21 Aprel 2019 01:13
887
İQTİSADİYYAT
A- A+

Yol salmaq, su çəkmək, ev tikməkdən savab iş yoxdur


Prezident İlham Əliyevin əsas diqqət və qayğı göstərdiyi məhz bu sahələrdir


Dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar ölkənin ümumi inkişafına xidmət etməklə yanaşı, sosial məsələlərin həllinə, əhalinin həyat şəraitinin yaxşılaşmasına da xidmət edir. Həyata keçirilən nəhəng infrastruktur layihələri ölkəmizin dayanıqlı inkişafında və sosial məsələlərin həllində önəmli rol oynayır.

Həyata keçirilən yol infrastruktur layihələri demək olar ki, ölkənin bütün regionlarını əhatə edir. İlk növbədə beynəlxalq və respublika əhəmiyyətli magistral yollar dünya standartlarına uyğunlaşdırılır. Rayonlararası və kəndlərarası, eləcə də kəndarası yolların tikintisi də unudulmur. Bu sahədə görülən işlərin sayəsində ölkə ərazisində avtomobillə yük və sərnişin daşınması həm xeyli asanlaşıb, həm də artıb.

Ümumiyyətlə, 2004-cü ildən bugünədək ölkə ərazisində ümumilikdə 15 min kilometrdən çox avtomobil yolu salınıb. Təkcə keçən il 2 min kilometr yeni avtomobil yolu çəkilib. Başqa sözlə, 920 kəndin yol infrastrukturunu yaxşılaşdırıb, yerli əhalinin rahat gediş-gəlişini təmin edib. Həmin yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır.

Ölkəmizdə həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Bu sahədə təkcə keçmiş SSRİ məkanında lider deyilik, həmçinin bir çox inkişaf etmiş ölkələrdən irəlidəyik.

Prezident İlham Əliyev yol infrastrukturunun əhəmiyyətini vurğulayaraq demişdir: "Bildiyiniz kimi, bu, eyni zamanda iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır... Bu il ən azı, hələlik ən azı 1000 kilometr yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhəd yolu... Bu il yeni Sumqayıt-Rusiya sərhəd yolunun tikintisi üçün böyük vəsait nəzərdə tutulub. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq”.

Məlum olduğu kimi, Azərbaycanda su mənbələrinin sayı və həcmi elə də çox deyil. Problemi aradan qaldırmaq üçün son dövrlər Prezident İlham Əliyevin təşəbbüsü ilə "Şəmkirçay”, "Taxtakörpü”, "Tovuzçay” kimi nəhəng su anbarları yaradılıb ki, bu da ölkədə yüz min hektarlarla əkin sahələrinin suvarılmasına və minlərlə əhalinin içməli suya olan tələbatının ödənilməsinə imkan verir.

Kiçik çayların üzərində yaradılan su anbarları da bölgələrin əkin və içməli suya olan tələbatının ödənilməsinə öz töhfəsini verir. Təkcə ötən il 100 min hektar torpağa suyun verilməsi təmin edilib. Düzdür, 60 min hektara əvvəl də su verilirdi, lakin bu, çox aşağı səviyyədə idi. Onu da qeyd edək ki, aqrar sektorda məhsul istehsalının artmasını təmin edən əsas amillərdən biri məhz su ilə təminatdır.

Əhalinin içməli və əkin suyuna olan tələbatının ödənilməsinin digər yolu artezian quyularının qazılmasıdır. Ümumiyyətlə, Azərbaycanda artezian quyularının qazılmasının əhəmiyyəti böyükdür. Çünki ölkəmizin bir çox ərazisini çay suları ilə suvarmaq mümkün deyil. Ya çaylar bu ərazidən uzaqdır, ya da relyefinə görə həmin ərazilərə kanal vasitəsilə su çəkmək mümkün deyil. Odur ki, ümid qalır artezian quyularına. Dövlət başçısının tapşırığı ilə bu sahədə böyük işlər görülür. Hər il 300 subartezian quyusu qazılır. Cari ildə də 300 artezian quyusunun qazılması nəzərdə tutulub. Onu da qeyd edək ki, artezian quyularının qazılmasına start verildikdən sonra əvvəllər istifadəsiz qalan və ya dəmyə ərazilərdən bol məhsul götürülür.

Ölkənin inkişafında önəmli rol oynayan sosial infrastruktur layihələrinin icrasına da xüsusi önəm verilir. Prezident İlham Əliyev sosial cəhətdən həssas təbəqə olan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Təkcə ötən il 5800 köçkün ailəsinə yeni mənzillər verilmişdir. Cari ildə isə 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilir.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri də unudulmur. Təkcə keçən il bu kateqoriyadan olan 626 ailəyə mənzil verilib. Cari ildə də bu iş davam edir. Dövlət ərazisi bütövlüyü uğrunda şəhid və əlil olanlara, onların ailələrinə, ordu sıralarında uzun müddət və nümunəvi xidmət edən hərbçilərə də hər cür qayğı göstərir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video