Alternative content

16:29 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sürət, həyəcan və möhtəşəm Bakı
Sürət, həyəcan və möhtəşəm Bakı
ANA SƏHİFƏ / İDMAN
00:52 25.04.2019


Azərbaycan növbəti dəfə dünyanın idman mərkəzinə çevrilir


Mötəbər idman yarışlarına evsahibliyi etmək hər bir ölkənin, o cümlədən şəhərin arzusudur. Amma hər ölkənin bütün dünyanın izlədiyi, sayı minlərlə ölçülən idmançıların iştirak etdiyi tədbiri təşkil etməyə, birdən-birə on minlərlə turisti qarşılamağa imkanı çatmır. Hətta bir çox inkişaf etmiş ölkələr belə bu baxımdan müəyyən tələblərə cavab vermir. Bu da təbiidir. Çünki qlobal miqyaslı idman tədbirinə evsahibliyi üçün kompleks və beynəlxalq standartlara cavab verən infrastruktur olmalıdır.

Azərbaycan bu baxımdan örnək sayılacaq ölkələrdən biridir. Çünki respublikamızda ilk növbədə ən müasir tələblərə cavab verən idman infrastrukturu və yarışların təşkili üçün təcrübə formalaşıb.


"Formula-1”in Azərbaycan modeli


Sabah start götürəcək və ölkəmizin sayca 4-cü dəfə evsahibliyi edəcəyi "Formula-1”in də artıq dünyada Azərbaycan modeli yaranıb. Məlumdur ki, beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələr beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparır, yarış və tədbirlərin ev sahibləri illər öncə belə müəyyən olunur.

Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsiz mühitə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Azərbaycan indiyədək beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Bunlara "Eurovision” musiqi yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1” Qran-prisini misal göstərmək olar.

Belə tədbirlərin keçirilməsi üçün etimad göstərilməsi təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda, belə tədbirlər ölkəmiz, dövlətimiz üçün vacib dividendlər gətirir.


Bakı pilotları qarşılamağa hazırdır


Bundan öncəki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan "Formula-1” yarışlarına adına layiq uğurla evsahibliyi edəcək. Dünyanın bütün qitələrinin telekanallarında yenə də "Bakı”, "Azərbaycan” sözləri qürurla səslənəcək.

"Formula-1” təqvimindəki ən yeni trekin yarışa hazırlığı yüksək səviyyədədir. Hər şey çox mükəmməl təşkil olunub. Bu il təşkilatçılar ötən illərə nisbətən daha hazırlıqlıdırlar. Mütəxəssislər hesab edirlər ki, ötən il Bakıda keçirilən yarış xoş sürprizlə yadda qalmışdır, bu il isə Azərbaycan Qran-prisi daha möhtəşəm olacaq.

"Formula-1” yarışlarının ölkəmizdə təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, Bakı artıq yarışlara hazırdır: "Çalışırıq ki, yarışı, əvvəlki illərdə olduğu kimi, yaxşı təşkil edək. Yolları tam bağlamazdan əvvəl görülməyən bir sıra işlər vardı. Bəzi yerlərdə sədd və qapılar quraşdırdıq, rəngləmə işləri apardıq. Ötən həftədən başlayaraq komandaların yükləri hava, quru və su yolu ilə Bakıya gətirilir. Tezliklə pilotları da Bakıda görə biləcəyik”.


Şəhərimizin keçmişi ilə bugününü canlandıran trek


Bakı Şəhər Halqası paytaxtımızın tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. "Formula-1” Azərbaycan Qran-prisi Azadlıq meydanından start götürəcək və həmin yerdə də başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.

Azadlıq meydanı yarışın başlayıb bitdiyi yer olduğu üçün trekin əsas hissəsini təşkil edəcək. Burada inşa olunan Paddok arenasında yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, "Formula-1” rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. Məhz bu ərazidə yarışın startı və finişi olacaq. Qaliblər isə pit binasının podium hissəsində mükafatlandırılacaqlar.

