Alternative content

03:44 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşiniz uğurlu, məhsulunuz bol olsun!
İşiniz uğurlu, məhsulunuz bol olsun!
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 21.04.2019


Biləsuvarda çiyid səpini başlanıb


Biləsuvarlılar zəhmətsevərdir. Ruzilərini həmişə torpaqdan çıxarmışlar. Buna görə də yaxşı təcrübə toplamış, zaman keçdikcə təcrübəni daha da zənginləşdirmişlər. Əldə olunan vərdiş, təcrübə illər boyu nəsillərdən-nəsillərə ötürülmüşdür. Onlar da, öz növbəsində, yaranışın, həyatın başlıca şərti olan torpağı həmişə əziz tutmuş, onun qədir-qiymətini bilmişlər.

Biləsuvarda keçən əsrin 70-ci illərində rekord səviyyədə pambıq yetişdirilib. Əldə olunan yüksək göstəricilərə görə Qızqayıt Həsənova, Ərəstun Məmmədov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər. Digər neçə-neçə əmək qabaqcılı SSRİ-nin orden və medalları, başqa mükafatları ilə təltif olunub. Onlardan biri 84 yaşlı Lətif Cəfərovdur. Yaşının bu çağında da iş başındadır. Oğlanlarını, nəvələrini başına yığıb yaratdığı fermer təsərrüfatında əkin-biçin və heyvandarlıqla məşğul olur. Sovetlər vaxtı kəndlərindəki kolxozda pambıqçılıq briqadiri işləmiş Lətif Cəfərovun əməyi layiqincə qiymətləndirilib.

L.Cəfərovla bir neçə dəfə görüşmüş, fermer təsərrüfatının kənarında saldığı yurdda çay süfrəsinin arxasında oturub söhbət aparmışıq. Qazandığı mükafatların birinin ona daha çox əziz olduğunu söyləyir. 1974-cü ilin yayında o zaman Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev rayona gələrkən onun da briqadasına baş çəkir, pambıq sahələri ilə tanış olur. Bundan sonra ulu öndər o vaxt tək-tək adamlara nəsib olan "QAZ-24” markalı minik avtomobilinin açarını ona hədiyyə edir.

Sovetlər birliyi dağılandan sonra da Lətif kişi gənc yaşlarından pambıq bitkisini əkib-becərir. O zamanlar qiyməti aşağı olsa da, onu yetişdirir. Elə buna görə də ona "pambıq Məcnunu” ləqəbi veriblər. 2017-ci ilin nəticələrinə görə L.Cəfərov "Tərəqqi” medalı ilə təltif olunub.

Biləsuvarda L.Cəfərov kimi əkinçilər çoxdur. Onlar da torpağın dilini, hər bir bitkinin xüsusiyyətini yaxşı bilirlər. Buna görə də əkinçilikdə növbəlilik üsulunun tətbiqinə həmişə üstünlük verirlər. Bilirlər ki, hansısa bitkini eyni sahədə bir neçə il dalbadal əkdikdə torpaq zəifləyib gücdən düşür, yüksək məhsul vermir. Həm də bitki xəstəliklərə tez yoluxur. Pambıq bu mənada digər bitkilər üçün yaxşı sələf hesab edilir. Elə buna görə də biləsuvarlılar qiymətinin aşağı, bazarının geniş olmadığı vaxtlarda da pambıq yetişdirmişlər.

Son illər dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı rayondakı fermer və torpaq mülkiyyətçilərinin ürəyindən xəbər vermişdir. Xam pambığın kiloqramının qiymətinin mərhələlərlə 75 qəpiyə yüksəldilməsi, son nəticəyə görə hər kiloqram üçün 10 qəpik subsidiyanın ödənilməsi hər kəsdə stimul yaratmışdır. Digər tərəfdən, mineral gübrələrin 70 faiz güzəştlə satılması, becərmə texnikalarının, Amerika istehsalı olan pambıqyığan maşınların ölkəyə gətirilməsi kənd təsərrüfatının, eləcə də pambıqçılığın inkişafına təkan vermişdir.

Biləsuvar rayonu həmişə olduğu kimi, yenə də inkişafın ön sıralarındadır. Statistikaya nəzər salaq: əgər 2015-ci ildə rayon üzrə 6 min 362 ton pambıq yetişdirilmişdisə, keçən il 22 min 732,9 tona çatmışdır. Yüksək məhsuldarlığa görə mülkiyyətçi Fazil Musayev 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunmuşdur.

Hazırda rayonda pambıqçılıqla 3 istehsal müəssisəsi - "MKT-Biləsuvar” filialı, "P-Aqro” MMC Biləsuvar və "Azərpambıq” MMC fəaliyyət göstərir. Bunlardan ən böyüyü "MKT-Biləsuvar”dır. Burada ötən il 3 min 300 hektar əkin sahəsindən 9 min 780,5 ton pambıq tədarük edilmişdir. Məhsuldarlıq 29,6 sentner olmuşdur. Sovetlər zamanındakı pambıq zavodunun bazası əsasında yaradılan filialda emal zamanı mahlıc çıxımı 41,6 faizə yüksəlmişdir. Mütəxəssislər yaxşı bilirlər ki, SSRİ dövründə bu nəticəni əldə etmək çətin məsələ idi.

Rayonun qərb zonasında yerləşən və əsasən həmin ərazidə yaşayan fermer və torpaq mülkiyyətçiləri ilə müqavilə bağlayan "Azərpambıq” MMC isə 2018-ci ildə 213 mülkiyyətçi vasitəsilə 2 min 166,5 hektardan 8 min 897,5 ton pambıq tədarük etmişdir.

"P-Aqro” MMC Biləsuvara gəldikdə, yeni yaranan müəssisələrdəndir. Bu il 3 yaşı tamam olacaq. "Kənd Təsərrüfatı” MMC kimi fəaliyyətə başlayan müəssisənin adı keçən il dəyişib və onun hələlik emal sexi yoxdur. Buna görə də xam pambıq emal üçün digər bölgəyə göndərilir. Az müddətdən bəri fəaliyyət göstərməsinə baxmayaraq, nəticələri ürəkaçandır. Filialın direktoru təcrübəli pambıqçı Şakir Soltanov dedi ki, keçən il MMC üzrə 182 nəfərlə bağlanmış müqavilə əsasında 1482,8 hektara çiyid səpilmişdi. Aqrotexniki tədbirlərə vaxtında və keyfiyyətlə əməl etməklə tarlalardan 4 min 94 ton məhsul yığılmışdır. Torpaq mülkiyyətçilərindən Elvin Şirinov, Əbülfəz Əliyev, İkram Mehdiyev və başqaları yüksək məhsuldarlığa nail olmuşlar. Onlar əkdikləri sahələrin hər hektarından 43-45 sentner məhsul götürmüşlər. Rayon pambıqçıları intensiv əkinçilik metodlarından istifadə etmək, məhsuldarlığı yüksəltmək, daha çox və keyfiyyətli pambıq əldə etmək üçün yeni texnika və texnologiyanın tətbiqinə geniş yer verməyi qarşılarına məqsəd qoymuşlar.

Pambıq əməktutumlu sahədir. Keçən il bu məhsulun əkilməsində, becərilməsində və yığılmasında rayon üzrə 16 min nəfərə yaxın adam iştirak etmişdir. Bu isə kənddə yaşayan əhalinin gəlirlərinin artmasına təsir göstərmişdir. Son illər rayonda müasir, yaraşıqlı fərdi evlərin tikilməsi, adamların gün-güzəranının daha da yaxşılaşması bunun əyani göstəricisidir.

İnsan zəhmətinin bəhrəsini görəndə daha səylə çalışmağa, arzularını, planlarını həyata keçirməyə can atır. Elə insan ömrünün məramı, mənası da bundan ibarətdir. Artıq yurdumuza bahar gəlib, təbiət oyanıb. Biləsuvar rayonunun camaatı da min bir arzu-diləklə sahələrə çıxıb yaz tarla işlərinə başlayıb. Onlar taxıl, yonca sahələrini suvarır, digər işlər görürlər. Bu il rayon üzrə 10 min 159 hektarda pambıq əkilməsi, 22 min ton məhsul yetişdirilməsi və məhsuldarlığın 22 sentnerə çatdırılması nəzərdə tutulmuşdur. Artıq bir neçə gündür ki, çiyid səpininə başlanılıb.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM