Alternative content

21:26 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İLHAM ƏLİYEV qlobal hərəkatın liderinə çevrilir
İLHAM ƏLİYEV qlobal hərəkatın liderinə çevrilir
ANA SƏHİFƏ / SİYASƏT
00:40 23.04.2019


Azərbaycan 137 üzv dövlətin və 10 beynəlxalq təşkilatın təmsil olunduğu Qoşulmama Hərəkatına üç il rəhbərlik edəcək


İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra başlayan yeni səssiz münaqişə - "soyuq savaş” artıq qovğaların aşkar silahlı müdaxilə ilə deyil, yeni, ancaq daha faciəli formada aparılacağını vəd edirdi. Məhz belə də oldu.

Dünyanın yenidən bölüşdürülməsi adı altında fövqəlgüclərin onlarla ölkənin suverenliyinə ekspansiyası ötən əsrin 50-ci illərində beynəlxalq miqyasda acınacaqlı mənzərə yaratmışdı.


Cəvahirləl Nehrudan İlham Əliyevədək...


...Və 64 il öncə -1955-ci ildə Cəvahirləl Nehru, Camal Abdel Nasir, Broz Tito kimi liderlərin təşəbbüsü ilə İndoneziyada yeni dünya nizamına etiraz edənlərin hərəkatı formalaşdı. Onlarla ölkə məlum iki siyasi-hərbi qütb arasındakı qarşıdurmaya cəlb edilməmək məramı, əslində isə onlardan qorunmaq səylərini birləşdirmək məqsədilə qüvvələrini səfərbər etməyə qərar verdi. Azadlığı yalnız kağız üzərində alan, ancaq müstəmləkəçilikləri hələ də davam edən dövlətlər üçün yeganə hüquqi müqavimət formasına çevrilən bu təşəbbüs 1961-ci ildə Qoşulmama Hərəkatının yaranması ilə yekunlaşdı.

İndi sıralarında 120-si daimi, 17-si isə müşahidəçi olmaqla 137 dövləti və 10 beynəlxalq təşkilatı birləşdirən hərəkat beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir. Əslində, ötən əsrin 90-cı illərindən sonra bu qurumun əhəmiyyətini itirərək tarixin arxivinə gedəcəyini düşünənlər çox idi. Lakin həm dünyadakı ədalətsizliklərin daha geniş miqyas alması, həm fövqəlgüclərin sadəcə ad dəyişdirməsi, ancaq ilhaq siyasətlərindən əl çəkməməsi, ən əsası isə yeni qlobal böhranın onlarla ölkənin dövlətçiliyini aşkar təhdid etməsi Qoşulmama Hərəkatının yeni və daha çevik formatda fəaliyyətini zəruri etdi.

Bu gün hərəkat yeni dünya düzənini öz maraqları kontekstində korrektə etməyə çalışan, milli dövlətləri domino effekti ilə ard-arda süquta uğradan məlum güclərin azğınlığına qarşı qlobal etiraz platformasıdır ki, onun da liderliyində artıq rəsmən İlham Əliyevdir, Azərbaycandır...

Beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməyi əsas prioriteti elan edən təşkilatın üzvləri BMT və digər qurumlarda fəaliyyətlərini razılaşdırır, qərarların qəbulunda mühüm təsirə malik olurlar. Hərəkatın mütəmadi keçirilən sammitləri, konfransları üzvlər arasında əməkdaşlıq üçün mükəmməl foruma çevrilir.

Yeni dünya sisteminin reallıqlarına uyğunlaşdırılan fəaliyyətilə insan yaşayan bütün qitələrdə, bölgələrdə təmsilçi üzvü olan hərəkatın prinsipləri də ədalətlidir. 10 əsas müddəa içərisində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmək; böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; digər ölkələrin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək; qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək; ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi məqsədlər əslində Qoşulmama Hərəkatının mahiyyətini müfəssəl izah edən məqamlardır.


İlham Əliyev nümunəsi, Azərbaycan təcrübəsi hərəkatın fəaliyyətinin təkmilləşdirilməsi üçün ən uğurlu formuldur


Uzun illər balanslaşdırılmış xarici siyasət yürüdən, tarixinin ən qüdrətli dövründə isə tam müstəqil siyasətə keçdiyini bəyan edən Azərbaycan coğrafi vəziyyətinə görə əsrlər boyu fövqəlgüclərin maraq dairəsində olub və bu ona dövlətçiliyin süqutundan soyqırımlarınadək məşəqqətli talelər yaşadıb. Yəni Qoşulmama Hərəkatını yaradan səbəblər və onda birləşən ölkələrin acı təcrübələri bizə çox yaxından tanışdır. Onu da nəzərə alaq ki, Azərbaycanın üzləşdiyi və bu gün də həll edə bilmədiyi bütün problemlərin birbaşa kökü məhz fövqəlgüc amili ilə səciyyələnir.

Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatına üzv olmaması məntiqsizlik sayılardı. Azərbaycan qurumda uzun müddət daşıdığı müşahidəçi statusunu 2011-ci ildə tam-hüquqlu üzvlə əvəzləyərək, qısa dövrdə hərəkatın öncül fəallarından birinə çevrilib. Azərbaycan hərəkatın nüfuzunun artmasına, fəaliyyətinin təkmilləşməsinə davamlı şəkildə töhfələr verir. Həmçinin respublikamız bura üzvlüyü ilə beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə daha yaxından cəlb olunub və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına əlverişli şərait əldə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması prosesində effektiv tribunaya çevrilən təşkilatın sənədlərində, qətnamələrində ölkəmizin ərazi bütövlüyünə hər zaman dəstək ifadə olunub. Məsələn, 2012-ci ildə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Yekun Sənədində Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə edilib. 120 ölkənin münaqişənin məhz Ermənistan və Azərbaycan arasında olmasını təsbit etməsi də çox əlamətdar məqam idi. Həmin il hərəkatın Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünün Yekun Sənədində də üzv dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişlər. Həmçinin 2014-cü ildə də hərəkatın sammitinin yekun sənədində eyni məzmunlu münasibət bildirilib.

Beləliklə, Azərbaycan BMT-dən sonra ikinci ən mühüm və böyük təşkilat sayılan Qoşulmama Hərəkatına üç il sədrlik edəcək. Son onillikdə qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən, onlarla beynəlxalq təşkilata həm sədrlik, həm də evsahibliyi edən Azərbaycana bu hərəkata rəhbərliyin həvalə olunmasını yalnız onun təcrübəsi ilə əlaqələndirmək yanlış olardı.

Bu qərarın qəbulunda təcrübədən daha üstün mövqe nüfuz və qətiyyət amilidir. İlham Əliyevin liderliyində Azərbaycanın hər cür təhdidlərə qarşı milli dövlətçiliyini əzmlə qoruması, məlum hər iki fövqəlgücün qarşısından geri çəkilməməsi, əsla güzəştə getməməsi və nəticədə onları rəqibdən tərəfdaşa çevirməsi böyük qələbədir və dünya bu zəfəri aydın görür.

İlham Əliyev nümunəsi, Azərbaycan təcrübəsi Qoşulmama Hərəkatının fəaliyyətini təkmilləşdirməsi üçün ən uğurlu formuldur və yeni hədəflərin müəyyənləşməsində mühüm istinaddır.

Və Cəvahirləl Nehrudan başlanan azadlıq, müstəqillik, sülh estafetinin indi İlham Əliyevə həvalə olunmasının da əsas səbəbi məhz elə budur...

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM