Alternative content

03:42 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğurlu siyasət, sürətli inkişaf
Uğurlu siyasət, sürətli inkişaf
ANA SƏHİFƏ / SİYASƏT
01:10 21.04.2019


Şəxsiyyətləri ümumi bir missiya birləşdirir. Bu liderlər dövlət quruculuğunu uğurla həyata keçirərək xalqın müstəqil inkişafını təmin edir, elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, bir sözlə, cəmiyyətin mənəvi həyatına zəngin töhfələr verir, bununla da bəşəriyyətə xidmət etmiş olurlar. Zaman keçdikcə bu missiya onları tarixi-siyasi dəyərlərin fövqünə ucaldır və əbədiləşdirir.

Ötən ilin aprelində xalqımızın mütləq iradəsi ilə növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin daha bir uğurlu ili tamamlandı. Bu bir il də ölkəmizin hərtərəfli inkişafını, insanlarımızın həyat səviyyəsinin yüksəlməsini, cəmiyyətimizin sivil, demokratik inkişafını nəzərdə tutan tarixi addımlarla zəngin oldu.

Azərbaycan Respublikasının Prezidenti bu bir ili də vətəndaşlar arasında keçirdi. Sadə insanlarımıza çətin anlarında dayaq oldu. Getdiyi hər yerə dövlətimizin güclü, isti əllərini, bu əllərlə qurulan abadlığı, inkişafı, Azərbaycanı tarixinin ən qüdrətli günlərinə yetirmiş liderin səmimiyyətini, Vətənə, vətəndaşlara sevgisini pay apardı.

Prezident İlham Əliyevin aprelin 18-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkına baş çəkməsi, parkda onları böyük sevgi ilə qarşılayan insanlarla səmimi ünsiyyəti də xalqla vəhdətin, qarşılıqlı inam və güvənin ifadəsi idi.


Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...


Böyük dövlət adamlarını birləşdirən əsas cəhətlərdən biri də onların mədəniyyətə verdikləri yüksək dəyərdir. Mədəniyyətin inkişafı naminə gördükləri işlərdir. Bugünkü bəşəriyyət malik olduğu mədəni sərvətlərə görə onları ərsəyə gətirmiş sənətkarlarla yanaşı, həm də buna şərait yaradan, yaradıcı adamlara həyan olan, bu sərvətləri qoruyan dövlət xadimlərinə borcludur. Azərbaycan ötən bir ildə də dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə milli mədəniyyətimizin inkişafı üçün müstəsna bir il yaşadı.

Bu il martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı Prezident İlham Əliyev tarixi bir fikir söylədi. Ölkə rəhbəri respublikamızda indiyə qədər mədəniyyətimizin inkişafı istiqamətində görülmüş işləri diqqətə çatdıraraq bundan sonra da həmin sahədə işlərin sistemli qaydada davam etdirilməsi zərurətini irəli sürdü və dedi: "Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq.

Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdən baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.

Bu, təkcə milli mədəniyyətimizə deyil, ölkəmizin iqtisadi, siyasi yüksəlişinin, beynəlxalq mövqeyinin təməl prinsipi olan mədəni-mənəvi dəyərlərimizin işığında ölkəmizin, xalqımızın, cəmiyyətimizin gələcəyinə uzaqgörən bir baxışdır. Bu, zamanında "Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” yazaraq gələcəyə doğru ən düzgün yolu müəyyənləşdirməyə çalışan Hüseyn Cavid kimi mütəfəkkirlərimizin mənəvi irsinin milli dövlətçilik ideyası səviyyəsinə yüksəlməsidir.

Həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində Azərbaycan mədəniyyətinin inkişafı məqsədilə cahanşümul işlər görmüş, xalqın taleyini, istiqbalını mədəniyyətin gücündə tapmış ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinin ifadəsidir.

Ölkə rəhbəri bununla cəmiyyətə belə bir həqiqəti təlqin etməyə çalışır ki, hər bir xalqın tarixdəki böyüklüyü, əbədiliyi onun yaradıb formalaşdırdığı, nəsillərdən-nəsillərə ötürdüyü mədəniyyətlə müəyyənləşir. Dövlətçiliyin təməli, milli varlığın özülü mədəni dəyərlərlə bağlıdır. Bu özül nə qədər möhkəm olarsa, dövlət də bir o qədər güclənər və xalq tərəqqi yolunda irəli gedər.


Əsrə bərabər illər


Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə məhz bu prinsipdən çıxış edərək milli mədəniyyətimizin inkişafı istiqamətində tarixi addımlar atılıb. Dövlət başçısının Azərbaycana rəhbərliyinin elə bir ili yoxdur ki, mühüm mədəniyyət qərarları ilə müşayiət olunmasın.

Bu qərarlar nəticəsində son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilib. Paytaxtımızda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib. Mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyaların zənginləşdirilməsi, mədəni dəyərlərimizin qorunması və bütün dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görülüb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəniyyət layihələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Mədəniyyət-incəsənət sahəsində çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi, gənc nəslin yaradıcılığa həvəsləndirilməsi, onların istedadının üzə çıxarılması da bu siyasətin tərkib hissəsi kimi ölkəmizdə daimi bir prosesdir. Bu proses Azərbaycan Prezidentinin fəaliyyətinin ötən bir ilində də uğurla davam etdirilib. Milli mədəniyyətimizin başlanğıc xəzinəsi, ruh çeşməsi olan ana dilimiz dövlət qayğısı ilə əhatə olunub. Qloballaşma şəraitində dilimizin qorunması və inkişafı ilə bağlı müvafiq qərarlar verilib. Qarşıya konkret vəzifələr qoyulub.

Prezident İlham Əliyevin həyata keçirdiyi mədəniyyət siyasətinin hər bir anı geniş tədqiqatların mövzusudur. Bu siyasətin ayrı-ayrı istiqamətləri milli mədəniyyət tariximizin bütöv dövrünü təşkil edir. Bu dövrün hər ili mahiyyət etibarilə, az qala bir əsrə bərabərdir.

Dövrün mədəni nailiyyətlərini bir yazı çərçivəsində tam əhatə etmək mümkünsüz olduğundan, daha çox Azərbaycan teatr sənətinin bu illərdə qazandığı faydalara, xüsusilə ötən bir il ərzində bu sahədə atılan addımlara diqqət yönəltmək istərdik.


146 illik sərvət


1873-cü ildə bu xalqın ən öndə gedən, fədakar ziyalıları tərəfindən əsası qoyulmuş Azərbaycan teatrı xalqımızın misilsiz mədəni sərvətidir. Bu sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan Prezidentinin mədəniyyət siyasətində xüsusi yer tutur. Dövlət başçısı teatr sənətinin ölkəmizin ictimai-mədəni həyatındakı fəal rolunu yüksək dəyərləndirir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz imkanlarından istifadə zərurətini aktuallaşdırır. Ölkə rəhbərinin Azərbaycan teatrının inkişafı yönündə apardığı işlər konkret bir istiqamətlə məhdudlaşmır. Bu proses ardıcıl, davamlı və məqsədyönlüdür. Prezidentin cəmiyyət həyatının digər sferaları kimi bu sahədə də verdiyi strateji qərarların məqsədi Azərbaycan teatrının layiq olduğu mövqeyə yüksəlməsinə, qloballaşan dünya teatr məkanına inteqrasiyasına dəstək olmaqdır.

Sirr deyil ki, müasir Avropa cəmiyyətləri teatr sənətində artıq müasir səciyyələr, yeni mövcudluq şərtləri irəli sürür. Azərbaycan teatrları da qlobal çağırışlara, cəmiyyətin dəyişən maraqlarına özünü hazırlamalıdır. Və belə bir hazırlıq üçün ölkə rəhbəri teatrlarımıza lazımi dəstəyini əsirgəmir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği, bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirir.

Zəngin mədəniyyət tariximizin canlı abidələri olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının binaları Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi illərində əsaslı təmir edilib. Bölgələrimizdə yeni teatrlar inşa olunub, mövcud teatr binalarında əsaslı təmir işləri aparılıb.


Yeni bir başlanğıc


Dövlət başçısının 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı milli teatr sənətinin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. Bu proqram 16-sı müxtəlif bölgələrdə, 10-u Bakıda olmaqla dövlət büdcəsindən maliyyələşən, Mədəniyyət Nazirliyinə tabe olan 26 teatr - tamaşa müəssisəsindən ibarət dövlət teatrları sisteminin böhrandan çıxarılması üçün qəbul edilmiş konseptual bir sənəddir.

Bu proqram çərçivəsində ötən illər ərzində Azərbaycan teatrlarının inkişafı ilə bağlı çox ciddi işlər görülüb. Teatr fəaliyyətinin normativ-hüquqi bazası möhkəmləndirilib. 2006-cı ildə qəbul olunmuş "Teatr və teatr fəaliyyəti haqqında qanun” dövrün ruhuna uyğun təkmilləşdirilib. Ermənistanın hərbi təcavüzü nəticəsində Bakı və başqa bölgələrimizə sığınmış C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət teatrlarının şəraiti yaxşılaşdırılıb.

Azərbaycan Dövlət Rus Dram Teatrının, Kukla Teatrının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə, Lənkəran, Şəki dövlət dram teatrlarının nəzdində müvafiq studiyaların yaradılması istiqamətində addımlar atılıb. Bu, xüsusilə vacib məsələdir, ona görə ki, istənilən teatr prosesinin müəyyən avanqard və eksperiment məqsədlərini, bir qayda olaraq, məhz studiyalar həll edir. Teatrlarımız üçün peşəkar kadrlar da bu studiyalara cəlb edilən gənc aktyorlar arasında yetişir.

Proqrama uyğun olaraq Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması istiqamətində çoxsaylı layihələr həyata keçirilib.


Bizi ucaldan dəyərlər


Mədəniyyət və incəsənət xadimlərimizlə görüş zamanı Prezident İlham Əliyev teatrlara dövlət dəstəyinin bundan sonra da davam etdiriləcəyini bildirdi. Teatr işçilərinin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması üçün təkliflərin hazırlanmasını tapşırdı. Böyük məmnuniyyətlə teatr tamaşalarına baxmağa gələcəyini deyərək teatr xadimlərimizi gözəl tamaşalar hazırlamağa ruhlandırdı. Ölkə rəhbəri teatrlara diqqət ayırmaqla bağlı özəl sektora da bir çağırış ünvanladı. "Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək. Görüşümüzün yekunu olaraq qəbul ediləcək qərarlarda bu, öz əksini tapmalıdır”.

Və həmin görüşdən cəmi üç gün sonra - 2019-cu il martın 4-də teatr ənənələrimizin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişafı üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Musiqili Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Sumqayıt Dövlət Dram Teatrının, Mingəçevir Dövlət Dram Teatrının, Lənkəran Dövlət Dram Teatrının və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrıldı.

Sabahı gün - martın 5-də isə ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verildi.

Azərbaycan Prezidentinin 17 aprel 2019-cu il tarixli sərəncamı əsasında Azərbaycan Dövlət "Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının da hər birinə 100 min manat ayrılmasına qərar verildi.

2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan edilməsi, Cəlil Məmmədquluzadənin 150 illik, Cəfər Cabbarlının 120 illik, Tofiq Tağızadənin 100 illik, İsmayıl Şıxlının 100 illik, Hacıbaba Hüseynovun 100 illik yubileylərinin qeyd edilməsi haqqında Prezident sərəncamları da sənətə, yaradıcılığa, ümumən mədəniyyətə verilən dəyərdir. Xalq, dövlət belə dəyərlərin işığında görünür, ucalır və əbədiləşir!

***

Həyata keçirilən siyasətin uğurları, qapılarını dünyaya açmış ölkəmizdəki sabitlik və inkişaf mühiti sayəsində Azərbaycan bu gün dünyada sülh, tolerantlıq, mədəniyyətlərarası dialoq ünvanı kimi tanınır. Fərqli mədəniyyətlər bu məkanda bir araya gəlir. Ölkəmiz müasir dünyada əksər problemlərin həllinə zəmin yaradan multikulturalizm ideyalarının carçısı kimi çıxış edir. Dünyanın taleyinə görə narahatlıq keçirən düşüncə adamlarını bu ideya ətrafında birləşdirməyə çalışır.

Prezident İlham Əliyevin cəmiyyətin fəal dəstəyi ilə həyata keçirdiyi alternativsiz siyasət ölkəmizə bundan sonra da möhtəşəm nailiyyətlər qazandıracaq.

İradə ƏLİYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM