21 Aprel 2019 00:39
1092
Elm və texnika
A- A+

Bir neçə saata külə dönmüş 856 illik tarix


...Zaman 2019-cu il 15 aprel, saat 18:50...

Məkan Fransanın paytaxtı Paris...

O zamanda, o saatda bütün dünyanın gözü həmin məkana dikilmişdi. Fransanın və Parisin simvolu, orta əsr arxitekturasının şedevri, qotik memarlığının bənzərsiz nümunəsi olan Notr-Dam kilsəsinə. Səbəb nə kilsədə keçirilən hansısa mərasim, nə də uzun müddət çalınan zəng idi. Hamı kilsədə qəfil başlanan güclü yanğın xəbərindən sarsılmış və alovun tezliklə söndürüləcəyini intizarla gözləyirdi. Amma... Cəmi bir neçə saat ərzində 856 illik tarix yanaraq külə dönmüşdü.

...Zaman 1163-cü il...

Məkan Parisin II Jan-Paul meydanı...

Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə o zamanda, o məkanda Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsinin inşası başlayır. Kilsənin təməl daşının atılması üçün Roma Papası III Aleksandr da Parisə dəvət edilir. 14 il ərzində kilsə xorunun divarları tikilir, 5 il sonra isə məbədin qurbangahı təqdis (müqəddəsləşmək) olunur. Elə o vaxtdan bu kilsə fəaliyyətə başlamış xristian məbədi sayılır. Kilsənin tikintisi 188 il davam edərək 1351-ci ildə başa çatır.

Ayrı-ayrı zamanlarda müxtəlif memarlar və arxitektorlar tərəfindən kilsənin dizaynında, görünüşündə dəyişikliklər edilir. 1625-ci ildə memar Avqust Giyan tərəfindən Notr-Dam Paris fontanı inşa olunur. Bu fantanın inşasında məqsəd Site adası sakinlərini axar su ilə təmin etmək idi.

Fransa inqilabı zamanı xalq kral hakimiyyətinin simvolu hesab olunan kilsəyə hücum edir. Kralların fasadda qoyulmuş heykəllərinin başları qoparılır, bir sıra tarixi əhəmiyyətli əşyalar dağıdılır. Yalnız inqilabçıların partlayıcı maddələri bitdiyi üçün bina dağılmaqdan xilas olur. Sonradan kilsədən ərzaq anbarı kimi istifadə edilir.

1802-ci ilin aprelində Notr-Dam kilsəsi yeni ibadət mərkəzinə çevrilir. Bəzi lazımlı yenilənmələr çox sürətlə həyata keçirilir və 1804-ci ilin dekabrında Napoleon Bonapart Papa VII Piyin hüzurunda Fransa imperatoru elan edilir.

Özündə həm dini, həm də tarixi motivləri ehtiva edən kilsə Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidir. Belə ki, 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər kral kilsəsinə gətirilməsi burada baş verib. Krallar müharibələrə getməzdən öncə burada dua oxuyub. 1302-ci ildə IV Filipp parlamentin ilk iclasını burada çağırıb. VI Henrinin tacqoyma mərasimi burada olub. Fransanın xalq qəhrəmanı Janna d`Arkın ölümündən sonra məhkəmə prosesi məhz bu kilsədə keçirilib və o, bəraət alıb.

Tikintisində qotik və roman memarlıq üslubu elementlərindən istifadə olunan kilsədə böyük divar yoxdur. Bütün bünövrəni tağları birləşdirən sütunlar təşkil edib. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. 37 ibadətxana, 75 böyük sütundan ibarət 130 metr genişlikdəki bu kilsə eyni vaxtda 9 min insanın ibadət edə bilməsinə imkan verib.

Kilsənin interyeri başdan-başa sənət əsərləri ilə bəzədilib. Çiçək şəkilli pəncərə kilsənin qərb hissəsindədir. Pəncərənin qarşısında ortada müqəddəs Məryəmin və uşaqların heykəlləri yerləşib. Gül pəncərənin altında isə yəhudi hökmdarlarının 28 heykəli var. Bu hissəyə "Kings Qallery” deyilir. Qərb hissədə pəncərənin hər iki tərəfindəki qüllələrə 387 pilləkən aparır. Və bu yolu kilsəni pis ruhlardan qoruyan əcaib heykəllər bəzəyir.

Kilsənin şimalında yerləşən yeganə zəngin ağırlığı 13 tondur. Oradakı görməli abidələrdən biri də girişdəki "Bakirə və uşaq” heykəlidir. Əsas mehrabın arxasında Nikolas Kostonun "Pyeta” heykəli var. Heykəli rəsmlər dövrələyib ki, buna "May tabloları” deyilir. Çünki hər ilin mayında Paris zadəganları kilsəyə belə rəsmlər hədiyyə ediblər. Buradakı kürsülər Müqəddəs Məryəmin həyatından bəhs edən oymalarla bəzədilib. Kilsənin ən maraq doğuran yeri Xəzinə dairəsidir. Burada antik dövr əlyazmaları və dini əşyalar qorunur.

Qeyd edək ki, Fransa inqilabından sonra kilsə diqqətdən kənar qalmışdı. Kilsənin quruluşuna heyran olan Viktor Hüqo "Notre-Dame de Paris” romanını qələmə alıb. Romanın yazılmasında əsas məqsəd kilsəyə olan diqqəti artırmaq idi. Əsərdə, həmçinin kilsənin dağıdılması, xəzinəsinin talanması və baş yepiskopların öldürülməsi məsələlərinə xüsusi diqqət çəkilir. Əsər kilsənin lehinə böyük maraq yarada bilir və ölümcül vəziyyətdə olan tarixi abidəyə yeni həyat verir.

Tarixi, memarlıq və sənət əhəmiyyətinə görə bütün dünyanın mədəni mirası olan Paris Məryəm ana kilsəsi 1991-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Təəssüf ki, 856 yaşı olan dünya incisinin çox hissəsi aprelin 15-də baş verən yanğın zamanı tamamilə yanıb. Fransa mədəni irsinin qorunması dövlət fondu kilsənin bərpası üçün "Notr-Damı xilas edək!” şüarlı ianə toplama aksiyasına start verib. Kilsənin 5 il ərzində restavrasiya olunacağı bildirilir. Ümid edək ki, 2 əsrə yaxın müddətdə tikilən dünya tarixinin bu əvəzsiz incisi tezliklə əvvəlki əzəmətilə yenidən ilahi ilə insanlar arasındakı ən müqəddəs ünsiyyət məkanına çevriləcək.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video