Alternative content

08:42 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şekspir müəmması
Şekspir müəmması
ANA SƏHİFƏ / Mədəniyyət
00:49 21.04.2019


Onun barəsində müxtəlif əhvalatlar söylənilir və yazılır. Haqqında dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar çoxdur. Bu məlumatların hər biri onu öymür, ucaltmır. Ancaq dəyişməz olaraq qalan Uilyam Şekspirin müqayisəyəgəlməz məşhurluğu, adı ilə bağlı əsərlərin ölümsüzlüyüdür. İstər sürətlə ötüb keçən zaman, istərsə də şəxsiyyəti barədə müəmmalı fikirlər bu şöhrətdən heç nə əskildə bilmir.


Uşaqlığı


O, məşhur ailədə doğulmamışdı. Əlcəkçi və sələmçiliklə bir qədər var-dövlət qazanmış atası Con Şekspir ictimai vəzifələrə, hətta bir dəfə şəhərin meri vəzifəsinə seçilmişdi. O, kilsəyə gedib moizələrə qulaq asmadığı üçün böyük məbləğdə cərimələr ödəmişdi. Qədim ingilis soyadlarından birini daşıyan anası Mariya Arden isə tacir qızı idi.

Uilyam Şekspir Stratfordda dünyaya gəldi. Doğum tarixi barədə dəqiq məlumat yoxdur. Onun 23 apreldə dünyaya gəldiyi deyilir. Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı qalıb. Şekspir ailədə səkkiz övladın üçüncüsü və həyatda qalan ən böyük uşaq idi.

Onun təhsili barədə də məlumat qalmayıb. Stratfordun "qrammatika məktəbində” oxuduğu ehtimal edilir. Şekspir haqqında söylənilən məlumatlardan biri də əvvəlcə ət dükanında köməkçi işləməsidir.

Şekspir 18 yaşında özündən 8 yaş böyük Enn Xezeveylə evlənir. Onların üç uşağı - qızları Süzanna və əkizləri Xemnet və Cudit dünyaya gəlir. Ehtimal edilir ki, Şekspir həmin illərdə katib, bağban, arabaçı, dənizçi, mətbəə işçisi, hətta sələmçiliklə məşğul olub.

Onun barəsində ən çox dolaşan əhvalatlardan biri də 1580-ci ildə brakonyerlik etdiyi, magistratın nüfuzlu nümayəndəsi ser Tomas Lüsiyə məxsus torpaqlarda maral ovladığı üçün həbs olunmasıdır. Bu xəbərin nə qədər doğru olduğunu söyləmək çətin olsa da, bilinən budur ki, o dövrdə Şekspir Stratfordu tərk edərək Londona gedir. Uilyam Şekspirin adı bundan 7-8 il sonra London dramaturqu Robert Qrinin pamfletində çəkilir. Əsərdə pyes yazmağa ürək etmiş ədəbsiz aktyor barədə xəbərdarlıq vardı.


Xəsis, varlı Şekspir...


Əhalisinin əksəriyyəti savadsız olan İngiltərədə teatr olduqca aktual idi. Səhnəyə dövrün ən mühüm problemləri çıxarılır, hakimiyyət tənqid olunurdu. Belə bir vaxtda Londona gələn Şekspir rolların köçürülməsi, aktyorların çıxışının vaxtında təmin edilməsi, suflyorluq kimi işlərlə məşğul olmuşdu. Bir neçə ildən sonra isə Şekspir ilk, amma kiçik rolunu ala bildi. Aktyor kimi məşhurlaşmaq ona qismət olmadı. Taleyinə yazılmış məşhurluğu ona yazıçılıq istedadı gətirdi. Olduqca əlverişli dövrdə yaradıcılığa başladı. 1595-ci ildən Şekspir "Lord Çemberlenin truppası”nın pay sahiblərindən biri oldu. 1599-cu ildən "Qlobus” teatrının, 1608-ci ildən isə Dominikan teatrının sahiblərindən birinə çevrildi. Bundan sonra Şekspir varlandı.

O, artıq böyük imkan sahibi sayılırdı. Varlıların əksəriyyəti kimi, o da sərvətini qorumaq üçün vergidən yayınmağa cəhd göstərirdi. Həmin ilin kral hesabatı cədvəlində adı vergidən yayınanlarla bir sırada qeyd olunurdu. Deyilənə görə, Şekspir heç vaxt borclarını ödəmək barədə düşünmür, ancaq özü bunu başqalarından tələb edirdi.

