24 Aprel 2019 00:45
1169
SİYASƏT
A- A+

Qaçqın və məcburi köçkünlər problemi “Azərbaycan” qəzetinin səhifələrində


Bu problem ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur


İstər XX əsrin əvvəllərində, istərsə də sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa edən zaman qaçqınlar problemi əsas məsələ kimi qarşıya çıxmışdır. Hər iki dövrdə də bu problemin yaranmasının səbəbi Ermənistanın azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti olmuşdur. Tarixi şəraitin verdiyi fürsətdən istifadə edən sovet Ermənistanının 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ilhaq etmək siyasəti əvvəlcə orada yaşayan azərbaycanlıların tarixi torpaqlarından deportasiyası, sonrakı mərhələdə isə Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə nəticələndi. XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı əhali qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu insanlar ölkə ərazisinin 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti yaşamaq məcburiyyətində qalmışlar.

İstər dövlət müstəqilliyinə qovuşma ərəfəsində, istərsə də müstəqilliyin ilk illərində qaçqın və məcburi köçkünlər probleminin həllinə hakimiyyət orqanları tərəfindən kompleks yanaşma yox idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdan zaman ölkədə mürəkkəb şərait hökm sürürdü.

Ümummilli lider Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün məsələyə kompleks yanaşılması, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması siyasətini yürütdü. Bunun üçün öncə ölkədə ictimai-siyasi sabitliyi təmin etmək, nizami ordu yaratmaq, dağılmış iqtisadiyyatı bərpa etmək və köklü idarəçilik islahatları həyata keçirmək, xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək lazım gəlirdi. Lakin ölkənin iqtisadi, maliyyə vəziyyətinin ağır olması qaçqın və məcburi köçkünlərin sosial problemlərini həll etməyə imkan vermirdi.

Milli Məclisin orqanı "Azərbaycan” qəzeti nəşr edildiyi gündən qaçqın və məcburi köçkünlərlə bağlı rəsmi materiallar dərc etməklə yanaşı, Ermənistanın hərbi təcavüzünün nəticələri, çadır düşərgələrində, ictimai obyektlərdə sığınacaq tapan qaçqınların vəziyyəti barədə mütəmadi olaraq müəllif yazıları da dərc edir. "Azərbaycan” qəzetində bu mövzuda çıxan məqalələri dövrün salnaməsi hesab etmək olar. Qəzeti vərəqlədikcə ölkənin necə ağrılı-acılı günlər yaşadığı, hansı faciələrdən keçib bu günlərə çatdığı göz önündə sərgilənir.

* * *

Qaçqın və məcburi köçkünlərin faciəsini Heydər Əliyevin öz şəxsi faciəsi kimi qəbul etdiyini qəzetdə dərc edilən materiallardan hiss etmək olur. 1993-cü il iyulun 25-də ölkənin vətəndaş müharibəsinə sürükləndiyi, bölgələrdə separatizmin baş qaldırdığı dövrdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ulu öndər Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bölgədə yaranmış vəziyyətlə əlaqədar Bərdəyə səfər etmiş, məcburi köçkünlərlə görüşmüş, onların vəziyyətinin yüngülləşdirilməsi məqsədilə operativ müşavirə keçirmişdi. Həmin müşavirə qəzetdə tam genişliyi ilə öz əksini tapmışdı. Sonda ümummilli lider demişdi: "Xalqımız mütləq birləşməli, səfərbər olmalı, özünün vətənpərvərlik hislərini geniş nümayiş etdirməli, torpaqlarımızı düşməndən azad etməlidir. Bu, hər bir azərbaycanlının borcudur. Mən sizi, Azərbaycan xalqını bu müqəddəs borcu yerinə yetirməyə çağırıram”.

Məhz xalqımızın Heydər Əliyevin ətrafında səfərbər olması, ölkədə sabitliyin bərqərar edilməsi sayəsində qaçqın və məcburi köçkünlərin probleminin kompleks şəkildə həllinə start verildi.

Ümummilli lider 11-12 dekabr 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış vəziyyətlə tanış olmaq üçün İmişli, Füzuli, Beyləqan və Şəmkir rayonlarında olmuş, yığıncaqlarda iştirak etmişdir. Ağcabədi və Gəncədə qaçqınların vəziyyətinə həsr olunmuş xüsusi müşavirələr keçirmişdi.

"Azərbaycan” qəzetini vərəqlədikcə dövrün ab-havasını, yaşantılarını, addım-addım irəliyə doğru yerişini, uğurlarını xatırlayırsan... Ümummilli liderin memarı olduğu "Neft strategiyası”nın reallaşdırılmasına başlanılması, "Əsrin müqaviləsi”nin imzalanması, Ermənistanla atəşkəs sazişinin imzalanması qaçqın və məcburi köçkünlərin sosial məişət vəziyyətinin tədricən yaxşılaşdırılmasına təkan verdi. Onların statusu, sosial müdafiəsi, iş və yaşayış yerləri ilə təmin olunması ilə bağlı müvafiq hüquqi aktlar qəbul edildi, həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif növlü güzəştlər tətbiq edildi.

1995-ci ildə bu problemlərlə daha da ciddi məşğul olmaq üçün Nazirlər Kabinetində xüsusi vəzifə - Baş nazirin müavini vəzifəsi təsis edildi və qaçqınların, məcburi köçkünlərin problemi ilə əlaqədar hökumət komissiyası yaradıldı.

Heydər Əliyev Azərbaycana səfərə gələn dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşdən sonra, bir qayda olaraq, qonaqları Bakı şəhərində qaçqın və məcburi köçkünlərin müvəqqəti sığınacaq tapdıqları yerlərə baxmağa dəvət edir, bununla da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan humanitar fəlakəti əyani şəkildə göstərirdi.

"Azərbaycan” qəzetində oxuyuruq: "1998-ci il iyun ayının 27-də Heydər Əliyevin sədrliyi ilə Respublika Sarayında qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsi keçirildi. Müşavirədəki nitqində ümummilli lider dedi: "Bu gün sizə bir daha bəyan etmək istəyirəm ki, bu, Azərbaycan dövlətinin, hökumətinin və şəxsən Azərbaycanın dövlət başçısı, Prezidenti kimi mənim qarşımda duran ən əsas vəzifədir və daim - hər gün, hər saat mənim diqqət mərkəzimdədir... Mən xarici ölkələrdən gələn dövlət başçılarını, hökumət üzvlərini, elm, mədəniyyət xadimlərini çalışıram ki, qaçqınların yaşadıqları yerlərə, çadır şəhərciklərinə göndərim. Nə üçün? Bəzən onların vaxtı olmur. Ancaq mən xahiş edirəm və buna nail oluram. Ona görə ki, görsünlər. Görməyəndə təsəvvür edə bilmirlər ki, insan altı il çadırda, vaqonun içində, vaqonun altında yaşaya bilər, - bunu təsəvvür edə bilmirlər”.

Heydər Əliyevin bu humanitar fəlakətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyü işlər sayəsində 1993-2002-ci illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərilmişdi.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı təsdiq edilmişdi. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan qaçqın və məcburi köçkün ailələrindən olan tələbələr təhsil haqqını ödəməkdən azad edilmişdilər.

Prezident Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı əsasında Dövlət Neft Fondu təsis olunmuşdur. Neft fondunda toplanan ilk vəsaitin 72 milyon dolları Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşması və Biləsuvarda çox ağır vəziyyətdə olan, Füzuli, Cəbrayıl və digər rayonlardan köçüb çadırlarda yaşayanların şəraitinin yaxşılaşdırılması üçün ayrılmışdı.

"Azərbaycan” qəzetində əksini tapan bir görüşü xüsusi vurğulamaq istəyirəm. Ümummilli lider Heydər Əliyev 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılış mərasimində iştirak etmişdi. Bu, Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə son görüşü idi. Həmin görüşdə ümummilli lider demişdi: "Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam”.

Həmin görüşdə Heydər Əliyev bir arzusunu da dilə gətirmişdi: "Avtomobillə gələndə yuxarıdan baxdım. Fikirləşdim ki, bəlkə mən də buradan bir ev götürüm, hərdənbir istirahətə gəlim. Çünki evlər xoşuma gəldi. Özü də buranın təbiəti çox gözəldir...” Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin dərdini öz dərdi hesab edir, onların vəziyyətinin yüngülləşdiyini görəndə özünü xoşbəxt hesab edir, sevincini də onlarla bölüşmək istəyirdi. Lakin çəkdiyi yükün ağırlığına ürək tab gətirmədi. Ancaq bu problemin həlli üçün nə mümkündürsə, onu elədi!

* * *

2001-2002-ci illərdə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 16 tibb məntəqəsi tikilib istifadəyə verildi, Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edildi, 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin 32 min nəfərinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

Ümumiyyətlə, Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 43 fərman və sərəncam imzalanmış, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etmişdir.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin birdəfəlik və tamamilə həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Bu məqsədlə Heydər Əliyev Ermənistan prezidentləri ilə müxtəlif formatlarda 45 dəfə görüşmüşdür. Bu görüşlərin 18-i Levon Ter-Petrosyanla, 27-si isə Robert Koçaryanla baş tutmuşdur. Bütün bunlar "Azərbaycan” qəzetinin səhifələrində öz əksini tapmışdır.

* * *

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu proqram Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək bu gün daha geniş miqyasda, hərtərəfli, sistemli və ardıcıl şəkildə həyata keçirilməkdədir.

2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində Baş nazir, prezidentliyə namizəd İlham Əliyev Biləsuvar rayonunda məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbənin açılışında iştirak etmiş, Heydər Əliyev siyasi xəttinin davam etdiriləcəyini, qaçqınların və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olacağını bəyan etmişdi.

Prezident İlham Əliyev ilk xarici səfərində - 2003-cü il dekabrın 11-də Cenevrədə BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığının iqamətgahında bu qurumun rəhbəri ilə görüşmüş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yurdundan didərgin düşmüş bir milyondan artıq soydaşımızın ağır vəziyyəti, onların yaşayışının yüngülləşdirilməsi üçün hökumətin gördüyü tədbirlər haqqında ətraflı məlumat vermişdir.

1 iyul 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olunub və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,3 milyon kvadratmetr yaşayış sahəsi olan 100-dək müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.

Yeni qəsəbələrdə insanların rahat yaşaması üçün bütün zəruri infrastruktur da yaradılıb: 153 məktəb, 59 mədəniyyət, 60 səhiyyə müəssisəsi, 61 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilib. 745 kilometr yol, 985 kilometr su, 1720 kilometr elektrik, 487 kilometr qaz xətti çəkilib. İndiyədək 52 min 300 ailə və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 24 ildə 6,6 milyard manat vəsait sərf olunmuşdur. Ondan 3,1 milyard manat dövlət büdcəsinin, 2,1 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfər məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2074 nəfər məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib və xeyli əlavə iş yerləri yaradılıb. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək azalıb, 2017-ci ildə hər məcburi köçkünə 785 manat vəsait sərf olunub.

"Azərbaycan”dakı məqalələri oxuduqca görürsən ki, qəzetin yazarları bu gün ölkədə baş verən köklü inkişaf proseslərinin yanındadır, günümüzün salnaməsini yaratmaqla öz tarixi missiyalarını yerinə yetirirlər. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır.

* * *

2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində İlham Əliyev Biləsuvar rayonunda məcburi köçkünlərlə görüşü zamanı bir arzusunu dilə gətirmişdi və o arzu artıq çin olmuşdur. Prezident demişdi: "Bu gün buraya gələndə bir ailəyə qonaq oldum. Məni çox mehriban qarşıladılar. Mənim bir arzum var ki, - hesab edirəm, bu, hamının arzusudur, - Cəbrayıla qonaq gəlim. Cəbrayıl işğaldan azad olandan sonra sizin üçün bundan da gözəl evlər tikəcəyik. Və mən də gəlib sizin qonağınız olacağam”.

Bu gün dövlət başçısının arzusu Cocuq Mərcanlının timsalında qismən gerçəkləşib. 2016-cı ilin aprel ayında ordumuzun strateji Lələtəpə yüksəkliyini qaytarması torpaqlarımızın azad ediləcəyinə inamı daha da artırıb. Prezident

İlham Əliyevin "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına əsasən ayrılmış 4 milyon manat vəsait hesabına kənddə birinci mərhələdə 50 evin, 96 şagird yerlik məktəbin və infrastrukturun tikintisi həyata keçirildi. Əlavə ayrılmış 4,3 milyon manat vəsait hesabına isə Cocuq Mərcanlıya gedən 9 km uzunluğunda yol çəkildi. Cocuq Mərcanlı kəndində Şuşadakı Yuxarı Gövhər ağa məscidinin bənzəri olan məscid tikildi. 2017-ci il iyunun 14-də dövlət başçısı bərpa edilmiş Cocuq Mərcanlı kəndinin açılış mərasimində iştirak etdi. Prezident 2017-ci il iyunun 15-də "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” daha bir sərəncam imzaladı. Sərəncama əsasən, ikinci mərhələdə 100 fərdi yaşayış evinin, uşaq bağçasının, klub, icma mərkəzinin, həkim və poçt məntəqələrinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədilə 9 milyon manat ayrıldı. Bu işlər qısa zaman ərzində başa çatdırıldı.

Birinci vitse-prezident təyin edildikdən sonra Mehriban xanım Əliyevanın ilk müşavirəni məcburi köçkünlərin problemlərinə həsr etməsi bu sahədə mövcud problemlərin kompleks şəkildə həllinə yeni təkan vermişdir.

Prezident İlham Əliyev indiyədək məcburi köçkünlərlə yeni salınmış qəsəbələrdə 34 dəfə görüş keçirmişdir. Ölkə başçısı tərəfindən 110 fərman və sərəncam imzalanıb, Milli Məclis 34 qanun, Nazirlər Kabineti isə 381 qərar və sərəncam qəbul edib. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin tamhüquqlu üzvü seçilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Prezident İlham Əliyev Ermənistanın sabiq prezidentləri ilə 31 görüş keçirmişdir. Ermənistan rəhbərlərinin mövcud status-kvonu qoruyub saxlamaq limiti artıq tükənmişdir.

"Azərbaycan” qəzetində dərc edilən "Onlar doğma yurda dönəcəklərinə inanırlar”, "Lələtəpədən Xankəndiyə doğru!”, "Böyük Qayıdışın böyük başlanğıcı”, "Aprel şapalağı”, "Böyük qələbənin parolu” və s. məqalələri oxuduqda torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına dönəcəklərinə inamımız daha da güclənir.

* * *

Azərbaycan dövlətinin başçısının yeritdiyi xarici siyasət, ölkə iqtisadiyyatının gündən-günə güclənməsi, ordumuzun hərbi potensialının qat-qat artırılması sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa ediləcəkdir. O gün uzaqda deyil.

"Azərbaycan” qəzeti də peşəkar səviyyəsi, sözünün sanbalı, operativliyi, obyektivliyinə görə lider mövqeyini daim qoruyub saxlayacaqdır.

Nazim MUSTAFAYEV,

tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video