Azadlıq meydanının qarşısı həm də bolidlərin sürətlə hərəkət edəcəyi yoldur. Burada hərəkət zamanı çox gözəl mənzərə yaranacaq. Çünki bir yanda "Formula-1” Paddok Klubunun arxasında görünən Hökumət Evi, digər tərəfdə isə start nöqtəsinə tərəf uzanan dənizkənarı yol və Dənizkənarı Milli Park diqqəti çəkir.

Dənizkənarı Milli Park Bakının əvəzsiz incisi və maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, şəhərimizin tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Həm də bulvar kimi tanınan bu ərazi son günlər "Formula-1” yarışlarını izləmək üçün paytaxtımıza gələn qonaqların da sevimli gəzinti və istirahət yerinə çevrilib. Azərbaycanın dinamik inkişafı nəticəsində son illərdə paytaxtımızda vüsət alan abadlıq-quruculuq işləri buradan da yan ötməyib. Bakının bu əsas parkı yenilənib, müasir infrastruktur və bağ-park estetikasının ən yaxşı nümunələri ilə zənginləşib. Bu mənada Dənizkənarı Milli Park inkişaf edən ölkəmizi və gözəlləşən Bakını özündə simvolizə edən ərazi olaraq həm də Bakı Şəhər Halqasının əsas hissələrindən biridir.

Yarışın əsas izləyici tribunalarından olan Abşeron tribunası da Azadlıq meydanının qarşısında, bulvar ərazisində yerləşir. Bu tribunadan yarışın ən həlledici məqamlarını, start və finişi izləmək mümkündür.

Bulvarı və Hökumət Evini ötdükdən və 90 dərəcəli sol döngədən sonra pilotlar 300 metrlik məsafədə rus şairi A.S.Puşkinin adını daşıyan küçədən keçəcəklər. İkinci döngədən sonra bolidləri trekin Xaqani küçəsi boyu 1 km uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən kəskin döngə ilə qarşılaşacaqlar. Bu döngə pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar.

Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alırlar. 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşırlar. Bu düz yolun sol tərəfində gözəl mənzərəli Sahil bağı yerləşir.

Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək, kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər. Növbəti 5-ci və 6-cı döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldir. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə "Formula-1” bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq.

Bununla trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntüləri sona çatacaq. Bakının bu əraziləri sanki Cənubi Avropanı - Barselona və Nitsanı xatırladır. Bu ərazidə çox sayda mağaza, restoran və kafelər yer alır. Həmçinin müasir memarlıq üslubunda tikilmiş bir neçə ticarət mərkəzi və gözoxşayan mənzərəyə sahib Xəzərin sahili trekə xüsusi gözəllik verir. Bəzi tribunalar da bu zonada yerləşir.

Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçəri şəhərin qala divarlarına tərəf yönələcəklər. Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Bu yerlərdə trek qismən səki hesabına genişləndirilib. Trekin ən çox çətinliyə malik hissəsi də buradan və qarşıdakı 8-ci döngədən sonra başlayır. Şəhər trekinin bu hissəsi artıq onun vizit kartına çevrilib. 8-ci döngədən sonra yol maksimal şəkildə daralacaq və bu hissədə pilotları kəskin yoxuş gözləyəcək. Pilotları sol tərəfdə İçəri şəhərin qala divarları və giriş qapısı, sağ tərəfdə isə yaşayış binaları əhatə edəcək.


6 kilometrlik 51 dövrə


Aprelin 26-sı və 27-də pilotların sərbəst yürüşləri və sıralama turları keçiriləcək. Aprelin 28-də isə möhtəşəm Azərbaycan Qran-prisinə (51 dövrə və ya 120 dəq.) start veriləcək. Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da, reqlamentə əsasən, öncə iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər.

Şənbə günü, aprelin 27-də səhər pilotlar bir saatlıq məşq keçəcəklər. Adətən nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə pilotların bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

Aprelin 28-də isə Qran-prinin yarış günüdür. Yarışanlar bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırır, dövrənin tamamında yenidən start yerlərini tuturlar. Yarışın direktoru Çarli Vaytinqin xüsusi işarəsindən, yəni 5 qırmızı işığın sönməsindən sonra həyəcan başlayır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM