıraq? Dedi ki, azərbaycanlı şəhid balalarının dəfn olunduğu yerdə basdırın. O, Azərbaycan torpağının övladıdır...”

Şəhidlər xiyabanında al-qırmızıya bürünmüş bir məzar...

Bu məzara öz canını vətən uğrunda fəda edən qəhrəman bir gənc əmanət edilir...

Məzarın başı üzərində isə əli Quranlı bir molla və əli Tövratlı bir ravvin eyni anda onun ruhuna dua edirdilər...


Albertdən sonra...


"Azərbaycan torpağını qorumaq bizim müqəddəs borcumuzdur”. İndi bu sözlər Albert Aqarunovun xatirə medalının üzərinə yazılıb.

Həmin medal Milli Qəhrəmanın anadan olan gündə - yəni bu gün Şəhidlər xiyabanında bütün silahdaşlarına paylanacaq.

Aprelin 30-da isə Muğam Mərkəzində Albert Aqarunovun 50 illik yubileyi qeyd ediləcək. Mərkəzin foyesində onun xatirəsinə həsr olunmuş "Qarabağa qayıdış arzuları ilə” adlı rəsm sərgisi açılacaq.

Qeyd edək ki, Bakı şəhərində yeni küçələrdən biri Albert Aqarunovun adını daşıyır və bu yaxınlarda həmin küçədə Milli Qəhrəmanın büstünün ucaldılması nəzərdə tutulur. Büstü heykəltəraş Ömər Eldarov və memar Elbay Qasımzadə hazırlayır. Qeyd edək ki, qoyulacaq büstün maliyyəsini Azərbaycan dövləti öz üzərinə götürüb.

Bununla yanaşı, Albert Aqarunovun vaxtilə oxuduğu Suraxanıdakı 154 saylı məktəbə onun adı verilib, yaşadığı evin üzərində barelyefi var, həmçinin Qubanın Qırmızı Qəsəbəsində adına küçə verilib.

Hər ilin iyun ayında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate yarışları keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

"Dostuma məktub” bədii və "Yaşadığım torpaq” sənədli filmi çəkilib, şərəfinə mahnılar bəstələnib, şeirlər yazılıb...

"Azərbaycanda 200-dən çox Milli Qəhrəman var, Albert də onlardan biridir. Bizim məqsədimiz odur ki, Alberti Milli Qəhrəman səviyyəsində ana bilək. Bu isə yalnız Azərbaycanda mümkündür. Belə yüksək dəyər ancaq Azərbaycan tolerantlığında, multikultural mühitində ola bilər”. Bu sözləri isə Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyir.


Həzi Aslanovdan Albert Aqarunova ötürülən qəhrəmanlıq salnaməsi


Bu torpağın suyundan içən hər bir gəncin damarlarından qəhrəman qanı axır.

Hər birimizin tərəddüd etmədən uğrunda şəhid olacağımız tək bir vətənimiz var, can Azərbaycanımız...

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində qoşa tank dayanıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tank və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi 533 nömrəli tank...

Hər ikisinin də lüləyi Qarabağımıza yara kimi yapışmış düşmənə tərəf tuşlanıb...

Və o gün gec deyil ki, Şuşaya sancılacaq üçrəngli, ay-ulduzlu bayrağımızı məhz həmin tanklar daşıyacaq...

Həzi Aslanov, Albert Aqarunov kimi qəhrəmanlarımızın ruhunun davamçısı igidlərimizin idarəçiliyində...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video