Alternative content

03:42 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 3 ayda 3 faiz artım
3 ayda 3 faiz artım
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:38 20.04.2019


2016-cı ildən Azərbaycan iqtisadiyyatında başladılan yeni iqtisadi islahatların nəticəsi getdikcə daha dərindən hiss olunmaqdadır. Artıq ötən il ümumi daxili məhsulun 1,4, qeyri-neft sektorunun 1,8, sənaye istehsalının 1,5, kənd təsərrüfatının isə 4,6 faiz artması iqtisadiyyatın şaxələndirilməsi, istehsalın və ixracın stimullaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların uğurla icrasının nəticəsi idi.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik ötən il Azərbaycan iqtisadiyyatının inkişafını, xarici təsirlərə və risklərə dayanıqlığını şərtləndirən başlıca amillər kimi yadda qaldı.

Ötənilki uğurlu makroiqtisadi göstəricilərin bu il də artan xətlə yüksələcəyi gözləniləndir. Çünki yeni islahatlar kursu məhdud dövrlə kifayətlənməyərək perspektivdə iqtisadiyyatın hər bir sahəsində davamlı artımı və inkişafı nəzərdə tutur. Artıq bu ilin ilk üç ayının göstəriciləri iqtisadi artımda kifayət qədər sanballı nəticələrin əldə edildiyini göstərir. Belə ki, 2019-cu ilin yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul istehsal edilib. ÜDM istehsalının 46 faizi sənayenin, 10,2 faizi ticarət, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşüb. Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub. Əhalinin gəlirlərinin artım tempi isə inflyasiyanı dəfələrlə üstələyib.

Təbii ki, iqtisadiyyatda həyata keçirilən yeni islahatlar əsasən qeyri-neft sektorunun inkişafına təkan verib. Çünki islahatlar zamanı qarşıya qoyulan əsas vəzifələr qeyri-neft sektoru üzrə ixracyönümlü məhsul istehsalının artırılması, ixracın təşviqi, xarici bazarların tapılması idi. Təbii ki, bu sırada sənaye istehsalının artımı xüsusilə diqqət mərkəzində saxlanıldı. Təqdirəlayiq haldır ki, 2019-cu ilin yanvar-mart ayları bu sahədə istehsalın daha da artımı ilə əlamətdardır. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı isə 15,6 faiz artıb. Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 22,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Xatırladaq ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parklarının və məhəllələrinin yaradılması, sənaye zonalarına yeni rezidentlərin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Buna görə yaxın gələcəkdə qeyri-neft sənayesində dinamik artımın baş verəcəyi şübhəsizdir.

Aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev builki iqtisadi artımın kifayət qədər yüksək olduğunu bildirib: "2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə təsir etmişdir, o cümlədən bizə. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır. Əlbəttə ki, görülən operativ tədbirlər nəticəsində biz o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildik və ondan sonra ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq. Keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir”.

2019-cu ilin ötən dövrü Azərbaycanın xarici ticarətinin artması baxımından da əlamətdardır. Bu dövrdə respublikamızın hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac edilib, 138 ölkədən isə idxal olunub. Qeyd edildiyi kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində diqqəti cəlb edən məsələlərdən biri Azərbaycan məhsullarının ixracının ildən-ilə artmasıdır. Bu sahədə dövlət istehsal sahələrinə və iş adamlarına böyük dəstək verir. Artıq bununla bağlı kifayət qədər sanballı nəticələr var və "Made in Azerbaijan” brendi altında ölkəmizin qeyri-neft məhsulları dünya bazarlarında özünə layiqli yer tapır. Statistikaya əsasən, Azərbaycanın qeyri-neft məhsullarının xaricə daha böyük həcmdə ixracı ölkəmizdə qeyri-neft sektoru istehsalının artdığını təsdiq edir. Belə ki, bu ilin ilk iki ayının nəticələrinə əsasən, qeyri-neft sektoru üzrə ixrac 282 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 milyon ABŞ dolları və ya 16,5 faiz artıb.

Bütün bu iqtisadi nailiyyətlər bir daha təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını möhkəmləndirir. Xüsusən qeyri-neft sektorunun inkişafında başlayan yeni mərhələ mühüm iqtisadi uğurların əldə edilməsi ilə müşahidə olunur. Ən əsası, əgər gələcəkdə də neftin qiymətlərində kəskin azalmalar baş versə, bu, Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilməz. Çünki bu gün ölkəmizdə iqtisadi inkişaf əsasən neftdən asılı olmayan istiqamətlərin üzərində köklənib.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM