Alternative content

05:57 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Liviya dərin xaosa sürüklənir
Liviya dərin xaosa sürüklənir
ANA SƏHİFƏ / DÜNYA
00:26 23.04.2019


İkihakimiyyətlilik və xarici müdaxilə ölkəni məngənədə sıxır


Səkkiz il əvvəl Liviyada Müəmmər Qəzzafi rejimi devrildikdən sonra Afrikanın vaxtilə ən varlı ölkəsini bürümüş hərc-mərclik səngimir. Milli iqtisadiyyat dərin böhrana qərq olmuş, əhalinin gələcəyə ümidi qalmamışdır. Əsas səbəb Liviyanın faktiki olaraq parçalanması, vahid dövlətin süquta uğramasıdır.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqində - Tobruq şəhərində seçkilərdə qələbə qazanmış parlament, qərbində - paytaxt Trablisdə isə BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış Milli Barışıq Hökuməti (MBH) fəaliyyət göstərir. Üstəlik, paytaxta bir-biri ilə rəqabət aparan beş qruplaşma nəzarət edir. Eyni zamanda Tobruq hökuməti Baş nazir Faiz Sərracın rəhbərlik etdiyi Trablis hökumətinə tabe olmaqdan boyun qaçırır və general Xəlifə Həftərin komandanlıq etdiyi "Liviya milli ordusu” (LMO) adlanan silahlı qruplaşmaya arxalanır.

Hər iki hakimiyyətin nümayəndələrini bir araya gətirib vahid hökumət yaratmaq mümkün olmur. BMT yaxın vaxtlarda ölkədə ümumxalq seçkiləri keçirib legitim hakimiyyət orqanları formalaşdırmağı təklif edir. Lakin Tobruq bu təşəbbüsü qəbul etmir və cərəyan edən hadisələr göstərir ki, onun məqsədi öz hakimiyyətini ölkənin hər yerində bərqərar etməkdir. Məhz bu məqsədi reallaşdırmaq üçün general Həftərin əmri ilə LMO cari ayın 4-də Trablisi ələ keçirmək üçün əməliyyata başlamışdır. General əməliyyatın məqsədi kimi ölkəni terrorçulardan təmizləməyi göstərir. O, BMT-nin Baş katibi Antoniu Quterrişin tərəflər arasında dialoq qurmaq təşəbbüsünü rədd etmişdir. Həftər bəyan etmişdir ki, Trablisdəki terrorçular tamamilə məhv edilməyənədək paytaxt uğrunda döyüşlər davam edəcək.

Şəhər üzərinə hücum ilk günlər LMO-nun üstünlüyü şəraitində keçirdi. Hücum edənlər şəhərə yaxınlaşıb hətta onu raket atəşinə tuta bilmişdilər. Lakin bir müddət sonra MBH-nin sərəncamında olan silahlı birləşmələr əks həmlələrlə LMO-nun irəliləməsini dayandıra bilmişlər.

Ölkədə kövrək sabitliyi bərpa etmək üçün BMT-nin səyləri nəticəsiz qalmışdır. Xarici dövlətlərin müdaxiləsi, onların bir-birinə qarşı duran tərəfləri dəstəkləməsi vəziyyəti daha da mürəkkəbləşdirir. General Həftəri dəstəkləyən xarici qüvvələr daha çoxdur. İndi LMO-nun başçısı hərbçidən daha çox siyasi lider kimi özünü göstərir. Dünyanın aparıcı dövlətləri Həftərlə müntəzəm olaraq təmasa keçib ona dəstəyini nümayiş etdirir. General xarici ölkələrə səfərə də çıxmışdır. O, dəfələrlə Moskvada olmuş, Rusiyanın müdafiə və xarici işlər nazirləri, həmçinin Təhlükəsizlik Şurasının katibi ilə görüşmüşdür. Bəzi məlumatlara görə, Moskva LMO-ya tank, top, pilotsuz uçuş aparatları və döyüş sursatı göndərir.

ABŞ da Həftərə dəstək verməkdən çəkinmir. Prezident Donald Tramp aprelin 15-də Həftərlə telefon danışığı apararaq onun terrorizmlə mübarizədə göstərdiyi səyləri müzakirə etmişdir. Həmçinin Liviyanın neft ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında generalın rolu və ölkənin sabit, demokratik siyasi sistemə keçidi barədə söhbət getmişdir.

Fransa, habelə Misir və BƏƏ də Həftərə isti münasibət bəsləyir. İtaliya və Böyük Britaniya isə Faiz Sərrac hökumətini dəstəkləyir. Bu səbəbdən aparıcı dövlətlərin Liviya böhranının nizamlanmasına münasibətdə ortaq məxrəcə gəlməsi çətinləşir.

Söhbət, aparıcı dövlətlərin iddia etdiyi kimi, ölkədə sabitliyin bərpa ediməsindən, vahid legitim hakimiyyətin yaradılmasından getmir. Hadisələrin gedişi göstərir ki, Liviyada vəziyyətə müdaxilə edən hər bir xarici dövlət münaqişədən yalnız öz mənafeyi naminə istifadə etmək istəyir. Onların general Həftəri dəstəkləməsi də təsadüfi deyil. Belə ki, LMO həqiqətən Liviyanın şərqini İŞİD və "əl-Qaidə” ilə əlaqəli terrorçu qruplaşmalardan təmizləmiş, ən əsası isə ölkənin neft ehtiyatlarına nəzarəti ələ keçirmişdir. Ona görə də Həftər MBH ilə müqayisədə üstün mövqeyə çıxmışdır. Üstəlik, generalın xarici himayədarlarının sayı artır. Odur ki, Trablis hökumətinin gələcəkdə LMO qarşısında duruş gətirəcəyini təsəvvür etmək çətin görünür.

Amma belə bir məqamı da diqqətdən kənarda saxlamaq olmaz ki, LMO-nun mübarizədən qalib cıxması ölkədə sabitliyin bərqərar olmasına zəmanət vermir, əksinə, qarşıdurmanın güclənməsinə zəmin yaradır, çünki dayanıqlı sabitlik yalnız tərəflər arasında qarşılıqlı anlaşmadan keçir. Həftərin qələbəsi sabitliyə yox, yalnız dərin xaosa yol aça bilər. Hələliksə gərgin vəziyyət davam edir, Trablis əhalisi güllə altında yaşamaq məcburiyyətində qalır, yüzlərlə sakin ev-eşiyini tərk etməli olur.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM