23 Aprel 2019 16:35
783
İQTİSADİYYAT
A- A+

Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyalar verilir


Kompensasiya alacaq şəxslərin sayı 602 min 347-dir

Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanına uyğun olaraq, aprelin 22-dən Azərbaycanda dollar kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Kompensasiya alacaq şəxslərin sayı 602 min 347-dir. Kompensasiya kredit təşkilatları və poçt rabitəsi milli operatoru vasitəsilə verilir. Bütün ödənişlərin mayın sonunadək yekunlaşdırılması planlaşdırılır.

Kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portal istifadəyə verildi

Martın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı elektron portal (pk.fimsa.az) istifadəyə verdi. Portal vasitəsilə fiziki şəxs sistemə giriş edərək ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə ətraflı məlumat əldə edə bilər. Portal müvafiq fiziki şəxs üzrə ona hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əks etdirir.

Problemli kreditlərin həlli üzrə yeni elektron resurs hazırlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/) hazırladı. Elektron resursun ilk bölməsində qanunvericilik bazası yer alıb. Həmin bölmədə Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.

İkinci bölmədə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan kalkulyator yer alıb. Bu kalkulyator vasitəsilə həm 2015-ci il fevralın 21-nə, həm də 2015-ci il dekabrın 21-dək xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm "scroll-bar”, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür.

Yeni elektron resursun digər bölməsi Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölmədə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirilib.

Sonuncu bölmə tez-tez ünvanlanan suallara aid edilib. Bu bölmədə Fərmanla bağlı ən aktual məsələlər, eləcə də problemlərə dair suallar cavablandırılıb.

Müraciətlərin araşdırılması məqsədilə Apellyasiya Komissiyası yaradıldı

Müvafiq Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradıldı. Fəaliyyətə başladığı dövrdən Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır. Daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

BOKT və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt”a müraciət etməlidirlər

Problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar aprelin 22-dən etibarən "Azərpoçt” MMC-nin respublika üzrə bütün şöbələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala bilirlər.

Mayın 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. Yalnız Bank Olmayan Kredit Təşkilatları (BOKT) və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt"a müraciət etməlidirlər.

"Azərpoçt"un icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunub. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcək. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.

Bağlanan banklar və BOKT-ların problemli kredit sahibləri isə məlumatları, eyni zamanda, "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsində "Problemli kreditinizə düşən kompensasiya haqqında məlumat" bölməsindən də ala bilərlər. Bu layihədə BOKT-ların, eləcə də ləğv prosesində olan bankların müştərisi olan fiziki şəxslərə 500 manatadək məbləğdə kompensasiyaların verilməsi "Azərpoçt" MMC-nin pulköçürmələri xidməti vasitəsilə ödənilir. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetirilir.

Eyni zamanda, PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunur. Plastik kartlar vasitəsilə ödənişlər vətəndaşların qeydiyyat ünvanları üzrə poçt şöbələrinə plastik kartların sahiblərinə göndərilməsi ilə baş tutur. Vətəndaş "Azərpoçt" MMC-nin rəsmi saytı vasitəsilə məlumatları qeyd edərkən həmin şöbə göstərilir və vətəndaş orada göstərilən poçt şöbəsinə yaxınlaşıb zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Müştərilər nəinki "Azərpoçt"un bankomatlarında və POS-terminallarla təchiz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda, "Millikart" MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan nağdlaşdırma əməliyyatı həyata keçirə bilirlər. "Millikart" MMC-nin şəbəkəsinə daxil olan ATM-lər ASB ("Azərbaycan Sənaye Bankı"), "AccessBank", "Bank Melli İran", "Bank of Baku", "ExpressBank", "Gunay Bank", "NaxçıvanBank", "Unibank"a məxsusdur.

Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə bilər. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması "Azərpoçt"un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində "Azərpoçt" MMC sadəcə icraçı tərəf kimi çıxış edir. "Azərpoçt" tərəfindən problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçirilir.

Maliyyə Nazirliyi kredit təşkilatlarına ilkin olaraq 350,8 milyon manat ayırdı

Fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib. Belə ki, Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb. Tranşın məbləği 350,8 milyon manatdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video