20 Aprel 2019 00:36
1041
İQTİSADİYYAT
A- A+

Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib


"Bir kəmər, bir yol” layihəsi də mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsinə töhfə verəcək


Prezident İlham Əliyevin Çinin "Sinxua” agentliyinə verdiyi müsahibə həcmcə yığcam və lakonik olduğu qədər məzmunca müdrik və praqmatikdir. Çinli müxbir elə ilk sualında iki dövlətin arasında diplomatik münasibətlərin qurulmasının ötən il 26-cı ildönümünün qeyd edilməsini yada salaraq Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycanın xarici siyasətində Çinə nə dərəcədə önəm verilməsi ilə maraqlanıb.

Prezident İlham Əliyev bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb, ikitərəfli əlaqələrin uğurlu dinamik inkişafını qeyd edib: "Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq etdi”.

Dövlət başçısı müsahibəsində həmçinin fəal siyasi təmasların mövcudluğunu, iqtisadi əməkdaşlığın getdikcə dərinləşdiyini bildirib. Azərbaycanın Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olduğunu deyən İlham Əliyev bir sıra Çin şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini, bununla belə, onları ölkəmizdə investor, ticarətçi və podratçı qismində daha fəal görmək istədiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görmək marağındadır.

"Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər” deyən Prezident İlham Əliyev müsahibədə humanitar sahədə də əməkdaşlığımızın yaxşılaşdırılmasının perspektivlərinə toxunub.

Azərbaycanda turizm sənayesinin inkişafına böyük diqqət ayrılır. Sadələşdirilmiş viza proseduru ölkəmizə gələn xarici turistlərin vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etməyinə imkan yaradır. Elə çinli turistlərinin sayında 53 faiz artımın olması da bunun nəticəsidir.

Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı iki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanmış, Çinin "Bir kəmər, bir yol” təşəbbüsü tam dəstəklənmişdir. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya və geriyə yükdaşımalar üçün ən qısa nəqliyyat marşrutuna çevrilmişdir.

Bunun davamı olaraq Prezident İlham Əliyev müsahibəsində ortaya yeni münasibətlər sistemi qoymuş və qlobal sülhə dəstək vermək gücünə qadir olan Yeni İqtisadi Modelin mahiyyətini açıqlamışdır: "...Coğrafi yerləşməmizdən istifadə edərək biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb”.

Bu ay Pekində keçiriləcək "Bir kəmər, bir yol” üzrə 2-ci Beynəlxalq Əməkdaşlıq Forumunu nəzərə alsaq, Azərbaycan Prezidentinin təklif etdiyi iqtisadi model nəinki Qafqazda, hətta bütün dünyada belə bəşəriyyət üçün gələcəyin birgə qurulması baxımından nəhəng konsepsiyadır.

Dövlət başçısı müsahibəsində onu da vurğulayıb ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu, özlüyündə geosiyasi vəziyyətə təsir edir, sabitliyə töhfə verir və qarşılıqlı asılılıq yaradır: "Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq”.

Prezident İlham Əliyev belə hesab edir ki, "Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təhlükəsizliyin bərqərar olmasına da mühüm töhfə verəcək: "Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir”.

Azərbaycan İpək yolunun üstündə yerləşən dövlət kimi hətta iqtisadi layihələrdə sülh təşəbbüsləri irəli sürəndə qədim ənənələri, minillik tarixə sahib olan Çinlə ikitərəfli və çoxşaxəli beynəlxalq münasibətlərin inkişafına öz töhfəsini verir.

Çinlilər bizdən fərqli olaraq tarixən bir qədər qapalı olsalar da, bəşər sivilizasiyasının inkişafına əvəzsiz töhfələr veriblər. Bəşər tarixində ilk kəşflərin bir çoxu Çinlə bağlıdır. Çinlilər minillik ənənələrə, qədim dəyərlərə, ailə institutuna qiymət verən xalqdır. Azərbaycanla Çinin bir-biri ilə uzlaşan və bir-birini tamamlayan ortaq dəyərləri mövcuddur. Bu dəyərlər hər iki dövlətə eyni məqsədlərə köklənməyə, birgə iqtisadi əməkdaşlığa imkan verir. Prezident İlham Əliyev Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində bu ölkənin misilsiz nailiyyətlər əldə etdiyini müsahibəsində belə diqqətə çatdırmışdır: "Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Biz Azərbaycanda Çinin müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətləri maraqla izləyirik”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video