Alternative content

08:06 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:29 22.08.2019 Ümid yeri
00:11 22.08.2019 Rusiya G7-yə qoşulur
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin NİZAMNAMƏSİ
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin NİZAMNAMƏSİ
ANA SƏHİFƏ / Fərmanlar
00:24 20.04.2019


Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra - Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının elmi-təhlili materiallarla təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, xarici qurumlar, hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsait (gəlir) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.5. Mərkəzin müstəqil balansı, sərəncamında olan əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri

2.1. Mərkəzin fəaliyyətinin məqsədi beynəlxalq münasibətlərin, dünyada və regionda baş verən proseslərin təhlilini və araşdırılmasını, Azərbaycan Respublikasının xarici siyasət xəttinin müxtəlif platformalarda işıqlandırılmasını, dövlət orqanlarının müvafiq sahədə analitik informasiya təminatını həyata keçirməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. Azərbaycan Respublikasının strateji maraqları baxımından beynəlxalq gündəlikdə duran məsələlərə, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə, xarici dövlətlərlə münasibətlərinə dair araşdırmalar aparmaq;

2.2.2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə dair araşdırmalar aparmaq, o cümlədən münaqişənin həlli ilə bağlı siyasi, hüquqi, iqtisadi və digər problemlərin elmi tədqiqatını həyata keçirmək və onların həlli yolları barədə təkliflər hazırlamaq;

2.2.3. dünyada və regionda cərəyan edən siyasi, ictimai, iqtisadi prosesləri öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq, xarici ölkələrlə ikitərəfli münasibətlərin vəziyyətinə və inkişaf perspektivlərinə dair tədqiqatlar aparmaq, bu sahədə elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;

2.2.4. dünyada və regionda baş verən proseslərlə bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etmək;

2.2.5. Azərbaycan Respublikasının dövlət orqanlarını elmi-təhlili materiallarla təmin etmək.

3. Mərkəzin vəzifə və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. fəaliyyətinə aid qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının strateji maraqlarının, xarici siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi sahəsində tədqiqatlar aparmaq;

3.1.3. beynəlxalq münasibətlərə, beynəlxalq siyasət və təhlükəsizlik məsələlərinə dair tətbiqi və praktiki təyinatlı elmi-analitik tədqiqatlar və təhlillər aparmaq, qlobal siyasi tendensiyaların, təhdidlərin və çağırışların dərindən və hərtərəfli təhlilini həyata keçirmək;

3.1.4. Azərbaycan Respublikasının strateji maraqlarına uyğun olaraq xarici dövlətlərlə münasibətlərinin inkişafı sahəsində yeni yanaşmalar axtarmaq;

3.1.5. dövlət və özəl təşkilatların sifarişi əsasında elmi-tətbiqi araşdırmalar aparmaq;

3.1.6. beynəlxalq hadisələrə, proseslərə və münasibətlərə dair müstəqil hesabatlar, ekspert rəyləri və proqnozlar hazırlamaq;

3.1.7. Azərbaycan Respublikasının xarici siyasət məsələlərinə dair informasiya təminatını həyata keçirmək;

3.1.8. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq struktur bölməsinə davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini, habelə Mərkəzin inkişaf istiqamətləri, strateji məqsədləri və fəaliyyət planları ilə bağlı təkliflərini təqdim etmək;

3.1.9. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında”, "İnzibati icraat haqqında” və "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.10. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.11. Mərkəzə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.12. Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.14. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.15. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.16. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.17. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.18. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.19. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. fəaliyyətinə aid normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. beynəlxalq münasibətlərə dair ölkədə aparılan elmi araşdırmaları əlaqələndirmək, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklərdə və digər hüquqi şəxslərdə tədqiqatlar aparılmasının təşəbbüsçüsü və sifarişçisi kimi çıxış etmək;

3.2.3. beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.6. beynəlxalq mediada və analitik məcmuələrdə məqalə və materiallarla çıxış etmək;

3.2.7. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. müqavilə əsasında konsaltinq xidmətləri göstərmək;

3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.13. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, onları Azərbaycan Respublikasında, habelə xaricdə abunə, pərakəndə satış yolu ilə və fərdi qaydada, eləcə də internet şəbəkəsi vasitəsilə yaymaq;

3.2.15. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

4.3. İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün təsisçiyə təkliflər vermək və sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Mərkəzin inkişaf istiqamətlərini, strateji məqsədlərini və fəaliyyət planlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək;

4.5.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.5.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Mərkəzin strukturunu təsdiq etmək;

4.5.5. Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.5.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.7. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.8. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.9. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.10. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.13. Mərkəzin fəaliyyətini təşkil etmək;

4.5.14. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.15. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.16. bu Nizamnamənin 3.1.11-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.17. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.18. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.7. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.8. İdarə Heyətinin sədri:

4.8.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.8.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.8.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.8.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.8.5. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.8.6. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.8.7. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.8.8. Mərkəzin strukturu, müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.8.9. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.8.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.8.11. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.8.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.8.13. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.8.14. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.8.15. Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.8.16. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.9. İdarə Heyətinin üzvləri:

4.9.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.9.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.9.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.9.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.9.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.10. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin ilkin nizamnamə fondu 100.000 (bir yüz min) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra özünün, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Mərkəzdə uçot və hesabat

7.1 Mərkəz "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial və nümayəndəliklərində, habelə təsərrüfat cəmiyyətlərində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Mərkəzin ləğvi və yenidən təşkili

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM