20 Aprel 2019 00:19
823
CƏMİYYƏT
A- A+

Qadın iradəsi


İradə Gülməmmədova

İradə Gülməmmədova 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda pediatriya ixtisası üzrə təhsil alıb.

1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışıb. İradə Gülməmmədova 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotoloq işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

1995-2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi olan İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ildən Prezident

İlham Əliyevin sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı, üç nəvəsi var.

Zərafət dünyasının incisi qadın...

Saflığın, məsumiyyətin təcəssümü...

Yoxdan var eyləyən, dünyanı sonsuzlaşdıran...

Bəzən dünyanın xoşbəxti, bəzən isə çiyinlərinin yükü dağlardan ağır qadın...

Yaradan qadınları elə əzmkar, iradəli xəlq edib ki, onların bu dünyada bacarmayacaqları, öhdəsindən gələ bilməyəcəkləri heç bir iş yoxdur. Yeri gələndə məsuliyyətli vəzifənin daşıyıcısı, yeri gələndə əlinə silah alıb torpaqlarının müdafiəçisi, bəzən sülh carçısı, zərif toxunuşu ilə dünyanı gözəlləşdirən simvol olurlar...

O da yüksək vəzifə sahibidir, həm də pediatrdır, anadır, nənədir...

Ömür yolundan danışdıqca fikirlərinin istiqaməti elə hey dönüb, dolaşıb Şuşanın üzərinə qayıdır...

Elə xoşbəxt anlarına kölgə salan acı xatirələri də, ürəyindən süzülüb dodaqlarında qubara çevrilən duyğuları da, gözlərində selə çevrilən göz yaşları da Şuşa ilə bağlıdır...

Qəmli xatirələrini çoxdan kökdən düşmüş pianosunun yaralı notlarında çırpınan və heç vaxt çalınmamış Şuşa həsrətli bir musiqi müşayiət edir...

...Bu gün bütün dünyada gedən proseslər göstərir ki, Azərbaycan qadını öz ölkəsinin əmin-amanlığı, sabitliyi, övladlarının səadəti, xoşbəxtliyi naminə dövlətimizin yürütdüyü daxili və xarici siyasətə yüksək dəyər verir. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Onlar öz vətəndaş mövqeyini əmək fəaliyyətlərini uğurla davam etdirməkdə görürlər. Bir sözlə, Azərbaycan qadınları tükənməz enerji ilə doğma ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, idarəetmə fəaliyyətində də böyük fədakarlıq göstərirlər.

Belə fədakar qadınlardan biri Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova "Zəriflərin dünyası”ndadır...

...Bu ömür yolunun uşaqlığı, təhsili, analı-atalı olan dünyasının ən gözəl zamanları, müdrik el ağsaqqalı mötəbər babasının, şəhərin təhsil sistemində sanballı izi, adı olan xalasının, qohum-əqrəbasının əhatəsindən başladı. Dünya şəhərləri içərisində Romaya, Vyanaya tay tutulan şəhərin mədəni səviyyəsi onun qanına, canına, ədəb-ərkanına hopdu. Fəxr etdi ki, Şərqin ilk konservatoriyası Şuşadır, öyündü ki, Üzeyirin vətənidir. Eşitdi ki, muğamların çağlayan səsi bu ellərdən başlayır. Qürur duydu ki, 200 nəfərdən çox ədib, bəstəkar, rəssam, heykəltəraş, şair, dramaturq, elm xadiminin vətənidir. Öyündü ki, ilk dəfə fransız dili, rus dili məktəblərdə 1830-cu ildən tədris edilir.

Məktəb həyatını uğurlu saydı, musiqi təhsili aldı, poeziya və musiqi bayramlarında böyük şəxsiyyətlər gördü, şuşalılara lazımi və gərəkli insan kimi yetişdi. Onun ilk qönçəli dünyası zəriflik yollarında pöhrələndi, çiçəkləndi.

Şuşanın hər bir ailəsində elmlə, təhsillə, mədəniyyətlə bağlı insanlar çoxdur. İradə xanımın qayda-qanunlu ata, anası Zümrüd müəllimənin sığallı, nəvazişli ailə tərbiyəsi ailənin hər bir üzvü kimi, onun da uğurlarına hesablandı.

Doğulub boya-başa çatdığı doğma Şuşa haqqında danışanda kövrək hislər yaşayır İradə xanım. Elə söhbətə də Şuşa ağrısı ilə başlayır...


"Şuşa ilə bağlı bütün xatirələrim kövrəkdir...”


- Şuşa şəhəri Azərbaycanımızın, doğma Qarabağımızın cənnət guşələrindən biridir. Bu torpaqda, bu yurdda doğulan hər bir insanın vətən sevgisi, yurd həsrəti, torpağa bağlılığı kövrək hislərlə yaşanır indi. Şuşalı olmağımla həmişə fəxr etmişəm. İki övladım, üç nəvəm var. Bu dünyanın hər üzünü görmüşəm. Hamımıza doğma, əziz olan Azərbaycanımız nə qədər inkişaf edib gözəlləşsə də, onun köksündə bir sağalmaz yara asılıb. Bu, Qarabağ yarasıdır! Bu, 20 faizdən çox işğal olunmuş torpaqlarımızın ağrısıdır, acısıdır! Xoşbəxt, bəxtəvər günlərim Şuşa həsrətində itib- batıbdır. Dönüb keçmişə baxanda doğma el-obamın həsrəti qəlbimi göynədir. Yüzlərlə, minlərlə insanın qəlbində bir istək, bir arzu var: işğal olunmuş o torpaqlara qayıtmaq, o torpaqlarda uyuyan doğmalarının məzarını ziyarət etmək. Qarabağın cənnət guşələrindən olan Şuşa şəhəri öz gözəlliyi, füsunkarlığı ilə hər birimizin yaddaşında əbədi iz salıb. Hər dəfə doğmalarıma deyirəm ki, nə qədər ömrümüz var, imkan verməyək ki, o yurdumuz unudulsun. Bu gün əslən şuşalı olub, o yurdda doğulmayan hər kəsə Şuşa sevgimizi gilə-gilə, damla-damla ötürməliyik. Şuşada 17 məhəllə olub. Hər məhəllənin öz bulağı, hamamı, məscidi olub. Şuşanın o çınqıllı, daşlı-kəsəkli yollarını, hər cığırını biz öz övladlarımıza tanıtmalıyıq. Şuşada uşaq vaxtı keçirdiyim o qədər möhtəşəm günlərim olub ki, heç vaxt yadımdan çıxmır. Biz Şuşanın məşhur Çuxur məhəlləsində yaşayırdıq. Evimizin aşağı tərəfindəki yol düz gedib çıxırdı Daşaltı çayına, Qızılqayaya, Topxana meşəsinə. Evimizin yanındakı Leyli qayasındakı daşın üzərində uşaq vaxtı o qədər sürüşərdik ki... Şuşaya yaz gələndə o qədər sevinərdik ki... Çünki əsrarəngiz gözəlliyə malik Şuşanın yazı bir başqa möcüzə idi.


"Məni böyüdüb tərbiyə verən, əziyyətimi çəkən xalamın tələbkarlığı bugünkü həyatımda mühüm rol oynayıb...”


- Mən Şuşada ziyalı ailəsində anadan olmuşam. Anam müəllimə idi, indi rəhmətə gedib. Allah dünyasını dəyişən bütün analara rəhmət, yerdə qalanlara isə ömür versin. Atam isə Şuşada Dağlıq Qarabağ üzrə ticarət kompleksinin müdiri işləyirdi. Amma məni, bütün şuşalıların bu gün böyük hörmətlə xatırladığı, Şuşanın təhsil sistemində kimya-biologiya fənnini tədris edən, mükəmməl bilikli xalam Diliş Mehdiyeva böyüdüb. Analarını erkən itirdikləri üçün xalam ailə qurmamış, öz ömrünü atasına, bacı-qardaşlarının təlim-tərbiyəsinə həsr etmiş, mənim təhsilimə böyük diqqət göstərmişdir. Şuşanın ən savadlı kimya-biologiya müəllimlərindən biri kimi Diliş Mehdiyevanın yetirmələrinin səsi-sorağı daim yüksəklərdən gəlib. Mənim təlim-tərbiyəmdə onun xüsusi rolu olub. Həddən artıq tələbkarlığı, yüksək səviyyədə əvəzolunmaz məsləhətləri bu ömür yollarında daim mənim yoluma bir mayak kimi işıq saçıb, həyatımı düzgün istiqamətdə qurmağıma möhkəm zəmin yaradıb. Çox təəssüf ki, mən xalamı çox cavan - 45 yaşında itirdim. Amma o, mənim qəlbimdə və həyatımda heç vaxt unuda bilməyəcəyim silinməz izlər qoydu. Düşünürəm ki, onun verdiyi öyüd-nəsihət, təlim-tərbiyə, tələbkarlıq və məsuliyyət sayəsində bu gün bütün çətinliklərə sinə gərməyi, həyatda uğur qazanmağı bacarmışam. Məzarı nurla dolsun!


"Ailəmizdə ciddi və nizamlı tərbiyə üsulu var idi...”


- Ailədə beş bacı-qardaş idik. Valideynlərimiz təhsilimizlə daim maraqlanırdı. Hətta dərslərimizdən "4” qiyməti alanda o qədər danlanardıq ki, qorxudan evə getmək istəmirdik. Ona görə də çalışırdıq ki, bütün fənlərdən "5” alaq. Orta məktəbi bitirərkən bədən tərbiyəsi fənnindən "4” aldığım üçün qızıl medal ala bilmədim. Hələ şagird ikən ümumrespublika kimya-biologiya olimpiadasında biologiya fənni üzrə birinci yeri tutmuşdum. Bizim tərbiyəmizlə bağlı evimizdə ciddi nizam-intizam hökm sürürdü. Hər günün öz proqramı var idi. İstədiyimiz vaxt qohum-qonşu evinə gedə bilməzdik. Hər həftənin beşinci günü bizi kinoteatra aparardılar. Kitabxanadan kitab götürüb oxumağımız ən sevimli məşğuliyyətimiz idi.

Şuşanı Cənubi Qafqazın konservatoriyası adlandırırdılar. Bu isə əbəs yerə deyildi. Şuşada elə bir adət-ənənə formalaşmışdı ki, hər evdən bir nəfər də olsa musiqi təhsili almalı idi. Mən də bu ənənəyə sadiq qalaraq 7 il musiqi məktəbində piano dərsi aldım. Özüm kiçik əsərlər belə yazırdım. Hətta bir əsərimə görə mükafat olaraq Osman Sarıvəllinin kitabını vermişdilər. Bu, mənim aldığım ən dəyərli hədiyyə kimi xatirəmdə və qəlbimdə daim yaşayır. Şuşada olarkən zəngin kitab fondum var idi ki, əksəriyyətini də dünya ölkələrindən gətirmişdim. Kitabların çoxu simfonik əsərlərlə bağlı idi. Valideynlərim çox istəyirdi ki, musiqi təhsili alım, konservatoriyaya qəbul olunum. O vaxt böyük bacım Tibb İnstitutunda oxuyurdu, həmin ərəfədə mən də fikrimi dəyişdim. İstədim ki, bacım kimi həkim olum. Beləcə, sənədlərimi Tibb İnstitutuna verdim və pediatriya fakültəsinə qəbul olundum.


"Düşünmədən yenə onu seçərdim...”


- Tibb İnstitutunu əla qiymətlərlə bitirib internaturada 6 nömrəli Uşaq Xəstəxanasında həkim kimi fəaliyyətə başladım. Elə həmin dövrdə də ailə həyatı qurdum. Həyat yoldaşımla bir fakültədə oxuyurduq. İlk tanışlığımız da elə tələbəlik illərindən başladı. Ailə qurduq. Çox gözəl ailəm var. Heç peşman olmadım və bugünkü ailə həyatımdan çox razıyam. Bəlkə sual versəydiniz ki, yenidən gənc olsaydınız, yenə həmin şəxsi seçərdinizmi? Düşünmədən deyərdim ki, bəli, seçərdim. Hər ikimiz həkimik, həyata baxışlarımız üst-üstə düşür, bir-birimizi baxışlarımızdan çox gözəl anlayırıq. Yoldaşım əslən gürcüstanlıdır. Toyumuz Şuşada olmuşdu və mən oradan Gürcüstana gəlin köçmüşdüm. 10-15 gün orada qaldıqdan sonra təhsilimizlə bağlı yenidən Bakıya qayıtdıq. İnternaturanı bitirdikdən sonra yoldaşımla birgə təyinatımızı Balakən rayonuna verdilər. Mən doğum evində neonotoloq, yoldaşım isə Balakənin Tülü kəndində məntəqənin baş həkimi və pediatr kimi fəaliyyətə başladı.


"Ən çətin zamanlarımda yoldaşım mənə dayaq oldu...”


- İlk əmək fəaliyyətinə başladığım bir rayon kimi Balakənin öz yeri var mənim üçün. 1986-cı ildə Balakənə gələrkən qızım bir aylıq körpə idi. İlk zamanlar çox çətin idi, heç kimi tanımırdıq, kirayədə olurduq. Heç analıq məzuniyyətinə də çıxmamışdım. Səhərlər qızımı şəkili bir dayənin yanına qoyur, özüm isə işə gedirdim. Rayonda cəmi bir doğum evi var idi, neonotoloq da təkcə mən idim. O vaxtlar evdə doğulanların sayı çox olurdu. Elə həftələr, günlər olurdu ki, gecənin bir saatını yatırdım, ya yox. O dövr hər şey çox çətin idi, müəyyən avadanlıqlar yox idi, şərait münasib deyildi. Xəstə uşaqlar, çətin doğuşlar çox olurdu. Təbii ki, çətin doğuşla dünyaya göz açan uşaqlarda travmalar olurdu. Onların hamısına baxmaq, müalicə etmək böyük əmək və zəhmət tələb edirdi. Ona görə də bəzən evə belə gedə bilmirdim. Bütün bu çətinliklər zamanı yoldaşım mənə böyük dəstək olurdu. Uşağın bütün əziyyətlərini mənimlə birgə çəkirdi. Bir həkim kimi də savadlı idi. Bütün Balakəndə onu hamı yaxşı həkim kimi tanıyırdı. 10 ilə yaxın Balakəndə işlədik.


"Mənə etimad edilib, buradakı insanların müqəddəratı tapşırılıb...”


- Balakənin qonaqpərvər insanları ilə çox doğmalaşmışdıq. Orada özümüzə çoxlu dostlar qazanmışdıq, bugünə qədər də dostluğumuz davam edir. Amma ailəmiz, bütün bacı-qardaşlarımız Bakıda yaşayırdı. 1995-ci ildə biz Bakıya köçdük. Həmin ildən Abşeron rayonundakı uşaq poliklinikasında baş həkim kimi fəaliyyətə başladım. Həyat yoldaşım hər sahədə mənə həmişə öz köməyini göstərib və heç bir zaman qadağalar qoymayıb.

Mənə Abşeron Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavin vəzifəsi təklif olunanda yoldaşım əvvəl tərəddüd etdi. Dedi ki, sənin üçün çətin olacaq, birdən bacarmazsan. Müəyyən narazılıqlar olsa da, atam mənə dəstək oldu və idarəetmədə çalışan həkim üçün heç bir problemin olmayacağı ilə bağlı yoldaşımı razı saldı.

Həyatımda ən böyük dəstəyi isə Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan görürəm. Mehriban xanım Əliyevanın Azərbaycanın həyatındakı çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər qadınlara əsl örnəkdir. Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübutdur. Bir sözlə, bu gün qadınlar yaranmış imkanlardan və şəraitdən istifadə etməlidirlər. Qadınlar diqqət və qayğıdan yararlanaraq yaxşı ana, nümunəvi həyat yoldaşı və ümumbəşəri ideallara sadiq layiqli vətəndaş olmalıdır. "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir” deyən Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün var qüvvəmlə çalışıram. Bu gün ən böyük və ən çətin rayon olan Abşeron rayonuna başçılıq etməyim məsuliyyətimi artırır və çalışıram ki, Prezidentin bu etimadını daim doğruldam.

Cənab Prezident hər dəfə rayona gələndə yeniliklərlə maraqlanır. Görülən işlər haqqında dövlət başçısına məlumatlar verilir, tapşırıqlar vaxtında yerinə yetirilir. Cənab Prezident bu vəzifəni mənə etibar edib, Abşeronda yaşayan insanlara xidmət göstərməyi tapşırıb.


Yeganə qadın icra başçısı


İradə Gülməmmədova respublikamızda yeganə qadın icra başçısıdır. Onun işgüzarlığı, prinsipiallığı, hər bir məsələyə ədalətli münasibəti dövlət idarəetməsinə gətirib çıxardı. Vəzifə səlahiyyətləri ilə onun zərif qadın dünyası arasında görünən mərhəmət, insanlara kömək etmək, qayğı göstərmək kimi ali hislər birləşir.

Bu səbəbdəndir ki, çoxlarının diqqəti və marağı Abşeron rayonuna yönəlib. Vəzifədə olan qadınlardan ikiqat diqqət və məsuliyyət gözlənilir.

- Dünyaya dahilər, qəhrəmanlar bəxş edən qadınlar nəcib əməyi, zövqü və səliqəsi ilə daim misilsiz xidmətlər göstərirlər. Adi davranış qaydalarından tutmuş geyiminə, saçının quruluşuna qədər ən xırda nüanslara belə ciddi şəkildə riayət etməlidir hər bir qadın. Rəhbər vəzifədə işləyən hər bir qadın öz geyimi, davranışı ilə hər kəsə nümunə olmalıdır. Abşeron rayonunun yarım milyondan çox əhalisi var. Özü də ki, Abşeron - Novxanı, Goradil, Digah, Qobu, Hökməli kimi qədim kəndləri, tarixi ənənələri olan bir rayondur. Bu rayonda xalqımızın adət-ənənəsini özündə yaşadan nə qədər ağsaqqallarımız, ağbirçəklərimiz var. Gərək bu əhalinin qarşısına elə çıxasan ki, onlar sənə hörmətlə yanaşsınlar, rəğbət göstərsinlər. Onlarla ünsiyyətdə o qədər ehtiyatla davranmalısan ki, insanların qəlbini incidəcək heç bir hərəkətə yol verməyəsən. Şəhid ailələri ilə görüşəndə kədəri onlarla birgə yaşayıram. Əlil, xəstə insanlara kömək etməyi vəzifə sahibi kimi yox, bir insan kimi borclu sayıram. Köməksizə əl tutanda özümü rahat hiss edirəm.

İlk növbədə çalışıram ki, geyimim nümunəvi olsun. Bahalı paltarlar geyinmirəm, adi geyimlər tikdirirəm, adi saç düzümü edirəm. Çalışıram ki, milli adət və ənənəmizə uyğun davranış normalarına riayət edim. Malik olduğumuz milli dəyərləri qorumaq bizim mənəvi borcumuzdur.


"İnsan yaşa dolduqca daha kövrək olur...”


- İşimlə ailəm arasında daim bir tarazlıq yaratmağa çalışıram ki, heç birində problem yaşanmasın. Övladın tərbiyəsində əsas məsuliyyət ananın çiyinlərində olur. Bu səbəbdən də onların təlim-tərbiyəsi, təhsili ilə daim yaxından məşğul oluram. Bacardığım qədər valideyn iclaslarına özüm gedirdim. Övladlarımla yoldaşım arasında daim vasitəçi rolunu oynamışam. Hətta oğlum atadır, iki övladı var, yenə də vasitəçilik mənə aiddir.

Üç nəvəm var. Nəvələrimin təhsilinə diqqət yetirməyə vaxt tapıram, hər gün dərsləri ilə maraqlanıram. Qız nəvəm Ayla məni məktəblərindəki tədbirə dəvət edir, nə vaxtsa gedəcəyimə söz vermişəm...

Bir övlad kimi öz mənəvi borcumu da yaxşı başa düşürəm. Hər gün ağsaqqal atama zəng edirəm, vaxt tapıb həftədə bir dəfə də olsa baş çəkirəm. Atam bu gün də mənim məsləhət verənimdir. Atam bütün övladları ilə ünsiyyət saxlamağı çox istəyir. İnsan yaşlaşdıqca daha kövrək olur. Bəlkə də doğma Şuşamız işğal altında olmasaydı, atam bu qədər kövrək olmazdı. Əzizlərimizin qəbrini ziyarət edə bilməməyimiz hər birimizin ən ağrılı yeridir. Qəbir üstünə gedəndə sanki insan yüngülləşir, təskinlik tapır. Bu gün atam belə nisgili qəlbində yaşadır.


"O səs anamın səsi...”


- Hansı vəzifədə olmasına baxmayaraq, qadın həm anadır, həm övladdır, həm yoldaşdır. Qadın evinin xanımı, həm də bütün işlərin idarə edilməsinə məsuliyyətlə yanaşandır. Ev işləri, ailə qayğıları. Hər işi çalışıram ki, özüm görüm. Bəzən baxıram ki, iş başımı elə qatıb ki, artıq gecə saat 2-dir.

Özümlə tək qaldığım anlar da olur. Mən şair deyiləm, analı günlərimi arzu edəndə, uşaqlığımı, məktəb illərini xatırlayanda bu misralar keçir xəyalımdan:

Bir quş olub uçardım, səmalarda süzərdim,

Yazın gözəl çağında, quşlar cəh-cəh vuranda

Qarabağda olaydım.

Yazdığım şeirləri, qoşduğum nəğmələri

Çuxur məhəllədəki göz açdığım o evdə

Dinləmək istəyərdim.

Gecə səssiz, qaranlıq, xəyallar çox dolaşıq,

Səsin gəlmir heç yerdən...

Qəlbimdən tək səs gəlir,

O səs xəyallarımın,

O səs istəklərimin,

O səs anamın...

O səs Qarabağımın səsi...

- Şuşa tez-tez yuxularıma girir. Qəribədir ki, burada tanıdığım insanları da Şuşada görürəm. Şuşada olduğum o son günü isə heç cür unuda bilmirəm. 1991-ci ildə Balakəndən Şuşaya gedirdik. Ağdamda atam gəlib bizi qarşıladı. Həmin vaxt vəziyyət çox gərgin idi. Ermənilər yolları kəsir, insanları atəşə tuturdular. Şuşa yoluna çıxanda bizim də maşını atəşə tutdu ermənilər. Qızımın başını oturacağın altına əydim, bədənimlə üzərini örtdüm ki, güllə mənə dəysin, ona yox. Çox çətinliklə gəlib çıxdıq Şuşaya.

Şuşada qaldığımız on gün müddətində ermənilər hər gün şəhəri atəşə tuturdular. Hər an mərmilərin evə düşmək təhlükəsi var idi. Bizim evlə Topxana meşəsi üzbəüz idi, meşənin yanındakı kənddən Şuşaya atəş açırdılar.


"Ürəyimdəki o nəğmə...”


- Həyatımda musiqinin özünəməxsus yeri var. Üzeyir Hacıbəylinin, Qara Qarayevin simfonik əsərlərinə, Xan Şuşinskinin, Rəşid Behbudovun səs yazılarına qulaq asmaqdan doymuram, amma piano arxasında axırıncı dəfə nə vaxt oturmağım yadıma gəlmir. Baxmayaraq ki, evdə pianom var. Ailə quranda həmin pianonu Şuşadan cehiz gətirmişdim. Bəzən sakit vaxtlarımda istəyirəm ki, piano arxasına keçib çalım, amma onda da çox kövrəlirəm, çala bilmirəm. Şuşadakı xatirələrim düşür yadıma.

O günü səbirsizliklə gözləyirəm, bəlkə Şuşaya qayıdaram, bax, onda piano arxasına keçib ürəyimdəki o nəğməni çalaram...

Azərbaycan bu gün regionun ən qüdrətli ölkəsidir. Bugünkü kimi heç zaman Azərbaycan iqtisadi, hərbi, sosial, mədəni sahələrdə güclü olmamışdır. Ölkə rəhbərinin layihələri, təşəbbüsləri, hər sahədə islahatları, ölkəmizin inkişafına və vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşmasına xidmət edir.

İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, müdrik, diplomatik gücü sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, işğal altında olan torpaqlarımız azad olunacaq, üçrəngli müqəddəs bayrağımız Şuşada, Laçında, Ağdamda, bütün işğal olunan ərazilərdə yenidən dalğalanacaq, Azərbaycan zəfər bayramını qeyd edəcəkdir!

Kövrək, həssasdır qadınlar...

Hadisələrə daha emosional yanaşır, qərar verəndə də o duyğularla hərəkət edirlər...

Bütün hadisələrə ürək güzgüləri ilə baxırlar...

Hansı vəzifədə olmalarına baxmayaraq, müqəddəs anadır qadınlar...

Elə İradə Gülməmmədovanın dünyası da zərifdir, incədir. Amma bircə fərqlə: vəzifə icra edəndə qəti və prinsipial, evinin xanımı olanda, nəvələrinə nağıl danışanda isə həssas, duyğulu və kövrək...


Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video