Xəsis adam kimi tanınırdı. Hətta ehtiyacı olan dostlarına borc məsələsində güzəştə getmirdi. Belə yazırlar ki, gələcək kürəkəninin atası onun haqqında demişdi: "Cənab Şekspirlə iş görmək istəyəndə pulunuzdan möhkəm yapışın... təbii ki, bunu bacara bilsəniz”. Şekspir bir də məbləğindən asılı olmayaraq ona borclu olan hər kəsi məhkəməyə verməsi ilə ad çıxarmışdı.


Şöhrət...


Yazdığı pyeslər Şekspiri birdən-birə məşhurlaşdırmadı. Bununla belə, getdikcə onu yazıçı-dramaturq kimi tanımağa başladılar. Tədqiqatçıları yüngül komediyalarından olan "Səhvlərin komediyası”ndan və "Tita Andronika” faciəsindən əldə etdiyi gəlirin Şekspirə həmişə arzusunda olduğu tipik kənd centlmeni həyatı yaşamasına imkan yaratdığını bildirirlər.

1613-cü ildə işlərini atıb Stratforddakı malikanəsinə köçəndə Şekspir artıq bənzərsiz istedadının bəhrəsi olan əsərləri ilə tanınırdı. Şöhrətin bəlkə də ən cazibəlisi onun payına düşmüşdü. Bu ada şərik çıxmaq istəyənlər, ya da kimləri isə şərik qoşmaq istəyənlər zaman-zaman oldu. Şekspirin pyeslərini kraliça I Yelizavetanın yazdığını iddia edənlər də tapıldı.

Şayiələrdən biri də onun "Kral Yakovun Bibliyası”nın qələmə alınmasında iştirakıdır. Başqa bir əfsanə isə ispan inkvizisiyasından qaçan italiyalı əsilzadə Mikelancelo adlı bir nəfərin Şekspir adı altında gizlənməsidir.


Əsl Şekspir kimdir?


Artıq iki əsrdir ki, dramaturq, şair və bütün dövrlərin ən dahi yazıçısı sayılan Uilyam Şekspirin kim olması barədə mübahisələr gedir. Belə fikir var ki, London aktyor truppasının payçısı, stratfordlu Uilyam Şekspir əslində bütün bu əsərlərin əsl müəllifi deyil. Əsl müəlliflər sırasında Fransis Bekon, Kristofer Marlo, qraf Retlend və başqalarının adı çəkilir.

Gerçək Şekspirin 52 il ömür sürdüyü, 1616-cı ildə vəfat etdiyi bildirilir. O, Stratfordda dünyasını dəyişəndə İngiltərədə dahi dramaturqun şərəfinə bir cümlə belə deyilməməsi, ölmünün Stratford kilsəsində "25 aprel. 1616-cı il. Uill Şekspir rəhmətə getdi. Centlmen” yazılması şübhələri bir az da artırır.

Bir çox alimlər şairin məzarını açmaq, onun kimliyini dəqiqləşdirmək üçün qalıqlarının eksqumasiya olunmasını istəyirdilər. Ancaq buna hələ ki cürət edən olmayıb. Bəlkə də ona görə ki, Uilyam Şekspirin Stratforddakı qəbrinin üstündəki qarğışını, lənətini heç kim üzərinə götürmək istəmir. Orada yazılıb: "Mənim əziz dostum, Tanrı xatirinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma. Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq”.

Bütün şayiələrə baxmayaraq, o, hər dövrdə şöhrətin yüksək pilləsindədir. "Hamlet”, "Otello”, "Kral Lir” və başqa ölməz əsərlər məhz bu adla - dünya şöhrətli ingilis şairi, yazıçısı və aktyoru Uilyam Şekspirin adı ilə təqdim olunur. Haqqında İngiltərənin milli şairi kimi bəhs edilən şöhrətli Şekspirin birgə müəllifliklə 38 əsəri, 154 soneti, 2 uzun hekayə və bir neçə mənbəsiz şeiri dövrümüzə qədər çatıb. Əsərləri bütün dillərə çevrilir, nəşr edilir, tamaşaya qoyulur.

Zaman keçir... Onun şəxsiyyəti, pyeslərinin əsl müəllifinin kimliyi barədə suallar, mübahisələr nəinki bitmir, getdikcə yeni suallar meydana çıxarır. Bununla Uilyam Şekspir daha da əfsanələşir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM